1905-ci
ildən başlayaraq Azərbaycan
torpaqlarının ilhaqını davam
etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə
olan dəhşətli cinayət və vəhşilik
törətmişlər
Milli Məclisin dünya
parlamentlərinə və beynəlxalq təşkilatlara
müraciəti
Dövlət səviyyəsində qeyd edilən Xocalı soyqırımının (genosidinin) fevralın 26-da üçüncü ildönümü tamam olur. Keçən il parlamentin qərarı ilə Xocalı soyqırımı günü elan edilmiş həmin matəm xalqımız tərəfindən dərin hüznlə yad edilir və artıq bu tarix millətin qəlbinə yaddaş günü kimi daxil olmuşdur.
Erməni tarixçiləri və siyasətçiləri guya erməni genosidi olan 1915-ci il hadisələrini ildən-ilə şişirtmək və təbliğ etməklə, əslində, əsrin əvvəlindən həyata keçirilən azərbaycanlıların kütləvi qırğınını unutdurmağa, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
Xocalı faciəsi XX əsrdə "Böyük Ermənistan" və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər.
Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə ağır xəsarət yetirmişlər. Bu zaman 1275 nəfər itkin düşmüş və girov götürülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurları düşünülmüş surətdə Dağlıq Qarabağın onlarla yaşayış məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə yer üzündən silmiş, Qaradağlı kəndində yaşayanların əksəriyyətini məhv etmişlər.
Biz dünyanın bütün parlamentlərinə və beynəlxalq təşkilatlarına müraciət edərək xalqımızın başına gətirilən bu dəhşətli müsibət barədə, bütövlüklə əsrin əvvəlindən bu günə kimi 500 mindən artıq azərbaycanlının ermənilər tərəfindən öldürülməsi, azərbaycanlılar yaşayan 6 min kvadratkilometrlik əzəli azəri torpaqlarının zorla boşaldılması, həmin ərazidən 1 milyon nəfərdən çox azərbaycanlının qovulması, 2 minə yaxın Azərbaycan mənşəli yaşayış yerlərinin tarixi adının dəyişdirilməsi, ərazimizin 20 faizinin (12 rayonun) erməni hərbi birləşmələrinin işğalı altında olması, bunun nəticəsində 1 milyon nəfərin qaçqın kimi yaşaması faktlarını bütün dünya ictimaiyyətinə çatdırmağı və beynəlxalq prinsiplərə və hüquq normalarına uyğun olaraq bu vəhşilikləri pisləmələrini, Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərini qaldırmalarını xahiş edirik.
Qoy heç bir xalqın həyatında Xocalı faciəsinə bənzər hadisə olmasın!
24 fevral 1995-ci il
Azərbaycan.- 2012.-24 fevral.- S. 3.