Xocalı yarası qəlbimizi həmişə sızladacaq

 

Prezident Heydər Əliyevin çıxışı

 

 1995-ci il fevralın 25-də "Təzəpir" məscidində Xocalı faciəsinin 3-cü ildönümü ilə bağlı keçirilən matəm mərasimində dövlət başçısı Heydər Əliyev də iştirak etmişdi. Mərasimdə çıxış edən Heydər Əliyev Xocalıda dinc azərbaycanlıların faciəli surətdə həlak olmasını, şəhid olmasını Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişi kimi dəyərləndirmişdi. Həmin çıxışı bir daha dərc edirik.

 

Azərbaycan xalqı  çoxəsrlik tarixində, öz həyat yolunda böyük qələbələr çalmış, yüksək zirvələrə qalxmış, dünya mədəniyyətini zənginləşdirmişdir. Müsəlman aləmi dünya mədəniyyətinə  Qurani-Kərim kimi müqəddəs bir kitab bəxş etmişdir. Azərbaycan xalqı  çoxəsrlik tarixində  böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir. Həmin faciələrdən biri  erməni qəsbkarlarının, işğalçılarının xalqımıza qarşı altı ildən bəri davam edən təcavüzüdür və bu təcavüz nəticəsində  torpaqlarımızın parçalanması, bir qisminin əldən getməsi, vətəndaşlarımızın həlak olması, qan tökülmədir. Amma bu ümumi bəlanın içərisində Xocalı faciəsi ən dəhşətlisidir, bizim üçün ən ağır yaradır.

Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri  Xocalı soyqırımıdır, altı il davam edən müharibədir.

Müharibəni erməni təcavüzkarları başlayıblar. Azərbaycan xalqı öz torpaqlarını qoruyur. Şübhəsiz ki, müharibədə qan da  tökülür, şəhidlər də verilir, böyük əzab-əziyyətlər də çəkirik. Ancaq 3 il bundan əvvəl xocalılılara, dinc əhaliyə qarşı, qadına, uşağa, qocaya, xəstəyə qarşı qəsbkarlar tərəfindən vəhşicəsinə aparılmış hərbi əməliyyat, soyqırımı altı illik müharibənin ən dəhşətli mərhələsidir və ən ağır, qara səhifəsidir.

Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək,  ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə  həmişə olacaqdır. Qeyd etdiyim kimi,  gecə vaxtı  dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.

Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı  təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Altı ildən artıq gedən müharibədə biz çox şəhidlər vermişik. Birqeyd edirəm ki, Xocalı şəhidləri də  Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda  şəhid olmuş vətəndaşlarımızdır. Bu gün biz burada onların xatirəsini qeyd edirik, onların ruhu qarşısında baş əyirik, onlara dua edirik. Mən bütün Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından bu matəm günündə xalqımıza bu faciəli hadisə münasibətilə bir daha başsağlığı verirəm. Xocalıda  şəhid olanların ailələrinə, qohum-əqrəbalarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Xocalı şəhidlərinin ailələrinə səbir versin, Allah bütün xalqımıza səbir versin ki, biz bütün bu bəlalardan qurtaraq, müstəqil Azərbaycanın tam müstəqilliyini, ərazi bütövlüyünü təmin edək, müstəqil Azərbaycanı əbədi olaraq yaşadaq. Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı, uğurlu yoldur.  Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu günvar. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki,  daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz öz taleyimizin sahibi olduğumuz kimi, özümüzöz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı və bu yolla irəliləməliyik.

Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq eyni zamanda başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq. Mən tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələdən də keçəcəkdir. Çətinliklər təkcə müharibə, torpaqlarımızın işğal edilməsi, qaçqınlarımızın ağır vəziyyətdə olması ilə bağlı deyil. İndi xalqımız keçid dövründə yaşayır. Sosial-iqtisadi böhran içərisindəyik. İnsanların həyatında, yaşayışında çətinliklər həddindən artıq çoxdur. Ancaq bizim xalqımız əsrlər boyu belə çətin mərhələlərə dözüb, onlardan keçibona görə də min illərlə yaşayıb, bundan sonra da min illərlə yaşayacaqdır.

Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara nə qədər sadiq olsaq, bugünkü ağır şəraitin səbəblərini bir o qədər dərk edəcək, bir-birimizə əl tutacağıq, kömək edəcəyik, erməni qəsbkarlarının qarşısını da alacağıq. Torpaqlarımızı da azad edəcəyik və xalqımızı, respublikamızı bu böhran vəziyyətindən də çıxaracağıq.

Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur, xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə də gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə əmindir, onun mətanətinə inanır və  bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən  çıxaracaqdır.

Mən Xocalı şəhidlərinə  bir daha Allahdan  rəhmət diləyirəm. Sizi bir daha əmin etmək  istəyirəm ki, Azərbaycan dövləti xalqımızın hüquqlarının qorunmasında, torpaqlarımızın, ərazilərimizin qorunmasında möhkəm duracaq və Azərbaycan xalqını bu bəlalardan çıxaracaqdır.

 

"Təzəpir" məscidi

 

25 fevral 1995-ci il

 

 

Azərbaycan.- 2012.- 26 fevral.- S.2.