Azərbaycan
Prezidenti İlham Əliyev Pakistan Senatının sədr
müavininin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də
Pakistan İslam Respublikası Senatının sədr
müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə
Pakistan arasında dostluq və tərəfdaşlıq
münasibətlərinin uğurla inkişaf etdiyini
vurğuladı. Prezident
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması ilə
bağlı ölkəmizə verdiyi davamlı dəstəyə
və Pakistan parlamentinin Xocalı faciəsini
soyqırımı kimi tanımasına görə Pakistan
İslam Respublikasına minnətdarlığını ifadə
etdi. Prezident İlham Əliyev əməkdaşlığımızı
bütün istiqamətlərdə, o cümlədən
parlamentlərarası əlaqələr sahəsində daha da
möhkəmləndirməyin önəmini qeyd etdi.
İqtisadi sahədə əməkdaşlığımıza
toxunan dövlət başçısı Azərbaycan-Pakistan
Hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətini
intensivləşdirməyin zəruriliyini bildirdi. Dövlət
başçısı Azərbaycan ilə Pakistanın beynəlxalq
təşkilatlarda bir-birilərini daim dəstəkləmələrini
bir nümunə kimi dəyərləndirdi.
Pakistan İslam Respublikası Senatının sədr
müavini Mir Can Camali ölkəmizə ilk dəfə
1993-cü ildə səfər etdiyini və ulu öndər
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi istiqamətində mühüm
addımlar atdığını ehtiramla xatırladı. O, ötən
dövr ərzində Azərbaycanda çox böyük
inkişaf proseslərinin şahidi olduğunu dedi. Mir Can Camali ölkəsinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bağlı Azərbaycanın
mövqeyini bundan sonra da dəstəkləyəcəyini
bildirdi. O, ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o cümlədən
iqtisadi və parlamentlərarası əlaqələr sahəsində
daha da genişləndirməyin zəruriliyini qeyd etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 29 fevral.- S. 5.