Müstəqil, güclü və demokratik
Azərbaycan dövlətinin mövcudluğu və getdikcə
inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəllidir
Dəhşətli
Xocalı faciəsini törətməklə ermənilər
uzağa gedən taktiki məqsədlər güdürdülər.
Bununla xalqımızı qorxutmaq, mübarizə əzmini
qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi
ilə barışmağa məcbur etmək istəyirdilər.
Lakin hiyləgər düşmən məqsədinə
çata bilmədi. Xalqımız öz dövlətinin
suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq
və dəyanət nümayiş etdirdi.
Faciənin miqyasına və
ağırlığına baxmayaraq, hakimiyyətdə olan
qüvvələr o zaman bu qanlı cinayət barədə
beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə
vaxtında lazımi məlumat verməmiş, həyəcan təbili
çalmamış, əksinə, xalqın qəzəbindən
və hakimiyyəti itirəcəklərindən qorxaraq əsl
həqiqəti xalqdan gizlətmişlər. Müxalifətdə
olan qüvvələr isə həmin dövrdə ümumxalq
müsibətindən hakimiyyətə gəlmək
üçün əlverişli vasitə kimi istifadə
etmişdilər. Yalnız ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra bu qanlı
cinayət siyasi-hüquqi qiymətini almış, onun dünya
dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən
soyqırımı kimi tanınması üçün tədbirlər
görülmüşdür.
Xocalı faciəsindən keçən
illərin təcrübəsi göstərdi ki, xalqımız,
ölkə ictimaiyyəti ayıq-sayıq olmalı,
dezinformasiya və təxribat sahəsində böyük təcrübəsi
olan ermənilərin planlarını daim ifşa etməlidir.
Ermənistan dövlətinin və erməni millətçilərinin
Qafqaz bölgəsində həyata keçirdikləri etnik
separatizmin, başqa xalqlara qarşı nifrət və terror
ideologiyasının bəşəriyyət üçün
təhlükəsi açılıb göstərilməlidir.
Bu sahədə bizim görəcəyimiz işlər
çoxdur. Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması daha səmərəli və
ardıcıl aparılmalıdır. Xarici ölkələrdə
getdikcə öz mövqelərini gücləndirən
soydaşlarımız da bu işdə yaxından iştirak
etməli, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri
Xocalı soyqırımı kimi hadisələrə
yaşadıqları dövlətlərdə lazımi qiymət
verilməsinə çalışmalıdırlar.
Düşünürəm ki, müstəqil, güclü və
demokratik Azərbaycan dövlətinin mövcudluğu və
getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin
ruhuna təsəlli ola bilər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
2005-ci il
Azərbaycan müəllimi.- 2012.- 26 fevral.- S.3.