Xocalı
Tanklar qan üstündən yeridi,
Neçə
can üstündən yeridi.
Körpələr
qaldı dəmir ayaqlar altında,
İmdad istəyən
böyüklərə
Güvənmədilər
daha.
Ölü
anaların döşlərindən
süd əmmədilər
daha.
Gözləri
heyrətləndirən böyük idi,
Açılmışdı yaradan axan
qan kimi.
Üzüqoylu yıxılmışdılar,
Təzədən öləcəkdilər ayağa qalxan kimi.
Xocalı keçirdi xəyanət marağından,
Xocalı keçirdi
tank
lüləsindən,
yağı gülləsindən,
avtomat darağından.
Güllələdilər adamından qarışqasınadək,
Güllələdilər quzusunu, qoçunu,
Güllələdilər anaların çəpərlərə
ilişib qalmış
saçını,
qardaşı, bacını.
Güllələdilər Babəkin qılıncını,
Koroğlunun atını,
Güllələri qaytarmadı
Cavanşirin
qalxanı.
Əzdilər yıxılanı,
Vurdular
qalxanı.
Hanı bu
yurdun
Nəbisi, Səttarxanı?!
Nadanlar
satıb getdi
dağı, daşı,
torpağı.
Ölənlər "Vətən!" deyib
kəfən etdi bayrağı.
Nənələr dilində duası ölmüşdü,
Onları aparmağa
uluların ruhu gəlmişdi.
Təzə ruhların əllərindən tutub apardılar,
Körpələri ayağa qaldırdılar -
Balaca
tabutlara
dönmüşdü beşikləri,
Qulaqlarında hələ yaşayırdı
layla səsləri.
Bir
az
göz yaşlarına,
Bir
az
ağıya bənzəyirdi.
Laylalar
uçulu evlərin
divarlarına
dəyirdi,
Laylalar
dizlərinə döyürdü,
Dünənə, bugünə, sabaha
nifrətlə gülümsəyirdi...
Nüsrət KƏSƏMƏNLİ
Azərbaycan.- 2012.- 26 fevral.- S.10.