Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

 

Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə "Qızıl Ulduz" medalları, "Azərbaycan Bayrağı" ordenlərinin təqdim edilmə mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin nitqi

 

Əziz bacılar, qardaşlar!

XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilibdir, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalı faciəsi, soyqırımıdır.

Yeddi il bundan öncə o müdhiş fevral gecəsi Ermənistan silahlı qüvvələri sovet ittifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə Azərbaycanın gözəl bir diyarı olan Xocalının sakinlərinə qarşı dəhşətli soyqırımı etmişlər. Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılılara bir gecənin içində böyük zərbələr vurulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, gənc, körpə, uşaq həlak olmuşdur. Yüzlərlə xocalılı yaralanmış, xəsarət almış, şikəst olmuşdur. Yüzlərlə insan əsir düşmüşdür.

Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər həlak olmuşlar, şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin nəticəsində Xocalı ərazisi qana bulaşmışdır.

Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara ağır bir mənəvi zərbə olmuşdur. Ancaq xocalılıların iradəsi sınmamış, insanlar qəhrəmanlıqla, mərdliklə şəhid olmuşlar. Xocalılılar bu ağır faciəni mərdliklə yaşamışlar. Faciənin yeddi ilinin tamam olduğu bu gün məğrur xocalılılar yenə də qəhrəmanlıq həyatı keçirirlər.

Heç şübhə yoxdur ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulacaqdır, Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcəkdir, bu torpaqlardan zorla çıxarılmış soydaşlarımız öz yerinə, yurduna, evinə, obasına qayıdacaqlar. Heç şübhə yoxdur ki, Xocalı işğaldan azad olunacaqdır və xocalılılar öz doğma torpaqlarına qayıdacaqlar, həyatlarını yenə də doğma torpaqları üzərində davam etdirəcəklər.

Ancaq Xocalı yarası qəlbimizdə daim yaşayacaqdır. Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi ilə məhkum olunacaqlar. Xocalı soyqırımının törədilməsində günahı olan Azərbaycanın keçmiş rəhbərliyi və digər vəzifəli şəxslər də xalq qarşısında öz cəzalarını çəkəcəklər. Ədalət məhkəməsi onların cəzasını verəcəkdir.

Xalqımız tarix boyu böyük müharibələrdən çıxmış, öz torpağını, mənliyini qoruyaraq qurbanlar vermişdir. Xalqımız hər dəfə belə müharibələrdən, döyüşlərdən, çətinliklərdən çıxaraq daha da mətin, iradəli olmuşdur. Əminəm ki, bu gün xalqımız, o cümlədən, xocalılılar müstəqil Azərbaycan dövlətində daha da mətinləşiblər, dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın hamısının azad edilməsi uğrunda sona qədər mübarizə aparmaq əzmindədirlər.

Bu gün, Xocalı faciəsinin yeddinci ildönümündə, Xocalıda qəhrəmancasına şəhid olmuş övladlarımızın ruhu qarşısında baş əyirəm. Onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edirəm.

Allah bütün şəhidlərə rəhmət eləsin!

 

Prezident Heydər Əliyevin yekun nitqi

 

- Əziz bacılar, qardaşlar, dostlar!

Bu gün vətənimizdə, ölkəmizdə matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının yeddinci ildönümünü yaşayaraq, qeyd edərək eyni zamanda Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Bu gün hamımız Xocalıda soyqırımı nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara, əsirlikdə qalıb hələ xəbəri bilinməyənlərə - hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılılara onlarla bir yerdə olduğumuzu bəyan edirik.

Xocalı faciəsi təkcə xocalılıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür. Mən bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılılara, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.

Bununla yanaşı, bu gün sizinlə görüş mənə çox böyük təsir bağışlayır. Burada qeyd etdiniz, mən 1993-cü ildə Azərbaycanın prezidenti seçiləndən sonra ötən illərdə Azərbaycan xalqının başına gəlmiş bəlaları dərindən təhlil etməyə başladım və lazımi tədbirlər gördüm. O cümlədən Xocalı soyqırımına 1994-cü ilin fevral ayında qiymət verildibu gün matəm günü elan olundu.

Ancaq hər dəfə xocalılılarla görüşərkən mən qürur hissi keçirirəm. Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalılıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma xocalılılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda vətənpərvərlik nümunəsidir.

Siz burada xoş sözlər dediniz, onlara görə təşəkkür edirəm. Amma eyni zamanda sizin hər birinizin dediyi sözlərdə çox dərin məna var. O da ondan ibarətdir ki, övladınızı, ailə başçısını, qardaşınızı, qohumlarınızı itirsəniz də, bu gün nikbinliklə yaşayırsınız, gələcəyə ümidlə, nikbinliklə baxırsınız. Mən sizin bu əhval-ruhiyyənizə tam şərikəm. Bəli, biz Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan - 1988-ci ildən ağır günlər, ağır illər yaşamışıq, böyük itkilər vermişik. Bir çox ildir ki, torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunlar bizim dərdimizdir, xalqımızın dərdidir.

Amma eyni zamanda 1994-cü ildə atəşi dayandıraraq biz qan tökülməsinin qarşısını almışıq və torpaqlarımızı sülh, danışıqlar yolu ilə azad etmək istəyirik, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək istəyirik.

Doğrudur, bu, çətindir. Çünki düşmən torpağı işğal edəndən sonra onu oradan çıxarmaq daha çətin olur. Ancaq eyni zamanda biz bu yolla gedirik və gedəcəyik. Mən inanıram ki, bizim həyata keçirdiyimiz tədbirlər, sülhsevər siyasətimiz öz nəticəsini verəcəkdir.

Eyni zamanda mən sizin buradakı çağırışınızı da tam ədalətli hesab edirbizim üçün böyük mənəvi dəstək hesab edirəm. Bəli, əgər bizim bütün sülhsevər addımlarımız, təşəbbüslərimiz, apardığımız tədbirlər son nəticədə işğal edilmiş torpaqların azad olunmasını təmin etməsə, nəyin bahasına, hansı qurbanların bahasına olur-olsun, torpaqlarımızı azad edəcəyik, siz öz yerinizə-yurdunuza qayıdacaqsınız, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, - əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.

Azərbaycanın prezidenti kimi mən bu barədə öz məsuliyyətimi daim hiss edirəm. Bildirirəm ki, Azərbaycan prezidenti kimi fəaliyyətimin əsas hissəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, işğal edilmiş torpaqların azad olunmasına həsr edilmişdir. Ötən illərdə mən bu işlə gecə-gündüz məşğul olmuşam. Bu gün də məşğul oluram və gələcəkdə də məşğul olacağam. Əmin ola bilərsiniz ki, mən həmişə sizinləyəm, şəhid ailələri iləyəm, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızlayam. Siz mənim üçün Azərbaycanın ən əziz, ən sevimli vətəndaşlarısınız və daim sizinlə bir yerdə olacağam. İnanıram ki, işğal olunmuş torpaqları hamımız birlikdə azad edəcəyik. Xocalı azad olunacaq, Xocalı torpağı yenidən öz sakinlərinə təqdim ediləcək və siz öz torpağınızın sahibi olacaqsınız.

Mən sizə cansağlığı arzu edirəm. Bu gün şəhidlərə bir daha Allahdan rəhmət diləyirəm. Hər birinizə dözümlülük, dəyanət, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

 

26 fevral 1999-cu il

 

 

Azərbaycan.- 2012.-24 fevral.- S. 3.