«Bunu da çək! Bunu da!»
20 ildir bu səs
hər bir azərbaycanlının ürəyindən
və yaddaşından
asılı qalıb
O gecənin bütün dəhşətləri ilə
birlikdə rəhmətlik
Çingiz Mustafayev bu səsin sahibini
də çəkib.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecənin bütün
ağrı-acısını, naləsini o səsdə duymaq mümkündür.
O soyuq qış günündə düzlərə,
təpələrə səpələnmiş
yüzlərlə soydaşının
tanınmaz hala salınan meyitləri arasında dolaşmaqdan, əli heç nəyə çatmayan bir azərbaycanlı olmaqdan da çətin
nə ola bilər?..
Həmsöhbətimizi o qanlı fotolardan, videolardan qiyabi də olsa, tanımayan yoxdu. Hətta
yaxınlarda təsadüfən Hollandiyada
fəaliyyət göstərən
Azərbaycan cəmiyyətinin
sədri Ağayi Nadir
onunla görüşəndə
ağlayaraq gözlərinə
inanmadığını söyləyib. O isə gördükləri, elədikləri
barədə danışmağı,
o qanlı günlərə
təkrar-təkrar qayıtmağı
xoşlamır, aldığı
yaralarla, keçdiyi əzablı yollarla özünü daha çox o qanlı hadisənin ilk şahidlərindən
sayır.
Həmsöhbətimiz Əsəd Fərəcovdur. 1961-ci ildə Gəncədə
doğulub. 1979-81-ci illərdə Əfqanıstanda
döyüşən sovet
hərbi hissələrində
qulluqda olub.
Bütün bu xidmətləri nəzərə alınaraq
təhsil almaq üçün 1981-86-cı illərdə SSRİ Daxili
İşlər Nazirliyinin
Ryazan şəhərində yerləşən Ali Məktəbinin
Hüquq fakültəsinə
göndərilib. 1989-cu ildə Arxangelsk vilayətində yerləşən
böyük bir islah-əmək koloniyasına
rəis təyin olunub. 1993-2000-ci illərdə Azərbaycanda
Hərbi Tribunalda hakim
vəzifəsində çalışıb.
Hazırda işləmir.
Bizimlə söhbətində ömür
yoluna nəzər salan Əsəd Fərəcov o günləri
belə xatırlayır:
- Həyat yoldaşım da M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsini bitirib ora təyinat
almışdı. Tezliklə o da
böyük bir məktəbin direktoru təyin olundu. Hər şey sadə, aydın və gözəl bir şəkildə davam etməkdəydi ki, Bakıda 20 Yanvar hadisələri baş verdi.
Bir gecənin içində o
cəmiyyətlə, o quruluşla
əlaqəli bütün
arzularımız və
planlarımız alt-üst
oldu. Adət etdiyimiz həyat
tərzindən və
illərlə qazandığımız
dost-tanışlardan ayrılıb,
ev-eşiyi, iş-gücü
ataraq vətənə
tələsdik. Vətən
isə həm ağır, çətin, həm
də şərəfli
günlərini yaşamaqda
idi.
O vaxt Azərbaycan
Hüquqşünaslar İttifaqı
adlanan bir qurum vardı - gəlib orada işə düzəldim.
Artıq
həmvətənlərimizin arasında idim. Bundan da gözəl
nə ola bilərdi!..
Qarabağda vəziyyət gündən-günə gərginləşirdi.
Elə bir gün yox
idi ki, həmin
bölgədən ağır
bir xəbər, faciə dolu məlumat gəlməsin.
Özümə heç cür
rahatlıq tapa bilmirdim. Ona görə 1992-ci ilin əvvəllərində
könüllü olaraq
Qarabağa yollandım.
Orada fəaliyyət göstərən
Təşkilat Komitəsinə
müraciət etdim.
Əfqanıstandakı döyüş təcrübəmi
nəzərə alaraq
məni həmin təşkilatda müdafiə
və hüquq şöbəsinə müdir
təyin etdilər.
Vəzifəmlə əlaqədar Qarabağın
hər yerində oldum. Kəlbəcərdən tutmuş Füzuliyə,
Cəbrayıla, Şuşaya
qədər hər yerdə əzmlə, mətanətlə hər
cür çətinliyə
dözən insanlarımızı
gördüm. Onların əksəriyyəti
bu gün sıralarımızda deyil,
şəhid olub.
O, Xocalını yada salır. Əsəd Fərəcov Xocalıda gördüklərinə
bənzər bir faciəni nə vaxtilə döyüşdüyü
Əfqanıstanda görmüşdü,
nə kimdənsə eşitmişdi, nə də ki tarix
kitablarında oxumuşdu:
- Xocalı faciəsi baş verəndə Ağdamda idim. Dərhal vertolyotla hadisə
yerinə getmək istədik. Rəhmətlik Çingiz Mustafayev
də bizimlə idi. Ancaq ermənilər bizi
atəşə tutdu və geri qayıtmalı
olduq. Xocalıdan salamat gəlib
çıxanların danışdıqları
hamını dəhşətə
gətirirdi.
Dünyanın hər yerindən - Türkiyədən,
Fransadan, Rusiyadan, Yaponiyadan... jurnalistlər gəlmişdi. İçərilərində elələri vardı
danışılanlara inanmırdı,
bizim erməniləri qırdığımızı söyləyənlər də
vardı. Sonrakı gün
çətinliklə də
olsa, o vaxt Sovet ordusunun Gəncədə yerləşən
hərbi hissəsindən
vertolyotlar ala bildik.
Bilirdik ki, ermənilər onlara güllə atmayacaq. Elə də oldu.
Biz həmin jurnalistləri
də götürüb
hadisə yerinə uçduq. Biz hadisə yerində ikən ikinci vertolyot başımız üstdə uçur, bizi qoruyurdu.
Aradan 20 il keçsə də, həmin hadisələri yada salan kimi Əsəd
müəllimin gözləri
dolur, səsi tutulur:
- Müharibədir, hamımız döyüşürdük.
Deyə bilərəm ki, bizim heç bir əsgər uşağa, qadına, qocaya əl qaldırmayıb, güllə
atmayıb. Onlarsa
nələr etməmişdilər...
Operatorlardan biri gördüklərindən
şoka düşdü,
onu yenidən vertolyota oturtmalı olduq. Hər tərəf eybəcər
hala salınmış
meyitlərlə dolu idi. Yerə səpələnmiş uşaq
meyitlərini qaldıraraq
özümdən asılı
olmayarq qışqırırdım:
"Bunu da çək! Bunu da!" Çəkməklə qurtaran dərd deyildi. Vaxt az idi, bizi tələsdirirdilər.
Birdən ağlıma gəldi
ki, nə imkan var, meyitlərdən
vertolyota yığıb
aparaq. Heç olmasa bundan belə ermənilərin əllərində qalmasınlar.
Ağlaya-ağlaya yanımdakılara qışqırdım
ki, kameraları qoyun yerə, kömək eləyin, heç olmasa, uşaqların, qadınların
meyitlərini yığıb
aparaq.
Yadımdadır, bir qadın
uşağını bağrına
basaraq ölmüşdü.
O uşağı da götürüb vertolyota
qoydum. Ağdama sarı uçduq.
Gördüklərimiz hamını
sarsıtmışdı, yanımızdakı
müxtəlif dilli, müxtəlif dinli jurnalistləri də...
Bəzi xarici müxbirlər,
o cümlədən fransız
jurnalistlər də o
vaxt mülki əhaliyə qarşı
yönələn erməni
vəhşiliyini olduğu
kimi əks etdirdilər. Hadisənin əvvəlcədən ən
xırda detallarına
qədər planlaşdırıldığı
da o vaxtkı mətbuatda dəqiq işıqlandırılıb. İndi bunu çoxları bilir, amma rus jurnalisti Viktoriya İveleva ermənilərin
Xocalıya hücumunu
nəinki ilk bilənlərdən
idi, o həm də erməni-sovet hərbi birləşmələri şəhərə
hücum edəndə orada idi. Hətta faciəyə qədərki
vəziyyəti də
o, çox soyuqqanlılıqla,
olduğu kimi əks etdirib: "Ön sırada 366-cı motoatıcı alayın bütün hərbi texnikası gəlirdi. Hərbi texnikanın ardınca alayın canlı qüvvəsi, üçüncü
sırada isə erməni cəza dəstələri gəlirdi.
Biz də - jurnalistlər,
həkimlər onlardan
arxada gəlirdik".
"Arxadan gələnlər" üçün
"öndəkilər"in törətdiyi vəhşiliyi
öz gözlərilə
görən bir hüquqşünas kimi bəzi faktları vurğulamaq istəyirəm.
Bu faktlar üzrə
Baş Prokurorluğun
qaldırdığı cinayət
işi barədə bu yaxınlarda bir daha ölkə
ictimaiyyətinə məlumat
verildi. Bildirildi ki, Xocalı soyqırımı üzrə
3 min nəfər şahid
və zərərçəkmiş
qismində dindirilmiş,
2 min nəfər zərərçəkmiş
qismində tanınmış,
800-dən artıq müxtəlif
ekspertizalar keçirilmişdir.
Xocalıya aid cinayət işində
soyqırımına görə
məsuliyyəti nəzərdə
tutan maddələrlə
- əhalini deportasiya etmə və ya köçürmə,
işgəncə, müharibə
qanunlarını və
adətlərini pozma kimi maddələrlə yanaşı, zorlama, cinsi köləlik, məcburi fahişəlik,
məcburi hamiləlik,
habelə cinsi zorakılıqla əlaqədar
başqa hərəkətlər
etmə maddələri
də nəzərdə
tutulub. Bütün bunlar "erməni
ruhunu" (Zori Balayan) çox gözəl ifadə edir. Ümumiyyətlə, orada gördüyümüz
hər şeyi bir insan olaraq
dilə gətirmək,
yazıya köçürmək,
lentə almaq mümkün deyil. Mənim özümə də indi qəribə
gəlir ki, o vaxt mən qışqıra-qışqıra,
ağlaya-ağlaya necə
deyə bilirdim: "Bunu da çək!
Bunu da!"
Bircə təsəllim var - anasının qucağından ölmüş
bilərək gətirdiyim
o uşaq Ağdam məscidində yuyularkən
ayılıb, sağ olduğu məlum olub. İndi onun
harada olduğunu bilmirəm. Amma bilmək istərdim... Bilmək istərdim ki, bu 20 ili
Xocalısız, anasız necə yaşadı?
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 26 fevral.- S.10.