Naxçıvan
Muxtar Respublikası Ali
Məclisində müşavirə keçirilmişdir
Fevralın 27-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisində tikinti sektorunda əməyin
təşkili, təhlükəsizlik qaydalarına riayət
olunması və muxtar respublikada yanacaq ehtiyatının
yaradılması məsələlərinə həsr
olunmuş müşavirə keçirilmişdir.
AzərTAc xəbər verir ki, müşavirədə
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci
müavini Asəf Məmmədov, əmək və əhalinin
sosial müdafiəsi naziri Cavid Səfərov və muxtar
respublikanın prokuroru Səbuhi Şahverdiyev tikinti sektorunda əməyin
təşkilinin vəziyyəti və təhlükəsizlik
qaydalarına riayət olunmasının vəziyyəti barədə çıxış
etmişlər.
Naxçıvan Muxtar Respublikasının Baş naziri
Əlövsət Baxşıyev, muxtar respublikanın daxili
işlər naziri Əhməd Əhmədov, fövqəladə
hallar naziri Şamı Abdullayev, iqtisadi inkişaf naziri Famil
Seyidov, vergilər naziri Əli
Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Asəf
Məmmədov, Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev,
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı
Müəssisəsinin direktoru Bəhruz Əzimov və
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur
Gülməmmədli müzakirə olunan məsələlərlə
əlaqədar məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov demişdir ki, ölkəmizdə təsdiq
olunmuş dövlət proqramları, həyata keçirilən
layihələr nəticəsində tikinti işlərinin həcmi
ildən-ilə artır. Nəticədə minlərlə
iş yerləri açılır, məşğulluq problemi
aradan qaldırılır, əhalinin rifah halı
yaxşılaşdırılır. Naxçıvan Muxtar
Respublikasında da tikinti-quraşdırma və abadlıq
işlərinin həcmi ildən-ilə öz əhatə dairəsini
genişləndirir. Muxtar respublikanın tikinti təşkilatlarında
12 min nəfərə yaxın işçi
çalışır. Ötən il bir işçiyə
hesablanmış orta aylıq əməkhaqqının həcmi
420 manatdan çox olmuşdur. Bu
göstəricilər tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu
və əhəmiyyətini göstərməklə
yanaşı, bu sahədə əməyin
təşkili və təhlükəsizlik məsələlərinə
diqqətin artırılmasını da zəruri
məsələlər sırasına çıxarmışdır.
Bununla bağlı müşavirənin keçirilməsində
məqsəd tikinti, əsaslı təmir, yenidənqurma və
bərpa işləri zamanı tikinti aparan sifarişçilər
və inşaat işlərini yerinə yetirən şəxslər
tərəfindən tikinti norma və qaydalarına riayət
olunmasını təmin etmək, yol verilmiş
nöqsanların aradan qaldırılması üçün
müvafiq tədbirləri həyata keçirmək,
insanların həyatı, sağlamlığı və əmlakı
üçün təhlükə yaradan işlərin
qarşısını vaxtında almaq və yüksək
tikinti mədəniyyətini formalaşdırmaqdan ibarətdir.
Qeyd olunmuşdur ki, tikinti sektorunda əməyin təşkili
və təhlükəsizlik qaydalarına riayət olunması
məsələləri hələ ötən il iyun
ayının 8-də Ali Məclisdə "İstehsalatda
baş verən bədbəxt hadisələr və onların
aradan qaldırılması sahəsində görülən tədbirlər"lə
bağlı keçirilən müşavirədə
müzakirə olunmuş və müvafiq tapşırıqlar
verilmişdir. Ötən müddət ərzində bu sahədə
bir çox işlər həyata keçirilmişdir. Lakin hələ
də bu istiqamətdə görüləsi bir çox vacib
işlərin icra olunmaması, bəzi
çatışmazlıqların mövcudluğu və yeni
tikinti mövsümünün yaxınlaşması inşaat
sektorunda qarşıda duran məsələlərin bir daha nəzərdən
keçirilməsini zəruri etmişdir.
Ali Məclisin Sədri müşavirədə aidiyyəti
təşkilatlara müvafiq tapşırıqlar vermişdir.
Müşavirədə muxtar respublikada yanacaq
ehtiyatının yaradılması barədə məsələlər
də müzakirə olunmuşdur.
Azərbaycan.-2012.- 29 fevral.- S.5.