«YARAT! Müasir İncəsənət Məkanı»
«012 Bakı Public Art
Festivalı»nın açılış mərasimini keçirmişdir
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva açılış mərasimində iştirak etmişdir
Fevralın 24-də "ÜNS Yaradıcılıq Səhnəsi"ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı"nın təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.
Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunmuşdur.
"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirmişlər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin - binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrənmişlər.
Layihə martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcəkdir. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaqdır.
Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdıqları müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər. Bu, şübhəsiz, şəhər sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini cəlb edəcəkdir.
Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Sərgidə rəssamlar Altay Sadıqzadənin, Ağa Hüseynovun, Fuad Salayevin, Məmməd Mustafayevin, Hüseyn Haqverdinin, Mahmud Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Mehdi Məmmədovun, Rəşad Ələkbərovun, Əli Həsənovun, Aida Mahmudovanın, Faiq Əhmədin, Leyla Əliyevanın, Fərid Rəsulovun, Sitarə İbrahimovanın, Rəşad Babayevin, Nail Ələkbərovun, Orxan Hüseynovun, Nəzrin Məmmədovanın və Şərqiyyə Rəhmanlının əsərləri nümayiş olunacaqdır.
Tanınmış ictimai-siyasi xadimlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi "YARAT müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova açaraq layihənin həyata keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirmişdir.
Gənc rəssam demişdir: "Mən Azərbaycan incəsənətinin çoxcəhətliliyini, özünəməxsusluğunu və inkişafını göstərəcək festivalı elan etməyə çox şadam. Bütün bunlar dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakının səhnəsində təqdim olunur. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynamış, Bakı isə Azərbaycan rəssamları üçün vacib bir məkan, oriyentir olmuşdur. "012 Bakı Public Art Festivalı" nikbinliyi və gələcəyə inamı ifadə edən, eyni zamanda, şəhərin tarixi ənənələrini və mədəni irsini nəzərə çarpdıran müasir incəsənət nümunələrinin çox maraqlı dəstini təqdim edir".
Aida Mahmudova əminliklə vurğulamışdır ki, fevralın 25-dən sentyabrın 1-dək Bakıda davam edəcək bu festival bütün iştirakçıların ürəyincə olacaqdır və onlara xoş anlar bəxş edəcəkdir.
A.Mahmudova qeyd etmişdir ki, festivalın baş sponsoru "Bank Respublika" və sponsoru isə "Azercell" Telekom MMC-dir.
Festivalda iştirak edən rəssamlar tamaşaçılara
əsərləri barədə
məlumatlar vermişlər.
Tədbirdə çıxış edən M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin
Bakı filialının
rektoru professor Nərgiz
Paşayeva iştirakçılara
təşəkkür edərək
sərgi haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, anası, görkəmli şərqşünas
alim Aida xanım İmanquliyevanın xatirəsinə
yaradılmış "ÜNS" teatrı gənc rəssamların ilk dəfə
öz tədbirlərini
keçirməsinə ürəkdən
şaddır. Bugünədək bu məkanda
artistlər, yazıçılar,
şairlər, ədəbiyyatçılar
çıxış etmişlər,
lakin rəssamlar olmamışlar. Çox şadam
ki, bu gün
rəssamlar pleadası
bizim sevimli məkanımız "ÜNS" teatrının ənənəsini
davam etdirirlər.
Bizim ilk layihəmiz "Bakı"
adlanırdı. Bugünkü layihəmiz də "012 Bakı Public Art Festivalı"
adlanır. "012"
öz adını Bakının ərazi kodundan götürür və festivalın mövzusunu göstərir.
Təsadüfən, yoxsa reallıqdan
iştirakçıların da sayı 21-dir, yəni 12 rəqəminin güzgüdə əksi kimi. Bu sərgidəki
işlər rəssamların
təkcə spesifik mühitini, vizual interpretasiyasını deyil,
həmçinin 21 yaşdan 69 yaşa qədər olan nəslin nümayəndələrinin
fikirlərini, sosial, sosioloji və mədəni dəyişiklikləri
əks etdirir.
Layihənin əsas məqsədi
yaddaşdır, insanlığın,
millətin, şəhərin
yaddaşı. Yalnız yaddaş
bizi böyük ideallara, cəhdlərə
istiqamətləndirir. Festival özündə çoxlu tarixi faktları əhatə edir ki, bu
da geniş ictimaiyyətə indiyədək
məlum deyildir.
Bakı qədim şəhərdir,
biz onun bütün mədəni qatlarını,
bizi böyük xalqa çevirən, millətimizlə bağlı
dəyərli tarixi faktları qoruyub saxlamalıyıq. Əgər biz keçmişi unutsaq, gözəl gələcəyimiz
olmayacaqdır. Biz əcdadlarımızın qoyub
getdiyi hər bir şeyi xatırlamalıyıq.
Yaddaş hər şeyə
aiddir, insan münasibətinə də,
mədəni münasibətlərə
də. Mən çox istərdim
ki, bu layihə
bizim keçmişimizlə
bağlı hər bir şeyi işıqlandırsın.
Qonaqlar unudulmaz təsir bağışlayan əsərlərlə
böyük maraqla tanış olmuşlar.
Tamaşaçılar
"ÜNS" teatrındakı bütün eksponatları
fevralın 25-dən martın
1-dək seyr edə biləcəklər.
Bildirilmişdir ki, "012 Bakı Public
Art Festivalı" çərçivəsində
bir sıra mükafatlara layiq görülmüş gənc
kinorejissor Rüfət
Həsənov layihənin
daxili həyatı və inkişafı haqqında sənədli
film çəkəcəkdir. Müəlliflərlə ünsiyyət nəticəsində
rejissor layihəyə
hazırlıq prosesini
lentə alacaq və hər həftə sənət əsərlərinin sərgisinin
açılması filmin
kulminasiyasını təşkil
edəcəkdir.
Film
"012 Bakı Public Art Festivalı"nın sentyabrda keçiriləcək bağlanış
mərasimində göstəriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.-25 fevral.- S. 3.