Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrasının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfrans keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
konfransda iştirak etmişdir
Fevralın 28-də "Baku Expo" Mərkəzində
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
konfransda iştirak etmişdir.
Mərkəzdə Dövlət Proqramının
üçüncü ilinin yekunları ilə bağlı təqdimat
olmuşdur. Təqdimatda ölkəmizin son illərdə
sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi
uğurlar əksini tapmışdır.
2011-ci ildə ölkəmizdə həyata keçirilən
sosial müdafiə tədbirləri, o cümlədən tikilən
və əsaslı təmir olunan təhsil və səhiyyə
müəssisələri və digər sosial obyektlər barədə
ətraflı məlumatların yer aldığı təqdimatda
əhalinin elektrik enerjisi və təbii qazla təchizatının
yaxşılaşdırılması, yol-nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi istiqamətində
görülən işlər müxtəlif cədvəl və
diaqramlarla diqqətə çatdırılmışdır.
Təqdimatda Heydər Əliyev Fondunun dəstəyi ilə
ölkəmizdə inşa olunan təhsil və səhiyyə
müəssisələri haqqında da göstəricilər ətraflı
şəkildə əks olunmuşdur.
Naxçıvan Muxtar Respublikasına həsr olunan
bölmədə ötən il muxtar respublikada sosial-iqtisadi
sahədə əldə edilən uğurlardan söhbət
açılır.
Sahibkarlığın inkişafına həsr olunan
stendlərdə ümumi daxili məhsulun artımında,
müxtəlif istehsal və xidmət sahələrində
özəl bölmənin payı barədə statistik rəqəmlər
yerləşdirilmişdir.
Təqdimatda ölkəmizdə və beynəlxalq səviyyədə
keçirilən yarışlarda
idmançılarımızın qazandığı
uğurlar, yeni idman komplekslərinin tikintisi, ümumiyyətlə,
idmanın inkişafına olan dövlət qayğısı
barədə məlumat verilir.
Ekoloji məsələlərə həsr olunan
bölmədə isə Azərbaycanda həyata keçirilən
meşə-bərpa və digər ekoloji tədbirlər barədə
məlumatlar əksini tapmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının
iqtisadiyyatın mühüm sahələrindən birinə
çevrilməsi bu mövzuya həsr olunan təqdimatda
statistik rəqəmlər və diaqramlarla nümayiş
etdirilmişdir.
Ötən il Azərbaycanın "Eurovision-2011"
müsabiqəsində qələbəsinə həsr olunan
xüsusi guşənin yaradıldığı təqdimatda
ölkəmizin turizm potensialının inkişafı sahəsində
görülən işlər də əksini
tapmışdır.
Prezident İlham Əliyev konfransda giriş nitqi
söyləmişdir.
Prezident İlham Əliyevin giriş nitqi
- Ölkəmizin uğurlu inkişafı artıq
reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və
görür. Dünya ictimaiyyəti də Azərbaycanın
uğurları haqqında kifayət qədər dolğun məlumat
əldə edir. Uğurlarımızın təməlində
düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi
islahatlar dayanır.
İctimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə
təmin edilmişdir. 1990-cı illərin əvvəllərində
ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi
uçuruma aparırdı. Ölkəmiz üçün həlledici
illərdə bütün xoşagəlməz hallara ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında son
qoyuldu və Azərbaycanın uğurlu inkişafı təmin
edildi. Məhz o illərdə yaradılmış və bu
gün daha da möhkəmlənən ictimai-siyasi sabitlik
ölkəmizə investisiyaların gətirilməsinə
şərait yaratmışdır və ölkəmizin
uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim əsas
iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında
başlamışdır. Bu gün bu islahatlar davam edir və
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Ölkəmizin müasir inkişaf dövrü də
çox uğurludur. İnkişafımızın təməlində,
bir daha demək istəyirəm ki, siyasətimiz dayanır.
Ölkəmizdə siyasət həm ictimai, həm də
iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan
xalqının maraqlarını təmin etmək, ölkəmizi
gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan
ibarətdir.
Müasir dövrdə ölkəmizin sürətli
inkişafına nail olmaq üçün kifayət qədər
geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə
ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul
edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramıdır. Bu proqramın qəbul edilməsindən
sonra ölkəmizin bölgələri çox sürətlə
inkişaf etməyə başlamışdır.
Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf
edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə
də fikirləşirdim və 2003-cü ilin prezident
seçkiləri ərəfəsində bildirmişdim ki, əgər
xalq mənə etimad göstərərsə, qəbul
edilmiş proqramlar nəticəsində beş il ərzində
- yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə
qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri
bu rəqəmlərə inanmırdı, bəziləri buna
şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim
ki, bunu etmək mümkündür. Çox şadam ki,
qısa müddət ərzində - yəni, ondan da az
dövrdə, təxminən dörd il ərzində 600 min
yeni iş yeri yaradılmışdır. Bütövlükdə
2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş
yeri açılmışdır ki, bu da həm işsizliyin
aradan qaldırılması, həm də yoxsulluğun
aşağı salınması üçün xüsusi əhəmiyyət
kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul
edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza
təkan vermişdir.
Əlbəttə, iqtisadiyyatımızın
böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq
neft-qaz sektorunda böyük sayda iş yerlərinin
yaradılması mümkün deyildir. Ona görə bizim əsas
istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir. Bu
sektorun inkişafı həm ölkə iqtisadiyyatının
şaxələndirilməsinə, həm də işsizliyin
aradan qaldırılmasına yönəldilməli idi və
belə də oldu.
Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda
bizim uğurlu iqtisadi inkişafımızı yalnız
neft-qaz amili ilə bağlayırlar. Əlbəttə ki,
neft-qaz amili mühüm rol oynayır və bundan sonra da
oynayacaqdır. Ancaq demək istəyirəm ki, bizim əsas
neft ixrac kəmərimiz - Bakı-Tbilisi-Ceyhan neft kəməri
yalnız 2006-cı ilin yayında istifadəyə
verilmişdir. Proqram isə 2004-cü ildə qəbul
edilmişdir. Qəbul edildikdən dərhal sonra Proqram icra
edilməyə başlanmışdır.
Bir sözlə, keçən dövr haqqında kifayət
qədər məlumat vardır və bir də görülən
bütün bu işlər göz qabağındadır. 2009-cu
ilin əvvəlində Proqramın yeni dövrü
başlamışdır. Artıq o proqram Dövlət
İnkişaf Proqramı adlandırıldı. Ancaq bu
Proqramın əsas istiqaməti yenə bölgələrin
inkişafına yönəldilmişdir. Artıq üç
ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm
ki, bütün vəzifələr artıqlaması ilə
icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə
tutulmuş məsələlər, təbii ki, öz həllini
tapmışdır. Onda əlavə tədbirlər də
görülmüşdür. İndi də məhz belə mənzərə
müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə
icra edirik və beləliklə, inkişafımıza davam
edirik.
Birinci mərhələdə əsas istiqamət biznes
imkanlarının genişlənməsinə, sənaye
potensialının formalaşmasına yönəldilmişdi. Bu
məqsədlə ilk növbədə, elektrik enerjisi məsələləri
öz həllini tapmalı idi. Ona görə biz bu məsələni
prioritet kimi nəzərə almışdıq və qısa
müddət ərzində enerji təhlükəsizliyimizi təmin
edə bilmişdik. Çünki əvvəlki dövrdə
bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı
ödəmirdi. İndi biz elə güclü sistem
yaratmışıq ki, nəinki öz tələbatımızı
ödəyirik, eyni zamanda, bütün qonşu ölkələrə
elektrik enerjisini ixrac edirik.
Ondan sonrakı mərhələdə infrastruktur layihələrinin
icrası prosesi başlamışdır. Bu da çox
geniş bir istiqamətdir. Biz infrastruktur deyəndə hər
şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik
enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial
infrastruktur məsələləri də çox vacibdir.
Proqramımızda yəni, indiki proqramda bütün bu məsələlər
öz əksini tapır. Burada əlbəttə ki, istiqamətlərin
biri infrastruktur layihələri ilə bağlıdır. Biz
bu sahəni dövlət tərəfindən qoyulan vəsait
hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət
sosial infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul
olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb
tikilmişdir. Keçən il 200-dən çox məktəb
tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən
çox məktəb tikiləcək və əsaslı təmir
ediləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılması
böyük əhəmiyyətə malik olan bir məsələdir.
Azərbaycanda 400-dən artıq müasir tibb ocağı
yaradılmışdır. Magistral yolların inkişafı
böyük əhəmiyyətə malik idi. Çünki
yollarımız çox bərbad vəziyyətdə idi. Yol
olmadan inkişaf ola bilməz. Heç bir müəssisə,
heç bir turizm obyekti tikilə bilməz. Biznesin
inkişafı üçün yol, elektrik enerjisi əsasdır.
İnsanların rahat yaşaması üçün isə
sosial infrastrukturun yaradılması prosesi sürətlə
gedir və hazırda biz bu layihələri daha da sürətlə
inkişaf etdiririk. Hazırda böyük su-kanalizasiya layihələri
icra olunur ki, bu, bütün ölkəmizi əhatə edir. Bu
layihə sırf sosialyönümlüdür. Əgər
elektrik enerjisinin təchizatı ilə bağlı verilən
göstərişlər həm sosialyönümlü, həm
biznesyönümlüdürsə, su layihələri sırf
sosial məna daşıyır. İndi
imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da
böyük həcmdə vəsait qoyaq. Əlbəttə, bu
imkanları biz özümüz əldə etmişik.
Dünyada neftlə zəngin olan kifayət qədər
çox ölkələr vardır. Bizdən qat-qat çox
neft, qaz hasil edən, ixrac edən ölkələr vardır.
Ancaq heç də hər bir ölkədə iqtisadi
inkişaf bizdəki kimi sürətli deyildir. Ona görə mən
bir daha demək istəyirəm ki, uğurlarımızın təməlində
düşünülmüş iqtisadi siyasətdir, iqtisadi
islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən
qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi
qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir,
qiymətləndirir və bəzi hallarda bizdə gedən
prosesləri heyranlıqla müşahidə edir. Böyük
reytinq agentlikləri inkişaf etmiş ölkələrin
kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın
kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə
ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda
gedən islahatları yüksək qiymətləndirirlər.
Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim
üçün ən vacib olan məsələ odur ki,
bildiyimizi edək, iqtisadi inkişafımızı,
insanların yaxşı yaşamasını təmin edək.
Ancaq görəndə ki, uğurlarımız mötəbər
beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə
ki, bu, bizi daha da sevindirir.
2011-ci il də ölkəmizin inkişafı
üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən
biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru
sürətlə artmışdır. Əgər ümumi
iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə
ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın
inkişafı isə 10 faizdən çox olmuşdur.
Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların
nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir.
Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı.
İndi bu ilin birinci ayının yekunları da onu göstərir
- qeyri-neft sənayesi 10 faizdən çox artmışdır.
Çox güclü sənayeləşmə prosesi gedir. Mən
bu məsələ ilə bağlı bir neçə il əvvəl
danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə
prosesi sürətlə getməlidir və biz bunu
görürük.
Yaradılan və yaradılmaqda olan yeni sənaye
müəssisələri bizim uzunmüddətli inkişaf
strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan
dövləti öz üzərinə düşən
bütün vəzifələri icra edir və
artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl
sektora dəstək bəlkə heç bir ölkədə
yoxdur. Bu dəstək, ilk növbədə, siyasi dəstəkdir.
Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə
də mütəmadi görüşlərim olur. Mənim
iştirakımla bölgələrdə 500-ə qədər
sənaye müəssisəsi açılmışdır.
Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr
açılmışdır. Bütövlükdə 40 mindən
çox yeni müəssisə yaradılmışdır.
Müəssisə yaradılması iş yerləridir,
maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək
üçün imkanlardır, ölkəmizin
inkişafıdır, canlanmasıdır.
Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən
başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə bugünə qədər,
əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli
şərtlərlə 900 milyon manat kredit verilmişdir.
Onların mütləq əksəriyyəti bölgələrə
və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna
yönəldilib. Beləliklə, bu kreditlərin hesabına
böyük işlər görülür və mən
çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə
çox böyük məsuliyyətlə yanaşırlar.
Kreditlərin hamısı vaxtında qaytarılır və
hazırda bu il üçün nəzərdə tutulmuş
200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə
verilən və qaytarılan kreditlər təşkil edir. Yəni,
bu, artıq böyük bir məbləğdir. Əlbəttə
ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə
artacaq və hər bir sahibkara daha da böyük məbləğdə
kreditin verilməsi mümkündür.
Uğurlarımızın təməlində bir daha
demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar,
eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik,
icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam
olmadan biz uğurlara nail ola bilməzdik. Mən bütün
icra orqanlarının rəhbərlərinə demişdim, bu
gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara
kömək edin, onların işinə qarışmayın,
onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı
sahibkarlığın inkişafından asılıdır.
Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə
uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran
içində çabalayan inkişaf etmiş ölkələrin
təcrübəsini öyrənərək və görərək
bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri
bəzi hallarda işləmir. Avropada biz nəyi
görürük? Dövlət öz üzərinə
böyük öhdəliklər götürür.
Bankları, böyük müəssisələri müflisləşmədən
xilas etmək üçün dövlət tərəfindən
vəsait qoyulur.
Biz bu siyasəti 2004-cü ildən
başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi
hallarda daha çox beynəlxalq maliyyə qurumlarının
kreditlərindən asılı idik. Bizə məsləhətlər,
tövsiyələr verilirdi ki, dövlət bu işlərə
qarışmasın, özəl sektor özü inkişaf
etsin, dövlət kənarda dayansın. Necə ola bilər?
Bu, bizim ölkəmizdir. İstər dövlət, istər
özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir.
Necə ola bilər ki, biz ona kömək etməyək?! Ona
görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə,
həm ümumiyyətlə, Azərbaycanda hökm sürən
gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi.
Maliyyə dəstəyi, kreditlərin verilməsi və
eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün
biznes planların hazırlanması da artıq dövlət
işi olmuşdur. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq
tövsiyə planları hazırlamışdır. Onlar
sahibkarların imkanları ilə bağlı olan
planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə
də özü üçün biznes qura bilər. Yəni,
biz buna da razıyıq, təki inkişaf olsun. Eyni zamanda,
sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər
verilir. Sahibkarlar kənd təsərrüfatında
bütün vergilərdən, - torpaq vergisi istisna olmaqla, -
azaddırlar.
Bu qərar 1990-cı illərdə o vaxt kənd təsərrüfatını
stimullaşdırmaq üçün
verilmişdi. İndi kənd təsərrüfatını
stimullaşdırmaq üçün o qədər də
böyük ehtiyac yoxdur. Ancaq bu qərar qüvvədədir,
biz onu ləğv etmirik ki, sahibkarlara kömək edək.
Gübrələr, yanacaq güzəştli şərtlərlə
verilir. Hər hektar taxıl əkini üçün vəsait
verilir. Yəni, biz bunu edirik və etməliyik. Sahibkarlar da
öz tərəfindən öz işi ilə həm özlərinə,
həm də dövlətə qulluq etməlidirlər. Mənim
sahibkarlardan tələblərim bundan ibarətdir ki,
yaşadıqları bölgələrdə və fəaliyyət
göstərdikləri sahələrdə yaxşı işləsinlər,
vergiləri vaxtında versinlər. Dövlət qarşısında
onların heç bir borcu olmasın. İş yerləri
yaratsınlar, bizneslərini daha da genişləndirsinlər,
daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən
hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri
arasında heç bir fərq ola bilməz.
Əlbəttə ki, sahibkarlar müxtəlif sosial
layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər,
münasibətimi daha da yaxşılaşdırır. Mən
deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə
də məsuliyyət göstərirlər və
sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə,
xüsusilə məktəb tikintisinə,
sosialyönümlü tədbirlərə yardımlar edirlər.
Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək
istəyirəm ki, belə bir tələb sahibkarlar
qarşısında qoyulmur. Bu, könüllü məsələdir.
Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə
baxıb onlar da çalışsınlar, bu işlərə
öz dəstəklərini versinlər...
Azərbaycan dövləti bundan sonra da ölkəmizin
hərtərəfli inkişafı üçün əlindən
gələni edəcəkdir. Bizim
düşünülmüş proqramımız, siyasətimiz
vardır. 2013-cü ilə qədər ikinci Dövlət
Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu
ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra
ediləcəkdir. Beləliklə, 2013-cü ilin
sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri
öz həllini tapmalıdır və tapacaq. Çünki
icrası davam edən və bitmək üzrə olan
böyük infrastruktur layihələri artıq bu inamı
yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək
2 il ərzində biz hamımız çox fəal işləməliyik
ki, Dövlət Proqramını vaxtından əvvəl və
böyük həcmdə icra edək, ölkəmizin
uğurlu inkişafını təmin edək.
Azərbaycana böyük həcmdə investisiya
qoyulur. Bu, çox müsbət haldır. Biz xarici
investisiyaları alqışlayırıq. Bizim uğurlu
iqtisadi inkişafımız məhz xaricdən gələn
investisiyalar hesabına başlamışdır. "Əsrin
kontraktı"nın imzalanması Azərbaycanı
dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə
ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər.
Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz
neftin satışından əldə edilən gəlirləri
qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə,
dövlət investisiya yükünü öz üzərinə
götürmüşdür. Əgər neft-qaz sektorunda bu
vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə,
- halbuki indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas
yük Azərbaycan dövlətinin üzərindədir. Keçən
il ölkəmizə 20 milyard dollardan çox investisiya
qoyulmuşdur və onlardan 13 milyardı daxili
investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı
da çox böyükdür. Ümumiyyətlə, ancaq
dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına
7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7
milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni
büdcə hesabına 1,3 milyard dövlət zəmanətli
kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük
məbləğdir. Bu məbləğ bizə imkan verəcək
ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə
qeyri-neft sektorunun inkişafını yüksək templərlə
təmin edə və daha da böyük işlər görə
bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən
o səviyyədə sərmayə qoyulmalıdır.
Bunun üçün imkanlar vardır. İcrada olan və
yeni başlayan layihələr belə imkanları yaradır. Mən
hesab edirəm ki, bu il də ölkə iqtisadiyyatına
qoyulacaq investisiya 20 milyard dollardan aşağı
olmamalıdır. Beləliklə, biz bu investisiyaların nəticəsində
ölkəmizin hərtərəfli inkişafını daha da
sürətlə təmin edəcəyik. Proqramın
icrası və əslində ölkəmizin inkişafı
daha da uğurlu olacaqdır.
Bir daha demək istəyirəm ki, bütövlükdə
ölkə qarşısında iqtisadi sahədə mən
heç bir problem görmürəm. Biz dünya maliyyə və
iqtisadi böhranı illərində - 2008-2009-cu illərdə
də uğurlu inkişafımızı təmin edə
bilmişik. Azərbaycan əhalisi demək olar ki, o
böhranın fəsadlarını hiss etməmişdir.
İndi böhranın ikinci mərhələsi haqqında
dünyada müzakirələr gedir. Ancaq Azərbaycanda bu da
hiss olunmur. Nəyə görə?! Çünki bizim siyasətimiz
düşünülmüş siyasətdir, ağıllı
siyasətdir. Biz imkanlarımıza görə öz proqramlarımızı
icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə,
belə şəraitdə, sakit şəraitdə Azərbaycan
inkişaf etsin.
Mən dəfələrlə demişəm, bu gün
də demək istəyirəm ki, hədəfimiz inkişaf
etmiş ölkələrin sırasına daxil olmaqdır. Əgər
bir neçə il bundan əvvəl mən bu sözləri
deyəndə ola bilər, bəziləri buna şübhə
ilə yanaşırdı. İndi mən əminəm,
hamı görür ki, bu, mümkündür. Ölkəmizin
siyasi çəkisi artır. Biz dünya işlərində həlledici
sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir.
Biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq.
Regionda imkanlarımız genişlənir. Bizimlə əməkdaşlıq
etmək istəyənlərin sayı artır. İndi Azərbaycan
investisiyalarını öz ölkələrinə cəlb
etmək üçün başqa ölkələrdə
müəyyən dərəcədə işlər gedir. Biz
indi öz sərmayəmizlə, öz şirkətlərimizlə
xarici bazarlara çıxırıq. Bu barədə hələ
mən danışacağam, biz öz şirkətlərimizi
nəinki Azərbaycanda, xaricdə də dəstəkləməliyik.
Bizim Dövlət Neft Şirkəti beynəlxalq enerji şirkətinə,
böyük nüfuza, böyük biznes imkanlarına malik olan
şirkətə çevrilibdir. Avropada, başqa qitələrdə
SOCAR-ın fəaliyyət dairəsi genişlənir. Bəzi
ölkələrin yanacaq balansında Azərbaycanın rolu
20-30 faizə çatıbdır. Biz enerji təhlükəsizliyi
məsələlərini uğurla həll edirik.
Bugünkü toplantı əlbəttə ki, qeyri-neft sektorunun
inkişafına həsr edilibdir. Ancaq biz yaxşı bilirik ki,
əgər enerji siyasətində hər hansı birimiz səhv
buraxsaydıq, bugünkü uğurlardan danışmaq
mümkün olmazdı.
Bizim enerji siyasətimiz qüsursuzdur. Neft
strategiyamızın təməlini ulu öndər 1990-cı
illərin əvvəllərində qoymuşdur və bu
strategiya davam edir. Əlbəttə ki, indi yeni məsələlər,
yeni çağırışlar ortaya çıxır. Azərbaycan
həm neft, həm qaz ixrac edən ölkəyə
çevrilir və dünya üçün qaz ixrac edən
ölkə kimi bəlkə daha da önəmlidir. Biz bu məsuliyyətə
hazırıq. Biz ölkə daxilində və bizim strateji tərəfdaşlarımızla
birlikdə elə təşəbbüslər irəli
sürürük ki, bu təşəbbüslər yalnız
və yalnız Azərbaycana uğur gətirəcəkdir. Biz
heç bir mövqeyimizi əldən verməmişik, əksinə,
mövqelərimizi möhkəmləndirə, iradəmizi
müdafiə edə bilmişik.
Bu gün Azərbaycanın qaz resursları Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsi
üçün vacib rol oynayır. Gələcək illərdə
bu rol daha da artacaqdır. Biz bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji
növü deyildir. Avropanı qazla təchiz edən bəzi ölkələrin
qaz ehtiyatları tükənir. Avropada qaza
tələbat getdikcə artacaqdır. Bunu
da biz bilirik ki, nə dərəcədə artacaqdır.
Nəzərə alsaq ki, Yaponiyada baş
vermiş dəhşətli qəza nəticəsində bəzi
Avropa ölkələrində nüvə enerjisinə
qadağa qoyulur, qaza olan tələbat daha da artacaqdır.
Belə olan halda, Azərbaycan qazına tələbat
daha da böyük dərəcədə artacaqdır.
Bizim enerji siyasətimiz ondan ibarətdir ki,
çoxşaxəli ixrac imkanları yaradaq və əslində
yaratmışıq. Bizim dörd qaz kəmərimiz vardır. Hazırda əksər qonşulara Azərbaycan
qazı nəql edilir. Gələcəkdə
daha da böyük həcmdə nəql olunacaqdır. Bu sahədə əlbəttə ki, biz qazın
sahibi və ixracatçısı kimi öz siyasətimizi
müdafiə edirik. Bizim siyasətimiz
istehlakçıların maraqlarına da uyğundur.
Biz indi böyük transmilli layihələr
üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə,
ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin
ediləcəkdir. Onsuz da təmin ediləcəkdir,
amma bu layihələrlə Azərbaycan daha da güclü
dövlətə çevriləcəkdir. Azərbaycanın sözü daha da əhəmiyyətli
olacaqdır. Həm regionda, həm
dünyada mövqelərimiz daha da təsirli olacaqdır.
Mən bunu istəyirəm. Biz
güclü dövlət yaradırıq. Güclü
iqtisadiyyat və güclü siyasət əsasında
güclü dövlət yaradırıq.
Bizim iqtisadi potensialımız, şaxələndirilmiş
iqtisadiyyat, neft-qaz amili, tranzit imkanlarımız, - hansı ki,
biz özümüz yaratmışıq, - çox
böyük dəyərlərdir. Biz, yenə də deyirəm ki, öz
gücümüzü bilirik. Sadəcə
olaraq, bəzi hallarda bunu göstərmək istəmirik.
Amma lazım gəldikdə göstəririk.
Biz özümüzə çox
arxayınıq. Azərbaycanın
güclü olması, mən hesab edirəm ki, bölgə
üçün, dünya üçün çox vacib olan məsələdir.
Çünki bizim siyasətimiz xoşniyyətlidir.
Bizim siyasətimiz əməkdaşlığa
yönəldilibdir. Bizim enerji siyasətimiz
də düşmənçiliyə yox, dostluğa yönəldilibdir.
Biz enerji siyasətində də bir çox
hallarda dostlarımıza kömək göstəririk. Çünki əvvəla, buna onların ehtiyacı
vardır. İkincisi, ona görə ki,
bizim fəlsəfəmiz belədir. Üçüncüsü
isə, dostluq münasibətləri bizim biznes maraqlarımızı
daha da böyük dərəcədə təmin edəcəkdir.
Biz görürük ki, bu gün enerji sahəsində
Azərbaycan ilə işləmək istəyənlərin
sayı artır. Azərbaycanı,
SOCAR-ı özəlləşdirmə layihələrinə
dəvət edirlər. Yəni, bizə
inanırlar, güvənirlər və bizimlə
hesablaşırlar.
Biz bundan sonra da bütün istiqamətlər
üzrə müstəqil siyasətimizi davam etdirəcəyik. Azərbaycan bu gün
artıq regional müstəvidən çıxıbdır,
dünya müstəvisindədir. Biz
artıq "Böyük iyirmilik"in toplantılarında
iştirak edirik. Bu yaxınlarda Meksikada
keçirilmiş "Böyük iyirmilik"in xarici işlər
nazirlərinin yığıncağında bizim xarici işlər
naziri iştirak etmişdir. Oraya cəmi 10,
yəni "iyirmiliyə" daxil olmayan ölkələr dəvət
edilmişdi. Onlardan biri Azərbaycan idi.
Reallıq bundan ibarətdir.
Ölkəmizi daha da sürətlə
inkişaf etdirmək üçün, mən bir daha
qayıdıram bizim əsas mövzumuza. Biznes şəraitinin
yaxşılaşdırılması davam etdirilməlidir,
sahibkarlığa daha da yaxşı şərait
yaradılmalıdır. Dövlət
öz üzərinə düşən vəzifəni icra
edir. Eyni zamanda, ölkədə hələ
də mövcud olan xoşagəlməz hallara qarşı
ciddi mübarizə aparılır. Korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizə bir
gün də dayanmır. Bu mübarizənin
artıq yaxşı nəticələri var, daha da
yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən
yığışdırmalıyıq, təmizləməliyik.
Elə etməliyik ki, Azərbaycan hər sahədə
- həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə sahəsində nümunə olsun və
olacaqdır.
Beləliklə, bugünkü
toplantının keçirilməsi, mən hesab edirəm ki,
proqramın icrasına yeni təkan verəcəkdir. Bugünkü iclasda həm
sahibkarlar, həm yerli icra orqanlarının rəhbərləri
iştirak edirlər. Bu format artıq ənənəvi
xarakter daşıyır. Bu gün
aparılan müzakirələr və bundan sonra veriləcək
qərarlar 2012-ci ildə Dövlət Proqramının
icrası üçün yeni imkanlar yaradacaqdır.
Sonra iqtisadi inkişaf naziri Şahin
MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri
olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
iqtisadiyyatın şaxələndirilməsinin təmin
olunması, regionların tarazlı inkişafı, əlverişli
biznes və investisiya mühitinin formalaşdırılması
və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində
ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail
olunmuş və əvvəlki illərdə olduğu kimi,
2011-ci ildə də inkişaf davam etmişdir.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası ölkə
iqtisadiyyatının dinamik inkişafında müstəsna rol
oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti proqramın
icrasını və regionların inkişafını həmişə
olduğu kimi, diqqət mərkəzində saxlamış, 34
rayon və şəhərdə 300-ə yaxın müxtəlif
təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirak etmiş, istehsal təyinatlı müəssisələrin
fəaliyyəti ilə tanış olmuşdur.
Yerlərdə ictimaiyyətin nümayəndələri
ilə keçirilmiş görüşlərdə
qaldırılmış məsələləri nəzərə
alaraq, müvafiq rayonların inkişafı ilə
bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin
ayrılması barədə Azərbaycan Prezidenti 40 sərəncam
imzalamış, müvafiq tapşırıq və tövsiyələrini
vermişdir.
Ölkənin sosial-iqtisadi inkişafı sahəsində
həyata keçirilmiş məqsədyönlü siyasət
nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla 94
min yeni iş yeri və 5 mindən çox müəssisə
açılmışdır. Ümumilikdə, 2009-cu ildən
ötən müddət ərzində Dövlət
Proqramının icrası nəticəsində ölkə
üzrə 14,7 min müəssisə fəaliyyətə
başlamış və 241 min yeni iş yeri
yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun
səviyyəsi 7,6 faizə enmişdir.
Möhtərəm cənab Prezident! Ötən il regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının ikinci ilinin yekunları ilə bağlı
keçirilmiş konfransda Proqramın icrasına dair verdiyiniz
tapşırıqlara uyğun olaraq zəruri tədbirlər
görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafının
infrastruktur təminatının gücləndirilməsi
mühüm istiqamət kimi diqqət mərkəzində
saxlanılmış, ötən il
regionların inkişafı üçün əsas kapitala 6
milyard manatdan çox vəsait yönəldilmişdir.
Əhalinin fasiləsiz və keyfiyyətli
elektrik enerjisi ilə təmin olunması məqsədi ilə
2011-ci ildə 310 transformator və 25 yarımstansiya
quraşdırılıb istifadəyə verilmişdir.
Hazırda ölkədə elektrik
enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da
enerji təhlükəsizliyinin təmin edilməsində
bölgələrin vacib rol oynadığını göstərir.
Tapşırığınıza əsasən elektrik
ötürücü xətlərin çəkilişi və
yenilənməsi işi prioritet istiqamət kimi müəyyən
edilmiş, ötən il 3 min 700 kilometrədək xətt
çəkilmiş, bu sahədə müvafiq tədbirlər
davam etdirilir.
Ölkədə alternativ enerjinin əldə edilməsi
istiqamətində görülən işlər çərçivəsində
Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid
tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə
verilmiş, külək, günəş və bioqaz
stansiyaları ilə təchiz edilmişdir.
Yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində işlər
davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri
çəkilərək əlavə 148 yaşayış məntəqəsi
qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı
təmir edilmişdir.
Proqram çərçivəsində 690 kilometrədək
respublika və yerli əhəmiyyətli avtomobil yolları, o
cümlədən 220 kilometr kənd yolları tikilmiş və
təmir olunmuş, 25 yeni körpü və tunel inşa
edilmişdir. Bundan başqa, Qaxda və Qubada
avtovağzal kompleksləri, Qəbələdə müasir
beynəlxalq hava limanı istifadəyə verilmişdir.
Ötən il informasiya və rabitə
xidmətlərinin yaxşılaşdırılması məqsədilə
60 ATS və 31 poçt şöbəsi istifadəyə
verilmiş, kənd yerlərində poçt şöbələrinin
sayı 1200-ə çatdırılmışdır. Ölkədə
hər 100 nəfərə düşən kompyuterlərin
sayı 2009-cu ildəki 12 ədəddən 20 ədədə
çatmış, hər 100 nəfərdən 65-i isə
internet istifadəçisi olmuşdur. Ölkənin
bütün yaşayış məntəqələrinin
telefonlaşdırılması başa
çatdırılmış, rəqəmsal yayım şəbəkəsinin
təşkili ilə bağlı rayonlarda 9 verici stansiya
quraşdırılmışdır.
Dövlət Proqramında əhalinin su təchizatının
və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması ilə bağlı nəzərdə
tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş,
ölkənin 36 şəhər və rayonunun su təchizatı
və kanalizasiya sisteminin yenidən qurulması işlərinə
başlanılmışdır.
Kür-Araz çayları ətrafında yaşayan əhalinin
ekoloji cəhətdən təmiz içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədi ilə
Dövlət Proqramı çərçivəsində
ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğular
quraşdırılmış, nəticədə 340 min nəfərdən
artıq əhali içməli su ilə təmin
olunmuşdur.
İl ərzində kənd təsərrüfatı
torpaqlarında 91 min metr kollektor-drenaj şəbəkələri,
63 min metrdən çox suvarma kanalları tikilmiş və
yenidən qurulmuşdur. Bununla yanaşı, 90 min hektara yaxın əkin sahəsinin
suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü
su kanalının və Şəmkirçay dəryaçasının
tikintisi davam etdirilmişdir.
Respublika üzrə 18,6 min hektar sahədə su təminatı,
19 min hektar sahədə meliorativ vəziyyət
yaxşılaşdırılmış və 1100 hektar sahədə
yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.
Aparılan sənayeləşmə siyasəti
regionların dinamik inkişafına ciddi təkan vermiş,
Sumqayıt Texnologiyalar Parkında ağır
maşınqayırma və sənaye qazları, Qaradağda
müasir tikinti materialları, Abşeronda mebel və MDF
istehsalı, Naxçıvanda biskvit və şokolad,
tikiş, dam örtüyü və qarışıq yem
fabrikləri, İmişlidə yem və bitki yağları,
Samuxda meyvə qurudulması və emalı, Oğuzda
qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd
emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə
şirə və şərab, Xaçmazda kondensator
zavodları və digər sənaye müəssisələri
istismara verilmişdir.
Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin,
o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və
Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ
sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş
panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda
kağız emalı, bitki yağları zavodları, xovlu
iplik, parça və boya fabriklərinin, gübrə zavodunun,
eləcə də müxtəlif regionlarda süd və ət
emalı, konserv, çörək zavodlarının,
quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin
tikintisi davam etdirilir.
Bununla yanaşı, ölkə Prezidentinin
Sumqayıtda və Balaxanıda sənaye parklarının
yaradılması ilə bağlı müvafiq fərman və
sərəncamları innovativ və yüksək texnologiyalara əsaslanan
müəssisələrin təşkil edilməsi və sənayeləşmə
sahəsində yeni dövrün başlanmasına təkan
vermişdir.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən
olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi,
dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi,
quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv
bağçılıq təsərrüfatlarının,
istixanaların və məhsulların saxlanılması
üçün anbar infrastrukturunın yaradılması
regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə
kənd təsərrüfatı məhsullarının
istehsalını artırmış, bir sıra əsas ərzaq
məhsulları üzrə tələbatın yerli istehsal
hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin
sabitləşməsinə, qeyri-neft ixracının
artırılmasına imkan vermişdir.
Eyni zamanda, bir çox məhsul növləri
üzrə yerli istehsal hesabına təminat səviyyəsi
artmış və yaxın 2-3 ildə bu sahədə daha
yüksək nəticələr əldə etmək
üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa
Kömək Milli Fondunun güzəştli kreditlərindən
istifadə etməklə, hazırda 23 quşçuluq
fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl
anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət
emalı, 4 konserv, 8 çörək zavodlarının və
digər müəssisələrin tikintisi aparılır.
Ümumilikdə, 2011-ci ildə fondun vəsaitləri
hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit
verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni
iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların
payına düşür.
İl ərzində güzəştli kreditlər
hesabına maliyyələşdirilmiş 33 istehsal, emal,
infrastruktur müəssisələri istifadəyə
verilmiş, 96 müəssisənin bu il
istifadəyə verilməsi gözlənilir.
"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı
texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək
güzəştli şərtlərlə fermerlərə
lizinqə verilmiş, rayon aqroservis filiallarının
maddi-texniki bazası möhkəmləndirilmişdir.
Möhtərəm cənab Prezident! Tapşırığınıza
əsasən üzümçülüyün
inkişafına dair Dövlət Proqramı
hazırlanmış və sərəncamınızla təsdiq
edilərək icrasına başlanmışdır. Bu Proqramın icrası ölkədə
üzümçülüyün və şərabçılığın
inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və
ixracat potensialının artırılmasına və kənd əhalisinin
maddi rifahının yüksəldilməsinə əlverişli
şərait yaradacaqdır.
Dövlət Proqramının icrası ilə
əlaqədar regionlarda sosial infrastruktur obyektlərinin,
xüsusən də təhsil müəssisələrinin
tikintisi, əsaslı təmiri və maddi-texniki
bazasının müasir tələblərə uyğun
qurulması işləri davam etdirilmişdir.
Ötən il 247 təhsil müəssisəsi
tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin
87 faizi, o cümlədən şəhərlərdə 94
faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə
təchiz edilmişdir. Qarşıdakı iki il
ərzində təkcə regionlarda 325 məktəbin tikintisi
və ya əsaslı təmiri nəzərdə tutulur. Bu da o deməkdir ki, proqramın icrası başa
çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb
qalmayacaqdır.
Əhaliyə göstərilən tibbi xidmətlərin
keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə
obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri,
xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri
tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Ölkə vətəndaşlarının
rifah halının yaxşılaşdırılması və
aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində nəzərdə tutulmuş tədbirlər
Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla
davam etdirilmişdir. Əlil və
şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədi ilə 6
rayon və şəhərin hər birində 36 mənzilli
yaşayış binası tikilmiş, 33 şəhid ailəsi
yeni mənzillə təmin olunmuşdur.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin
və mənzil-məişət şəraitinin daha da
yaxşılaşdırılması məqsədi ilə
ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi
köçkün ailəsi üçün 10
yaşayış binasının və Taxtakörpü ərazisində
552 məcburi köçkün ailəsi üçün yeni
qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik
9 yaşayış binasının tikintisi başa
çatdırılmışdır.
Dövlət başçısı tərəfindən
2011-ci ilin "Turizm ili" elan edilməsi turizm sektorunun
ölkə iqtisadiyyatının aparıcı sahələrindən
birinə çevrilməsi istiqamətində görülən
işlərə təkan vermiş, ölkənin müxtəlif
regionlarında, o cümlədən Qəbələ, Balakən,
Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran
və Lerikdə yeni turizm və mədəniyyət obyektlərinin
açılışı olmuşdur.
Əvvəlki illərdə olduğu kimi,
təhsil, səhiyyə, mədəniyyət və digər
sosial sahələrdə görülmüş işlərə
Heydər Əliyev Fondunun müstəsna töhfəsi
olmuşdur.
Ötən il də ekoloji vəziyyətin
yaxşılaşdırılması sahəsində
genişmiqyaslı işlər aparılmış, Dövlət
Proqramı çərçivəsində 10,5 min hektar sahədə
meşə-bərpa tədbirləri yerinə yetirilmiş,
yaşıllıqlar və parklar salınmışdır.
Əhalinin sağlam həyat tərzinin təmin
olunması məqsədi ilə hər bir vətəndaşın
bədən tərbiyəsi və idmanla məşğul
olması üçün aparılan işlər davam
etdirilmiş, 4 rayon və şəhərdə Olimpiya
İdman kompleksləri inşa edilmiş, şahmat məktəbləri
açılmış, Şəki Olimpiya İdman Kompleksi əsaslı
yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident! Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində
həyata keçirilmiş tədbirlər nəticəsində
infrastruktur təminatı yaxşılaşmış,
sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da
genişlənmiş, bölgələrimizin siması dəyişmiş
və investisiya cəlbediciliyi artmışdır.
Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar
istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin
yaradılmasına şərait yaratmışdır. Regionlarda istehsal olunan bir çox məhsullarımız
artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da
bütövlükdə qeyri-neft ixracını
artırmışdır. İxrac
yönümlü müəssisələrə dövlət dəstəyinin
genişləndirilməsi və ixrac imkanlarının daha da
artırılması istiqamətində işlər davam etdirilir.
Proqramların icrasının ən əhəmiyyətli
yekunlarından biri də ondan ibarətdir ki, ümumilikdə
regionlarda məşğulluğun artması, gəlir əldə
etmək imkanlarının genişlənməsi və həyat
səviyyəsinin yüksəlməsi nəticəsində əhalinin
paytaxta axını əks proseslə əvəz olunmuşdur.
Möhtərəm cənab Prezident!
Çıxışımın sonunda bildirmək istəyirəm
ki, Sizin uzaqgörən, sistemli və qətiyyətli
sosial-iqtisadi inkişaf siyasətiniz və regionlara göstərdiyiniz
diqqət qarşıdakı illərdə də Dövlət
Proqramından irəli gələn vəzifələrin,
verdiyiniz tapşırıqların vaxtında və yüksək
səviyyədə yerinə yetirilməsini, regionların və
bütövlükdə ölkəmizin inkişafının daha da sürətlənməsini
təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram!
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar VƏLİYEV hazırda şəhərdə
aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri
barədə dövlət başçısına məlumat
verərək dedi:
- İcazə verin, bu mötəbər
kürsüdən bütün gəncəlilərin hörmət
və ehtiramını, hərarətli salamlarını Sizə
çatdırım.
Müstəqil Azərbaycanın ən yeni
tarixinə intibah illəri kimi düşən bu qısa zaman
kəsiyi, ölkəmizin bütün bölgələrində
olduğu kimi, Gəncə şəhərinin tarixində də
xüsusi bir yüksəliş mərhələsi olmuşdur.
Cənab Prezident!
Xüsusilə vurğulamaq istəyirəm ki, hər dəfə
olduğu kimi, bu il yanvarın 21-də Gəncəyə
etdiyiniz səfər şəhərimizin inkişafına yeni
təkan vermişdir. Gəncə sakinləri hələ
də bu tarixi səfərin yaratdığı yüksək əhval-ruhiyyənin
təsiri altında yaşayırlar.
Sizin söylədiyiniz "Gəncə qədim
simasını saxlamaqla yeni, müasir yanaşma ilə daha da
gözəlləşir. Belə getsə, Gəncə ən gözəl
şəhər olacaqdır və olmalıdır" fikri
indi hər bir gəncəlinin qürur mənbəyinə
çevrilmişdir.
Bu yüksəlişi, Gəncə şəhərinin
gələcək müqəddəratını, cənab
Prezident, Sizin qəbul etdiyiniz sərəncamlar, verdiyiniz
tapşırıqlar müəyyən və təmin etmiş
oldu. Gəncənin uşaqdan böyüyə hər
bir sakini sevimli şəhərinə dövlət
başçısının səmimi münasibətini,
qayğısını duyur və yüksək qiymətləndirir.
Gəncənin müasir sənaye, mədəniyyət
və turizm şəhəri kimi yenidən qurulması ilə əlaqədar
verdiyiniz tapşırıqlar məhz verilən sərəncamlara
söykənərək böyük məsuliyyətlə həyata
keçirilir.
Möhtərəm cənab Prezident!
Uzun illər Gəncə şəhərinin
su təchizatı məsələsi böyük problem olaraq
qalırdı. Yalnız Sizin tapşırıq və göstərişinizdən
sonra ikinci Dövlət Proqramı çərçivəsində
bu məsələyə yenidən baxılmışdır.
Hazırda bu layihə mərhələli şəkildə
həyata keçirilir. Layihəyə
görə işlərin tamamlanması nəticəsində
şəhərə üç istiqamətdən -
Göygöl, Qızılqaya və Şəmkirçaydan
saniyədə 1500 litrə yaxın su daxil olacaqdır.
Elmar Vəliyev Gəncə şəhərinin təbii
qaz və elektrik
enerjisi ilə təchizatı, həmçinin şəhərdaxili
prospekt və yolların genişləndirilməsi,
küçə və meydanların
abadlaşdırılması, tarixi abidələrin bərpası
istiqamətində görülən işlərdən də
danışdı:
- Əhalinin qaz və elektrik enerjisi ilə
təminatını yaxşılaşdırmaq istiqamətində
də mühüm tədbirlər həyata
keçirilmişdir. 2011-ci ildə şəhərin mərkəzi və
digər küçələrində 53 kilometrdən
çox qaz xətti yer altına salınaraq polietilen borularla əvəz
edilmişdir. Eyni zamanda, bu il Hacıkənd
qəsəbəsinin qazlaşdırılması da başa
çatdırılmışdır.
Sizin göstərişinizlə şəhər
daxilində ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli
hava elektrik xətlərinin yeraltı kabellə əvəz
olunması əhali tərəfindən çox böyük
minnətdarlıqla qarşılanır.
Şəhərin prospekt və küçələrinin,
yeni park və meydanlarının
işıqlandırılması üçün 2 min 250
müasir tipli işıq dirəkləri
quraşdırılmış, 650 min kvadratmetrdən çox
asfalt örtüyü salınmış, 120 kilometr səki daşları
düzülmüş, ayrı-ayrı küçələrdə,
park və meydanlarda, müxtəlif obyektlərin
qarşısında 500 min kvadratmetrdən çox qranit plitə
döşənmişdir.
Cənab Prezident! İcazə verin, Sizə
məruzə edim ki, şəhərdaxili yolların genişləndirilməsi
ilə əlaqədar icra hakimiyyəti qarşısında
qoyduğunuz vəzifə və tapşırıqlara uyğun
olaraq, mərkəzdə və ümumilikdə 22 küçədə
yollar genişləndirilərək əsaslı şəkildə
yenidən qurulmuşdur. Hazırda bu istiqamətdə
işimizi davam etdiririk.
Sizin təşəbbüsünüzlə 2010-cu ilin
"Ekologiya ili" elan edilməsi ilə əlaqədar
görülən işlərin davamı olaraq son bir ildə
140 mindən çox ağac, 620 mindən çox gül və
çiçək kolları əkilmiş, 5,3 hektar ərazidə
yaşıllaşdırma işləri
aparılmışdır.
Ulu öndər Heydər Əliyevin
adını daşıyan prospekt tamamilə yenidən qurulmuş,
bütün kommunikasiya xətləri təzələnmişdir. Bu prospekt də daxil olmaqla
ümumilikdə 200-ə yaxın binanın dam
örtüyü mansard formasında təzələnmiş,
78 binanın fasadı daşla üzlənmişdir.
Möhtərəm cənab Prezident! Nizami Gəncəvinin
870 illik yubileyinin keçirilməsi haqqında sərəncamınıza
uyğun olaraq, Gəncədə "Xəmsə" abidə
kompleksinin yenidən qurulması, Nizami Gəncəvi Mərkəzinin,
muzeyinin, şəhərciyinin yaradılması, Nizami Gəncəvinin
məqbərəsi və onun ətrafının tamamilə
yenidən qurulması şəhər sakinləri tərəfindən
böyük ruh yüksəkliyi ilə
qarşılanmışdır. Şübhəsiz,
bütün bunlar Nizami Gəncəvi irsini öyrənən
yeni ziyalı nəslinin yaranmasına və
formalaşmasına təkan vermişdir.
Məhsəti Gəncəvi adına Mədəniyyət
Mərkəzinin tikintisinin başa çatdırılması,
Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət,
Məhəmməd Hadi və Əziz Əliyev adına mədəniyyət
və istirahət parklarının salınması,
bünövrəsi Sizin xeyir-duanızla qoyulmuş Gəncə
Dövlət Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin
tikintisinin başlanması və Uğurlu Xan
karvansarasının yenidən qurulması 2012-ci ildə Gəncənin
mədəni həyatında baş verəcək ən
mühüm hadisələrdən olacaqdır.
Eyni zamanda, məruzə etmək istəyirəm
ki, təkcə bir ildə 50-dən çox ölkə və
yerli əhəmiyyətli tarixi binada əsaslı bərpa
işləri aparılmış və son dövrdə rəsmi
qeydiyyata alınmış 500-ə yaxın tarixi və mədəniyyət
abidələri peşəkar mütəxəssislər tərəfindən
bərpa olunaraq turist marşrutlarına əlavə ediləcəkdir.
Cənab Prezident! Şəddadilər və Atəbəylər
dövlətinin paytaxtı olmuş Gəncənin Aran memarlıq
məktəbinin formalaşmasında əvəzsiz rolunu
layiqincə qiymətləndirən Azərbaycan
Respublikasının birinci xanımı Mehriban Əliyeva Heydər
Əliyev Fondunun xətti ilə şəhərdə XII əsr
memarlığının nümunəsi olan Comərd Qəssab
türbəsini, Çökək Hamam tarixi abidəsini, Cavad
Xan məqbərəsini bərpa etdirmiş, Fatimeyi Zəhra məscidini
tikdirmiş, dahi Nizaminin "Xəmsə"sini
ayrı-ayrılıqda və tam külliyyat şəklində
bənzərsiz tərtibatda çap etdirərək yubiley tədbirlərinə
töhfə etmişdir.
Gəncədə təhsil və səhiyyənin
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
2012-ci ildə genişmiqyaslı işlər görüləcəkdir. Belə ki, 12 məktəb, 4 uşaq
bağçası, 4 peşə liseyi əsaslı surətdə
təmir və bərpa olunacaq, Uşaq incəsənət mərkəzinin,
Gənclik mərkəzinin yeni binası tikiləcəkdir.
Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə
Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və
Müəllimlər İnstitutunun Gəncə
filialının bütün tədris korpuslarında əsaslı
təmir işləri aparılır.
Sizin tapşırığınızla 2012-ci ildə Mərkəzi
Klinik Xəstəxananın Gəncədə fəaliyyət
göstərməsi üçün vəsait
ayrılmış, müvafiq hazırlıq və təmir
işlərinin aparılmasına başlanmışdır. Bu
il, eyni zamanda, Gəncənin ən
böyük tibb müəssisələrindən olan Abbas Səhhət
adına xəstəxanada və təcili tibbi yardım
stansiyasında əsaslı təmir işləri
aparılacaq, ən müasir avadanlıqla təmin
olunacaqdır.
Möhtərəm cənab Prezident!
İcazə verin, bütün gəncəlilər
adından şəhərimizə göstərdiyiniz sonsuz diqqət
və qayğıya görə Sizə dərin minnətdarlığımızı
bildirim və əmin edim ki, bundan sonra da qarşımıza
qoyduğunuz vəzifə və tapşırıqların
yerinə yetirilməsi üçün var qüvvəmizi sərf
edəcəyik.
Diqqətinizə görə minnətdaram!
"Atena" süd zavodu və heyvandarlıq kompleksi
idarə heyətinin sədri Elşad RƏSULOV
sahibkarlığa dövlət qayğısının təzahürü
olaraq yaradılan şirkətin iqtisadi səmərəsindən
danışaraq dedi:
- 2008-ci ildə
şirkətimiz
Qarabağ bölgəsinin Ağcabədi rayonunun Ağabəyli
kəndində günlük emal
gücü 250 ton olan
"Atena" süd
zavodunun inşasına
başlamışdır. Layihənin
ümumi dəyəri 40 milyon manatdır. Bu layihədə
bank kreditlərindən və Sahibkarlığa Kömək Milli Fondunun 2,5
milyon manat güzəştli kreditindən istifadə
olunmuşdur. Layihənin həyata keçirilməsində
süd emalı sahəsində dünya liderı olan
"Danone" şirkəti bizə bütün mərhələlərdə
məsləhət vermişdir. Bu sahədə lider şirkətlərlə əlaqə
qurulmuş və kontraktlar imzalanmışdır. Tam avtomatlaşdırılmış, bir operator tərəfindən
idarə olunan istehsal sahəsi yaradılmışdır.
Bu gün dünya süd texnologiyasında istifadə olunan ən
yüksək standart bizim süd zavodunda tətbiq olunur.
Mükəmməl laboratoriya sistemi qurulmuş və akkreditasiya olunmuşdur. Bizim laboratoriyada 108 növ analiz götürmək
mümkündür. Tək süd
istehsalında 98 növ analiz tətbiq edilir.
Respublikamızda
30-a yaxın çeşiddə "Atena" markalı süd
məhsulları artıq alıcıların rəğbətini
qazanmış və uzun müddət vitrinlərdə
hökmranlıq edən, qonşu ölkələrdən gətirilən tanınmış süd brendlərinin mövqelərini zəiflətmişdir. Bu il çeşid daha da genişləndiriləcək
və 50-yə çatdırılacaqdır. 2013-cü
ildə süd zavodunda orqanik süd məhsullarının
istehsalı da nəzərdə tutulur. Biz
süd istehsalında tamamilə yeni "ESL" adlanan
texnologiya tətbiq edirik və südün tərkibindəki
vitamin və proteinləri qoruyub saxlayırıq. Devizimiz heç bir qatqı maddə olmadan, tam təzə
süd məhsullarını 48 saat ərzində
alıcılarımıza çatdırmaqdır.
Hazırda istehsal etdiyimiz məhsulları
ixrac etmək üçün müəyyən
hazırlıq mərhələsini keçirik. Biz artıq dünya bazarında tətbiq
olunan "ISO 22
000" qida məhsullarının
təhlükəsizliyinin idarə edilməsi
sertifikatını
almışıq. İndi
isə Böyük Britaniya Ticarət Birliyinin "BRC" gigiyena standartının tətbiq
olunmasını həyata keçiririk. Bu
standartlar bütün dünyada qəbul olunduğu
üçün məhsullarımızın ixracında bizə
yardım edəcəkdir.
Elşad Rəsulov "Atena" müəssisəsinin
yaradılmasının bölgədə
heyvandarlığın inkişafına əlavə stimul verdiyini də diqqətə
çatdıraraq bildirdi:
- Ağcabədi və
qonşu rayonların kəndlərində 21 süd
qəbulu məntəqəsi
yaratmışıq və fermer
təsərrüfatlarından
südün
alınmasını təşkil
etmişik. Artıq 2 min 200 ailə-kəndli təsərrüfatından müqavilə əsasında hər
gün 30 tona
yaxın süd qəbul
edirik. Bu fermerlərə biz daim
müxtəlif məsləhətlər veririk, yardımlar
göstəririk, onları inkişaf etdiririk və gəlirlərini
artırmalarına kömək edirik.
Beləliklə, möhtərəm Prezident
İlham Əliyev cənablarının biz
sahibkarlara verdiyi tövsiyələrinin ən
vaciblərini - müasir
texnologiyaların mənimsənilməsi,
yüksək keyfiyyətli məhsulların istehsalı, onların həm
daxili, həm də
xarici bazarlarda rəqabətə davamlılığının təmin
edilməsi, yüksək ixtisaslı kadrların
yetişdirilməsi prinsiplərini həyata keçirməyə
çalışırıq.
2011-ci il mayın 6-da bizim müəssisənin
açılışında möhtərəm cənab Prezident, Siz şəxsən iştirak etdiniz, işimizə müsbət qiymət verməklə
yanaşı, süd zavodunun
xammal bazası ilə
maraqlandınız və xammal bazasının genişləndirilməsi barədə öz tövsiyələrinizi verdiniz. Məhz bundan
sonra 3 min başlıq sağmal cins inəyi olan
heyvandarlıq kompleksi layihəsinin həyata keçirilməsinə
qərar verdik. Layihənin ümumi dəyəri
25 milyon manatdır. Bunun da 7,5 milyon
manatı güzəştli kreditdir. Layihəni
biz əsasən bu sahədə dünya liderləri olan
Almaniya və İsveç şirkətləri vasitəsilə
həyata keçiririk. Bu layihə həyata
keçirildikdən sonra bizim süd zavodu hər gün 100
tona yaxın yüksək keyfiyyətli südlə təmin
olunacaqdır.
Qazanılan nailiyyətlər, əlbəttə ki, ölkə rəhbərliyinin bu
sahəyə diqqəti, dövlət
qurumlarının bizə əməli köməyi sayəsində mümkün
olmuşdur.
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının sahibkarları adından
bizə göstərdiyiniz
böyük diqqət və qayğıya, hər
addımda verdiyiniz dəstəyə görə bir
daha Sizə öz
minnətdarlığımızı bildirir
və Sizi əmin
edirik ki, ölkə
iqtisadiyyatının
modernləşdirilməsi,
onun dünya iqtisadiyyatına inteqrasiyası yolunda
apardığınız
böyük işlərdə həmişə Sizinlə
olacağıq.
Diqqətinizə görə çox sağ
olun.
Ağdaş Rayon İcra Hakimiyyətinin
başçısı Rafiq NİFTƏLİYEV regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının digər
bölgələr kimi, Ağdaşda da uğurla həyata
keçirildiyini konkret faktlarla əsaslandıraraq dedi:
- Zati-aliləri, möhtərəm cənab Prezident!
Sizin 2011-ci il oktyabrın 30-da
rayonumuza sayca üçüncü səfəriniz zamanı Mərkəzi
Rayon Xəstəxanasının açılışında
qeyd etdiyiniz "Ağdaş müasir rayona çevrilməkdədir,
burada yaşamaq, işləmək və istirahət etmək
üçün hər cür şərait vardır"
sözləri bizim üçün bütöv bir fəaliyyət
proqramına çevrilmişdir.
Cənab Prezident!
Tərəfinizdən hazırlanmış
və uğurla icra edilən dövlət proqramları
Ağdaş rayonunda iqtisadiyyatın inkişafında bir
sıra mühüm irəliləyişlərin əldə
edilməsinə təminat vermişdir. Belə ki, rayonda ümumu məhsul
istehsalı 5,6 dəfə, sənaye məhsulu
istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları
istehsalı isə 3,8 dəfə artmışdır.
Son 8 ildə rayonda 15 min 638 yeni iş yeri
açılmışdır ki, bunların da 5 min 745-i
daimidir.
Möhtərəm cənab Prezident!
Ağdaş rayonu respublikamızın aqrar
rayonlarından olduğu üçün burada kənd təsərrüfatının
inkişafına xüsusi önəm verilir.
Ölkədə ərzaq təhlükəsizliyini təmin
edən aqrar sahənin inkişafına diqqət və
qayğı, eləcə də kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
rayonda bu sahənin
inkişafı istiqamətində bir sıra
mühüm nailiyyətlərin əldə olunmasına imkan
vermişdir. Belə ki, 2003-cü illə
müqayisədə rayonda taxıl, tərəvəz, bostan məhsulları,
meyvə istehsalı orta hesabla 50 faiz artmışdır.
Bu da kənd təsərrüfatı sahəsinə
daxil olan gəlirlərin 6 dəfə çoxalmasına zəmin
yaratmışdır. Rayonda
Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi
ilə 1200 başlıq heyvandarlıq kompleksi inşa
olunmuşdur. Böyük diqqət və qayğınızın
nəticəsidir ki, bir neçə bölgəni əhatə
edəcək kənd yerlərinin kompleks inkişafı layihəsinə
Ağdaş rayonu da qoşulmuşdur. Layihə
rayonun 9 min hektarda şoranlaşmış torpaq sahəsinin
yuyularaq əkin dövriyyəsinə qaytarılmasını təmin
edəcəkdir. Suvarılan sahələr təsərrüfatdaxili
suvarma və drenaj sistemlərinin təmiri və bərpası,
bitkiçilik və
heyvandarlıq sahələrindən yüksək məhsuldarlığın
əldə edilməsi üçün fermerlərə dəstək
verəcəkdir.
Rafiq Niftəliyev rayonun infrastrukturunda mövcud problemlərin
həlli ilə bağlı həyata keçirilən layihələr barədə
də dövlət başçısına məlumat verərək
bildirdi:
- Möhtərəm cənab Prezident!
Rayonda elektrik enerjisi, təbii qaz və
içməli su ilə təchizatda yığılıb
qalmış bir sıra problemlər əhalinin
rahatlığını pozurdu. Sizin diqqət və qayğınız nəticəsində
artıq bu sahədəki problemlər öz həllini
tapmışdır. Belə ki, rayonda
110/35/10 kilovoltluq elektrik yarımstansiyası tikilib istifadəyə
verilmiş, 220/110 kilovoltluq 2x180 meqavat gücündə
Ağdaş Regional Elektrik Yarımstansiyasının
inşası davam etdirilir. Rayonda
yaşayış məntəqələrinin 35-i təbii qazla
təmin edilmiş, 7-də isə işlər davam etdirilir.
Əhalinin içməli su problemi də
öz həllini tapmaq üzrədir. Belə ki, açılış mərasimində
iştirak etdiyiniz Ağdaş şəhərinin su-
kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi
başa çatmışdır. Hazırda
layihənin ikinci mərhələsinin icrası istiqamətində
işlər davam etdirilir. Bu layihənin
icrası başa çatdıqdan sonra şəhər əhalisi
fasiləsiz və keyfiyyətli içməli su ilə tam təmin
ediləcəkdir.
Mədəniyyətin və iqtisadiyyatın yoldan
başlandığını vurğulayan ulu öndər Heydər
Əliyevin ideyalarının uğurlu davamçısı
kimi sizin rəhbərliyinizlə yol infrastrukturunun yeniləşməsi
istiqamətində reallaşdırılan nəhəng layihələrdən
olan Bakı-Qazax-Ələt-Gürcüstan dövlət sərhədi
magistral avtomobil yolunun Ağdaş rayonu ərazisindən
keçən hissəsi yenidən qurulmuşdur. Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunda isə
işlər davam etdirilir. Bu magistral
yolların digər bölgələr kimi, Ağdaş rayonu
üçün də böyük iqtisadi səmərəsi
vardır. Təkcə Ağdaş rayonunda
46 mindən artıq əhali həmin yollardan istifadə edir.
Açılışında iştirak etdiyiniz, əsaslı
şəkildə bərpa olunmuş və keyfiyyəti ilə
seçilən 12 kilometr uzunluğunda Ağdaş-Ləki
avtomobil yolu isə hər iki magistral avtomobil yolunu birləşdirir
ki, bu da respublikamızın şimal-qərb bölgəsi ilə
cənub və cənub-qərb bölgələri arasında
nəqliyyat əlaqəsinin yaxşılaşması
baxımından mühüm əhəmiyyətə malikdir.
Möhtərəm cənab Prezident!
Sizin və böyük sosial layihələrin
təşəbbüskarı olan Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, çox hörmətli Mehriban xanım Əliyevanın
böyük diqqət və qayğısının nəticəsidir
ki, son illər rayonda sosial obyektlərin tikintisi və təmiri
geniş vüsət almışdır. Məşhur kaman ustası
Habil Əliyevin adını daşıyan Ağdaş Musiqi Məktəbinin
yeni binası tikilərək ən müasir avadanlıqla təchiz
olunmuşdur. 1564 yerlik 6 yeni məktəb
binası, 840 yerlik 42 əlavə sinif otağı tikilib
istifadəyə verilmişdir. Yeddi məktəb
binası isə əsaslı təmir olunmuşdur. Hazırda rayonda daha 9 yeni məktəb
binasının və iki məktəbəqədər tərbiyə
müəssisəsinin tikintisi davam edir.
Açılışında
iştirak etdiyiniz ağdaşlı gənclərin
böyük sevincinə səbəb olan Olimpiya İdman
Kompleksi özünəməxsus idman ənənələri
ilə seçilən Ağdaşda idmanın yenidən
inkişaf etməsinə, idmançılarımızın
yeni uğurlara imza atmasına geniş imkanlar
yaratmışdır.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə hazırlanan və
uğurla icra edilən dövlət proqramlarının həyata
keçirilməsi Azərbaycanın daha işıqlı gələcəyinə
doğru atılan addımlar kimi son dərəcə əhəmiyyətli
və əvəzolunmazdır.
Sizi əmin edirəm ki,
qarşımıza qoyduğunuz vəzifələrin layiqincə
yerinə yetirilməsi üçün var gücümüzlə
çalışacağıq.
İcazə verin, rayonumuza göstərdiyiniz
yüksək diqqət və qayğıya görə Sizə
Ağdaş rayon ictimaiyyəti adından bir daha dərin minnətdarlığımı
və təşəkkürümü bildirim.
Diqqətinizə görə çox sağ
olun.
"AzMDF" zavodunun direktor müavini Vüqar ƏLİYEV
dövlət başçısının daimi diqqət və
qayğısı sayəsində ölkədəki
işgüzar mühitin sahibkarlara öz fəaliyyətlərini
daha da genişləndirməyə, yeni müxtəlif profilli
müəssisələrin yaradılmasına əlverişli
imkan yaratdığını qeyd edərək dedi:
- Möhtərəm cənab Prezident! Müasir
texnologiyaların Azərbaycana gətirilməsi, idxalı əvəz
edən və ixracyönümlü məhsul istehsal edən müəssisələrin
yaradılması ilə bağlı Sizin
verdiyiniz tövsiyələr rəhbər tutularaq MDF zavodunun
layihəsi tərəfimizdən həyata
keçirilmişdir.
Qeyri-neft sektoruna investisiya qoyuluşuna dair
dövlət strategiyasına uyğun olaraq, müəssisəmiz
zavodun tikintisi və tam gücü ilə fəaliyyəti
üçün ümumilikdə 75 milyon manat sərmayə
qoymuşdur.
Müvafiq sahə üzrə regionda ilk
olan MDF zavodu 2011-ci ilin fevralında şəxsən Sizin
iştirakınız ilə açılmışdır. Almaniyanın
"Siemens" və Yaponiyanın "Mitsubishi" şirkətlərinin
idarəetmə proqramları ilə təmin olunmuş,
yüksək texnologiyalı avadanlıq və cihazlar
quraşdırılmış zavodumuz bu gün tam gücü
ilə işləməkdədir. Zavodumuzda
quraşdırılan avadanlığın müasir
texnologiyaya malik olması istehsalatda yüksək keyfiyyət əldə
edilməsinə və əl əməyindən minimum istifadə
olunmasına imkan yaradır. Bu isə
istehsal olunan məhsullarımızın xarici analoqları ilə
rəqabətinə müsbət təsir göstərir.
Hazırda istehsalatın bütün mərhələlərində
təxminən 500-ə yaxın yerli mütəxəssis və
işçi kollektivi böyük uğurla fəaliyyət
göstərir ki, bu da dövlətimizin məşğulluq
siyasətinə töhfəsidir.
Vüqar Əliyev müəssisənin yerləşdiyi
Abşeron rayonunun iqtisadiyyatında tutduğu mövqedən də
danışdı:
- Zavodumuzun Abşeron rayonu ərazisində
yerləşməsi regionların iqtisadi və sosial inkişaf
üzrə Dövlət Proqramının təzahürü
olaraq bu rayonun iqtisadi inkişafına təkan vermiş, rayon
sakinlərinin işlə təmin olunmasına şərait
yaratmışdır.
Zavodumuzda beynəlxalq standartlara cavab verən istehsalat xəttində
il ərzində 85 min kubmetr həcmində
MDF lövhələri istehsal edilir. Fərqli
ölçülərdə istehsal olunan yüksək keyfiyyətli
bu lövhələr inşaat sektoru və mebel sənayesinin müxtəlif
sahələrində geniş istifadə olunur.
Respublikamıza əvvəllər
dünyanın bir sıra ölkələrindən idxal edilən
MDF materialları artıq zavodumuzda ən yüksək keyfiyyətlə
istehsal olunur.
MDB məkanında və qonşu dövlətlər
arasında bu profilli ən böyük zavod olaraq istehsal
etdiyimiz yerli məhsullar bu məhsulun idxalına ehtiyacı
aradan qaldırmışdır. Eyni zamanda, istehsal edilən yerli məhsul bu materialdan
hazırlanan digər mebel məhsullarının qiymətinin
aşağı düşməsinə müsbət təsir göstərmişdir.
Xaricdən gətirilən ağac xammalı ilə
yanaşı,
yüksək keyfiyyətli kimyəvi maddələrin
qarışığından hazırlanan məhsullarımız
beynəlxalq standartlara tam cavab verməklə bu sahədəki
uyğunluq sertifikatlarını əldə etmişdir.
Zavodumuz 2011-ci ilin ikinci yarısında
öz məhsuldarlığını 10 dəfə
artırmışdır. Bu, yerli bazarın tələbatını
tam şəkildə ödəməyə imkan vermişdir.
Məhsulumuzun keyfiyyətli və rəqabət
qabiliyyətli olması nəzərə alınaraq, cari ildən
başlayaraq xaricə ixrac edilməsi
planlaşdırılır.
MDF lövhələri ilə
yanaşı, hazır məhsul kimi istehlak olunacaq yeni mebel sənayesi
məhsullarının istehsalı da başlıca hədəflərimizdəndir. Bu məqsədlə üzlənmiş
parket, eləcə də qapı və hazır mebel məhsullarının
yığılması üçün əlavə elementlərin
istehsalına 36 milyon manat həcmində yeni investisiya
qoyuluşu nəzərdə tutulur. Bu isə
öz növbəsində ilkin məhsulun 60 faizindən
artıq hissəsinin yarımfabrikat kimi yox, hazır məhsul
kimi istifadə olunmasına imkan verəcəkdir. Bu
investisiya qoyuluşu, eyni zamanda, 200-dən çox yeni iş
yerinin açılmasına şərait yaradacaqdır.
Möhtərəm cənab Prezident! Çıxışımın
sonunda sahibkarlığın inkişafına
yaratdığınız şəraitə və hərtərəfli
dəstəyə görə Sizə minnətdarlığımı
bildirirəm.
Diqqətinizə görə təşəkkür
edirəm.
Ağsu Rayon İcra Hakimiyyətinin
başçısı Ənvər SEYİDƏLİYEV
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının uğurlu icrası nəticəsində
Ağsuda 100-dən çox irimiqyaslı layihənin gerçəkləşməsinə
əlverişli imkan yarandığını qeyd edərək
dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Ötən il 2003-cü illə müqayisədə
ümumi məhsul istehsalı 4,7 dəfə,
sənaye məhsullarının həcmi 3,1 dəfə artmışdır.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu
dövrdə tikinti-quraşdırma işlərinin həcmi
125 dəfə, əsas kapitala yönələn investisiyalar
110 dəfə artmışdır. Rayonumuzun
iqtisadiyyatında kənd təsərrüfatı üstün
sahə olduğu üçün Dövlət Proqramında,
ilk növbədə, mövcud potensialdan, yerli xammaldan səmərəli
istifadə olunmaqla fəaliyyət göstərən emal
müəssisələrinin yaradılması nəzərdə
tutulmuşdur.
Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən
olan, tikintisinə 50 milyon manat investisiya qoyulmuş və
ötən il açılışına xeyir-dua verdiyiniz
"Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətin
şirə və şərab emalı zavodu nəinki
rayonumuzun, bütün bölgənin iqtisadiyyatının
inkişafına güclü təkan verəcəkdir. Bu gün zavodda istehsal olunan məhsullar ABŞ,
Almaniya, Rusiya, Avstriya, Çexiya, Birləşmiş Ərəb
Əmirliklərinə satılır.
"Miri Grand" Məhdud Məsuliyyətli
Cəmiyyətin konserv zavodu da əsaslı bərpa və
yenidənqurmadan sonra bir sıra Avropa, Asiya və MDB dövlətlərinə
yüksək rəqabət qabiliyyətli müxtəlif
şirələr ixrac edir. Rayonumuzda digər sənaye sahələrinin
də inkişafına diqqət artmışdır. Son 8
ildə rayonda 4 min 906-sı daimi olmaqla 9 min 589 iş yeri
açılmışdır.
Ənvər Seyidəliyev rayonun iqtisadi
inkişafının sosial məsələlərin uğurlu həllinə
də təsir göstərdiyini vurğulayaraq dedi:
- Bu illər ərzində Ağsu şəhərinin
küçə və meydanlarında genişmiqyaslı bərpa
və abadlıq işləri görülmüşdür. Yaşayış binaları və istinad divarları
əsaslı təmir olunmuş, küçə və səkilərə
300 min kvadratmetr yeni asfalt örtüyü salınmış,
müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Ümumi uzunluğu
10 kilometr olan 9 kəndi rayon mərkəzi ilə birləşdirən
5 minə yaxın əhalinin istifadə etdiyi
Ağsu-Çiyni-Sarvan rayondaxili-kəndarası avtomobil yolu əsaslı
şəkildə yenidən qurulmuşdur. Kənd
investisiya layihəsi çərçivəsində rayonun 15
kəndində ümumi uzunluğu 100 kilometr olan daxili yollar təmir
olunmuşdur. Rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair
verdiyiniz sərəncamla ayrılmış 2 milyon manat vəsait
isə qalan küçələrimizin
abadlaşdırılmasına sərf olunacaqdır. Sizin
rayonumuza 2009-cu ildəki səfərinizdən sonra
imzaladığınız sərəncama əsasən
ayrılmış 3,7 milyon manat vəsait hesabına
dağlıq ərazilərdəki bulaqlardan 25 kilometr
uzunluğunda yeni kəmər çəkilərək Ağsu
şəhəri və 3 kənd keyfiyyətli içməli
su ilə təmin edilmişdir. Bununla yanaşı,
tapşırığınız əsasında Ağsu şəhərində
Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən
və 50 milyon ABŞ dolları dəyərində kanalizasiya
şəbəkəsinin tikintisi və alternativ su kəməri
çəkilişi layihələrinin icrası həyata
keçirilir. Uğurlu islahatlar nəticəsində
rayonumuzun elektrik, qaz infrastrukturu da yenilənir. Ağsu şəhərində respublikada birincilər
sırasında elektrik verilişi xətləri
"SİP" markalı müasir kabellərlə əvəz
olunmuşdur. Təbii qaz verilən
yaşayış məntəqələrinin sayı 20-yə
çatmışdır. Qalan kəndlərin
qazlaşdırılması isə 2013-cü ilin sonunadək
yekunlaşacaqdır. Ötən il
rayonumuzda səfərdə olarkən sakinlərimizin
xahişini nəzərə alaraq yeni mərkəzi xəstəxana
binasının tikintisi ilə bağlı verdiyiniz sərəncam
bütün ağsulular tərəfindən böyük minnətdarlıq
hissi ilə qarşılanmışdır.
Son 8 ildə məktəb tikintisi sahəsində
də xeyli işlər görülmüşdür. Bu dövrdə 15 məktəb
binası, 13 əlavə sinif otağı tikilmiş, 2 məktəb
binası əsaslı təmir olunmuşdur. Daha 4 məktəbin inşası davam etdirilir. 1500 şagird yerlik 9 məktəb binasının
tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə reallaşmışdır. Yeri gəlmişkən, onu da qeyd etmək istərdim
ki, tapşırığınızla biz məktəb
tikintisinə böyük məsuliyyətlə
yanaşırıq. Sizin
etimadınızı doğrultmağa
çalışırıq. Sizin və Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
xeyir-duası ilə təməli qoyulmuş və ötən
il istifadəyə verilmiş 3 min yerlik
Ağsu şəhər stadionu da rayonda idmanın kütləviliyinə
xüsusi töhfə olmaqla, gənclərimiz
üçün çox böyük hədiyyədir. Bu stadionda beynəlxalq yarışların
keçirilməsi üçün hər cür şərait
yaradılmışdır. Gənc nəslin
sağlam və savadlı böyüməsi üçün
gördüyünüz işlərə, göstərdiyiniz
diqqət və qayğıya görə Sizə və
çox hörmətli Mehriban xanıma ağsuluların minnətdarlığını
çatdırıram.
Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi,
Heydər Parkı, ulu öndərin adını daşıyan
seyrəngah, Qəhrəmanlar Parkı, Mədəniyyət və
İstirahət Parkı, Dövlət Bayrağı Kompleksi,
avtovağzal və bir çox digər tikililər də son
illərin buraxılış obyektlərindəndir.
Bütün bunlar Azərbaycan əyalətinin bugünkü
gerçəkliyi, ümumiyyətlə, ölkəmizin
iqtisadiyyatında baş verən vüsətli inkişaf
proseslərinin göstəricisi, Sizin
yorulmaz əməyinizin nəticəsidir.
Möhtərəm cənab Prezident! Sizin rayonumuzda olarkən
dediyiniz "Ağsu indi Azərbaycanın ən qabaqcıl
rayonlarından biridir və bu, məni çox sevindirir"
sözləri rayonda işgüzar fəallığın daha
da artmasına səbəb olmuş, onun inkişafına əməli
stimul vermişdir. Sizi əmin etmək istəyirəm
ki, növbəti illərdə də rayonumuzda bütün
iqtisadi və sosial məsələlər öz həllini
tapacaqdır.
Diqqətinizə görə minnətdaram.
"Naxçıvan" avtomobil zavodu Məhdud Məsuliyyətli
Cəmiyyətinin icraçı direktoru Polad SADIXOV "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın ölkənin
bütün regionları kimi, Naxçıvan Muxtar
Respublikasının inkişafı üçün də yeni
prioritetlər müəyyənləşdirdiyini bildirərək
dedi:
- Möhtərəm cənab Prezident!
Qədim tarixə malik olan
Naxçıvanın bugünkü sosial-iqtisadi tərəqqisi
ölkəmizdə ardıcıl şəkildə həyata
keçirilən quruculuq işlərinin əyani ifadəsidir.
Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə
həsr olunmuş tədbirdə hörmətli Prezidentimiz
demişdir: "Naxçıvan Muxtar Respublikasının
iqtisadi və sənaye potensialı getdikcə güclənir,
Naxçıvanda geniş quruculuq, abadlıq işləri
aparılır. Hər bir naxçıvanlı əldə
edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər.
Naxçıvanın güclü olması Azərbaycanın
güclü olması deməkdir".
Bu gün muxtar respublikada uğurla həyata
keçirilən böyük infrastruktur layihələri, tikilən
yüzlərlə sosial-mədəni obyektlər, çəkilən
müasir yollar hər bir naxçıvanlı tərəfindən
böyük rəğbət hissi ilə qarşılanır. Sosial-iqtisadi tərəqqinin
keyfiyyətcə yeni mərhələsinə qədəm
qoyan Naxçıvan Muxtar Respublikasının
iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin də rolu
getdikcə güclənir. Göstərilən
dövlət dəstəyi biz sahibkarların fəaliyyətinin
stimullaşdırılmasına şərait yaradır.
Muxtar respublikada ümumi daxili məhsul istehsalında
özəl bölmənin payının artaraq 86,5 faiz təşkil etməsi sahibkarlığa
yaradılan münbit şəraitin bariz ifadəsidir. İndi
Naxçıvan Muxtar Respublikasında 93 növdə ərzaq,
166 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə 259
növdə məhsula olan tələbat daxili imkanlar
hesabına ödənilir.
Polad Sadıxov təmsil etdiyi zavodu ölkəmizdə özəl
sektora dövlət dəstəyindən bəhrələnən
sahibkarlıq subyektlərindən biri kimi səciyyələndirdi
və müəssisənin iqtisadi göstəricilərindən
danışdı:
- 2010-cu ildə istifadəyə verilmiş zavod ildə 5
min avtomobil istehsal etmək gücündədir. Dörd
modeldə avtomobil istehsal edilən zavodda bu ildən etibarən
"krossover" və avtomat sürət qutusuna malik modellərin
istehsalına başlanmışdır. Çalışırıq
ki, yeni model avtomobillər daxili və xarici bazarda özünə
layiq olan yeri tutsun.
Müəssisəmizdə istehsal edilən
xüsusi minik avtomobilləri əlillərin istifadəsi
üçün tam uyğundur. Naxçıvan və Bakı şəhərlərində
satış və servis şəbəkəsi
yaradılmışdır. Zavodda yerli
mütəxəssislərin hazırlanmasına xüsusi diqqət
yetirilir.
İstehsal edilən məhsulların
ölkənin avtomobil bazarında rəqabətə
davamlılığının təmin edilməsi əsas hədəfimizdir. Bu məqsədlə
avtomobillərin ehtiyat hissələrinin istehsalı da
planlaşdırılmışdır. Hazırda bu
istiqamətlərdə iş aparılır. İstehsal
olunan avtomobillərin xarici ölkələrdə
satışı da nəzərdə tutulmuşdur.
Ötən illərin uğurları
göstərir ki, Naxçıvan inkişaf və quruculuq yolu
ilə inamla irəliləyir. Dəqiq hədəflərə istiqamətlənmiş
bu sosial-iqtisadi inkişaf xəttinin Sizin rəhbərliyinizlə
uğurla davam etdirilməsi deməyə əsas verir ki, bu
strategiya növbəti illərdə daha yüksək nəticələr
verəcəkdir.
Möhtərəm Prezident! Biz - Naxçıvan Muxtar
Respublikasının sahibkarları doğma Azərbaycanımızın
tərəqqisi, xalqımızın xoşbəxt və
firavan gələcəyi naminə müəyyənləşdirdiyiniz
vəzifələrin icrasında bundan sonra da fəal
iştirak edəcək, böyük diqqət və
qayğınıza öz əməli işimizlə cavab verəcəyik.
Sağ olun!
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən BAĞIROV ümummilli lider Heydər Əliyevin
Azərbaycanın gələcəyinə hesablanmış
siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin ölkənin hər bir regionu
kimi dağ rayonu olan Lerikin də simasının tamamilə dəyişməsinə
səbəb olduğunu bildirərək dedi:
- Möhtərəm cənab Prezident!
Məhz Sizin göstərdiyiniz qayğının nəticəsidir
ki, uzun illər gediş-gəlişi çox çətin
olan 56 kilometrlik Lerik-Lənkəran avtomobil yolu tamamilə yenidən
qurulmuş, şəhərdaxili bütün yollar
asfaltlanmışdır.
Tarixi boyu qaz verilməyən ucqar dağ
rayonuna 2006-cı ildə tapşırığınızla təbii
qaz xətti çəkilmişdir. 2008-ci ildə Sizin sərəncamınızla
Lerik qəsəbəsinə şəhər statusunun verilməsi
şəhərimizin inkişafını daha da sürətləndirmişdir.
Yeni park və xiyabanlar salınmış,
küçələrdə müasir işıqlandırma
sistemləri quraşdırılmış, rayon sakinlərinin
istirahəti üçün hər cür şərait
yaradılmışdır. Sizin
tapşırığınızla Lerik şəhərində
16,5 meqavattlıq elektrik stansiyasının
tikintisinə başlanmış, şəhərin içməli
su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması ilə bağlı tikinti işləri sürətlə
davam etdirilir.
Möhtərəm cənab Prezident!
Nadir təbiətə malik Lerikdə
yaradılmış infrastruktur nəticəsində rayonda
turizm daha da inkişaf etmiş, 2004-cü ildən keçən
müddət ərzində Lənkəran-Lerik yolu boyunca 10
turizm istirahət-əyləncə mərkəzi istifadəyə
verilmişdir. Bu obyektlərdə turistlərin istirahəti
üçün otel və kotteclər, idman
meydançaları inşa edilmişdir. Müasir
tələblərə cavab verən turizm mərkəzlərində
eyni vaxtda 800 turistin ilin bütün fəsillərində
istirahəti üçün hər cür şərait
vardır.
Çox önəmli haldır ki, ildən-ilə
bu istirahət mərkəzlərinə ölkəmizin hər
yerindən, əsasən də xarici dövlətlərdən
gələn turistlərin sayı artmaqdadır. 2011-ci ildə rayona 9724
turist gəlmişdir ki, bu da əvvəlki illərə nisbətən
1137 nəfər çoxdur.
Möhtərəm cənab Prezident!
Turizmin inkişafı rayonun sosial-iqtisadi həyatının
digər sahələrinə də öz müsbət təsirini
göstərmiş, xüsusən də kənd təsərrüfatının
inkişafına güclü təkan vermiş, nəticədə
rayonda ət, süd, bal, yumurta və yun
istehsalı dəfələrlə artmışdır. Rayonda
təbii və müalicəvi əhəmiyyətə malik 7
adda mineral süfrə suları, kərpic, qum
və çınqıl istehsal edən müəssisələr
fəaliyyət göstərir. Onların məhsulları
təkcə rayon bazarında deyil, eyni zamanda, ölkəmizin hər
yerində böyük həvəslə alınır. Hazırda Piran kəndində gün ərzində
30-35 ton quş əti istehsal edəcək, cənub
zonasında ən böyük istehsal müəssisələrindən
biri olan broyler fabrikinin tikintisində işlər başa
çatmaq üzrədir. Bu obyekt istifadəyə
verildikdən sonra 150 nəfərdən çox rayon sakini
işlə təmin olunacaq, orta aylıq əmək haqqı
350-400 manat təşkil edəcəkdir.
Sizin rayonun sosial-iqtisadi həyatının bütün
sahələrinə, o cümlədən turizm sektoruna göstərdiyiniz
qayğı nəticəsində 2011-ci ildə 2003-cü illə
müqayisədə ümumi məhsul buraxılışı
2,8 dəfə, əhaliyə göstərilən
pullu xidmət 6 dəfə, əsas kapitala yönəldilən
investisiya qoyuluşu isə 35 dəfə artmışdır.
Məlumat verirəm ki, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasına uyğun olaraq son üç ildə rayonumuzda 1951,
ümumilikdə isə 2004-2011-ci illər ərzində 6700
iş yeri açılmışdır. Onların 45 faizindən
çoxu daimi iş yerləridir.
Təhsilə göstərilən dövlət
qayğısı sayəsində son illərdə rayonumuzda 3
min 950 şagird yerlik 26 məktəb binası, o cümlədən
"Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində Heydər Əliyev
Fondu tərəfindən altı müasir məktəb
kompleksi tikilmiş, hər cür avadanlıqla təmin
edilmişdir. Rayonda 22 məktəb binası əsaslı
təmir olunmuş, hazırda 14 məktəb binasında
tikinti və layihələndirmə işləri
görülür.
Yeri gəlmişkən bildirmək istəyirəm ki,
respublikamızda təhsilin inkişafında, milli və mənəvi
dəyərlərimizin qorunub saxlanılmasında Sizin və
Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban
xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Rövşən Bağırov hazırda rayonda tikinti-quruculuq və
abadlıq işlərinin sürətlə davam etdirildiyini
vurğulayaraq bildirdi:
- Sizin qayğınız sayəsində hazırda
rayonumuzda abadlıq-quruculuq, tikinti işləri sürətlə
davam etdirilir. Son illər rayonda Heydər Əliyev Mərkəzi,
Uzunömürlülər Muzeyi, 8 tibb müəssisəsi, 10
rabitə şöbəsi, rayon icra hakimiyyəti və 7
dövlət müəssisəsi üçün inzibati
binalar tikilmiş, şəhər və kəndlərdə fəaliyyət
göstərən bütün ATS-lər elektron tipli ATS-lərlə
əvəzlənmişdir.
Əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasının nəticəsidir
ki, son dövrdə yeni bazar kompleksi, iki şadlıq
sarayı, müasir tələblərə cavab verən
iaşə və ticarət obyektləri inşa edilmiş və
sakinlərin istifadəsinə verilmişdir.
Möhtərəm cənab Prezident!
Siz rayonumuza üç dəfə səfər
etmisiniz. 2010-cu
ildə rayon ictimaiyyəti ilə görüşünüz
zamanı söylədiyiniz "Mən çox şadam ki,
Lerikdə inkişaf çox sürətlə gedir. Rayonun, sözün əsl mənasında,
inkişafı həm yerli sakinlər, həm də
bütün ölkə üçün çox vacibdir.
Dağ rayonlarına - paytaxtdan, mərkəzdən
uzaqda yerləşən bölgələrə xüsusi diqqət
göstərilməlidir və bu diqqət göstərilir"
sözləri hər bir leriklinin qəlbini fərəh hissi ilə
doldurmuş, qurub-yaratmaq əzmini artırmışdır.
İcazə verin, Sizi bir daha əmin edim
ki, ucqar dağ rayonumuza göstərdiyiniz böyük diqqət
və qayğınıza leriklilər hər zaman öz əməli
işləri ilə cavab verəcəklər. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- 2012-ci ildə Dövlət
İnvestisiya Proqramında nəzərdə tutulmuş
bütün məsələlər əminəm ki, öz həllini
tapacaqdır. Ölkəmiz üçün bu il
də uğurlu olmalıdır, xüsusilə qeyri-neft
sektorunda böyük inkişaf gözlənilir.
Əvvəlki dövrdə başlanmış və indi
davam edən layihələr öz bəhrəsini verməkdədir.
Eyni zamanda, 2012-ci ildə də böyük
müəssisələr, zavodlar açılacaqdır. Beləliklə, qeyri-neft potensialımız daha da
artacaqdır. Sahibkarlığın
inkişafı üçün bir daha demək istəyirəm
ki, bütün imkanlar vardır. Burada
sahibkarların və icra hakimiyyəti
başçılarının çıxışlarında
bölgələrdə gedən proseslər haqqında məlumatlar
verildi.
Deyə bilərəm ki, biz hər bir
bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni
müşahidə edirik. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin
icrası və ümumiyyətlə, böyük canlanma
prosesi gedir. Bu, məni çox sevindirir.
Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə
tanış oluram və hər dəfə
müsbətə doğru dəyişiklikləri görəndə
çox sevinirəm. Ölkəmizin çox
böyük imkanları, böyük potensialı vardır.
Bu potensialı Azərbaycan xalqının
istedadı yaratmışdır və biz elə etməliyik
ki, müəyyən olunmuş bütün vəzifələr
həm dövlət qurumları, həm də özəl
sektor tərəfindən icra edilsin.
Son illərdə özəl sektorun
ümumi daxili məhsuldakı çəkisi artır. Ümumiyyətlə,
ümumi daxili məhsulumuz çox sürətlə artır.
Son 8 il ərzində 3 dəfə
artmışdır. Heç bir başqa ölkədə
belə nəticə olmamışdır. Çox
sevindirici haldır ki, özəl sektorun çəkisi
artır, təxminən indi bu pay 83 faiz civarındadır.
Bu, onu göstərir ki, Azərbaycanda bazar
iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa
çatmışdır. Mən bir
müddət bundan əvvəl demişəm ki, biz artıq
keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü
yaşayan ölkə deyildir. Biz sürətli
inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda
olan ölkəyik və bir daha demək istəyirəm ki,
inkişaf etmiş ölkəyə çevrilmək
üçün biz siyasətimizi davam etdirəcəyik.
Giriş sözümdə qeyd etdiyim kimi,
böyük Dövlət İnvestisiya Proqramı icra ediləcəkdir. Yeddi milyard manat böyük
məbləğdir. Elə etməliyik ki,
bu məbləğ böyük səmərə ilə istifadə
olunsun və bütün layihələrdə işlər
getsin. Heç bir yubanma olmasın, biz
bürokratik əngəlləri gərək tamamilə aradan
qaldıraq və eyni zamanda, bu böyük dövlət layihələrinə
nəzarət daha da güclü olmalıdır. Çünki nəzarət olan yerdə işin
keyfiyyəti də təmin edilir.
Bu il əvvəlki illərdəki
kimi, infrastruktur layihələrinə böyük vəsait
ayrılacaqdır. Xüsusilə yol tikintisinə.
Magistral yollarda işlər gedir. Keçən
il olduğu kimi, bu il də kənd
yollarına eyni qaydada böyük sərmayə qoyulmağa
başlamışdır. Əvvəlki dövrlərdə
də biz bu sahəyə diqqətimizi əsirgəməmişdik.
Ancaq xüsusilə 2012-ci və 2013-cü
illərdə bu sahəyə daha da böyük məbləğdə
vəsait qoyulacaqdır. Kənd yollarının tikintisi birbaşa yerli icra
orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və
böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki
dövrdə bu işlərlə mərkəzi icra
orqanları məşğul idi. Ancaq mərkəzi
icra orqanlarının digər layihələri vardır.
Onlar əsas diqqəti magistral, şəhərlərarası
yollara yönəltməlidirlər. O ki qaldı kənd
yollarına, yerli icra orqanları bu işləri daha
yaxşı bilir. Artıq keçən ildən
başlayaraq hər bir bölgədən sifarişlər gəldi,
məruzələr edildi və plan tərtib olundu. Gördüyünüz kimi, ilin əvvəlindən
həm dövlət büdcəsi, həm Prezidentin Ehtiyat Fondu
hesabına bölgələrə vəsait ayrılır.
Qarşıya məqsəd qoyulubdur ki, biz
bütün kənd yollarını abadlaşdıraq. Bu, əlbəttə ki, maksimum məqsəddir.
Eyni zamanda, 2013-cü ilin sonuna qədər
qarşıya real məqsəd də qoyulmuşdur,
bütün hesablamalar aparılmışdır, həm maliyyə
imkanlarımız, həm texniki imkanlar. Beləliklə, kəndlərdə
yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər
gözəl yollardan istifadə edəcəkdir. İmkanlarımız hələ ki, buna
çatır. Əgər daha da sürətli
inkişafa nail ola bilsək, həm bu il, həm
gələn il bu Proqrama əlavələr edə bilərik. Ancaq qarşıya hədəf qoyulubdur ki, kəndlərdə
yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir
edilmiş və tikilmiş yollardan artıq istifadə edəcəkdir.
Məqsəd isə əlbəttə ki, kənd
yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq.
Bölgələrdə qazlaşdırma
prosesi gedir. Dövlət Neft Şirkətinə müvafiq
göstərişlər verilmişdir. Baxmayaraq ki, Dövlət
Neft Şirkəti böyük şirkətdir, eyni zamanda, biz
dövlət dəstəyini də əsirgəmirik. Dövlət İnvestisiya Proqramında bölgələrin
dövlət büdcəsi hesabına
qazlaşdırılması üçün böyük məbləğ
nəzərdə tutulubdur. Yenə də
qarşıya real məqsəd qoyulubdur ki, 2013-cü ilin sonuna
qədər Azərbaycanda qazlaşdırma 95 faizə
çatsın. Bu, real hədəfdir və
biz buna çatsaq, hesab edirəm ki, qazlaşma ilə
bağlı bütün məsələləri həll
etmiş olarıq. Bu, böyük vəsait
tələb edən məsələdir, böyük texniki
imkanlar olmalıdır. Həm yeni xətlər
çəkilir, həm vaxtilə çəkilmiş,
çürümüş xətlər dəyişdirilir.
Bu proses həm bölgələrdə, həm Bakıda gedir. Biz iki istiqamət üzrə hərəkət etməliyik.
Əvvəlki illərdə
yaradılmış, köhnəlmiş infrastrukturun bərpası
və yeni infrastrukturun yaradılması paralel şəkildə
aparılır. Yeni texnologiyalar, yeni boru kəmərləri,
xətləri var ki, onların ömrü çox uzundur və
biz onlardan istifadə edirik.
Mən giriş sözümdə qeyd etdim
ki, biz birinci Proqramın icrası ilə bağlı
infrastruktur layihələrinin içərisində daha
çox elektrik enerjisi təchizatına fikir vermişik. Baxmayaraq ki, artıq biz
özümüzü elektrik enerjisi ilə tam təmin
etmişik, bu gün də bu məsələ aktualdır. Çünki ölkə iqtisadiyyatı artır,
bizim strateji inkişaf planımız, strateji
baxışlarımız vardır. Biz
bilirik ki, 10 ildən, 20 ildən sonra iqtisadiyyatımız
sürətlə artacaqdır. Yeni müəssisələr,
biznes üçün yaradılan yeni şərait gözəl
imkanlar açır. Beləliklə, bizdə
tələbat daim artacaq, daxili istehlak daim artacaqdır. Bizdə mövcud olan enerji gücləri daxili
istehlakdan ən azı 10 faiz artıq olmalıdır. Baxmayaraq ki, biz bu gün enerji təhlükəsizliyimizi
təmin etmişik və xaricə ixrac edirik, hazırda
böyük layihələr icra edilir. Onlardan
ən böyüyü Şirvan şəhərində yerləşən
780 meqavat gücündə "Cənub" Elektrik
Stansiyasıdır. Bu stansiya bu il
istifadəyə verilməlidir. Şüvəlan qəsəbəsində
yerləşən 400 meqavat gücündə
"Şimal-2" stansiyasının təməli keçən
il qoyulmuşdur və gələn il istifadəyə
verilməlidir.
Bu il 25 meqavat gücündə
Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Gələn
il Taxtakörpü Su Anbarında 25 meqavat
gücündə su elektrik stansiyası istifadəyə verilməlidir.
Keçən il təməl
daşını qoyduğumuz və bu il inşası davam
etdirilən yeni layihələrlə bərabər, kiçik
çaylarda, kiçik həcmli su elektrik stansiyalarının
tikintisi davam edir. Bərpa olunan enerji növlərinin
yaradılması başlamışdır. Mən
keçən il Qobustan rayonunda birinci
stansiyanın açılışında iştirak etdim. Çox gözəl təcrübədir, bu layihələrin
böyük perspektivi vardır. Artıq Azərbaycanda
günəş panelləri istehsal edən müəssisə
yaradılır. Günəş-külək
enerjisindən daha da geniş şəkildə istifadə etməliyik
və Bakıda 300 meqavat gücündə yeni elektrik
stansiyasının tikintisi də nəzərdə tutulur.
Yəqin ki, bu il texniki layihələndirmə
işləri aparılmalıdır. Eyni zamanda,
bu ilin investisiya proqramında ötürücü xətlərin
bərpasına vəsait nəzərdə tutulur. Bu sahədə hələ ki, görüləsi
işlər çoxdur. Ötürücü
xətlərin müəyyən hissəsi nasaz vəziyyətdədir.
Bölgələrdə külək əsən
kimi bəzən dirəklər yıxılır və kəndlər
işıqsız qalır. Ona görə
"Azərenerji"yə göstəriş verilmişdir ki,
bu sahəyə xüsusi diqqət göstərilsin və
dövlət büdcəsi tərəfindən dəstək
veriləcəkdir.
İçməli su və kanalizasiya layihələri
icra edilir. Burada bu
layihələr haqqında söylənildi. Bir daha demək istəyirəm ki, bu, çox
böyük sosialyönümlü, böyük vəsait tələb
edən layihədir. Yüz milyonlarla manat,
bəlkə milyardlarla manat vəsait tələb edən layihədir.
Bakı, Bakıətrafı qəsəbələr,
bütün şəhərlər, rayon mərkəzləri
kanalizasiya, içməli su ilə təmin edilməlidir və
bu istiqamətdə atılan addımlar ümidvericidir. Qarşıya böyük hədəflər qoyulub.
Amma yenə də deyirəm, bu hədəflər
reallığı əks etdirməlidir.
Əlbəttə, mən çox istərdim ki,
2013-cü ilə qədər bütün şəhər və rayonlarımızda bu
layihələr başa çatsın. Ancaq yəqin
ki, bu, mümkün olmayacaqdır. Ona
görə real hədəf ondan ibarətdir ki, gələn ilin
sonuna qədər əksər şəhər və
rayonlarımızda içməli su, kanalizasiya layihələri
başa çatsın. Mən hesab edirəm
ki, biz buna 100 faiz nail olacağıq. Yenə də
baxarıq, bu il, ya gələn il əlavə
maliyyə imkanlarımız yaranarsa, biz bu vəsaiti, ilk
növbədə, içməli su, kanalizasiya layihələrinə
yönəltməliyik. Belə olan halda biz bəlkə
daha da çox işlər görə bilərik. Ancaq hazırda bütün bölgələrdə,
hər bir rayonda içməli su, kanalizasiya layihələri
ya başlamışdır, ya da ki, başlamaq üzrədir.
Bununla bərabər, - burada bu barədə də
deyildi, - çaylar boyu yerləşən kəndlərdə
modul tipli sutəmizləyici qurğuların
quraşdırılması prosesi davam etdirilməlidir. Mənə verilən məlumata görə,
hazırda 188 kənddə belə qurğular
quraşdırılıb. Vaxtilə
insanlar çaylardan, kanallardan su içirdilər. İndi təmizlənmiş su içirlər və
belə insanların sayı 300 mindən çoxdur. Artıq kəndlərdə 340 min əhali bu imkanlara
malikdir. Göstəriş verilmişdir ki, bu il və gələn il əlavə tədbirlər
görülsün və çaylar boyu yerləşən kəndlərdə
əhalini biz maksimum dərəcədə təmiz su ilə təmin
etməliyik.
Bu il və gələn il yenə də
meliorasiya məsələləri diqqət mərkəzindədir.
Bu barədə artıq deyildi. İki böyük layihə icra edilir. Həm bu sahədə ən böyük layihələr
və bəlkə də ölkə miqyasında, qeyri-neft
sektorunda ən böyük investisiyalar məhz bu sahəyə
yönəldilir. Biz iki böyük su
anbarı yaradırıq. Əslində
böyük göllər yaradırıq - Taxtakörpü və
Şəmkirçay anbarları. On minlərlə
hektar yeni torpaq sahələri dövriyyəyə daxil ediləcəkdir
və beləliklə, kənd təsərrüfatına
çox güclü təkan veriləcəkdir. Bunlar çox böyük vəsait tələb edən
layihələrdir. Bu, gələcəyə
qoyulan investisiyalardır. Bu investisiyalar dərhal
qayıtmayacaq və qarşıya məqsəd də
qoyulmayıb ki, onlar dərhal qayıtsın. Bu investisiyalar əlavə məhsulun yetişdirilməsi
nəticəsində, ilk növbədə, fermerlərin cibinə
qayıdacaq və ondan sonra dövlətə. Yəni, bu da dövlət tərəfindən özəl
sektora verilən böyük dəstəkdir. Çünki bizdə kənd təsərrüfatı
tamamilə özəl sektor tərəfindən idarə
edilir, yəni, özəl sektorun sərəncamındadır.
Beləliklə, biz bu layihələri də
sahibkarlığın inkişafına atılmış
addımlar kimi qiymətləndirsək, səhv etmərik.
Kənd təsərrüfatının
inkişafı ilə bağlı əlavə tədbirlər
görüləcəkdir, kifayət qədər ciddi proqramlar
qəbul edilibdir. Taxılçılıqla bağlı yeni təşəbbüslər
icra edilir. Bir il bundan əvvəlki
müşavirədə demişdim ki, biz tezliklə
taxılçılıq üzrə iri fermer təsərrüfatlarının
yaradılmasına başlamalıyıq. Ancaq bir il keçdi, hələ ki nəticə yoxdur. Mən bilirəm ki, bu, böyük, ciddi məsələdir.
Burada həm yeni torpaq sahələri müəyyən
edilməli, infrastruktur layihələri icra olunmalı, suvarma məsələləri
öz həllini tapmalıdır. Ancaq mən
hesab edirəm ki, bu işlərə daha da böyük diqqət
göstərilməlidir. Hesab edirəm ki,
gələnilki müşavirədə artıq biz birinci uğurlardan
danışmalıyıq, əks-təqdirdə mənim
göstərişlərimə laqeyd yanaşanlar cəzalandırılacaqlar.
Bunu bilin. Bu, ölkəmizin ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
lazımdır. Bu, çox gözəl,
vaxtında irəli sürülmüş təşəbbüsdür.
Yubanmadan icra edilməlidir və mən bu barədə
bütün müvafiq qurumlara göstəriş vermişəm.
Çünki bu iş müvafiq qurumlar tərəfindən əlaqələndirilmiş
şəkildə aparılmalıdır. Bütün
müvafiq qurumlar bu işlərlə məşğul
olmalıdır. Ümumi nəzarət
Nazirlər Kabinetinə tapşırılır.
Heyvandarlığın inkişafı ilə
bağlı böyük addımlar atılır. Bu yaxınlarda Prezidentin
Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10
milyon manat vəsait ayrılmışdır ki, yenidən o
cins mal-qaranın gətirilməsinə nail olsun.
Artıq bir neçə ildir ki, bu proses başlamışdır.
Beləliklə, biz böyük dərəcədə
mal-qaranın cinsini yaxşılaşdıracağıq.
Xaricdən gətirilən mal-qara çox məhsuldardır və
biz çalışmalıyıq ki, tədricən
böyük heyvandarlıq və südçülük fermer
təsərrüfatları yaradılsın, artıq burada
Ağcabədidən olan iş adamı bu barədə
danışdı. O, doğrudan da, Azərbaycanın ən
böyük südçülük müəssisəsidir. Çox şadam ki, artıq orada heyvandarlıq da,
maldarlıq məsələləri də öz həllini
tapır. Belə müəssisələr
bizə lazımdır. Mən bir azdan sonra
deyəcəyəm, ümumiyyətlə, daxili istehsal tələbatımızı
nə qədər təmin edir. Südçülük,
heyvandarlıq, taxılçılıq sahələrinə
xüsusi diqqət göstərilməlidir.
Keçən ilin sonunda
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı qəbul edilmişdir. Bu da dövlətin niyyətini göstərir.
Mən keçən il
üzümçülüklə bağlı öz fikirlərimi
geniş şəkildə bildirdim. Vaxtilə Azərbaycanda
üzümçülük nə üçün məhv
edildi. O barədə də danışdım və təkrar
etməyə ehtiyac yoxdur. Bu Proqram dövlətin
prioritetlərini göstərir. Özəl
sektor əlbəttə ki, bu işlərlə məşğul
olub, məşğul olur və olmalıdır. Yeni üzüm bağları salınır, biz bunu
alqışlayırıq.
Proqramın məqsədi ondan ibarətdir
ki, biz özəl sektora necə daha da böyük dərəcədə
kömək edə bilərik ki, üzümçülük
Azərbaycanda inkişaf etsin və 1980-ci illərdə ulu
öndər tərəfindən yaradılmış gözəl
ənənə bərpa edilsin. Bu, həm ölkə iqtisadiyyatı, həm
də, ilk növbədə, fermerlər üçün
lazımdır. Çünki fermerlər
yaxşı bilirlər ki, üzümçülükdə əldə
edilən gəlirləri başqa sahədə bəlkə də
əldə etmək mümkün deyildir. Bu
proqramın da təməlində yenə də
sahibkarlığın inkişafı dayanır ki, fermerlər,
kəndlilər daha da çox pul qazansınlar, daha da
yaxşı yaşasınlar.
Bağçılıqla, xüsusilə
müasir texnologiyalar əsasında bağçılıqla
bağlı layihələr başlamışdır. Mən keçən il
Quba rayonunda bir təsərrüfatla tanış olmuşam. İntensiv bağçılıq təsərrüfatıdır.
Baxmayaraq ki, Quba zonası, ümumiyyətlə,
bağçılıqla məşhurdur, gözəl alma bağları var, amma yeni sistem məhsuldarlığı
bəlkə bir neçə dəfə artırır. Bu da əlavə gəlirlər, əlavə məhsul
yetişdirilməsi deməkdir. İntensiv
bağçılıq da daim diqqət mərkəzindədir.
Biz bütövlükdə kənd təsərrüfatında
müasir texnologiyaları daha da geniş şəkildə tətbiq
etməliyik. Bu məqsədlə
kənd təsərrüfatında böyük inkişafa nail
olmuş ölkələrə heyətlər göndərilmişdir,
onların təcrübəsi öyrənilmişdir və biz ən
müasir texnologiyaları gətirməliyik. Necə
ki, inşaatda, yol tikintisində, memarlıqda, başqa sahələrdə
biz ən müasir texnologiyaları gətiririk, bu sahəyə
də gətirməliyik. Onda məhsuldarlıq,
hətta indiki torpaq fondunu nəzərə almaqla, məhsuldarlıq
böyük dərəcədə artacaqdır. Nəzərə alsaq ki, qeyd etdiyim kimi, böyük
meliorasiya layihələri icra edilir, on minlərlə, bəlkə,
yüz min hektara qədər yeni torpaq dövriyyəyə
veriləcəkdir, görün, kənd təsərrüfatının
inkişafı üçün nə qədər şərait
yaradılacaqdır.
Ərzaq təhlükəsizliyi məsələləri
hər bir ölkə üçün vacibdir. Biz bu məsələlərlə
bir neçə ildir ki, məşğuluq. Görəndə ki, biz öz daxili
istehsalımıza arxalanmalıyıq, bu sahədəki
addımlarımız daha da təsirli olmuşdur. Yenə
də iqtisadi, maliyyə böhranı, ondan sonra bəzi
ölkələrdə quraqlıq ona gətirib
çıxarmışdır ki, bir neçə il bundan əvvəl taxılla bağlı
problemlər yaranmışdı. Ənənəvi
təchizatçılar ixracata qadağa qoymuşdular. Baxmayaraq ki, kontraktlar bağlanmışdı, ancaq
taxılın idxalı dayanmışdı və biz onda fikirləşməyə
başladıq ki, nəinki taxılçılıq sahəsində,
hər bir sahədə tələbatımızı daxildə
təmin etməliyik. Buna imkan var - bizim
gözəl torpağımız, zəhmətkeş
insanlarımız, dövlət dəstəyi vardır. Ona görə ərzaq təhlükəsizliyi enerji,
nəqliyyat təhlükəsizliyi ilə bərabər
çox ciddi məsələdir.
Biz keçmişdə
özümüzü heç vaxt ərzaq məhsulları ilə
təmin etməmişdik. Sovet dövründə ümumxalq təsərrüfatı
kompleksi var idi və bütün əsas ərzaq məhsulları
başqa respublikalardan gəlirdi. Biz
qısa müddət ərzində ciddi dönüş yarada
bilmişik. Ancaq hələ ki, ərzaq təhlükəsizliyimizi
tam şəkildə təmin etməmişik, baxmayaraq ki,
çox ciddi irəliləyiş vardır. Ona görə mən indi bəzi rəqəmləri
səsləndirmək istəyirəm. Əlbəttə,
biz bunu daim diqqət mərkəzində saxlayırıq və
biz bu rəqəmlər əsasında Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsini
də müəyyən edirik. Biz daha
çox o sahələrə kreditləri verməliyik ki, həmin
istehsal daxili tələbatı ödəyə bilsin.
Beləliklə, taxıl istehsalı
hazırda tələbatımızın 65 faizini təşkil
edir. Görüləcək tədbirlər
nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaqdır.
84 faiz olarsa, bu, yaxşı rəqəmdir, ancaq
son rəqəm deyildir. Ət -
özümüzü 88 faiz səviyyəsində təmin
edirik. 2013-cü ildə proqnoz 95 faiz
olacaqdır. Quş əti - hazırda 81
faizdir. Bu yaxınlarda quşçuluğa
daha da çox kreditlər verildi. Ona
görə də istehsal artdı və 2 ildən sonra, gələn
ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz
olacaqdır. Meyvə - 117 faiz, yəni ki, ixrac potensialı
vardır. Bostan məhsulları 100 faiz, yumurta 77
faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin
xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir,
böyük ixrac imkanları vardır. Azərbaycanda
duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Süd və süd məhsulları hazırda tələbatımızın
70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80
faiz olacaqdır. Bitki yağı - 65 faiz, kərə
yağı 50 faizdir. Bu da artmalıdır.
Yəni bu, əsas ərzaq məhsullarıdır
və bu rəqəmlər nəyi göstərir. Birinci növbədə onu göstərir ki,
doğrudan da, çox ciddi dönüş
yaradılıbdır. İkinci nəticə
ondan ibarətdir ki, gələn ilin sonuna aid gətirdiyim rəqəmlər,
artıq reallığa əsaslanır. Bu,
bizim niyyətimiz deyil. Veriləcək
kreditlər hesabına və işə salınacaq yeni müəssisələrin
fəaliyyəti nəticəsində bu, belə olacaqdır.
Ancaq, eyni zamanda, rəqəmlər onu göstərir
ki, biz bəzi pozisiyalar üzrə hələ ki daxili tələbatı
ödəyə bilmirik. Ola bilər ki, buna 4-5 il vaxt lazım olacaqdır. Ancaq
biz bunu təmin etməliyik. Həm kərə
yağı, həm bitki yağı, həm taxıl - biz bunu təmin
etməliyik. Əlbəttə ki, biz
investisiya planlarımızı müzakirə edərkən,
ilk növbədə, bax, bu cədvəli qabağımıza
qoymalıyıq və kənd təsərrüfatının
inkişafını bunun əsasında təmin etməliyik.
Eyni zamanda, biz hər bir sahədə olduğu kimi,
qabağa baxmalıyıq ki, 10 il, 20 il
bundan sonra nə olacaqdır. Ümid edirəm
ki, 2015-ci ilə qədər əsas ərzaq məhsulları
ilə özümüzü 100 faiz təmin edəcəyik.
Həm kreditlər veriləcək, yeni torpaqlar
dövriyyəyə daxil ediləcək və s. Ondan sonra nə
olacaq? Ondan sonra biz yeni bazarlar
axtarmalıyıq, yeni bazarlar tapmalıyıq və ənənəvi
bazarlara daha da böyük həcmdə öz məhsullarımızı
çıxarmalıyıq. Mən
artıq İqtisadi İnkişaf Nazirliyinin
qarşısında belə vəzifə qoydum ki, yeni
bazarların araşdırılması prosesi indidən
başlanmalıdır. İndidən ki,
biz hazırlıqlı olaq. 2015-2016-cı
illərdə bizim çox böyük həcmdə
ixracyönümlü kənd təsərrüfatı məhsulumuz
olacaqdır. Biz onları ixrac etməsək,
onda kənd təsərrüfatının
inkişafını təmin edə bilmərik. Çünki daxili bazar dolacaq, - düzdür, əhali
artır, tələbat artır, amma o qədər də
böyük həcmdə artmır. Bizdə əhali hər
il 1,5, 1,7 faiz artır. Ona
görə yeni bazarlara çıxışımız olmasa,
bu, kənd təsərrüfatının inkişafını
məhdudlaşdıracaqdır. Yeni
bazarlara çıxış üçün işləməliyik,
işləyirik və bu məsələdə müvafiq
qurumlar əlaqəli şəkildə işləməlidirlər.
Biz idxalı əvəzləyəcəyik, eyni
zamanda, ixracyönümlü məhsullarla başqa ölkələrin
bazarlarına çıxmalıyıq. Ona
görə Kənd Təsərrüfatı Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər
Nazirliyi bu məsələ ilə bağlı gərək
müzakirə aparsınlar, lazım olarsa, işçi qrupu
yaradılsın.
Bizim dünyadakı tərəfdaşlarımızın
sayı artır. Mən
giriş sözümdə də dedim, Azərbaycan ilə əməkdaşlıq
etmək istəyənlərin sayı artır, biz də istəyirik
əməkdaşlığımızı genişləndirək
və öz məhsullarımızla yeni bazarlara çıxaq
- həm ənənəvi bazarlara, həm yeni bazarlara. Biz xüsusilə Avropa bazarlarına kənd təsərrüfatı
məhsulları ilə çıxmalıyıq. Bunun üçün təkcə bizim istəyimiz
kifayət deyildir. Bunun üçün
keyfiyyətli məhsullar yetişdirilməlidir. Bizim kənd təsərrüfatı məhsullarımız
- meyvələr, tərəvəz keyfiyyətlidir, təbiidir,
tərkibində heç bir kimya yoxdur, olmamalıdır.
Bu da çox vacib məsələdir. Biz kəmiyyət dalınca qaçmamalıyıq.
Çünki indi kəmiyyət dalınca
qaçanlar keyfiyyəti itirirlər. Elə
olmasın ki, bir neçə ildən sonra bizdə də bu
meyvə-tərəvəz süni dad versin, necə ki, bəzi
ölkələrdə yeyəndə heç bilmirsən
hansı meyvədir, ya tərəvəzdir. Ona görə biz bu təbiiliyi, keyfiyyəti mütləq
saxlamalıyıq, kəmiyyəti keyfiyyətin hesabına
artırmamalıyıq. Emal müəssisələrimiz
indi çox müasirdir, xüsusilə son illər ərzində
tikilən müəssisələr. Orada
bütün sertifikatlar, standartlar olmalıdır. Avropa İttifaqının bazarlarına
çıxmaq üçün biz elə müəssisələr
yaratmalıyıq ki, bu imkanlar olsun. Yəni,
bu, çox ciddi məsələdir. Bu, bu
günün məsələsi deyil, gələcəyə
yönəlmiş bir məsələdir. Amma
biz bununla bu gün məşğul olmasaq, gecikərik.
Eyni zamanda, biz inşaat
materiallarının istehsalını daxildə
artırmalıyıq və artıracağıq. Mən burada da bir-iki rəqəmi
gətirmək istəyirəm. Hazırda Azərbaycanda
sement istehsalı daxili tələbatın 44 faizini təmin
edir, 2013-cü ildə 75 faiz, 2014-cü ildə 125 faiz
olacaqdır. Azərbaycanda tikilməkdə olan
yeni sement zavodları istifadəyə veriləcək və 2
ildən sonra bizdə 25 faiz əlavə ixrac məhsulu
olacaqdır. Biz bunu hara satacağıq?
İndi sement bazarları üçün
mübarizə gedir. Biz özümüz
bunu bilirik. Bizə sement satmaq istəyənlər
çoxdur və hər tərəfdən xahişlər gəlir
ki, bizdən alın. Yəni, bu,
reallıqdır. İndi biz də daxili tələbatımızı
təmin edəndən sonra, əlbəttə ki, xaricdən
sement almayacağıq. Hara
satacağıq, bu barədə nə vaxt fikirləşməliyik?
Bu gün. Çünki bu,
2014-cü ildə 125 faiz olacaqdır. İndidən
işlərimizi elə qurmalıyıq ki, 2014-cü ildə
heç bir problem olmasın.
Ondan başqa, dövlətin dəstəyi
ilə yaradılan böyük müəssisələr işə
düşür. Gəncədə alüminium zavodu
açıldı, 50 min ton yüksək keyfiyyətli
alüminiumun istehsalı təmin edildi. Açılış
zamanı mənə məlumat verildi ki, bu rəqəm 100 minə,
200 minə qalxacaqdır. Alüminium elə
məhsuldur ki, o, istənilən yerə satılır. Yəni, bu məhsula görə bazar axtarmaq lazım
deyildir. Ancaq biz nə etməliyik? Gəncə alüminium zavodunun yanında texnopark
yaratmalıyıq. Özəl sektor bu
işə qoşulmalıdır. Dövlət
yerlər ayırmalıdır, infrastrukturu təmin etməlidir,
özəl sektor isə hazır məhsulları
buraxmalıdır. Çünki biz əlbəttə,
alüminiumu külçə kimi də sata bilərik, ancaq
bu, yarımçıq bir iş olacaqdır. Biz
niyə alüminium məhsullarını xaricdən
almalıyıq? Özümüz
alüminium istehsal edirik, özümüz də hazır məhsulu
istehsal edək, daxildə sataq, xaricdən gələnin
qabağını kəsək və sonra xaricə də ixrac
edək. Xahiş edirəm ki, bu məsələ
ilə ciddi məşğul olun, həm sahibkarlar, həm
İqtisadi İnkişaf Nazirliyi. Gəncədə
alüminiumyönümlü texnopark yaradılmalıdır.
Kimya sənayesində texnoparkın
yaradılması prosesi başlamışdır. Böyük neft-kimya
kompleksi tikiləcəkdir. "Azərikimya"ya
bütün göstərişlər verilmişdir, Sumqayıtda torpaq
sahələri ayrılmışdır. Biz kimya sənayesində
də hazır məhsulun buraxılmasına nail
olacağıq. Kimya texnoparkının
yaradılması artıq başlamışdır. Bütövlükdə texnoparkların
yaradılması prosesi gedir. Bu, müsbət
prosesdir. Sumqayıt texnoparkı fəaliyyət göstərir,
orada 10-a yaxın müəssisə fəaliyyətdədir,
minlərlə iş yeri açılmışdır,
hazır məhsul da istənilən ölkəyə ixrac edilə
bilər. Bir texnopark da Balaxanıda məişət
tullantılarının yandırılması zavodunun
yanında yaradılacaqdır. Orada da iş yerləri
açılacaqdır və bir sahəni də Balaxanı
texnoparkı öz üzərinə götürəcəkdir.
Beləliklə, dəfələrlə qeyd
etdiyim sənayeləşmə prosesinə daha da ciddi təkan
veriləcəkdir.
Biz Azərbaycan şirkətlərini xarici
bazarlara çıxarmalıyıq. Hazırda Dövlət Neft Şirkəti
xaricdə fəal işləyir. Biz
çalışmalıyıq ki, digər dövlət
şirkətlərinə də kömək göstərək.
O şirkətlər ki, onlar xarici bazarlarda işləyə
bilər. Dövlət Neft Şirkətinin
imkanları artıq genişlənir. Mən
hesab edirəm ki, bizim aviaşirkətimiz "AZAL" xarici
bazarlara çıxmalıdır, baxmalıdır, bəlkə
hansısa başqa aviaşirkəti almaq olar. Hansısa
başqa ölkələrdə iş qurmaq olar, yəni, bu da
dövlət dəstəyi hesabına mümkün
olacaqdır. "Azərenerji", -
düzdür, indi daxildəki layihələrlə məşğuldur
və bu da təbiidir. Amma vaxt gələcək
daxildə bu layihələr başa çatacaq və onunla
paralel olaraq xarici bazarlara çıxmalıdır. Bizim Dövlət Neft Şirkəti bəzi ölkələrdə
qaz şəbəkəsini artıq idarəçiliyə
götürmüşdür. "Azərenerji"
şirkəti də bu istiqamətdə addımlar ata bilər.
Xəzər Gəmiçiliyi xarici fəaliyyətini
genişləndirməlidir, ölkə daxilində dövlət
tərəfindən verilən vəsait hesabına bərələr,
tankerlər, gəmilər alınır. Biz
eyni sistemi xaricdə də yarada bilərik. Bu barədə də düşünmək
lazımdır.
Eyni zamanda, biz özəl şirkətlərə
də kömək göstərməliyik ki, xarici bazarlara
çıxsınlar. Yenə də Xarici İşlər Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi birgə işləsinlər
və mənə konkret təklif versinlər. Mən birinci dəfə deyil ki, bu barədə
danışıram. Ancaq hələ ki, mən
belə real nəticə görmürəm. Mənə konkret təkliflər verilsin. Bizim başqa ölkələrlə hökumətlərarası
komissiyalarımız vardır. O komissiyalarda bu məsələ
müzakirə edilməlidir. Azərbaycan
şirkətləri üçün tərəfdaş
olduğumuz ölkələrdə xüsusi güzəştli
şərait yaradılmalıdır. Biz
hesab edirik ki, bu, ədalətli olar. Beləliklə,
biz özəl şirkətləri də xarici bazarlara
çıxarmalıyıq. Bizim banklar
xarici bazarlara çıxmalıdır, çıxır, daha
da sürətlə çıxmalıdır. Bir yox, iki
yox, beş, on bankımız niyə
başqa ölkələrdə işləməsin?! Niyə
orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək
verəcəkdir. Lazım olsa siyasi dəstək
də, başqa dəstək də veriləcəkdir.
Biz Azərbaycanda böyük nəqliyyat və
logistika mərkəzi yaradırıq. Beş beynəlxalq aeroportumuz, ən
müasir təyyarə parkımız vardır. Heydər Əliyev Beynəlxalq Aeroportu tikilir, yeni
aerovağzal binası nadir memarlıq abidəsi olacaqdır.
Yeni zolaqlar, Ələtdə Beynəlxalq Dəniz
Ticarət limanı tikilir. Bu, Xəzərdə
ən böyük liman olacaqdır. Bakı-Tbilisi-Qars dəmir
yolu Azərbaycan dövlətinin təşəbbüsü və
maliyyə dəstəyi ilə reallaşan layihədir, tikilməkdədir,
ümid edirəm ki, gələn il istifadəyə
veriləcəkdir. Beləliklə, Azərbaycan
bu bölgədə icra edilən layihələr hesabına
dünya miqyasında logistika və nəqliyyat mərkəzinə
çevriləcəkdir. Bizim istəyimiz
bundan ibarətdir, buna nail olacağıq və oluruq.
Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq coğrafi vəziyyət
infrastruktur olmadan heç nəyi dəyişmir. Bizim bu sahədəki siyasətimiz çox
düzgündür. Avtomobil yolları, dəmir
yolları, hava nəqliyyatı, dəniz nəqliyyatı.
Azərbaycan dövləti hər il bərələrin,
tankerlərin, təyyarələrin alınmasına, dəmir
yolu layihəsinin icrasına və sairə büdcədən
nə qədər vəsait ayırır.
Bütövlükdə gələcək
haqqında söhbət aparanda mən artıq bir neçə
dəfə bu fikri səsləndirmişəm və bir daha demək
istəyirəm ki, əlbəttə, ikinci Dövlət
proqramı uğurla icra ediləcəkdir. Heç bir şübhəm
yoxdur ki, 2013-cü ilə qədər bütün məsələlər
öz həllini artıqlaması ilə tapacaqdır. Bu barədə heç kimin şübhəsi
olmamalıdır və yoxdur. Biz
strategiyamızı müəyyən etmişik və növbəti
onillik üçün strateji inkişaf planımızı
hazırlamalıyıq - 2013-2023-cü illəri əhatə
edən strateji inkişaf planı.
Müvafiq göstərişlər
verilmişdir. İndi mən artıq detallara toxunmaq istəmirəm,
bir daha hədəfi müəyyən etmək istəyirəm.
Hədəf ondan ibarətdir kİ, növbəti 10 ildə -
2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə
çevrilməlidir. Növbəti 10 il ərzində
qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul
2 dəfə artsın. Bu, çox böyük,
çətin hədəfdir. Nəzərə alsaq ki,
ümumi daxili məhsulumuz artıq 3 dəfə
artmışdır, indi 3 dəfə artmış
iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq. Yaxşı başa düşürük ki,
artıq neft və qazın hesabına bunu artırmaq
mümkün olmayacaqdır. Çünki
biz neft hasilatının yüksək həddinə
çatmışıq, ondan çox artırmaq da lazım deyildir.
Mən hesab edirəm ki, hasilatı bu səviyyədə
saxlamalıyıq ki, daha da uzun müddət ərzində
insanlarımız bundan istifadə etsinlər. Ancaq biz
buna qeyri-neft sektorunun hesabına nail ola bilərik.
2013-2023-cü illərdə dövlət və
özəl qurumların birgə fəaliyyəti yeni mərhələyə
qədəm qoyacaqdır. Yəni, dövlət
və özəl qurumların birgə fəaliyyət
planı işlənməlidir.
Əlbəttə, biz Dövlət
İnkişaf Proqramımızı qəbul edəcəyik. 2014-2018-ci illəri əhatə
edən beşillik proqram qəbul ediləcəkdir. Amma
eyni zamanda, dövlət və özəl qurumların birgə
fəaliyyəti üzrə strateji istiqamətləri yenidən
işlənməlidir. Nəzərə almalıyıq ki,
özəl sektorumuz artıq 10 il əvvəlki
özəl sektor deyildir. Özəl sektorumuz
artıq dayanıqlı, güclü özəl sektordur və
görüləcək tədbirlər nəticəsində
daha da güclənəcəkdir. Dediyim vəzifələr
icra olunarsa, - onlar olunmalıdır, - özəl sektor daha da
güclü olacaqdır. Beləliklə,
ümumi daxili məhsulu iki dəfə artırmalıyıq və
Azərbaycanı daha da güclü ölkəyə
çevirməliyik.
Bizim siyasi çəkimiz, iqtisadi gücümüz
artır. Bunu bizi
istəyənlər də görür, istəməyənlər
də. Bizim uğurlarımıza sevinənlərin
sayı kifayət qədər çoxdur. Amma
istəməyən qüvvələr də, bədxahlar da
vardır. Onları da bir neçə qrupa
bölmək olar. Birinci növbədə
bizim əsas düşmənlərimiz dünya erməniliyi və
onların təsiri altında olan riyakar, korrupsioner,
rüşvətxor siyasətçilərdir. O siyasətçilər
ki, həqiqəti görmək istəmir və müxtəlif
yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar.
Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə
dolanan üzvləri, bəzi siyasi xadimlər və sair. Onların hamısını biz yaxşı bilirik.
Onların heç adlarını çəkmək
lazım deyildir. Bir qrup onlardır. Digər qrup, ümumiyyətlə, Azərbaycanın
müstəqil siyasətini qəbul etməyənlərdir.
Yəni, qəbul etmirlər ki, Azərbaycan
müstəqil siyasət apara bilsin. Biz
müstəqil siyasət aparırıq və
aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, Azərbaycan
xalqının maraqlarına xidmət edir. Başqa
heç kimin maraqlarına xidmət etmir və etməyəcəkdir.
Azərbaycan xalqının maraqları hər
şeydən üstündür. Bu maraqları təmin
etmək üçün biz mübarizəmizi aparırıq və aparacağıq. Nəticələr və yaxın tarix göstərir
ki, biz hətta təkbaşına mübarizədə qalib gələ
bilirik.
Üçüncü qrup isə sadəcə
olaraq, bizə paxıllıq edənlərdir. İndi Azərbaycanın
reallıqları belədir ki, doğrudan da, bizim tariximiz
inkişaf edir və uğurlar tarixidir. Baxın,
biz son müddət ərzində həm siyasi, həm iqtisadi
sahədə nə qədər böyük nailiyyətlərə
çatmışıq. Bir daha demək istəyirəm
ki, inkişaf etmiş ölkələrin reytinqləri
aşağı düşdüyü halda, bəzi inkişaf
etmiş ölkələr defolt ərəfəsində
olduğu halda, "Standard & Poor`s" Azərbaycanın
kredit reytinqini qaldırır.
Dünyanın iqtisadi sahədə ən
mötəbər "beyin mərkəzi" olan Davos
Dünya İqtisadi Forumu ölkələrin rəqabət
qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə
layiq görür, bütün MDB məkanında birincidir. Bu, hansısa qondarma
qeyri-hökumət təşkilatı deyil ki, ağzına gələni
danışsın. Dünya İqtisadi
Forumu dünya şöhrətli beynəlxalq təşkilatdır,
bu da onların rəyidir.
Azərbaycan gənc müstəqil ölkədir. Müstəqilliyimizin
cəmi 20 yaşı vardır. Ancaq biz
artıq dünyanın ən birinci qurumunun üzvüyük.
BMT Təhlükəsizlik Şurasının
üzvüyük. Biz bu haqqı çətin
mübarizədə qazanmışıq. Çünki
yolumuzdan dönməmişik, ədalətli olmuşuq və
dünya ictimaiyyətinin böyük rəğbətini
qazanmışıq. 155 ölkə Azərbaycanın
namizədliyini dəstəkləmişdir. İctimai rəy və beynəlxalq ictimaiyyət deyəndə
bu hadisəni yada salmaq lazımdır. Beynəlxalq
ictimaiyyət hansısa təşkilatın üzvləri
deyildir. O təşkilatın önəmindən
asılı olub-olmayaraq, o təşkilat və onun üzvləri
beynəlxalq ictimaiyyətin rəyini əks etdirmir. Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər
Təşkilatıdır, orada 200-ə qədər ölkə
vardır. Onların 155-i Azərbaycanı
dəstəkləmişdir. Bu,
böyük siyasi uğurumuzdur və biz artıq dünyada gedən
bütün proseslərə öz təsirimizi göstəririk,
öz sözümüzü deyirik. Biz bu
tarixi gündə, o quruma üzv seçilən gün mən
demişəm ki, Təhlükəsizlik Şurasında ədaləti
bərpa edəcəyik, ədaləti müdafiə edəcəyik
və edirik də.
Ondan sonra "Böyük iyirmilik"in
xarici işlər nazirlərinin toplantısına Azərbaycanı
dəvət edirlər. Bu, nəyi göstərir? Onu
göstərir ki, ölkəmiz dünya üçün
çox əhəmiyyətlidir. "Böyük
iyirmilik"ə 20 ölkə daxildir, ona görə də
"Böyük iyirmilik" adlandırılır. O
qrupa daxil olmayan 10 ölkə dəvət edilmişdi, onlardan
biri Azərbaycan idi. Keçmiş Sovet
İttifaqından ancaq Azərbaycan oraya dəvət edildi.
Yəni, bizi istəməyənlər buna biganə
qala bilərmi? Əlbəttə ki, yox.
Ondan sonra biz dünyanın ən gözəl
şəhərlərindən birində yaşayırıq. Bakı dünyanın ən
gözəl şəhərlərindən biridir. Tarixən belə olub, indi də biz böyük əmək
qoymuşuq, şəhərimizi daha da gözəlləşdirmişik.
Üstəgəl bizim istedadlı gənclərimizin
uğuru, "Eurovision" yarışmasında uğuru
bütün Azərbaycan xalqının, dövlətimizin
uğurudur.
Həm BMT Təhlükəsizlik Şurası, həm
"Böyük iyirmilik"ə dəvətimiz,
dünyanın mötəbər iqtisadi qurumları tərəfindən
Azərbaycana yüksək qiymətin verilməsi, "Standard
& Poor`s"un qiymətləndirməsi, "Eurovision"
müsabiqəsində qələbə. Yəni, bunlar bizi istəməyənlərin
əlbəttə ki, gözünü deşir. Ona görə
biz təəccüblənməməliyik ki, haradasa kim nə isə yazdı, kim isə
ağzını büzdü. Biz buna fikir verməməliyik,
bu, təbiidir. Əsas odur ki,
uğurlarımız hərtərəflidir və bu uğurlar
hər sahədə davam edəcəkdir. Mən
buna şübhə etmirəm. Azərbaycan
daha da güclü olacaq və bizim haqqımızda, ölkə
haqqında yazan, o böhtanlı məqalələrin müəlliflərinə
də ən gözəl cavab bizim
reallıqlarımızdır, bizim işimizdir, uğurumuzdur.
Azərbaycan dinamik ölkədir. Azərbaycan güclü
ölkədir. Bizim dostlarımızın
sayı artır. Amma istəməyənlər
də var və olacaqdır. Ancaq onların
ayağımıza dolaşması bizi seçdiyimiz bu yoldan
döndərə bilməz. Bizim yolumuz ədalət
yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi
yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik.
Sağ olun!
AzərTAc
Azərbaycan.- 2012.- 29 fevral.- S.1-5.