Azərbaycanın Şahdağ zirvəsi

 

Qusarda əldə edilən nailiyyətlərin miqyası daha da genişlənir

 

Dinamik inkişaf dövrünü yaşayan Azərbaycan sosial-iqtisadi sahədə qazandığı müvəffəqiyyətləri davamlı şəkildə genişləndirməkdə, yeni nailiyyətlərin müəllifi kimi çıxış etməkdədir. Bu gün dünya miqyasında da Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığı qəbul olunmaqda, onun səciyyəvi xüsusiyyətləri daha geniş rakursdan öyrənilməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının qarşıdakı dövr ərzində də Azərbaycana yeni möhtəşəm uğurlar qazandıracağını şərtləndirməkdədir.

Son bir neçə ildə iqtisadi artım göstəricisi baxımından dünyada lider ölkə kimi tanınan Azərbaycanın iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən  biri onun konkret bir sahəni yox, daha genişmühüm sferaları əhatə etməsidir. Karbohidrogen ehtiyatları zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə enerji sferası ilə məhdudlaşmayaraq başqa sahələr üzrə də özünü qabarıq büruzə verir. Belə sahələrdən danışarkən sənayenin payı xüsusi qeyd olunmalıdır. Çünki bu gün ölkəmizdə əhəmiyyətli dərəcədə inkişaf edən, istehsal göstəriciləri daim yüksəlməkdə olan və kifayət qədər böyük potensiala malik sənaye mövcuddur. Azərbaycanın bütün regionları üzrə əldə edilən tərəqqinin proporsional qaydada paylanması, ölkə vətəndaşlarının həyatında öz əksini tapması, özünüinkişaf və yüksək müdafiə qabiliyyətinə malik olması isə nəticə etibarilə respublikamızı daha da qüdrətləndirir. Eyni zamanda dinamizmə əsaslanan iqtisadi yüksəliş strategiyası mümkün kənar təsirlərdən, o cümlədən dünya iqtisadiyyatında yarana biləcək hər hansı mənfi təsirlərdən səmərəli müdafiə olunur. Bütün bunlar həm də onun göstəricisdir ki,  bazar iqtisadiyyatı şəraitində ölkədə həyata keçirilən siyasi, iqtisadisosial islahatlar öz müsbət nəticələrini verməkdədir. Daha bir sevindirici cəhət ondan ibarətdir ki, ümumi iqtisadi inkişafda regionların payı artan xətt üzrə inkişaf edir, ümumdaxili məhsul istehsalında onların xüsusi çəkisi davamlı olaraq yüksəlir.

Azərbaycanın sənaye potensialının daha da güclənməsinə töhfə verən rayonlardan biri də Qusardır. Hazırda Qusar rayonu intibahının yeni keyfiyyət mərhələsini yaşamaqdadır. Son illər ərzində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Qusarın siması daha da gözəlləşib. Burada təkcə ölkəmizdə yox, regionda analoqu olmayan bir sıra memarlıq abidələri, sosial obyektlər ərsəyə gətirilib və hazırda bu işlər davam etdirilməkdədir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bunun əsas səbəbini rayonun inkişafına Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsində görür: "Bu gün respublikamızın siması dəyişir, əldə edilən uğurlar bir - birini əvəz edir. Əgər bir neçə il bundan əvvəl paytaxt olaraq Bakı öz standartlarına görə təklik təşkil edirdisə, hazırda bölgələrdə aparılan işlər, layihələr nəticəsində onlarla rayon və şəhər inkişafına görə seçilməkdədir. Məhz Prezident İlham Əliyevin səmərəli, ardıcıl, uzaqgörən siyasəti nəticəsində dünyanı bürüyən maliyyə böhranı respublikamızdan yan keçdi. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz ümummilli lider Heydər Əliyev ideyalarının çiçəklənməsi deməkdir".  

Azərbaycan Prezidenti İlham Əliyev ötən ildə Qusara 2 dəfə, respublikaya rəhbərlik etdiyi müddətdə isə 8 dəfə səfər etmişdir. Keçən il Qusara etdiyi səfərlər zamanı dövlətimizin başçısı "Şahdağ" Qış-Yay Turizm Kompleksində tikintinin gedişatı ilə tanış olaraq öz tövsiyə və tapşırıqlarını vermişdir. Bu günlərdə yenidən Qusara səfər edən ölkə başçısı Heydər Əliyev Mərkəzinin, rayon mərkəzi xəstəxanasının, şahmat məktəbinin açılışında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşündə bildirmişdir: "...Biz Qusar rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük. Həm iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası, sosial infrastrukturun yaradılması, Olimpiya mərkəzi, xəstəxana, məktəblər, yollar, qazlaşdırma, su layihələri - yəni, ölkədə gedən quruculuq-abadlıq işləri bu rayonda özünü çox qabarıq şəkildə büruzə verirbu, məni çox sevindirir. Bütövlükdə ölkəmiz inamla inkişaf edir. Bütün iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran dövründə beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi reytinqini artırırlar. Avropanın inkişaf etmiş ölkələrinin reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın reytinqi qalxır. Bu, ölkəmizdə görülən işlərin nəticəsidir. İş olan yerdə nəticə də olur. Biz işləyirik və özü də yaxşı işləyirik". Qusarlılar bu sözlərin məsuliyyətini yaxşı başa düşür, dövlətə, ölkə başçısına inamlarını əməli fəaliyyətlərilə təsdiqləyirlər.

Respublikamızda həmişə ön sıralarda yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə irəlidə gedən rayonlardan olan Qusar bu gün inkişafının yeni mərhələsini yaşayır. Bu baxımdan ötən dövrün   sosial-iqtisadi yekunlarına nəzər yetirməklə söylənilənlərin real mənzərəsini aydın görmək olar. Bu kontekstdə dövlət başçısı tərəfindən "Turizm ili" olan 2011-cu il də qusarlılar üçün uğurlu illərdən sayılmalıdır. Şahdağın ətəklərində yerləşən Qusar öz yüksəliş tempini iqtisadiyyatın bütün sahələrində qoruyub saxlamaqdadır.

Respublikamızda qeyri-neft sektorunda ən böyük investisiya layihəsi Qusar rayonunda həyata keçirilir. "Şahdağ" Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. Təkcə respublikamızın deyil, regionun, MDB məkanında və dünyanın bir çox ölkələrində analoqu olmayan bu mərkəzin tikinti işlərinin sürəti göstərir ki, cari ilin sonunadək onun istifadəsinə başlanılacaqdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi Qusarda aqrar sahənin də köklü şəkildə inkişafına təkan vermişdir. Belə ki, 2003-cü illə müqayisədə 2011-ci ildə rayonda ümumi daxili məhsulun həcmi 7,1, sənaye məhsulunun ( və xidmətlərin) həcmi  8 dəfə, əsas kapitala yönəldilən investisiyalar 46,3, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 5,8 dəfə artmışdır. Rayonun sənaye müəssisələrində məhsul istehsalının artımı əsasən qeyri-dövlət sektorunun hesabına olmuşdur. Bu da Qusarda özəl sektora dövlət tərəfindən verilən dəstəkdən, onlar üçün yaradılan münbit şəraitdən irəli gəlir.

Sahibkarlıq fəaliyyətinin inkişafına yaradılan münbit şərait təsərrüfat subyektlərinin rayonda azadsağlam rəqabətini yaradır ki, bu da öz növbəsində nəticənin ürəkaçan olmasına gətirib çıxarır. Ötən ildə rayonda sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Təkcə onu demək kifayət edər ki, son səkkiz il ərzində 114 layihəyə 8531,8 min manat güzəştli kredit ayrılmışdır. Yalnız bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 1028 yeni yeri açılmışdır.

Qusar öz yaşıllığı ilə digər rayonlardan seçilir. Burada hər ağaca, yaşıllıq massivlərinə xüsusi qayğı ilə yanaşırlar. Belə ki, ötən il sahibkarlar tərəfindən rayonda 34 hektar sahədə yeni meyvə bağları, 10 hektar sahədə üzümlüklər salınmışdır. Çubuqlu kəndi ərazisində inşasına əvvəlki ildə başlanılmış 4 min tonluq soyuducu anbarın 2 min tonluq hissəsi, Samur qəsəbəsində 800 tonluq soyuducu anbar istifadəyə verilmiş, Yeni Həyat kəndində daha bir 2000 tonluq anbarın tikintisinə başlanmışdır. Məhz belə anbarların sayəsində ötən il Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına 38 nəfər sahibkar tərəfindən 364 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır ki, bu da əvvəlki illərdən iki dəfə çoxdur.

Uğurlu siyasət nəticəsində respublikamızın qazandığı nailiyyətlər öncə dövlətin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsinə, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, işgüzar fəallığın yüksəldilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına imkanlar yaradır. Qusarın timsalında bu sahədə görülən işlərə toxunan Şair Alxasov vurğulayır: "Ölkə başçısının imzaladığı, əhali tərəfindən inkişaf, yüksəliş kimi qarşılanan dövlət proqramları bu gün iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada yaxşı mənada iz buraxmamış olsun. Bu gün qusarlılar əvvəlki illərdən fərqli olaraq daha işgüzardırlar. Rayonda fəaliyyət göstərən müəssisələrdə çalışanların əməkhaqları normal səviyyədədir. Bu da ailə büdcəsinin yüksəlməsi, əhalinin sosial rifah halının yaxşılaşması deməkdir".

Yola salınan ildə açılan 1686 yeri bu baxımdan çox önəmlidir.  Yeni müəssisələrin işə salınması, istehsalın genişləndirilməsi hesabına son səkkiz ildə  açılmış yerlərinin sayı 18426-ya çatdırılmışdır ki, ondan 5889-u daimidir. Bu da öz növbəsində əhalinin sosial vəziyyətinin yaxşılaşması ilə nəticələnmişdir.

Qusar rayonunda aztəminatlı təbəqənin sosial müdafiəsi sahəsində də müəyyən işlər görülməkdədir. Rayonda müxtəlif növ təqaüd  alan 13418 nəfər qeydə alınmışdır. Onların təqaüd və müavinətlərinin ödənilməsi üçün lazım olan vəsait vaxtlı-vaxtında ödəniş müəssisələrinə köçürülmüşdür. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonun yaşayış ərazilərindəki sosialictimai obyektlərin təbii qazla, içməli su ilə təminatında xeyli görülmüşdür. Ümumilikdə il ərzində əhalinin elektrik enerjisi, təbii qazsu ilə təminatında irəliləyişlər əldə edilmiş, problemlər aşkarlanaraq onları yaradan səbəblər müəyyənləşdirilmiş və neqativ hallar aradan qaldırılmışdır. Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə ötən il Urva kəndində Cağar-Cibir kanalının "Qusar" qolu üzərində "Qusar-1" kiçik su elektrik stansiyasının tikintisi davam etdirilmiş, enerji istehlakçılarını daha keyfiyyətli, fasiləsiz və dayanaqlı təminatı üçün müxtəlif ərazilərdə transformatorlar quraşdırılmış, yararsız 14700 metr naqil demontaj olunmuşyeni naqillə əvəz edilmişdir. Əhalinin təbii qazla təmin edilməsi və yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində  rayonun Şirvanovka, Üzdənoba, Salehoba, Zuxuloba, Mucuqoba və Aşağı İmamqulukənd kəndlərində təmir işləri yekunlaşdırılmış, qazlaşdırma işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda rayonun bəzi sərhədyanı kəndlərinin qazlaşdırılması üçün 905 fərdi evə təbii qaz verilmiş, evlərdəki 2482 ədəd məişət qaz sayğacı yenisi ilə əvəzlənmişdir.

"Bütün bunlara baxmayaraq rayonda içməli su təminatı və kanalizasiya xətlərinin çəkilməsi sahəsində həlli vacib problemlər qalmaqdadır, - Ş.Alxasov əlavə edir: Cari ildə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyilə  birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulmasına başlanacaqdır. Quba-Qusar kanalizasiya kollektorunun yenidən qurulması nəzərdə tutulur ki, hazırda bununla bağlı layihə sənədləri hazırlanır".  Soyuq qış yerini yaza verəndə çayların çoxunda sel əmələ gəlir. Bu da çayların məcrasından çıxmasına səbəb olur. Kəndlərin bu problemlə üzləşməməsi üçün hər il suvarma sistemləri lildən təmizlənir, daş-beton bəndlər nəzərdən keçirilir. Ötən il Qusarçayla Qayakənd arasında beton bənd tikilmiş, bunun səbəbindən həmin ərazidə suyun çoxalmasına baxmayaraq heç bir təhlükə baş verməmişdir.

Rusiya Federasiyası ilə sərhədboyu yerləşən 7 kəndi rayon mərkəzi ilə birləşdirən, mürəkkəb relyefə malik ərazilərdən keçən, xüsusilə payız və qış aylarında keçilməz olan həmin yolun əsaslı təmirinə başlandığı vaxtdan ötən müddət ərzində orada xeyli iş görülmüşdür. Eni 3-4 metr olan yol yatağı genişləndirilərək 12-14 metrə çatdırılmış, arx və yağış sularının keçirilməsi üçün 43 yerdə iri diametrli borular quraşdırılmış, Nəcəfkənd və Yuxarı Qələnxür kəndləri ərazisində 70 metrdən çox yüksəkliyi olan qayalar kəsilmiş, Aşağı və Yuxarı Qələnxür kəndləri ərazisindəki yarğanlar doldurulmuşdur. Xüsusi əhəmiyyətə malik həmin  yolda əsaslı təmir işləri davam etdirilir. Bundan əlavə Qusar-Əniğ-Ləzə avtomobil yolunun əsaslı təmirə başlandığı dövrdən bəri bu yolda müxtəlif ölçülü 7 körpü inşa edilmiş, onlardan 6-sı artıq istifadəyə verilmişdir. Bakı-Qəndob-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun rayon ərazisindən keçən 16 kilometrlik hissəsində təhlükəsizliyi təmin etmək üçün yeraltı keçidlərin tikintisi aparılır. Ölkə başçısı vaxtaşırı Qusara səfərlər edir, rayonda həyata keçirilən layihələrin vəziyyəti ilə  maraqlanır. Dövlət başçısının tapşırıq və tövsiyələri rayonda icra orqanlarının fəaliyyət proqramına çevrilib. Bütün rayonu əhatə edən geniş abadlıq, quruculuq və yaşıllaşdırma işləri məhz bu istiqamətdə qurulub. Şəhərdə aparılan abadlıq və yenidənqurma işləri zamanı Heydər Əliyev prospektində, Muxtadır, Azadlıq, M.Əbilov, F.Musayev, N.Şərifov, Səfixanov, Məlikov  və digər mərkəzi  küçələrdə beton səki daşları quraşdırılmış, divar və səkilər dekorativ daşaqlay plitə ilə üzlənmişdir. Qusarçayın sağ sahili yaşayış massivində 52 pilləli pilləkən tikilmiş, M.Paşayev küçəsində pilləkən təmir edilmişdir. İl ərzində avtomobil yollarının kənarlarında 12 minə yaxın ağac və bəzək kolları əkilmişdir. Təhsil, səhiyyə, rabitə və digər sahələrdə aparılan işlər nəticəsində uğurlar əldə edilib. Bir çox sahələr üzrə yeni inzibati binalar tikilərək əhalinin istifadəsinə verilib.

Ölkə başçısı tərəfindən respublikada gənclər siyasətinin həyata keçirilməsinə, idmanın inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan  2012-ci ilin "İdman ili" elan edilməsi Azərbaycan Respublikası Prezidentinin dövlət səviyyəsində gənclərə göstərilən qayğısının bariz nümunəsidir. 2008-ci ildə ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bu gün beynəlxalq yarışlara, turnirlərə ev sahibliyi edir.

"Şahdağ" Qış-Yay Turizm Kompleksi Qusarın turizm potensialına böyük diqqətin konkret təzahürüdür, - deyə Şair Alxasov bildirir: Azərbaycan Prezidentinin tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilən bu kompleksin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə bu kompleksin təməli qoyulmuşdur. Müasir dünya standartlarına uyğun olan bu kompleks 2058 hektardan artıq bir sahəni əhatə edir. Ölkə başçısı vaxtaşırı Qusara səfər edir, beynəlxalq əhəmiyyətli kompleksdə görülən işlərlə maraqlanır".

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda Qusarda görülməsi vacib olan çox mühüm məsələlər əksini tapıb. Bu günlərdə Qusara səfər edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə yaxından tanış olmuşlar.

Ölkə başçısının tapşırığına uyğun olaraq kompleksə çəkilən avtomobil yolu genişləndirilir, körpülər salınır, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilir. Respublikamızda və ümumiyyətlə dünyada mükəmməl layihələrdən olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açacaqdır. Turistlər yay mövsümündə də burada mənalı istirahət edə biləcəklər.

Hazırda kompleksdə turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur, qış istirahətini sığortalamaq məqsədi ilə süni qaryağdırma sistemi quraşdırılır. Bu məqsədlə bütün enişlərdə qar generatorları yerləşdirilmişdir. Bazada Almaniya istehsalı olan avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə gətirilməsində istifadə olunacaqdır. Həmçinin burada birinci mərhələ çərçivəsində 9 kanat yolu fəaliyyət göstərəcəkdir.

Dövlət başçısının tapşırıqlarına əsasən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ərazisində otellər şəbəkəsi yaradılır. Tikintisi başa çatan "Resort" otelində son tamamlama işləri görülür. Oteldə turistlərə prezident nömrəsi, VİP-suit otaq, hər biri ikinəfərlik 170 nömrə, müxtəlif tədbirlərin keçirilməsi üçün üç konfrans salonu, altı restoran, SPA mərkəzi, üzgüçülük hovuzu, uşaq bağçası, xizək kirayəsi məntəqəsi, xizək məktəbi, yeraltı dayanacaq fəaliyyət göstərəcək və digər xidmətlər təklif olunacaqdır. Yeddimərtəbəli otelin yaxınlığında daha iki yüksək səviyyəli otel fəaliyyət göstərəcək ki, onlardan birinin artıq bünövrəsi qoyulmuş, digərinin isə hazırlıq işləri aparılır.

Ümumilikdə tikintisi dövlət tərəfindən maliyyələşdirilən "Şahdağ" Qış-Yay Turizm Kompleksi dünya turizm sənayesində xüsusi layihələrdən biridir. Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir.

Bütün bunlar Qusarda dinamik inkişaf dövrünün yaşandığının real ifadəsidir. Digər tərəfdən o da olduqca mühüm amildir ki, Azərbaycanın dinamik, ardıcıl və sürətli inkişafı il ərzində və gələcəkdə onun gözəl guşələrindən olan Qusarda da qazanılacaq uğurların möhkəm təməlini qoyub. Qeyd olunanlar Azərbaycana kifayət qədər parlaq gələcək, daha sürətli inkişaf tempiyeni möhtəşəm uğurlar vəd edir. Ölkəmizin gözəl guşəsi olan Qusar isə bu inkişafın Şahdağ zirvəsidir. Burada həyata keçirilməsi planlaşdırılan tədbirlər əhalinin həyat şəraitinin yaxşılaşmasında  mühüm rol oynayacaqdır. Azərbaycanın günü-gündən iqtisadi cəhətdən daha da qüdrətli dövlətə çevrilməsi fonunda ölkəmizin şimal rayonu olan Qusar da sürətli inkişaf yolunda inamlaböyük uğurlar qazanmaqla irəliləməkdə davam edəcək.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.-24 fevral.- S.  6.