Yulian Fota: Rumıniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlıyıq

 

Fevralın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunmuşdur. Azərbaycan torpaqlarının bu günədək işğal altında qaldığını diqqətə çatdıran nazir Minsk qrupunun fəaliyyətinin də konkret nəticə vermədiyindən təəssüfləndiyini bildirmişdir.

Görüş zamanı Yulian Fota Rumıniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə etmişdir.

Qonaq həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu da vurğulamışdır.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 fevral.- S.5.