Sabirabad dövlət qayğısından güc alır

 

Sabirabad respublikanın güclü iqtisadi potensiala malik rayonları sırasındadır. Bərəkətli Muğan düzünün mərkəzi hesab edilən Sabirabad son illər surətli iqtisadi yüksəlişi, dinamik inkişafı ilə diqqət çəkir. Tarixə çevrilən 2011-ci il bu rayon üçünmühüm inkişaf mərhələsi kimi yaddaşlara həkk olmuşdur. Rayon fəallarının 2011-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş yığıncağında aparılan iqtisadi təhlil çox mətləblərə aydınlıq gətirdi.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun hesabat məruzəsində və ayrı-ayrı çıxışlarda rayonda əldə edilən tərəqqinin, qazanılan böyük nailiyyətlərin əsas şərti kimi dövlətin davamlı və dayanıqlı qayğısı, respublika Prezidenti İlham Əliyevin bölgəyə xüsusi münasibəti dönə-dönə vurğulandı. Məhz bu güclü amil hesabına bölgə əhalisi nəinki təbiətin ağır sınağından qalib çıxıb, eyni zamanda 2011-ci ilin sosial-iqtisadi inkişafının uğurlu nəticələrinə şərəflə imza atıb.

Nazim İsmayılov qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 5-də rayonumuza gerçəkləşən tarixi səfəri keçən ilin ən mühüm hadisəsi olmuşdur. Həmin səfər çərçivəsində dövlət başçısı daşqına məruz qalmış Əsgərbəyli-Qasımbəyli kəndlərinə yeni çəkilmiş 15 kilometrlik yolun açılışında iştirak etmiş, Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəblə tanış olmuş, ictimaiyyət nümayəndələri ilə görüşərək əhalini narahat edən problemlərlə maraqlanmış, onların aradan qaldırılması üçün əlaqədar hökumət qurumlarına konkret tapşırıq və tövsiyələrini vermişdir. Bu tarixi səfər rayon əhalisi tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmış və onlarda yüksək əhval-ruhiyyə yaratmışdır. Ölkə başçısının xüsusi sərəncamı ilə yaradılmış dövlət komissiyası tərəfindən daşqından zərər çəkən evlərə baxış keçirilmiş, əhaliyə dəymiş ziyanın həcmi müəyyənləşdirilmişdir.

Yığıncaqda razılıqla qeyd olunmuşdur ki, təbii fəlakətdən ötən müddət ərzində dövlət vəsaiti hesabına rayonun ayrı-ayrı kəndlərində 1078 yeni ev tikilmiş, Ulacalı kəndində 50 ailə üçün qəsəbə salınmış, 80 evdə bərpa-gücləndirmə işləri aparılmış, 12 sosial obyekt əsaslı təmir olunmuşdur. Hazırda 362 evin inşası aparılır. Fəlakət zonasında ziyan çəkmiş digər evlərlə əlaqədar tədbirlər davam etdirilir. Dəymiş ziyana görə indiyə kimi rayon əhalisinə 12 milyon manatadək müxtəlif təyinatlı kompensasiyalar verilmişdir. Gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə Kür-Araz çaylarının 188,6 kilometr uzunluğunda mühafizə bəndləri möhkəmləndirilmişdir.

Respublika Prezidenti İlham Əliyevin 2011-ci ilin may ayının 5-də rayona səfəri hesabat ilində böyük layihələrin uğurla həyata keçirilməsinə güclü təkan vermişdir. Səfərdən sonrakı 3 ay ərzində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə dövlət başçısı 4 sərəncam imzalamışdır. Sosial yönümlü bu sərəncamların hər biri rayon əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmağa hesablanmışdır. Dövlət başçısının 11 may 2011-ci il tarixli sərəncamı ilə ayrılan 2 milyon manat Əsgərbəyli kəndində tibb məntəqəsi, məktəb üçün əlavə sinif otaqları tikintisinə, rayon mərkəzində beşmərtəbəli üç yaşayış binasının təmirinə sərf edilmişdir. "Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 25 may 2011-ci il tarixli sərəncam, sözün həqiqi mənasında, rayonda əsl bayram ab-havası yaratdı. Dövlət başçısının bu sərəncamı rayon əhalisinin uzun illərdən bəri arzusunda olduqları bir istəyi - Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində 16 min nəfər əhalinin yaşadığı Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Əlicanlı və Zəngənə kəndlərinin rayon mərkəzinə olan məsafəsini dəfələrlə qısaldacaq yeni körpünün tikintisini reallaşdırır. Muğan və Şirvan düzlərini qovuşduran bu körpü həmçinin ətraf rayonlar üçün də strateji əhəmiyyət daşıyır. Dövlət qayğısının konkret təzahürü olan bu möhtəşəm körpünün tikintisi artıq başa çatmaq üzrədir.

Ölkə rəhbərinin Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 21 iyul 2011-ci il tarixli digər sərəncamı ilə 34 min nəfərin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən 68 kilometr uzunluğunda Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun tikintisinin və yenidən qurulmasının davam etdirilməsi məqsədilə 7 milyon manat məbləğində vəsait ayrılmışdır. Bölgədə böyük razılıq doğuran bu layihə keçən ilin noyabr ayında müvəffəqiyyətlə həyata keçirilmiş, yol əhalinin istifadəsinə verilmişdir.

Dövlət başçısı başqa bir sərəncamla bölgə əhalisini əsrlərdən bəri narahat edən həyati əhəmiyyətə malik bir problemin aradan qaldırılmasına qərar vermişdir. Sabirabad rayonu əhalisinin içməli su təminatnın yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında 23 avqust 2011-ci il tarixli Prezident sərəncamı ilə 8 min nəfər əhalinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlanmış və bu iş hazırda davam etdirilir.

Dövlət başçısının tapşırığı ilə Sabirabad şəhərinin əhalisi üçün uzun illər problemə çevrilmiş, həm də yoluxucu xəstəliklər mənbəyi olan "Axmaz" su hövzəsinin qurudulması işlərinə başlanmışdır. Bu məqsəd üçün ilkin olaraq 1 milyon manat dövlət vəsaiti ayrılmışdır.

Yığıncaqda qeyd edildi ki, dövlət başçısının sərəncamlarına, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2009-2013-cü illər) uyğun olaraq hesabat ilində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, mövcud sosial problemləri həll etmək istiqamətində əsaslı işlər görülmüşdür. Ötən il ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 282,2 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 2,1 dəfə yüksələrək 83,7 milyon manat təşkil etmişdir. Fərəh doğuran haldır ki, orta aylıq əməkhaqqı əvvəlki ildəkinə nisbətən 20,5 faiz artaraq 234,1 manat olmuşdur.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait qeyri-dövlət sektorunun yüksəlişinə zəmin yaratmışdır. İl ərzində 14 yeni müəssisə yaradılmış, 539 daimi iş yeri açılmışdır. Rayon ərazisində 36 ticarət və iaşə obyekti inşa olunmuş, 368 fərdi yaşayış evi tikilmişdir.

Rayonun kənd əməkçiləri istehsal etdikləri məhsullarla daxili tələbatı ödəməklə yanaşı, respublikanın mühüm ərzaq və kənd təsərrüfatı məhsulları bazası rolunu da uğurla oynayırlar. Hesabat ilində Bakıda təşkil olunmuş yarmarkalara Sabirabaddan iki min tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir. Yaxşı haldır ki, torpaq istifadəçiləri idarəetmənin mütərəqqi üsullarından istifadəyə böyük önəm verirlər. Ötən il Axısxa və Çölbeşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək iri istehsal kooperativləri yaratmışlar. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən girov qoyulmadan verilən kreditlər yeni kooperativi səmərəli fəaliyyətinə zəmin yaradır. Keçən il "Aqrolizinq" ASC tərəfindən torpaq istifadəçilərinə güzəştli şərtlərlə 1068 min manat dəyərində mineral gübrələr satılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 1,645 min manat həcmində subsidiya verilmişdir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılmış nailiyyətlərdən də ətraflı danışıldı. Əhalinin aztəminatlı təbəqəsinə artan dövlət qayğısı minnətdarlıqla vurğulandı. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatında illərdən bəri yığılıb qalan problemlərin aradan qaldırılması sahəsində görülən işlərə, yaşayış məntəqələrinin qazlaşdırılmasını sürətləndirməyə yönələn tədbirlərə xüsusi diqqət yetirildi. Hesabat ilində həyata keçirilmiş genişmiqyaslı abadlıq, quruculuq işlərini cari ildə də davam etdirmək yaşıllıq sahələrini genişləndirmək, yeni infrastruktur layihələrinə üstünlük vermək yeni vəzifələr kimi qarşıya qoyuldu.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış etdi.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 29 fevral.- S.7.