«Bakı – 2020» yeni reklam çarxını təqdim etmişdir

 

Fevralın 23-də Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyinə dair yeni reklam çarxı tədqim edilmişdir. AzərTAc xəbər verir ki, "Bakı - 2020" internet səhifəsində (www.baku2020.com) yerləşdirilən 7 dəqiqəlik yeni reklam çarxı Bakının sifariş kitabında əks olunan gələcək olimpiya infrastrukturunun 4 sektorunu əyani nümayiş etdirir.

Çarxda həmçinin Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibi seçiləcəyi təqdirdə istifadə ediləcək digər möhtəşəm tikili və ərazilər də öz əksini tapmışdır.

Məşhur Hollivud rejissoru Rupert Vainrayt tərəfindən çəkilmiş reklam çarxında Azərbaycan paytaxtında aparılan futuristik quruculuq işlərinin görüntüləri və kompyuter qrafikası vasitəsilə canlandırılan Bakının 2020-ci ildəki mənzərəsi təqdim edilir.

"Bakı - 2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva reklam çarxını yüksək qiymətləndirmişdir.  O demişdir ki, Bakı dünyanın hələ açılmamış zəngin xəzinələrindəndir. Paytaxtımız gələn qonaqları öz gözəlliyi və müasirliyi ilə valeh edir.

Bakının həm tarixi şəhər, həm də müasir paytaxt kimi xarici qonaqlarda böyük maraq doğurduğunu vurğulayan K.Nurullayeva bildirmişdir ki, əsrlərin əmanəti olan  İçərişəhərimiz bugünədək öz qədimliyini qoruyub saxlayır və UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına salınmışdır. Digər tərəfdən isə, müasir texnologiyalar əsasında şəhərdə qurulan yeni infrastrukturla paytaxtımız dünyaya açılan yeni mərkəzə çevrilir. Azərbaycan hazırda sürətli inkişaf yolu keçir. Təhsil, elm, texnologiyalar əsasında qurulan yeni iqtisadiyyatımız ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxarır. İdmanımızın gündən-günə inkişafı isə dövlətimizin uğurunu dünyaya çatdırmaq üçün prioritet sahəmizdir. 2020-ci ilin  OlimpiyaParalimpiya Oyunlarına ev sahibliyinə namizədliyimiz isə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir.

K.Nurullayeva həmçinin yeni reklam çarxının paytaxtımızın gözəlliklərini hələ görməyənlərə Bakıya gəlmək üçün yeni stimul olacağına ümid etdiyini, Azərbaycan xalqına məxsus qonaqpərvərlik ənənələrinin vətənimizə maraq göstərən hər kəs üçün açıq olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2012.-24 fevral.- S.  7.