Xocalı
soyqırımının 20-ci ildönümü
Təbrizdə böyük kədər hissi ilə qeyd
olunmuşdur
Xocalı soyqırımının
iyirminci ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Təbrizdəki baş konsulluğunda faciə
qurbanlarının xatirəsini anma mərasimi
keçirilmişdir.
Mərasimdə Türkiyənin Təbrizdəki
baş konsulluğunun əməkdaşları, Təbrizdə
yaşayan Azərbaycan Respublikasının vətəndaşları,
kütləvi informasiya vasitələrinin və şəhər
ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Xocalı soyqırımını əks
etdirən fotolardan hazırlanmış stend, həmçinin
sərgilənən kitab və qəzet materialları ilə
tanışlıq olmuşdur.
Xocalı qırğını
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
ediləndən sonra mərasimi giriş sözü ilə
açan baş konsul Əli Əlizadə Xocalı
soyqırımının törədilməsinin səbəbi
və acı nəticələri barədə iştirakçıları məlumatlandırmışdır.
Erməni millətçilərinin tarix
boyu Azərbaycanda ağır hərbi cinayətlər törətdiklərini
diqqətə çatdıran Ə.Əlizadə demişdir
ki, xalqımız dəfələrlə xain düşmən
tərəfindən etnik təmizlənmə və
soyqırımına məruz qalmış, doğma
torpaqlarından didərgin salınaraq qaçqın və məcburi
köçkün həyatı yaşamağa məhkum
edilmişdir.
Keçmiş SSRİ-nin
süqutu illərində erməni millətçilərinin
yenidən Azərbaycana qarşı ərazi iddiası ilə
çıxış etdiklərini bildirən baş
konsul demişdir ki, bu əsassız və qanunsuz iddialar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
çevrilmişdir. Nəticədə
Azərbaycan xalqının başına XX əsrin ən dəhşətli
faciəsi - Xocalı soyqırımı gətirilmiş, işğal olunmuş ərazilərimizdə
bir-birindən dəhşətli qətliamlar törədilmiş,
minlərlə günahsız insan itkin düşmüş,
əsir götürülmüş, mədəniyyət
müəssisələri, sosial-məişət obyektləri
ilə yanaşı, məscid və qəbiristanlıqlar yerlə
yeksan edilmiş, pirlər
və ziyarətgahlar təhqirə məruz qalaraq
dağıdılmışdır. Xocalı şəhəri tar-mar edilmiş, bu ərazilərin ən qədim sakinləri olan azərbaycanlılara aid
bütün tarixi izlər,
milli-mədəniyyət nümunələri bir
gecədə məhv edilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 1994-cü il fevralın 24-də Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
"Xocalı Soyqırımı Günü
haqqında" qərarın qəbul olunduğunu
diqqətə çatdıran Ə.Əlizadə bu soyqırımına dair
acı həqiqətlərin dünya
ictimaiyyətinə
çatdırılması istiqamətində görülən
işlərdən danışmışdır. Qeyd etmişdir ki, bu faciəyə beynəlxalq
səviyyədə ədalətli siyasi-hüquqi
qiymətin verilməsi istiqamətində Azərbaycan tərəfi
bundan sonra da səylərini davam
etdirəcəkdir. Lakin bu
faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi
qiymət alması üçün ilk olaraq Azərbaycana dost və qonşu ölkələr
tərəfindən dəstək verilməsi xüsusi
əhəmiyyət daşıyır.
Baş konsul
bildirmişdir ki, erməni
millətçi dairələri XX əsrin əvvəllərində
Azərbaycan ilə yanaşı, qardaş
Türkiyədə, Şərqi Anadoluda,
eləcə də İranın Xoy, Maku, Səlmas və digər şəhərlərində
də günahsız insanlara qarşı
dəhşətli hərbi cinayətlər törətmişlər. Bütün bu tarixi gerçəkliklərin olduğu
kimi dünya ictimaiyyətinə
çatdırılması zəruri və vacib
işlərdəndir.
Mərasimdə
Türkiyənin Təbrizdəki baş konsulu da
çıxış edərək səslənən fikirlərə
qoşulduğunu bildirmişdir.
O, Xocalı soyqırımının bütün
bəşəriyyət üçün
qanlı faciə olduğunu bildirmiş, Azərbaycan xalqının kədərini
anladıqlarını söyləmiş və faciənin
qurbanlarına rəhmət diləmişdir.
Azərbaycana
qarşı davam edən erməni təcavüzünün
tarixi gerçəkliklərindən və
Xocalı soyqırımının dəhşətlərindən
bəhs edən film nümayiş
etdirilmiş və faciənin
qurbanlarının xatirəsinə ehsan verilmişdir.
Xocalı
faciəsindən bəhs edən DVD filmlər, Xocalı əhalisinin
dünya ictimaiyyətinə
ünvanlanmış müraciəti və fars
dilinə tərcümə edilmiş digər
əyani materiallar mərasim
iştirakçılarına paylanmışdır.
Sabir
ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Təbriz
Azərbaycan.-
2012.- 26 fevral.- S.9.