Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə görə dünyada soyqırımı kimi qəbul edilməlidir

 

Dünyada hegemonluğu ələ keçirmək istəyən qüdrətli dövlətlərin iddiaları bitib tükənmək bilmir. Elə buna görə də keçən əsrdə baş verən iki dünya müharibəsi bəşəriyyətə çox böyük itkilər hesabına başa gəldi. Nəticədə beynəlxalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, beynəlxalq mübahisələrin və münaqişələrin dinc vasitələrlə və ədalətlə nizama salınmasını təmin etmək, insan hüquq və azadlıqlarını qoruya bilən və dünya dövlətlərinin iradəsini ifadə edən beynəlxalq bir təşkilatın yaradılmasına böyük zərurət var idi. Bu məqsədlə 1945-ci ilin iyunun 26-da San-Fransiskoda Birləşmiş Millətlər Konfransının yekun iclasında yeni bir təşkilatın - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi təsdiq olundu və bu, 1945-ci il oktyabrın 24-dən qüvvəyə mindi. BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli 96 saylı qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq soyqırımı əməllərinin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etdi. Buna görə də bəşəriyyət tarixində ilk dəfə olaraq 1948-ci ilin 9 dekabrında "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyası qəbul edildi. Bu konvensiya 1951-ci il yanvarın 12-dən qüvvəyə mindi.

Beynəlxalq hüquqda "genosid" termini, yunan dilində olan "genos" - nəsil, kök, soy mənasını verən sözlə, latın dilində "öldürürəm" mənasını verən "caedo" sözlərinin birləşməsi nəticəsində yaranan "genosid" termini - Azərbaycan dilində "soyqırımı" mənasını verməklə, ilk dəfə olaraq 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən Avropa yəhudilərinin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilmişdir. Tarixən aparılan siyasətin sonrakı mərhələlərində ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri "soyqırımı" adlandırılmağa başlandı. Nəticədə 9 dekabr 1948-ci ildə "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyası qəbul edildi. Həmin konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər "soyqırımı" hesab edilir. Konvensiyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT-nin üzvlüyünə qəbul edildi. Bundan sonra ölkəmiz 31 may 1996-cı il tarixli qanunla BMT-nin "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il tarixli konvensiyasına qoşuldu. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə ölkəmizdə hər il 31 mart tarixi "Azərbaycanlıların soyqırımı günü" kimi qeyd edilir. Müstəqillik illərində qəbul edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Sülh və insanlıq əleyhinə olan cinayətlər"ə görə məsuliyyət nəzərdə tutan VII bölməsinin "Sülh və insanlıq əleyhinə olan cinayətlər" adlanan VI fəslinin 103-cü maddəsində "Soyqırımı"na, 104-cü maddəsi "Soyqırımının törədilməsinə təhrik etmə"yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu tərkiblər Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinə ilk dəfə daxil edilsə də, əslində, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin tarixi yüz ildən artıq bir dövrü əhatə edir. Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanda 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı sistemli şəkildə soyqırımı cinayətlərinin törədildiyi xüsusi vurğulanmışdır. Tarixən "Şərq məsələsi"nin tərkib hissəsi kimi formalaşdırılan "Erməni məsələsi" 1988-ci ilin fevral ayından başlayaraq Azərbaycan Respublikasının tərkibində fəaliyyət göstərən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan və fəaliyyət göstərən bir qrup erməni separatçılarının səyi ilə yenidən qızışdırıldı, Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən əhali milli, etnik və dini mənsubiyyətinə görə qovulmağa, öldürülməyə və ən qəddar cinayətlərə məruz qalmağa başladı. Etiraf edək ki, 1992-ci il fevralın 26-da törədilən "Xocalı soyqırımı" bütün bu cinayətlər içərisində xüsusilə ağır ictimai təhlükəliliyi və dəhşətləri ilə erməni faşizminin iç üzünü açmaq baxımından daha səciyyəvi mahiyyət daşıyır.

Keçmiş SSR İttifaqının Zaqafqaziyada yerləşən 4-cü ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının (alay komandiri Zarviqorov) tərkibində milliyyətcə erməni olan çoxsaylı zabit və çavuş xidmət edirdi. Alayın ikinci motoatıcı taqımının komandiri, mayor Seyran Ohanyan (hazırda Ermənistanın müdafiə naziridir), üçüncü motoatıcı taqımının komandiri mayor Y.Nabokixinin həyat yoldaşı milliyyətcə erməni idi. Birinci taqımın qərargah komandiri, milliyətcə erməni olan V.Citciyan, topçu taqımının komandiri isə kapitan Q.Liqodexiya idi. Dağlıq Qarabağ münaqişəsinin ən qızğın dövründə 366-cı alayın tabe olduğu Zaqafqaziya hərbi dairəsinin komandir müavini, general-leytenant Q.Ohanovun da milliyyətcə erməni olması mövqelərin real vəziyyəti haqqında müəyyən təsəvvürlər əldə etməyə imkan verir. Beləliklə, o dövrün müasir sovet döyüş silahları ilə yaxşı silahlanmış 366-cı alayın "Dağlıq Qarabağ separatçı qüvvələri"nin qərargah rəisi Arkadi Tomasyanın, müdafiə naziri Serj Sarkisyanın (indiki Ermənistan prezidenti), həmin vaxt Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağın erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndidə yerləşən həbsxananın rəisi Serjik Koçaryanın, hərbi qulluqçular Slavik Artunyanın, Andrey İşxanyanın, Sergey Beqlaryanın, Movses Akopyanın, Qriqori Kisebekyanın, Vacik Mirzoyanın, Vacaqan Ayriyanın, Aleksandr Ayrapetyanın, Karo Petrosyanın, Vitali Balasanyanın, Seyran Tumasyanın, Valerik Qriqonyanın və digərlərinin bilavasitə iştirak etdikləri hərbi qüvvələr, Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərini səfərbər olaraq Xocalı şəhərində azərbaycanlılara və məhsəti türklərinə qarşı soyqırımı cinayətini həyata keçirdilər. Belə ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı alayın şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi. Şəhərin əhalisi isə yalnız azərbaycanlı, türk və müsəlman olduqlarına görə kütləvi surətdə qətlə yetirildilər. Müharibə qanunları tamamilə pozularaq dinc əhaliyə, qocalara, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edildi. Nəticədə 613 nəfər, o cümədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca xüsusi qəddarlıqla öldürüldü, 8 ailənin həyatına tamamilə son qoyuldu, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, o cümlədən onlardan 150 nəfərinin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Qırğın zamanı girovlar əzizlərinin gözü qarşısında güllələndi, hamilə qadınların qarınları yarılaraq bətnində olan uşaqlar süngüyə keçirildi, başlarının dərisi soyuldu, müxtəlif əzaları kəsildi, körpələrin və yaşlıların gözləri çıxarıldı, diri-diri torpağa basdırıldı, əhalinin bir qismi ac-susuz və yaralı vəziyyətlərdə soyuqda saxlanıldı və onlara insanlığa yaraşmayan işgəncələr verildi. Azərbaycanlı döyüşçülər erməni qəbirləri üzərində qurban kəsildi, alçaldıldı və təhqir edildi.

Xocalıda ermənilərin törətdikləri qətliam hərəkətlərində sülh və insanlıq əleyhinə olan, müharibə cinayətlərinin tərkibləri - Azərbaycan Respublikası CM-in 103 (soyqırımı), 104 (soyqırımın törədilməsinə təhrik etmə), 105 (əhalini məhv etmə), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (müharibə qanunlarını və ədaləti pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququ pozma), 117 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 118 (hərbi soyğunçuluq) cinayətlərinə yol verildi. Son iyirmi ildə aparılan istintaq Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətinin - bəşəriyyətə qarşı ən ağır cinayət əməlinin törədildiyi, Azərbaycan Respublikası Milli Məclisinin deputat-istintaq komissiyasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi istintaq qrupunun topladığı materiallarla - ifadə və üzləşmələrlə, sənədlərlə, videoçəkilişlərlə, məhkəmə ekspertizasının rəyləri ilə mübahisəsiz, tam sübuta yetirilmişdir. Cinayətin təşkilatçıları, icraçıları və köməkçiləri tam müəyyən edilsə də, onlar indiyə qədər cəzasız qalmışlar. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələri Xocalıda soyqırımı kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış Beynəlxalq Cinayət Məhkəməsində baxılmasını və təqsirli şəxslərin layiqincə cəzalandırılması üçün bütün qanuni tədbirlərin görülməsini tələb edir.

BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsinin 1-ci maddəsinə görə BMT-nin əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə öz nizamnaməsinin müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir. O öz funksiyasını həyata keçirmək üçün prosedur qaydalar müəyyən etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi bütün işlərə, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilərlər. Bütün bunlara baxmayaraq Beynəlxalq Məhkəmənin Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə "yalnız dövlətlərin bu məhkəmənin baxdığı işlərdə tərəf ola bilməsi prinsipi" birmənalı şəkildə təsdiq edir ki, bu məhkəmə ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət işlərinə baxmaq statusuna malik deyildir. Bu o demək deyil ki, soyqırımı və digər ağır cinayətləri törədənlərin əməlləri cəzasız qalmalıdır. Bəşər tarixinin ən qəddar müharibələrindən olan II dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayətlərə görə Nürnberq Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio tribunalı isə 19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir. Bundan fərqli olaraq Yuqoslaviya və Ruanda tribunalları BMT Təhlükəsizlik Şurası tərəfindən təsis edilmişdir. Beynəlxalq Cinayət Məhkəməsi İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Diplomatik konfransında 17 iyul 1998-ci ildə təsis edilmişdir. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan kimi yaradılmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun 5, 6-cı maddələrinə əsasən bu məhkəmə genosid cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malikdir. Bütün bunlarla yanaşı, Roma statusunun "Ratione temporis yurisdiksiyası"na (11-ci maddə) görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyun 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun 5-ci maddəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız Roma statusunun iştirakçısı olan dövlətlərə şamil edilə bilər. Haaqa tribunalında isə məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statusunu ratifikasiya etmiş dövlətin ərazisində və Roma statusunu ratifikasiya etmiş dövlətin vətəndaşı tərəfindən törədilmiş olsun. Bundan başqa, soyqırımı cinayətlərinin beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdə törədildiyi və BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII bölməsinə müvafiq olaraq Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdiyi hallarda da baxıla bilər. Bu hüquqi əsaslar və hüquqi şərtlər hazırda mövcud olmadığına görə də Xocalı soyqırımını törədənlərin cinayət işinə Haaqa tribunalında baxılması mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunu imzalamamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma statusunu imzalasa da, lakin onu indiyə qədər ratifikasiya etməmişdir. Buna görə də Xocalı soyqırımını törədənlərin əməlləri Haaqa tribunalının yurisdikasiyasının təsiri altına düşsə belə, Azərbaycan bu statusu imzalamadığından xalqımıza qarşı törədilən soyqırımı cinayətinə baxılması barədə Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir. Digər tərəfdən, Azərbaycan beynəlxalq cinayət məhkəməsinin üzvü və Roma statusunu ratifikasiya etsə belə, yenə də bu barədə toplanmış materiallar icraata qəbul edilə bilməz, ona görə ki, Xocalı soyqırımı 25-26 fevral 1992-ci ildə baş vermişdir. Həmin vaxt isə Azərbaycan bu məhkəmənin üzvü olmamışdır. Lakin bütün bunlar ümidsizlik yarada bilməz və beynəlxalq hüquqda məsələnin başqa həlli yolları da vardır. Bu da onunla əlaqədardır ki, konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq Xocalı soyqırımı barədə cinayət işi universal yurisdiksiya prinsipinə müvafiq olaraq Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən icraata qəbul edilə bilər və həmin cinayəti törədənlər öz layiqli cəzalarını ala bilərlər. Beynəlxalq hüquq nəinki milli məhkəmələrə belə bir imkanı verir, hətta onların üzərinə belə bir öhdəlik qoyur. "Polyuxoviçin Avstraliya İttifaqına qarşı" işi üzrə Avstriya məhkəməsinin, Adolf Ayxmanın işi üzrə Yerusəlim məhkəməsinin (1961-ci il), Rafik Sariçə qarşı Danimarka milli məhkəməsinin (1994), Duşko Tadiçə qarşı Almaniya Ali Məhkəməsinin (1994), Darko Kneceviçə qarşı Niderland Ali Məhkəməsinin (1997) və onlarca digər faktlar üzrə milli məhkəmələrin hökmləri buna misal ola bilər. Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətliamını törədənlərin cinayət işinə Azərbaycanın Xocalı ərazisi üzrə ağır cinayətlər məhkəməsində baxıla bilər. Çünki Xocalı soyqırımı Azərbaycan ərazisində, keçmiş Azərbaycan vətəndaşları olan ermənilər tərəfindən, Azərbaycan vətəndaşı olan azərbaycanlılara və məhsəti türklərinə qarşı törədilmişdir. Bu, milli və beynəlxalq hüququn tələblərinə tamamilə müvafiqdir. Çünki universal yurisdiksiya prinsipinə görə genosid və başqa beynəlxalq cinayət törətmiş şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının borcudur. Burada nəzərə almaq lazımdır ki, belə cinayətləri törətmiş şəxslərin Ermənistanın, Rusiyanın və ya hər hansı başqa bir ölkənin ərazisində olmasından asılı olmayaraq, onların tutulub Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən irəli gəlir. Belə ki, soyqırımı konvensiyasının 7-ci maddəsinin tələbinə görə təqsirlilərin verilməsi məsələsində soyqırımı və yaxud konvensiyanın 3-cü maddəsində sadalanan digər əməllər siyasi cinayət sayılmır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxslərin hər hansı bir siyasi motivlə əlaqələndirilməsi və Azərbaycana verilməkdən imtina edilməsi mümkünsüzdür.

Məsələnin başqa bir hüquqi həlli yolu da vardır. Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə, Ermənistanın və ya onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması da mümkündür. Bunun üçün Azərbaycanın səlahiyyətli orqanlarının BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırması zəruridir. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı "ad hoc" xüsusi beynəlxalq tribunalın yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilməlidir. Mövcud nizanmanə və prosedurlar daxilində və beynəlxalq hüququn tələbləri əsasında Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cinayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb təqsirli şəxslərin layiqincə cəzalandırılmaları təmin edilə bilər.

Ümumiyyətlə, son illər dünyanın müxtəlif ərazilərində müxtəlif insan qrupularına qarşı milli, etnik, irqi, dini mənsubiyyətlərinə görə törədilmiş soyqırımı cinayətlərinin heç bir əsaslı dəlil, sübut, qanuni məhkəmə rəyi olmadan, qanunverici orqan hesab edilən ayrı-ayrı parlamentlər tərəfindən tanınması haqqında qanunların qəbul edilməsi ənənəsi geniş vüsət almışdır. Bu, hər şeydən əvvəl, hüquqi dövlətdə "hakimiyyət bölgüsü" prinsipinin həmin qanunverici orqanlar tərəfindən kobud şəkildə pozulması, məhkəmənin funksiyasına aid olan soyqırımı faktının tanınması səlahiyyətlərinin parlamentlər və prezidentlər tərəfindən mənimsənilməsi kimi qiymətləndirilməlidir. Beynəlxalq və milli hüquq birmənalı şəkildə təsdiq edir ki, hüquqi nəticələr doğuran faktların - xüsusilə, ağır cinayət faktlarının tanınması məhkəmə araşdırmalarının, sübutlara obyektiv qiymət verilməsinin nəticəsi kimi qəbul edilə bilər. Başqa sözlə, bu səlahiyyət məhkəmə orqanlarının - məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Türkiyədə, guya 1915-ci ildə ermənilərə qarşı soyqırımı törədilməsi haqqında müxtəlif ölkələrin - Hollandiyanın, İtaliyanın, Rusiyanın, Argentinanın, Uruqvayın, Çilinin, Almaniyanın, Yunanıstanın, Venesuellanın, Yunan Kiprinin, Litvanın, Livanın, Polşanın, Kanadanın, Belçikanın, Vatikanın, İsveçrənin, Slovakiyanın parlamentləri tərəfindən müvafiq qanunlar qəbul edilmişdir. ABŞ-ın 30 ştatında da bu məsələ ermənilərin təsiri ilə onların xeyrinə həll edilmişdir. Fransa isə nəinki qondarma "erməni soyqırımı"nın tanınması haqqında 2001-ci ildə qərar qəbul etmiş, habelə Fransa prezidenti Nikola Sarkozinin qanunvericilik təşəbbüsü əsasında 22 dekabr 2011-ci ildə Milli Assambleya "Erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair" qanun da qəbul etmişdir. Bu qanun beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına tamamilə ziddir.

Fransanın "Erməni soyqırımı"nı inkar edənlərə 1 il müddətinə azadlıqdan məhrum edilmə və ya 45 min avro məbləğində cərimə cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsinin Fransa parlamentinin aşağı palatasında - Milli Assambleyada, sonradan isə Senatda qəbul edilməsi ciddi təəssüf doğurur. Belə ki, bu qanun bir çox beynəlxalq hüquq normalarında təsbit edilmiş fundamental insan hüquq və azadlıqlarını Fransa kimi demokratik və hüquqi dəyərləri ilə tanınan bir ölkədə məhdudlaşdırır, insanların söz, fikir, əqidə, mətbuat, düşüncə azadlığı hüquqlarını kobud şəkildə pozur, analoji hadisə və proseslər barədə insanların sərbəst söz demək, mövqe bildirmək, fikir yürütmək, araşdırma aparmaq azadlıqlarını məhdudlaşdırır. Bu, BMT-nin Baş Assambleyasının 9 dekabr 1998-ci il tarixli "Hamı tərəfindən tanınan insan hüquqlarını və əsas azadlıqlarını dəstəkləmək və müdafiə etməklə bağlı cəmiyyətdəki fərdlərin, qrupların və orqanların hüquq və məsuliyyəti haqqında Bəyannaməsi"nə ziddir. Fransanın Cinayət Məcəlləsi insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasını və onun qanunsuz pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutur.

BMT-nin 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında  Beynəlxalq Pakt"ı 23 mart 1976-cı il tarixdən qüvvəyə minmişdir. Bu pakta görə hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna (mad. 18), öz fikrini sərbəst ifadə etmək hüququna (mad. 19) sahibdir. İnsan hüquq və azadlıqlarının müdafiəsi və mühafizəsi ilə bağlı bir çox hüquq normaları öz mənbəyini böyük fransız hüquqşünası Ş.Monteskyönün, fransız mütəfəkkiri J.Russonun dəyərli fikirlərindən, dünyanın ilk yazılı burjua konstitusiyası olan ABŞ-ın 1787-ci il konstitusiyasından, Fransanın 1791 və 1793-cü illərdə qəbul etdiyi konstitusiyalardan götürür. Hələ Fransada 1789-cu ildə qəbul edilmiş "Vətəndaş və insan hüquqları Bəyannaməsi"nin 10-cu və 11-ci maddələrində birmənalı şəkildə göstərilir ki, heç kim öz fikirlərinə görə təqib oluna bilməz. Fikir və düşüncə azadlığının ifadəsi insanın mühüm hüquqlarından hesab olunur. Bütün bunlara baxmayaraq Fransa beynəlxalq hüquq normalarını və beynəlxalq birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, öz yurisdiksiyası sərhədlərində "erməni soyqırımı"nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında hüquqa zidd olan norma qəbul etmişdir.

Beynəlxalq birliyin üzvü olan, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını qadağan edən bir çox beynəlxalq konvensiyaları ratifikasiya etməklə Fransa bu sahədə öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. Qloballaşan dünyada formalaşan müasir beynəlxalq hüquq və beynəlxalq adətlər insan hüquq və azadlıqlarının müdafiəsi və mühafizəsi məsələsinin universal səciyyə daşıdığını vurğulamaqla, bu məsələnin yalnız milli dövlətlərin daxili işi olmadığını birmənalı şəkildə və dəfələrlə bəyan edir. Bir çox hüquqi dövlətlərdə olduğu kimi, Fransada da beynəlxalq hüququn üstünlüyü prinsipi tanınır və qəbul edilir. Bu baxımdan Fransanın qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qanun beynəlxalq birliyin insan hüquq və azadlıqları sahəsində əsas saydığı bütün saziş və konvensiyalara tamamilə zidd olduğu heç bir mübahisə doğurmur. Demokratik dünyada BMT-nin "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sinin tələbinə görə insan hüquq və azadlıqlarının bu və ya digər dərəcədə məhdudlaşdırılmasına yönəlmiş hər hansı bir fəaliyyət yolverilməz hesab edilir. BMT-nin "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"si, Avropa Şurasının "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" 4 noyabr 1950-ci il tarixli konvensiyası, BMT-nin "Mülki və Siyasi Hüquqlar Haqqında Pakt"ı, Avropa Şurasının, ATƏT-in, Avropa İttifaqının və digər beynəlxalq və regional qurumların qəbul etdiyi çoxsaylı konvensiyalar birmənalı şəkildə hər bir şəxsin əqidə və söz azadlığını, öz fikrini sərbəst ifadə etmək müstəqilliyini tanıyır. İnsanların düşüncə, vicdan, söz və fikir azadlığı demokratik və hüquqi dövlətlərdə əsas dəyərlərdən hesab olunur. Bu yanaşma Fransada da eynidir. Buna görə də Fransada insan hüquqlarının hər hansı şəkildə qanunsuz məhdudlaşdırılması qəti qadağan edilir. Hətta bir çox hüquqi dövlətlərdə olduğu kimi, Fransada da insan hüquqlarının, o cümlədən fikir və söz azadlığının qanunsuz məhdudlaşdırılması cinayət əməli hesab edilir. Təsadüfi deyil ki, Fransanın Cinayət Məcəlləsi insan hüquq və azadlıqlarının müxtəlif formalarda pozulmasına, qadağan edilməsinə və ya məhdudlaşdırılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.

BMT-nin "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktı"nın 20-ci maddəsinin 2-ci bəndi, ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirən milli, irqi və ya dini nifrətə qulluq edən çıxışların hər cür formasını qanunla qadağan edir. Bu baxımdan yanaşdıqda, "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanunun təşəbbüsçüsü olan Fransa prezidenti Nikola Sarkozi Fransa Konstitusiyasına və beynəlxalq hüquq normalarına tamamilə zidd olan belə bir layihəni parlamentə təqdim etməklə erməni və türk millətləri arasında milli münaqişəni və düşmənçiliyi qızışdıran hərəkətlərə yol vermişdir. Hətta o, son bəyanatlarında təqdim etdiyi layihənin parlamentin yuxarı palatasında təsdiq edilmədiyi halda belə, onu yenidən parlamentə təqdim edəcəyini və qanunun qəbul edilməsinə nail olacağını bəyan etmişdir. Belə subyektiv mülahizələrə əsaslanan yersiz çılğınlıq və qərəzlilik Fransa kimi bir ölkənin prezidentinə yaraşmır. Nəhayət, hesab edirəm ki, insan hüquq və azadlıqlarının mühafizəsi və müdafiəsi ilə məşğul olan müvafiq beynəlxalq qurumlar Nikola Sarkozinin hərəkətlərinə öz mövqelərini bildirməlidirlər.

Şərh edilən qanunla bağlı digər ciddi mübahisə yaradan məsələlər də vardır. Hər şeydən əvvəl, ümumi cinayət hüquq nəzəriyyəsində cinayət qanununun zamana və məkana görə tətbiq olunma prinsipini də qətiyyən unutmaq olmaz. Bu prinsip demək olar ki, dünyanın bütün müstəqil dövlətlərinin cinayət haqqında qanunlarında nəzərə alınmışdır. Bəşəriyyət tarixində ilk dəfə olaraq 9 dekabr 1948-ci ildə "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyası qəbul edilmiş və bu konvensiya 12 yanvar 1951-ci ildən qüvvəyə minmişdir. Belə bir halda Fransa parlamentinin qəbul etdiyi "Erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair" qanunu cinayət hüququnun şərh edilən bütün prinsiplərinə ziddir. Belə ki, hələ genosid əməllərinin kriminallaşdırılması aparılmadığı bir dövrdə - 1915-ci ildə, başqa bir ölkənin - Türkiyənin ərazisində guya törədilməsi ehtimal edilən əməlin soyqırımı kimi tanınması və bunu inkar edənlərin cinayət məsuliyyəti daşıması barədə həmin tarixdən az qala yüz il keçdikdən sonra qanun qəbul edilməsi tamamilə məntiqsiz və yolverilməzdir. Hansı əməlin cinayət olmasını hər bir ölkə öz sərhədləri daxilində özü müstəqil müəyyən etdiyi halda, Fransa prezidenti Nikola Sarkozinin şəxsi maraqları üzündən, heç bir məhkəmənin və ya tribunalın fakt olaraq tanımadığı halda "erməni soyqırımı"nın cinayət kimi tanınması və bunu inkar edənlərin məsuliyyət daşıması barədə təklifi yalnız cəfəngiyat kimi dəyərləndirilə bilər. Əməlin cinayət sayılması və həmin əmələ görə cəza verilə bilməsi bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilə bilər. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beynəlxalq hüququn prinsiplərinə görə Türkiyə ərazisində törədilən hər hansı bir əməlin cinayət olub-olmamasını müəyyən etmək müstəqil dövlət olan Türkiyənin və onun məhkəmə orqanlarının müstəsna səlahiyyətinə aiddir. Bu halda Fransanın yüz il əvvəl - 1915-ci ildə digər bir ölkənin - Türkiyənin ərazisində edilib-edilməməsi fakt olaraq heç bir məhkəmə və ya tribunal tərəfindən tanınmadığı halda, Fransa tərəfindən cinayət hesab edilməsi və insanların düşüncəsinə, fikrinə subyektiv olaraq yeridilməsi tamamilə qanunsuz və əsassız hesab olunmalıdır. Ümumiyyətlə, "hakimiyyət bölgüsü" prinsipinə əməl etməyən Fransa parlamentinin məhkəmə və ya tribunalın qərarı olmadan belə bir ağır cinayəti - soyqırımını "tanıması" faktı özü qanunsuzdur. Belə təşəbbüslər səlahiyyət həddinin aşılması kimi qiymətləndirilməlidir. Beynəlxalq və milli hüquqda qanunverici orqanın - parlamentin heç bir hüquqi əsas, dəlil, yoxlanılmamış və qiymətləndirilməmiş sübutlar olmadan cinayət faktını məhkəmənin və ya tribunalın qərarı olmadan tanıması və bu barədə qanun qəbul edilməsi qanunsuzdur və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin mənimsənilməsidir.

"Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" konvensiya 9 dekabr 1948-ci il tarixdə qəbul edilməsinə və 12 yanvar 1951-ci ildən qüvvəyə mindiyi halda, bu konvensiyanın hüquqi nəticələrini 1915-ci ildə törədilməsi ehtimal edilən hadisələrə şamil edilə bilməz. Çünki ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsi yoxdur.

Hüquqi dövlət prinsiplərinə görə Fransanın konstitusiyası ümumi formal bərabərlik prinsipinə əsaslanır və azadlıq hüquqi icazə və hüquqi qadağa üsulları ilə həyata keçirilir. Hüquqi icazə üsulu vasitəsilə həyata keçirilən hüquqi tənzimetmədə icazə verilən azadlığın məzmunu və həddi qanunla dəqiq müəyyən edilir. Hüquqi qadağa üsulunda isə insan hərəkətlərinin və münasibətlərinin ictimai təhlükəli anları qadağan edilir. Deməli, qanunda qadağan edilməyən hər bir şey müsbət hesab edilərək müdafiə olunur. Hüquqi qadağa üsulundan doğan ümumi hüquq prinsipi müasir dövlətlərdə ictimai həyatın çox dəbdə olan nizamlayıcı normasına çevrilir. Bu mənada erməni soyqırımını tanımayan şəxslərin baxışlarına görə cinayət məsuliyyəti daşıması barədə Fransa parlamentinin qəbul etdiyi qərar insanları obyektiv fikir və düşüncəsinə görə cinayət məsuliyyəti daşıyacağı hədəsi ilə qorxudur. Bu isə hüquqi dövlət prinsiplərinə tamamilə ziddir və heç bir hüquqi nəticə doğura bilməz. Belə halda Fransanın konstitusiya məhkəməsinin borcu və vəzifəsi həmin qanunun təxirə salınmadan qanunsuz olduğunu elan etməkdən ibarətdir. Bizim vəzifəmiz isə Xocalı soyqırımını törədənlərin cinayət işlərini tamamlayıb təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsini təmin etməkdir.

 

 

Bəhram ZAHİDOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun direktor

müavini, hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.- 2012.- 26 fevral.- S.8.