Azərbaycan Milli
Kitabxanasında Xocalı faciəsinin iyirminci
ildönümünə həsr olunmuş sərgi
açılmışdır
Fevralın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Xocalı harayı-20" adlı geniş kitab sərgisi açılmış və bu qurumun əməkdaşları tərəfindən hazırlanmış "Xocalı soyqırımı - 20. Biblioqrafiya" kitabının təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva Xocalı müsibətlərini bir daha yada salmış və ermənilərin törətdikləri bu soyqırımının Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini söyləmişdir. Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımı aktı törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır. Çıxış edənlər erməni faşistləri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsindən, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsindən ürək ağrısı ilə danışmış, bu soyqırımının dünyada tanınması üçün bütün qüvvələrin səfərbər olunmasının zəruriliyini vurğulamışlar.
Sonda tədbir iştirakçıları Milli
Kitabxananın hazırladığı 200-dən artıq
kitab, jurnal və qəzet materiallarından ibarət
"Xocalı harayı - 20" adlı sərgi ilə
tanış olmuşlar.
Azərbaycan.- 2012.-24 fevral.- S. 5.