ATƏT
PA-nın 2014-cü il yaz
sessiyası Azərbaycanda keçiriləcək
Milli Məclis Sədrinin müavini Bahar
Muradova: "Həmin vaxtadək Azərbaycanın
inkişafı, mövcud durumu barədə geniş məlumatlar
üzv dövlətlərə çatdırılacaq"
"ATƏT Parlament Assambleyasının (ATƏT PA)
2014-cü il yaz sessiyasının Bakıda keçirilməsi
ilə bağlı razılıq əldə olunub. İqtisadi
məsələlərə həsr olunacaq sessiyada Azərbaycanın
təklif edəcək bir neçə layihələri
olacaq". Bunu dünən Milli Məclisdə keçirilən
mətbuat konfransında ATƏT PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini
Bahar Muradova söyləyib. Qeyd edək ki, parlamentdə təşkil
olunan mətbuat konfransında həm Azərbaycanın ATƏT
PA-dan, həm də Avronest PA-dakı nümayəndə heyətlərinin
səfərləri barədə geniş məlumat verilib.
Bakıda keçirilməsi nəzərdə tutulan
sessiyadan danışan Bahar Muradova bildirib ki, 2014-cü ilə
kimi ATƏT PA tədbirləri çərçivəsində
Azərbaycanın inkişafı, mövcud durumu barədə
məlumatlar üzv dövlətlərə
çatdırılacaq. Eyni zamanda, avropalı həmkarlarını
may ayında Bakının ev sahibliyi edəcəyi 57-ci
"Evrovizion" mahnı müsabiqəsinə dəvət
edən Bahar Muradova bu tədbirin Azərbaycan xalqının mədəniyyəti,
adət-ənənələri, milli dəyərləri və
qonaqpərvərliyi ilə ölkəmizə gələnlərin
yaxından tanış olmaları üçün gözəl
fürsət yaradacağını vurğulayıb.
Fevralın 21-dən 25-dək Avstriyanın Vyana şəhərində
keçirilən toplantıya qatılan Azərbaycan nümayəndə
heyətinin üzvləri - Milli Məclisin Aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova, Regional məsələlər
komitəsinin sədr müavini Fəttah Heydərov və
deputat Ağalar Vəliyev ATƏT PA-nın sessiyasında
Dağlıq Qarabağ münaqişəsi və Xocalı
faciəsi ilə bağlı məlumat veriblər. Bahar
Muradovanın sözlərinə görə, ATƏT-in baş
katibi Lamberto Zannier də çıxışında
Dağlıq Qarabağ münaqişəsinə toxunub. Azərbaycan
nümayəndə heyətinin üzvlərinin Fransada qondarma
erməni soyqırımının inkarına görə cinayət
məsuliyyətini nəzərdə tutan qanun və Xocalı
faciəsi ilə bağlı çıxışlarına
erməni təmsilçiləri etiraz etməyə
çalışıb. Bahar Muradova deyib: "Məqsəd ATƏT
və Fransa rəsmilərinin bu məsələyə reaksiya
verməsinə nail olmaq idi. Fransa nümayəndə heyətinin
rəhbəri bildirdi ki, "soyqırımı"nın
inkarına görə cinayət məsuliyyətini nəzərdə
tutan qanun hələ Konstitusiya Şurasındadır, bu,
Türkiyəyə qarşı yönəlməyib. ATƏT
baş katibi Lamberto Zannier isə tərəfləri
Dağlıq Qarabağ münaqişəsində ortaq
mövqelərin tapılmasına çağırdı".
Bahar Muradova diqqətə çatdırıb ki, ATƏT-in
Minsk qrupunun məqsədi Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı status-kvonun, atəşkəsin
qorunub saxlanması deyil, münaqişənin həllinə
nail olmaqdır: "Ancaq ATƏT məruzəçisinin
hazırladığı sənəddə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı yalnız bir
ifadə yer alıb və bu münaqişənin həllinə
deyil, digər məqama yönəldilir. Biz buna
etirazımızı bildirdik. Monakoda qəbul ediləcək qətnamədə
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bizim zəruri saydığımız müddəalar
əksini tapmalıdır. Biz bu istiqamətdə
çalışacağıq".
Bahar Muradovanın bu il ATƏT-ə sədrlik edən
İrlandiyanın ATƏT PA-dakı nümayəndə heyəti
ilə görüşündə də əsas müzakirə
mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı olub. İrlandiya
parlament nümayəndə heyətinin rəhbəri Yorqan
Mörfi bildirib ki, ölkəsinin siyasi rəhbərliyi ATƏT-ə
sədrlik çərçivəsində Dağlıq
Qarabağ münaqişəsi də daxil olmaqla dondurulmuş
münaqişələri diqqət mərkəzində
saxlayacaq və bu istiqamətdə dönüş yaratmağa
çalışacaq. Bununla əlaqədar 2012-ci ilin
İrlandiyanın xarici siyasətində gərgin il
olacağını qeyd edən Y.Mörfi aprel ayında Dublin
şəhərində beynəlxalq ekspertlərin
iştirakı ilə Şimali İrlandiya nümunəsində
münaqişələrin nizamlanmasına həsr olunmuş
konfrans keçiriləcəyini bildirib.
B.Muradova qeyd edib ki, münaqişənin həlli
üçün ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri
işğalçı ölkəyə təzyiq göstərməlidirlər.
İrlandiya isə bu baxımdan məsələyə qlobal
yanaşaraq Ermənistanın beynəlxalq hüququn norma və
prinsiplərinə riayət etməsinə
çalışmalıdır.
Azərbaycanın ATƏT Parlament
Assambleyasındakı nümayəndə heyətinin
üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova isə jurnalistlərin diqqətinə
çatdırıb ki, qurumun qış sessiyasında, komitə
iclaslarında Azərbaycanda insan hüquqları ilə
bağlı məsələ müzakirə olunmayıb. Onun
sözlərinə görə, Azərbaycanda məhkəmə
islahatları nəticəsində əldə edilən nailiyyətlər,
Azərbaycanın milli azlıqlarla bağlı
qazandığı uğurlar da sessiyada qeyd edilib.
Sonda Bahar Muradova vurğulayıb ki, Azərbaycan
nümayəndə heyəti Dağlıq Qarabağ
münaqişəsinin ATƏT PA-nın iclaslarında aktual
mövzu kimi qalması üçün bundan sonra da daim səylərini
davam etdirəcək, avropalı həmkarları ilə
müvafiq iş aparacaq.
Mətbuat konfransında Milli Məclisin deputatı Azay
Quliyev Avronest Parlament
Assambleyasının Elm-təhsil və vətəndaş cəmiyyəti
komitəsinin Ermənistanda keçirilən iclasında
müzakirə olunan məsələlər və əldə
olunan nəticələr barədə məlumat verib. Onun sozlərinə
görə, Azərbaycan nümayəndə heyəti
sözügedən toplantıda bəzi təzyiqlərə
baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunaraq ölkəmizin 20 faiz
torpağının işğal edildiyini, 1 milyondan çox
qaçqın və məcburi
köçkünümüzün olduğunu
iştirakçıların diqqətinə
çatdırıb. İki gün davam edən iclasda sosial,
elm-təhsil, vətəndaş cəmiyyəti, yoxsulluq və
Avropaya inteqrasiya məsələləri müzakirə edilib,
görüşlər keçirilib.
İclasdan sonra nümayəndə heyəti Ermənistan
prezidenti Serj Sarkisyanla görüşüb. Həmin
görüşdə Litvadan olan deputat qaçqın və məcburi
köçkünlərin hüquqlarının müdafiəsi
ilə bağlı sual verib. Azay Quliyev deyib: "Serj Sarkisyan
bu sualdan yayındı. Bundan sonra onun qarşısında sual
qoyuldu ki, münaqişənin həlli üçün
hansısa bir vaxt çərçivəsi müəyyənləşdirə
bilərsizmi? Təəssüf ki, bu suala da cavab verilmədi.
Serj Sarkisyanla görüşdə hər hansı bir formada
sülhə yaxınlaşacaq, konstruktiv məcraya yönələcək
mövqeyin şahidi olmadıq. Rövşən Rzayev çox
təkidlə icmaların görüşü
üçün şəraitin yaradılmasının
vacibliyini bildirdi. Ancaq buna da müsbət cavab verilmədi.
Lakin görüşdə Avronestin Azərbaycan və Ermənistan
nümayəndə heyətlərinin dialoq qurmaları
üçün imkanlar yaradılacağı haqda
razılıq əldə olundu. Nümayəndə heyətləri
öz aralarında vaxt təyin edərək dialoq quracaq və
hər iki tərəfin icmalarının
görüşünün baş tutması üçün
müzakirələr aparılacaq".
Mətbuat konfransında həm ATƏT PA, həm də
Avronest PA-dakı nümayəndə heyətinin üzvləri
jurnalistlərin suallarını cavablandırıblar.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 29 fevral.- S.6.