Bu soyqırımı bütün bəşəriyyətə
qarşı tarixi bir
cinayətdir
Xocalı
soyqırımı qurbanlarının ailələrinə
müraciət
Əziz xocalılar! Hörmətli həmvətənlər!
İki il öncə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə-yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Mənəvi fiziki itkimiz əvəzolunmaz dərəcədə ağırdır. Təəssüf ki, son altı ildə Azərbaycanın siyasi həyatında mövcud olmuş hərc-mərcliklər, anarxiya, milli taleyimizə biganə siyasi ambisiyalar, hakimiyyət oyunları və siyasi qruplar arasında münaqişələr də həyatımızda baş vermiş bütün faciələrdə az rol oynamamışdır. Nəticədə tariximizə qara səhifələr yazılmış, xalqımızın qəlbinə sağalmaz yaralar vurulmuşdur. Respublikanın hüquq-mühafizə orqanları günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır. Əmin ola bilərsiniz ki, törədilmiş cinayətin məsuliyyətindən heç kəs yaxa qurtara bilməyəcəkdir.
Dünyada hər şeyin, dərdin də, əzabların da bir sonu var. O cümlədən, məcburən qatıldığımız müharibənin də. Xalqımızı əmin etmək istəyirəm ki, müqəddəs vətənimizin real müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından tam azad olacağı gün uzaqda deyildir. Hamımızın sıx birliyimizlə biz bu ağır tale sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaqdır.
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu gün ölkəmizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, onların qohumlarına və bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
1 mart 1994-cü il
Azərbaycan.- 2012.- 24 fevral.- S. 3.