Töhmət çələngi

 

Dünya min qan görüb, cahan min cəngi,

Həmişə bir olmur zamanın rəngi,

Bəşərin başında töhmət çələngi -

Xatın-Xirosima-Xocalı yolu.

 

Gələnlər gedənin nəvəsi imiş,

Kallar kal zamanın meyvəsi imiş.

İdrakın vəhşilik zirvəsi imiş

Xatın-Xirosima-Xocalı yolu.

 

Silahlar, zindanlar rahat yatmayıb,

Deyən çox barmağa tikan batmayıb.

Hələ çoxlarına gedib çatmayıb

Xatın-Xirosima-Xocalı yolu.

 

Endirir, qaldırır bizi pillələr,

Döşünə düşürmü gülən güllələr?

Sənin qapına at üstdə gələr,

Xatın-Xirosima-Xocalı yolu.

 

Kar üçün, kor üçün çaxmaqdaşıdır,

Sərhədi olana yol yoldaşıdır.

Əsrin qan bazarı, qan yaddaşıdır

Xatın-Xirosima-Xocalı yolu.

 

Cilovu, quyruğu gəlməyir ələ,

Danışa bilmirəm susanlar ilə.

Hansı kürsülərdən başlanır belə

Xatın-Xirosima-Xocalı yolu?

 

 

Ələmdar QULUZADƏ

 

Azərbaycan.- 2012.- 26 fevral.- S.10.