Rəcəb
Tayyib Ərdoğan Xocalı faciəsi ilə
bağlı TBMM-də çıxış etmişdir
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
Böyük Millət Məclisində lideri olduğu Ədalət
və İnkişaf Partiyasının qrup toplantısında
Xocalı soyqırımından bəhs etmişdir.
Türkiyə hökumətinin başçısı
demişdir ki, fevralın 26-da çox anlamlı, kədərli
bir ildönümü yaşadıq. Xocalıda iyirmi ilə əvvəl
63 uşaq, 106 qadın, 70-dən çox yaşlı adam
olmaqla 613 məsum insan ermənilər tərəfindən
amansızlıqla qətlə yetirilmişdir.
R.T.Ərdoğan demişdir ki, qətlə
yetirilmiş qardaş və bacılarımı bir daha rəhmətlə
yad edirəm, Azərbaycana bir daha Türkiyənin həmrəylik
mesajlarını çatdırıram.
Bu faciənin ildönümü İstanbul başda
olmaqla bir çox şəhərdə anılmış, mənfur
cinayət bütün dəhşəti ilə bir daha lənətlənmişdir. Hər kəs bilsin ki, Xocalı qətliamını
unutmayacağıq və unutdurmayacağıq. Orada qətlə
yetirilmiş qardaşlarımızın, məsum insanların
xatirəsini əziz tutmağa davam edəcəyik. Lakin hər
zamankı kimi, nifrəti və kini artıran deyil,
sülhü, ədaləti və hüququ müdafiə edən
tərəf olacağıq.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2012.- 29 fevral.- S.5.