Misirin
Ayn-Şəms Universitetində Xocalı soyqırımının
20 illiyi ilə bağlı konfrans olmuşdur
Azərbaycanın
Misirdəki səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda
bildirilir ki, Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar
Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən
həyata keçirilən silsilə tədbirlər çərçivəsində
Ayn-Şəms Universitetində konfrans olmuşdur. Tədbirdə
Ayn-Şəms və Əl-Əzhər universitetlərinin
müəllim və tələbə kollektivləri, yerli
ictimai-siyasi xadimlər və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Konfransda səfir Ş.Abdullayev, Ayn-Şəms
Universitetinin professoru Safsafi Əhməd əl-Quturi, azərbaycanşünas
alim Əhməd Sami El Aydi, ISESCO-nun rabitə və ictimaiyyətlə
əlaqələr üzrə eksperti Salah Əlcəfəravi
"Əl-Məsəiyyə" qəzeti redaktorunun
müavini Məhəmməd Sələmə
çıxış etmişlər.
Ermənilərin Azərbaycana
qarşı ərazi iddialarının tarixindən
danışan səfir Ş.Abdullayev Xocalı
soyqırımına aparan yol və günahsız
insanların öldürülməsi faktları barəsində
tədbir iştirakçılarını məlumatlandırmışdır.
XX əsrdə insanlıq əleyhinə törədilmiş ən
qanlı cinayətlərlə bir sırada olan Xocalı
soyqırımının beynəlxalq miqyasda öz hüquqi
qiymətini alacağını və onu törətmiş
şəxslərin beynəlxalq ədalət məhkəməsi
qarşısına çıxarılacağına ümid
ifadə edərək faciə qurbanlarının əziz xatirəsinin
Azərbaycan xalqı tərəfindən daim hörmət və
ehtiramla anıldığını bildirmişdir. Səfir əlavə
etmişdir ki, Azərbaycan xalqı Xocalı faciəsini daim
yadda saxlayaraq gələcəyə baxır və həyat
durduqca belə faciələrin və münaqişələrin
baş verməməsinə çalışır.
Safsafi Əhməd əl-Quturi Xocalı
faciəsinin Bosniya-Herseqovinada, Kosovoda və Fələstində
insanlıq əleyhinə törədilmiş cinayətlər
silsiləsinin bir hissəsi olduğunu qeyd edərək bunun
erməni faşizminin, qəddarlığının və vəhşiliyinin
bariz nümunəsi olduğunu vurğulamışdır. O, təəssüfləndiyini
bildirmişdir ki, bir çox hallarda beynəlxalq ictimaiyyət
ikili standartlardan çıxış edir və Xocalı
soyqırımı kimi faciələri görməməyə
çalışır. Azərbaycanın işğal
olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin
dağıdılması və təhqir edilməsi
faktlarından danışan əl-Quturi məscidlərin donuz
tövləsinə çevrilməsinin mənəviyyatsızlığın
ən son həddi olduğunu bildirmişdir. O, belə əməllərin
müqabilində ermənilərin, Misir də daxil olmaqla, bir
sıra dünya ölkələrində məzlum imic
formalaşdırmalarının heç bir mənəvi və
məntiqi çərçivəyə
sığmadığını diqqətə
çatdırmışdır.
Azərbaycanşünas alim Əhməd
Sami El Aydi Xocalıya aparan yolun Qaradağlı faciəsindən
başladığını deyərək Qaradağlıda əllidən
artıq dinc azərbaycanlı sakinin etnik mənsubiyyətinə
görə vəhşicəsinə qətlə yetirildiyini və
bu əməllərin daha geniş miqyasda Xocalıda təkrarlandığını
tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır. Goranboy rayonunda
qoşunların təmas xəttinə səfər etdiyini xatırladan
natiq Xocalı sakinləri ilə
görüşdüyünü və onların dərdlərinə
şərik olduğunu qeyd edərək
xocalılıların ədalət və bu əməlləri
törətmiş şəxslərin cəzalanmasını tələb
etdiklərini vurğulamışdır.
İSESCO-nun rabitə və ictimaiyyətlə
əlaqələr üzrə eksperti Salah Əlcəfəravi
beynəlxalq ictimaiyyətin və ərəb
dünyasının Xocalı faciəsi haqqında məlumatının
artırılmasının vacibliyinə toxunaraq ermənilərin
bu əməllərini vəhşilik, vandalizm və
barbarlıq adlandırmış və ona biganə
qalmağın mümkünsüzlüyünü qeyd
etmişdir. Bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının
Gənclər Forumunun mədəniyyətlərarası dialoq
üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın
təşəbbüskarı olduğu "Xocalıya ədalət!"
kampaniyasının beynəlxalq əhəmiyyətindən
danışmışdır.
Jurnalist Məhəmməd Sələmə
məqalələrində daim Ermənistanın Azərbaycana
qarşı təcavüzü və Xocalı
soyqırımı kimi erməni vəhşiliklərindən
yazdığını deyərək Fransa Senatında "erməni
soyqırımı" məsələsinin müzakirəsi
ilə əlaqədar qələmə aldığı tənqidi
məqaləsinə görə Ermənistanın Qahirədəki
səfirinin utanmadan etiraz məktubu göndərdiyini qeyd
etmişdir. O bundan sonra da Misir ictimaiyyətini erməni
vandalizmi barədə məlumatlandıracağını
demişdir.
Konfrans zamanı Xocalı faciəsindən
bəhs edən "Məhv edilmiş şəhər" bədii
filmi nümayiş olunmuşdur.
Tədbirin sonunda Ayn-Şəms
Universitetində Azərbaycan dilini öyrənən tələbələr
Xocalı faciəsi haqqında şeir və bayatılar
söyləmişlər.
Azərbaycan.-
2012.- 26 fevral.- S.9.