Sumqayıt
hadisələri ilə bağlı təzələnmiş
istintaqın gedişində əsl təqsirkarlar aşkar olunacaqlar
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
FUAD ƏLƏSGƏROVUN AzərTAc-a müsahibəsi
- Sumqayıt hadisələrinin 24-cü
ildönümü tamam olur. Ötən il konqresmen Adam Şiff
ABŞ Konqresində bu məsələni qaldırmağa
çalışdı. Bu il Kaliforniya ştatının
qanunvericilik orqanında Sumqayıtda "erməni
soyqırımı" ilə bağlı hətta qanun layihəsi
irəli sürüldü. Sizcə, biz getdikcə növbəti
uydurma erməni soyqırımı layihəsi təhlükəsi
ilə üz-üzə deyilikmi?
- Uzun illər ərzində erməni tərəfi
öz separatçı və işğalçı siyasətinə,
Xocalı soyqırımına və Azərbaycan
torpaqlarında törətdiyi digər cinayətlərə bəraət
qazandırmaq cəhdində Sumqayıt hadisələrinə
istinad edir.
Ölkəmizin ərazisinin 20 faizini işğal
etmiş və etnik təmizləmə siyasəti həyata
keçirmiş Ermənistan Sumqayıt hadisələrini Azərbaycanın
təşkil etdiyi məqsədyönlü akt kimi təqdim
edir. Hələ 1988-ci ildə başlanmış bu təbliğat
kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların
ermənilərə qarşı qəddarlığı, ermənilərin
azərbaycanlılar ilə bir dövlət tərkibində
birgə yaşamalarının mümkün olmaması
ideyasının aşılanmasına yönəlmişdir.
Erməni tərəfi öz yalanlarını həqiqət
kimi təqdim etmək məqsədi ilə faktların təhrif
edilməsi, sənədlərin saxtalaşdırılması
və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd
etmədən əl atır. Belə uydurma məlumatlar
İnternet şəbəkəsində kütləvi şəkildə
yerləşdirilir, onların yayılması üçün
xüsusi saytlar yaradılır.
Əgər bu, əvvəllər yalnız təbliğatla
məhdudlaşırdısa, hazırda Sumqayıtda uydurma erməni
soyqırımına hüquqi don geydirilməsi istiqamətində
fəaliyyətə başlanılmışdır. Erməni
diasporunun uydurma 1915-ci il erməni soyqırımının
xarici ölkələrdə tanıtdırılması,
Türkiyənin üzərinə məsuliyyətin
qoyulması və hətta Fransadakı kimi onun inkar edilməsinin
kriminallaşdırılması istiqamətində davamlı
şəkildə həyata keçirdiyi siyasət son illər
Sumqayıt hadisələrinin təqdimatında da
özünü büruzə verməyə başlamışdır.
Belə ki, son vaxtlar Ermənistan Sumqayıt hadisələrinin
azərbaycanlılar tərəfindən "ermənilərə
qarşı soyqırımı" olması fikrini tez-tez səsləndirir
və belə bəyanatlarla müxtəlif beynəlxalq
qurumlara müraciət edir, erməni diasporu isə xarici
ölkə parlamentlərində məsələ
qaldırmağa cəhd göstərir.
Azərbaycan dövləti erməni tərəfinin
dezinformasiya xarakteri daşıyan fəaliyyətini diqqətlə
izləyir, bunun qarşısının alınması
üçün zəruri tədbirlər görür. Hazırda
Sumqayıt hadisələrinə ədalətli siyasi və
hüquqi qiymətin verilməsi, eləcə də bu hadisələrin
təqdimatında uydurma erməni versiyasının
ifşası istiqamətində işlər
görülür.
İlk növbədə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası tərəfindən
hazırlanmış üçdilli www.sumqait.org
saytının açılmasının əhəmiyyətini
vurğulamaq istərdim. Saytın yaradılmasının əsas
məqsədi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin əsl səbəblərini
göstərmək və onun yaranması ilə ermənilərin
təbliğat maşınının uydurduğu saxta
Sumqayıt soyqırımını ifşa etməklə Sumqayıt
hadisələri barədə əsl həqiqətləri
geniş ictimaiyyətə çatdırmaq, Azərbaycan və
Azərbaycan xalqı barədə 20 il ərzində dünya
ictimai rəyində ermənilərin formalaşdırmağa
çalışdıqları mənfi obrazı
dağıtmaqdır. Sumqayıt hadisələrinin əvvəlcədən
təşkil olunmuş erməni provokasiyası olmasını
sübut edən bütün materiallar saytda yerləşdirilmişdir.
Fəaliyyət yalnız saytın açılması
ilə məhdudlaşmır. Ermənilərin ifşa edilməsi
üçün filmlər çəkilir, məqalələr,
kitablar yazılır, xarici dillərə tərcümə
edilir, beynəlxalq səviyyədə gərgin iş
aparılır.
Yalnız Sumqayıt hadisələri deyil, Xocalı
faciəsi, ümumilikdə Dağlıq Qarabağ
münaqişəsi, onun səbəbləri və
xalqımız üçün ağır nəticələri
barədə məlumatların beynəlxalq ictimaiyyətə
çatdırılması münaqişənin ədalətli
həlli üçün vacib şərtlərdən biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə
qeyd etmişdir ki, Azərbaycan problemin danışıq yolu ilə
beynəlxalq hüquq prinsipləri əsasında ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
nizamlanmasının tərəfdarıdır. Lakin sülh
prosesi yalnız o halda səmərə verə bilər ki,
prosesin iştirakçılarının hərəkətləri
və qərarları həqiqi məlumatlara əsaslansın.
Bu səbəbdən erməni tərəfinin
yaydığı uydurmalar və əsassız iddialar sülh
prosesi üçün yalnız və yalnız əngəllər
törədir və onun effektivliyini böyük şübhə
altında qoyur.
Bu məlumatlar müasir informasiya texnologiyalarından
istifadə edilməklə bütün beynəlxalq
platformalarda daim yayılmalıdır ki, dünya ictimai rəyində
qeyd olunan məsələlərlə bağlı obyektiv
mövqe formalaşsın. Türkiyənin bu gün
qarşılaşdığı problemlərlə gələcəkdə
qarşılaşmamağımız üçün biz
informasiya müharibəsində situativ taktikadan uzaqlaşaraq
qabaqlayıcı strategiyaya keçməliyik. Yəni, hadisələrin
ardınca deyil, əksinə, onların önündə getməliyik,
daim qabaqlayıcı mövqedə olmalıyıq. Bu
çağırışlara cavab olaraq yalnız sistemli
siyasi, hüquqi tədbirlər və ardıcıl fasiləsiz
effektiv təbliğat gələcəkdə uydurma erməni
layihələrinin öz hədəflərinə
çatmayacağına təminat verə bilər.
- 1988-90-cı illərdə Sumqayıt hadisələrinə
hüquqi qiymət verilməmişdirmi?
- Erməni millətçiliyinin ideoloqları -
Şaxnazarov, Aqanbekyan, Kaputikyan, Balayanın separatçı
ideyalarının təsiri altında olan, eyni zamanda öz
siyasi maraqlarını güdən Qorbaçov tərəfindən
erməni millətçi və separatçılarına
göstərilən dəstək artıq çoxdan sübut
olunmuşdur. Məhz Mixail Qorbaçovun Silva Kaputikyan və
Zori Balayan ilə görüşü bütün erməni
millətçilərini ruhlandırmışdı. Onlara
Dağlıq Qarabağın Azərbaycandan qoparılması
üzrə mübarizənin "rəsmi səbəbi" kimi
yalnız qanlı təxribat lazım idi. Belə
"rəsmi səbəb" isə Sumqayıt
iğtişaşları oldu.
Çox təəssüf ki, Sumqayıt şəhərində
təşkil olunmuş kütləvi iğtişaşlarla
bağlı 1988-90-cı illərdə aparılmış
istintaq və məhkəmə prosesləri nəticəsində
həmin hadisələrə ədalətli hüquqi qiymət
verilməmişdir. Onun əsl sifarişçiləri və təşkilatçıları
müəyyən edilib məsuliyyətə cəlb
olunmamışlar. Əksinə, SSRİ Prokurorluğunun
istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin
xuliqanlıq edən elementlər tərəfindən törədilməsi
versiyası üzərində dayanmış və həmin
versiyanın rəsmiləşdirilməsi istiqamətində
iş aparmışdır.
Məhz Sumqayıt hadisələrinə obyektiv siyasi və
hüquqi qiymətin verilməməsindən istifadə edən
erməni separatçıları Dağlıq Qarabağın
Azərbaycanın tərkibindən zorla
çıxarılması prosesinə başlamışlar. Sumqayıt
hadisələrindən dərhal sonra Ermənistanda, sovet mətbuatında
və beynəlxalq səviyyədə Azərbaycana
qarşı informasiya kampaniyasına start verilmişdir. Bu
kampaniya artıq 24 ildir ki, ardıcıl şəkildə
davam etdirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra erməni təbliğat
maşınının Azərbaycan əleyhinə fəaliyyətinin
qarşısını almaq, həmçinin Sumqayıt hadisələrinin
erməni provokasiyası olmasını dünya ictimaiyyətinə
çatdırmaq məqsədilə o dövr
üçün bütün mümkün vasitələrdən
istifadə edilmiş və Azərbaycan barədə ermənilərin
formalaşdırdığı mənfi obrazı
dağıtmağa nail olunmuşdur.
Cinayətin əsl təşkilatçılarını
məsuliyyətə cəlb etmək üçün
müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və
bunun üçün hüquqi əsasların müəyyən
olunması məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə Baş Prokurorluq Sumqayıt
şəhərində törədilmiş kütləvi
iğtişaşlarla bağlı cinayət işləri
üzrə istintaqı təzələmişdir. İstintaqın
hərtərəfli aparılması üçün Baş
prokurorun birinci müavininin rəhbərliyi ilə istintaq-əməliyyat
qrupu yaradılmışdır.
İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin
çoxsaylı şahidlərinin, həmin hadisələrdən
məlumatı olan digər insanların, o cümlədən SSRİ
Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri
alınmış, xarici ölkələrə müvafiq
sorğular göndərilmiş, arxiv sənədləri
açılmış, mətbuatda verilmiş məlumatlar təhlil
edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri
həyata keçirilmişdir.
- Aparılan istintaq nəticəsində hansı yeni
faktlar aşkar olunmuşdur?
- Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət
orqanları tərəfindən təşkil edilməsi barədə
məlumatlar hələ 1989-90-cı illərdə
aparılmış istintaq zamanı əldə edilmişdir.
Lakin bu məlumatlar SSRİ Prokurorluğunun istintaq
qrupu tərəfindən
araşdırılmamışdır. Əksinə, kütləvi
iğtişaşların təşkilatçılarını
aşkara çıxara bilən məlumatlar ört-basdır
edilmişdir. İstintaq Eduard Qriqoryan istisna olmaqla,
iğtişaşların yalnız azərbaycanlı
iştirakçılarının məsuliyyətə cəlb
edilməsi ilə məhdudlaşmışdır. Başqa
sözlə, iğtişaşlarda bilavasitə iştirak edən
erməni millətindən olan digər təxribatçılar
məsuliyyətə cəlb olunmamışlar.
Azərbaycanın hüquq-mühafizə
orqanlarının sorğularına Ermənistandan və
Moskvadan abstrakt, heç bir informasiya daşımayan cavablar
göndərilmiş, E.Qriqoryanın erməni millətçiləri
ilə əlaqələrinin müəyyən edilməsinə
yönəlmiş əməliyyat-axtarış tədbirlərinin
keçirilməsinə imkan verilməmişdir. Belə şəraitdə
talanların kimlər tərəfindən təşkil edilməsi,
Sumqayıt provokasiyasının arxasında kimlərin
dayanması ilə bağlı əsas suallar cavabsız
qalmışdır.
Yeni faktlar isə onu göstərir ki,
iğtişaşların törədilməsinə
hazırlıq hələ xeyli müddət əvvəl
başlamışdı. Sumqayıt hadisələri ərəfəsində
Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və
Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə
erməni olan şübhəli şəxslər gəlmiş,
onların bir qismi yığcam olaraq mehmanxanalarda və yerli
ermənilərin mənzillərində yerləşdirilmişdir.
Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə
çoxsaylı görüşlər keçirmiş,
onları təlimatlandırmış, baş vermiş
kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa
çıxmışlar. Dövlət Təhlükəsizlik
Komitəsinin açılmış arxiv materiallarından məlum
olmuşdur ki, Dağlıq Qarabağ
separatçılarının emissarları, eyni zamanda,
SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov və digərləri
Sumqayıt hadisələrində fəal iştirak etmiş və
həmin hadisələrdən dərhal sonra Orta Asiya
respublikalarına ezam olunmuşlar. Agentlərin izləri
sonradan Özbəkistan və Qırğızıstandakı
hadisələr zamanı aşkar olunmuşdur. Bu,
Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş
SSRİ-nin digər yerlərində baş vermiş təxribatların
bir mərkəzdən təşkil və idarə edilməsini
birmənalı təsdiqləyir.
Sumqayıtda baş vermiş kütləvi
iğtişaşların ssenarisi E.Qriqoryan, onun iki
qardaşı, Dağlıq Qarabağdan xüsusi
tapşırıqlarla gəlmiş erməni emissarları və
Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agentləri
tərəfindən həyata keçirilmişdir. Belə ki, DTK-nın arxiv
materiallarından görünür ki, Sumqayıtda separatçı "Qarabağ" komitəsinin fəalı olan Pxakadze, "Qarabağ" və "Krunk"
millətçi cəmiyyətlərinin digər fəalları
təxribat xarakterli fəaliyyətlə məşğul
olmuşlar. Sonradan məhkəmə
prosesinin gedişinə daim
müdaxilə edərək E.Qriqoryanı təlimatlandıran
Levon Saturyanın DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti
üzrə şöbəsinin əməkdaşı
olması da təsadüfi deyildi.
E.Qriqoryanın iğtişaş ərəfəsində
və iğtişaş günü əlaqə
saxladığı təxribat törətmiş şəxslərin
kimliyi ilə bağlı istintaq zamanı əldə edilən
məlumatlar sonradan cinayət işindən müəmmalı
şəkildə yoxa çıxmışdır. Bundan əlavə,
özlərini "Qafandan qovulmuş azərbaycanlılar"
kimi qələmə verən, azərbaycanlıların Ermənistanda
ermənilər tərəfindən qəddarlıqla
öldürülmələri barədə şayiələr
yayan 20-25 nəfərdən ibarət təxribatçı
qrup barədə məlumatlar SSRİ Baş Prokurorluğunun
istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum
səbəblərdən onların yoxlanılması təmin
edilməmişdir. Bundan əlavə, erməni evlərinə
hücum edənlər arasında Qarabağ ermənilərinin
iştirak etməsinə dair zərəçəkənlərin
ifadələri nəzərə alınmamış və bu
faktlar araşdırılmamışdır.
Emissarlar E.Qriqoryana Sumqayıtda yaşayan və
separatçıların yaratdığı
"Qarabağ" və "Krunk" təşkilatlarına
üzv olmaq istəməyən, üzvlük haqqı verməkdən
imtina edən ermənilərin siyahısını və dəqiq
ev ünvanlarını vermişlər. Bunu hazırda
Sumqayıtda yaşayan qarışıq nikahlarda olan ermənilər
də təsdiq edirlər. DTK-nın açılmış
arxiv materiallarından məlum olur ki, əksinə,
Sumqayıtda adları və ünvanları məlum olan 47 erməni
millətçisinin heç biri iğtişaşlar zamanı
şəxsən zərər çəkməmişdir.
Erməni emissarları təcavüzkarlığı
artırmaq məqsədi ilə iğtişaş
iştirakçılarına paylanması üçün
E.Qriqoryanı psixotrop dərman və spirtli içkilərlə
təmin etmiş, Qriqoryan qardaşları ilə birgə
iğtişaş iştirakçılarına soyuq silah
paylamışlar.
Sumqayıtda təxribatın hazırlanmasını
göstərən növbəti sübut. Şəhəri bir çox erməni
əvvəlcədən tərk etmiş, 1988-ci ilin yanvar-fevral
aylarında ermənilər tərəfindən Sumqayıt
şəhərindəki əmanət kassalarından
pulların çıxarılması da kütləvi hal
almışdı. Sumqayıtda ermənilərə
qarşı törədilmiş cinayətlərin
miqyasını süni surətdə genişləndirmək və
onların azərbaycanlılar tərəfindən törədildiyini
iddia etmək məqsədilə ermənilər
köçüb gedərkən öz mənzillərini
boşaldaraq qəsdən yanğınlar törətmişlər.
Talançıların hərəkət etdikləri
marşrut üzrə yerləşdirilmiş naməlum şəxslər
kütləvi iğtişaşlarda iştirak edənlərin
bütün hərəkətlərinin videoçəkilişini
aparmış və operativ şəkildə həmin
kadrları Qərb telekanallarına göndərmişlər. Şübhəsiz
ki, çəkiliş aparan şəxslər
talançıların planları haqqında əvvəlcədən
məlumatlı olmuşlar.
Bilirsiniz ki, hadisələr zamanı həlak olan 32 nəfərdən
6-sı azərbaycanlı olmuşdur. Çox təəssüf
ki, azərbaycanlıların ölümü ilə
bağlı cinayət işinə 1988-ci il dekabrın 30-da
xitam verilmişdir. Hazırda istintaqla müəyyən
edilmişdir ki, Bakı sakini olan erməni millətçisi
Valeri Markaryan sovet əsgərlərini Sumqayıt şəhərinə
gətirdikdən sonra şəraitdən istifadə edərək
avtobusu küçədə dayanmış dinc insanların
üstünə sürərək 4 nəfər azərbaycanlını
qəsdən öldürmüşdür. Hazırda bu fakta
hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin
həll edilməsi üçün zəruri istintaq tədbirləri
görülür.
Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən
törədilməsi görüntüsünü yaratmaq
üçün SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən
şahid ifadələri
saxtalaşdırılmışdır. Belə ki, mitinqdə
çıxış etmiş azərbaycanlıların əksəriyyəti
faktiki mitinq iştirakçılarını təxribatdan
çəkinməyə çağırdıqları halda,
onlar istintaqa "ekstremist" kimi təqdim edilmiş və
onların barəsində cinayət təqibi həyata
keçirilmişdir. Halbuki Sumqayıt erməniləri istintaq
zamanı dindirilərkən əksinə, məhz azərbaycanlılar
tərəfindən xilas edildiklərini dəfələrlə
söyləmişlər.
Sonda bir daha qeyd etmək istərdim ki, təzələnmiş
istintaqın gedişində əsl təqsirkarların
aşkar edilməsi məqsədilə yeni halların
açılması istiqamətində fəaliyyət davam
etdirilir. Əminəm ki, bütün təqsirkar şəxslər
məsuliyyətə cəlb olunacaqlar.
AzərTAc
Azərbaycan.- 2012.- 29 fevral.- S.6.