İdman
yarışlarında Azərbaycan bayrağı
qaldırılanda bu, həm də
«Xocalıya ədalət» hayqırtısı olacaq
Fevralın 26-da paytaxtımızda XX əsrin ən dəhşətli
faciələrindən biri sayılan Xocalı
soyqırımının 20-ci ildönümü ilə əlaqədar
ümumxalq yürüşü keçirildi. Bakının
Azadlıq meydanından başlayan, Prezident İlham Əliyevin
iştirak etdiyi ümumxalq yürüşündə əsas məqsəd insanlığa qarşı törədilmiş
bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq idi.
Ümumxalq yürüşündə iştirak edən
insanlar Xocalı soyqırımı abidəsi önündə
faciənin qurbanlarının xatirəsini hüznlə yad
etdi. "Xocalıya ədalət!", "Xocalını
unutmayın!", "Xocalı - əsrin
soyqırımı!" şüarları müxtəlif dillərdə
səsləndirildi.
Respublikamızın tanınmış
idmançılarından bəziləri ilə
görüşüb söhbət etdik. Onlardan ümumxalq
yürüşü barəsində fikirlərini öyrəndik.
Çünki hər bir ölkənin bayrağının
yüksəklərə qaldırılmasında
idmançıların da rolu var. Beynəlxalq idman turnirlərində
qazanılan uğurlar ölkənin dünyada
tanınmasında əvəzsiz rol oynayır.
Müsahiblərimizdən biri "Neftçi"
futbol klubunun və milli komandamızın aparıcı
futbolçusu Ruslan Abışovdur. O qeyd etdi ki, XX əsrin dəhşətli
faciələrindən biri olan Xocalı soyqırımı bəşər
tarixində ən qanlı olaylar sırasında daim
xatırlanmaqla yanaşı, ermənilərin əsl mahiyyətinin,
iç üzünün ifşa edilməsi baxımından da
mühüm əhəmiyyət kəsb edir. Tarixlə daim
maraqlanan insan kimi bildirmək istərdim ki, Xocalı faciəsi
Srebrenitsa, Ruanda soyqırımları ilə bir cərgədə
dayanır. Bu çox ağır bir qətliamdır. Ermənilər
Qarabağın digər ərazilərində də bu cür
faciələr törətməyə çalışsalar
da, qətliamlardan ən dəhşətlisi
Xocalıda həyata keçirildi.
Ruslan Abışov qeyd etdi ki, milli komanda xaricdə təlim-məşq
toplanışında olduğundan fevralın 26-da
Bakıdakı ümumxalq yürüşünü televiziya
vasitəsilə canlı izləyib: "Bu yürüş
dünyaya açıq bir mesaj idi. Bütün dünya
ictimaiyyəti bir daha gördü ki, ermənilərin
xalqımıza qarşı yönəlmiş Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı
ilə bəşər tarixində bir vəhşilik
aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir. İnanın, bu artıq onu
deməyə əsas verir ki, dövlət
başçısının uğurlu siyasəti nəticəsində
yaxın gələcəkdə biz bu yürüşü
Qarabağa, Xocalıya doğru edəcəyik. Çünki cənab
Prezident İlham Əliyev Azərbaycan ərazilərini
işğaldan tam azad etməyə qadir olan ordu yaradıb. Azərbaycan
gənci isə bu gün Ali Baş Komandanın əmrini
gözləyir.
Sonda bir məqamı da
vurğulamaq istərdim ki, "Neftçi"də
çıxış edən bir neçə legioner
futbolçu bu dəhşətli soyqırımı
kadrlarını izlədikdən sonra gözlərindəki
yaşı saxlaya bilmədi. Dəfələrlə ermənilərin
nə qədər qəddar, işğalçı bir millət
olduqlarını vurğuladılar".
Pauerliftinq üzrə dəfələrlə dünya
və Avropa çempionu olmuş Vüqar Namazov isə belə
bir yürüşün təşkil edilməsinin gələcək
nəslin vətənpərvərlik ruhunda böyüməsi
üçün çox vacib addım olduğunu qeyd etdi:
"Dövlət başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilmiş bu yürüş nəticəsində
Xocalı soyqırımı ilə bağlı dünya
ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə
yaşayan soydaşlarımız soyqırımının
tanınması ilə bağlı təbliğata cəlb
olundu. Nəticədə erməni təcavüzü, onun
işğalçı siyasəti, Azərbaycan xalqına
qarşı törətdiyi vəhşilik, bir sözlə, o
günə qədər dünyaya naməlum qalan çox həqiqətlər
gün işığına çıxır və
çıxmaqda davam edir. Hazırda həqiqətlərin
dünyaya çatdırılması, beynəlxalq təşkilatların
diqqətinin regiona yönəldilməsi və Ermənistanın
bölgədə apardığı təcavüzkar siyasəti
ifşa olunmaqdadır. Bir sıra ölkələrdə
yaşayan idmançılar mənə zəng edərək,
bu soyqırımını pislədilər. Xocalı soyqırımı
Avropada, Amerika Birləşmiş Ştatlarında qeyd edilir,
ağır cinayət qəti şəkildə pislənilir.
Bu, cənab Prezident İlham Əliyevin uzaqgörənliklə
istiqamətləndirdiyi təbliğatın, ümumi səylərin
nəticəsidir. Bundan sonra hər hansı bir ölkədə
keçirilən idman yarışlarında Azərbaycan
bayrağı qaldırılarsa, bu, biz idmançıların
timsalında "Xocalıya ədalət"
hayqırtısı olacaq.
Kikboksinq üzrə dünya və Avropa çempionu
Musa Abdullayev: "Ümumxalq yürüşü bir daha onu
göstərdi ki, Azərbaycan heç zaman işğal
altındakı torpaqlarının daim belə vəziyyətdə
qalmasına razı olmayacaq. Bütün dünya, bəşəriyyət
Xocalı faciəsini soyqırımı kimi qəbul edəcək.
Hər bir türk Xocalı
soyqırımının, Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması, bu ağır faciəni törədənlərin
öz layiqli cəzasını alması üçün
çalışmalıdır. Xocalı soyqırımı,
Dağlıq Qarabağ problemi bütün türk
dünyasının problemidir. Biz idmançılar
inanırıq ki, dövlət başçısının
layiqli siyasəti nəticəsində ermənilərin
iç üzünü bütün dünya görəcək".
M.Abdullayev onu da bildirdi ki, dəfələrlə
dünya və qitə miqyaslı turnirlərdə qələbələr
qazanmışıq. Dövlət himnimiz səslənmiş,
bayrağımız yüksəklərdə
dalğalanmışdır. İdmançılar adından
bir daha demək istərdim ki, cənab Prezident, Azərbaycan gənci,
Azərbaycan əsgəri bu qələbəni Qarabağda da təmin
etməyə, Ali Baş Komandanımızın "Zəfərə
doğru irəli!" əmrini ləyaqətlə yerinə
yetirməyə tam hazırdır.
Beləliklə, idman həm məqsəd, həm də
vasitədir. Dövlət idmanın inkişafına
qayğı göstərir, idman da öz növbəsində
dövlətçiliyə, milli maraqlara, əhalinin, gələcək
nəslin sağlamlığına xidmət edir. Hər
şey düzgün təşkil olunduqda idman özünü
dövlətçiliyin vacib amillərindən biri kimi
büruzə verir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 29 fevral.- S.9.