Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni təlimatların təqdimatı olmuşdur

 

Fevralın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı" layihəsinin "Əmək bazarında islahatlar" adlı birinci komponentinin müvafiq tapşırıqlarına uyğun olaraq hazırlanmış təlimatların təqdimatı olmuşdur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, təlimatlar "Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırıqlarına uyğun hazırlanmışdır.

Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbiri açan nazir Füzuli Ələkbərov "Sosial müdafiənin inkişafı" layihəsinin ölkəmizdə əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında mühüm rol oynadığını qeyd etmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında qabaqcıl dünya təcrübəsindən istifadənin və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsinin dövlət orqanları qarşısında bir vəzifə kimi qoyulduğunu deyən nazir F.Ələkbərov sözügedən layihənin komponentləri üzrə tapşırıqların peşəkar beynəlxalq ekspertlərlə birgə icrası sahəsində əldə olunan müsbət nəticələrin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Nazir layihənin həmin komponentləri üzrə tapşırıqların icrası sahəsində görülən işləri yüksək qiymətləndirmişdir.

Bildirilmişdir ki, tapşırıqların icrasına müvafiq sahə üzrə böyük təcrübəyə malik beynəlxalq ekspertlər cəlb olunmuşdur. Məqsəd iş axtarışına yardım, əmək yarmarkaları, işəgötürənlər ilə əlaqələr, kiçik biznes məsləhət xidmətləri və s. kimi məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir. Müvafiq tapşırıqlar üzrə təlimatların, həmçinin hazırlanacaq proqramların Bakıda, Gəncədə və Göyçayda sınaq işlərinin aparılması nəzərdə tutulur.

Tədbirdə təlimatlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 29 fevral.- S.6.