Ankara Ədliyyəsində
1500 illik nadir «İncil» tapılıb
2000-ci ildə qaçaqmalçılardan müsadirə edilmiş və Ankara Ədalət Sarayının ədliyyə əmanətləri arasında saxlanılan "İncil" kitabının, ən azı, 1500 il yaşı olduğu müəyyənləşdirilib. Bu əsrarəngiz "İncil" nümunəsi polisin müşayiəti ilə Türkiyə Etnoqrafiya Muzeyinə təhvil verilib. Qədim "İncil" assuriyalıların əlifbası ilə aramilərin (qədim Suriya və Mesopotamiyada yaşamış xalqın) dilində yazılıb. Vatikan xristian dünyası üçün böyük mənəvi dəyərə malik bu kitabla tanış olmaq və onu öyrənmək istəyi ilə türklərə müraciət edib.
İlkin qiymətləndirməyə görə, "İncil"in maddi dəyərinin 20 milyon manatdan yüksək olduğu bildirilir. Ekspertlərin fikrincə, kitabın hətta fotosurətini bir necə milyon manata satmaq mümkündür. Bununla belə, dəri üzərində yazılmış, dəri cildli bu nadir və qədim "İncil" nümunəsi mədəniyyət sərvəti olaraq dövlət mühafizəsinə alınıb.
Müqəddəs kitabın Assuriya əlifbası ilə aramicə yazılması xristian dünyasında böyük maraq doğurub. Bu da səbəbsiz deyil - xristianlar həzrəti İsanın məhz aramilərin dilində danışdığına inanırlar. Qeyd edək ki, müasir dünyamızda yalnız bir yerdə - Suriyanın Dəməşq şəhərinin yaxınlığındakı bir kənddə bu dildə danışırlar.
Tapıntı ilə bağlı xəbərlərə
geniş yer ayıran Türkiyə mətbuatı daha əvvəllər
qeydə alınmış oxşar hadisələri də
xatırladıb. Bunlardan ən maraqlısı 1980-ci ildə
Hakkari yaxınlığındakı bir mağarada
tapılmış "İncil"lə əlaqəlidir.
İddiaya görə, o zaman ordu tərəfindən nəzarətə
alınan və daha sonra heç bir zaman ortalığa
çıxarılmayan kitab əfsanəvi Barnaba
"İncil"i olub. Maraqlıdır ki, xristian kilsələri
Barnaba "İncil"inin varlığını qəbul etsə
də, içindəki bilgiləri qətiyyətlə rədd edir. Bu da səbəbsiz
deyil və dini nöqteyi-nəzərdən prinsipial önəm
daşıyır. "İncil"in İsa peyğəmbərin
əshabələrindən biri olan Barnaba tərəfindən
yazıldığı düşünülür və
dünyada 2 nüsxəsi mövcuddur. Kitab müxtəlif dillərə,
o cümlədən türk dilinə tərcümə edilərək
öyrənilib. Barnaba "İncil"i həzrəti
İsanı Allah deyil, onun elçisi - peyğəmbər kimi
təqdim etdiyindən, sonuncu peyğəmbər həzrəti
Məhəmmədin gələcəyini xəbər verdiyindən,
ruhani fəlsəfəsi ilə İslamla (Quranla) vəhdət
təşkil etdiyindən, nəhayət, digər
"İncil"lərin təhrif olunduğunu,
xristianlığı yanlış yönə istiqamətləndirdiyini
iddia etdiyindən kilsələr ona qarşı
barışmaz, sərt mövqe tutmaqdadır. Barnaba
"İncil"i də, "Quran"da deyildiyi kimi, İsa
peyğəmbərin çarmıxa çəkilmədiyini söyləyir. Kitab Vatikan tərəfindən
qadağan olunmuşlar siyahısındadır. Ancaq onun
özü və müəllifi barədə ən qədim
mötəbər tarixi, həmçinin dini mənbələrdə
məlumatlara rast gəlindiyindən ondan qəti imtina edilməsi
mümkün deyil. Barnaba "İncil"inin ilk nüsxəsi
1709-cu ildə tapılıb. İtalyan dilində
yazılmış bu nümunə hazırda Vyana Milli
Kitabxanasında saxlanılır. Eyni dövrə (XVI əsrə) aid Barnaba
"İncil"inin ikinci surəti ispan dilindədir, amma onun
böyük bir hissəsi itib.
Mülahizələrə
görə, Hakkaridə tapılmış "İncil" məhz
Barnaba "İncil"i olub və dinlərarası münasibətlərin
gərginləşməməsi
səbəbindən Türkiyə dövləti tərəfindən
məxfi saxlanılır.
Azərbaycan.- 2012.- 24 fevral.- S. 7.