Kəlbəcərlilər
ümidlə, inamla yaşayırlar
Rayon icra hakimiyyətinin binası əsaslı təmir
olunmuş, qarşısında
üçrəngli bayraq
ucaldılmışdır. Açılış zamanı
çıxış edən ağsaqqallardan
biri dedi ki, qoy Kəlbəcər
torpağı azad olunsun,
o doğma diyarda bundan da uca bayraq
qaldırılacaqdır. Kəlbəcərin məcburi
köçkünləri bu ümidlə
yaşayır, o günü
səbirsizliklə gözləyirlər. Rayon
icra hakimiyyətinin illik
yekun toplantısı da
bu əhvalla keçdi.
Əvvəlcə icra hakimiyyətinin
başçısı Vidadi Məhərrəmov rayonda
görülən işlərdən, qarşıda duran vəzifələrdən
ətraflı söhbət açdı, Nazirlər Kabinetinin
2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2012-ci ildə qarşıda duran vəzifələrə həsr
edilmiş iclasında Prezident İlham Əliyevin nitqində irəli
sürülən məsələlərdən danışdı.
Sonra ayrı-ayrı idarə və müəssisə rəhbərlərinin
çıxışları dinlənildi. Qeyd edildi ki, ötən
il mal-qaranın, arı ailələrinin və quşların
sayı xeyli artmış, kənd təsərrüfatı məhsulları
istehsalı çoxalmış, əhalinin güzəranı,
həyat səviyyəsi yüksəlmişdir. Minnətdarlıqla
qeyd olundu ki, bu, dövlət başçısı cənab
İlham Əliyevin məcburi köçkünlərə
göstərdiyi tükənməz qayğı və diqqətin
bəhrəsidir.
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"nda
və sonralar ona edilmiş Əlavələrdə nəzərdə
tutulan tədbirlər uğurla həyata keçirilir.
Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti
məskunlaşmış 595 ailə üçün Goranboy
rayonu ərazisində beşmərtəbəli 9 bina
tikilmişdir. Cari ilin yanvar ayının 21-də Prezident
İlham Əliyevin iştirakı ilə həmin
yaşayış məhəlləsinin
açılışı olmuş və məcburi
köçkün ailələrinə təzə mənzillərin
açarları təqdim edilmişdir. Bu yaraşıqlı qəsəbədə
iki yüz kəlbəcərli ailəsi də mənzil
almışdır.
Ölkənin müxtəlif guşələrində
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması üçün il ərzində
bir sıra tədbirlər görülmüşdür. Gəncə
şəhərindəki 3 nömrəli məktəbdə
xeyir-şər yeri, 43 nömrəli uşaq
bağçasının, tibb liseyinin, 77 nömrəli liseyin
dam örtüyü təmir edilmiş, energetika və humanitar
kolleclərin yataqxanalarında su, kanalizasiya və elektrik xətləri
sahmana salınmışdır. Gülüstan qəsəbəsində
Dövlət Aqrar Universitetinin 6 nömrəli yataqxanasında
müvəqqəti məskunlaşmış 1700 ailəyə
xidmət edən artezian quyusu təmir olunmuş, Goranboy
rayonundakı Yeni qəsəbədə təzə artezian
quyusu qazılmışdır.
Qışa hazırlıq ərəfəsində
Goranboy rayonundakı Meşəli kəndində 90 məcburi
köçkün ailəsinin mənzillərinə təbii
qaz xətti çəkilmişdir. Göygöl rayonundakı
"Murovdağ" qəsəbəsinin
qazlaşdırılması işi davam edir. Burada artıq
200-dən çox evdə mavi yanacaqdan istifadə edilir.
Əhalinin məşğulluğunu təmin etmək
məqsədilə son illərdə yüzlərlə yeni
iş yerləri açılmışdır. Rayonda gənc nəslin
təlim-tərbiyəsinə xüsusi diqqət yetirilir.
İl ərzində məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi
üçün xeyli iş görülmüşdür.
Bakı şəhərində fəaliyyət göstərən
19 və 126 nömrəli məktəblər üçün
yeni binalar tikilmiş, digər yerlərdəki binalarda təmir-bərpa
işləri aparılmışdır.
Təhsil sahəsinə göstərilən
qayğı və diqqətin nəticəsidir ki, 243 nəfər
uğurla imtahan verərək ali və orta ixtisas məktəblərinə
qəbul olunmuşdur. Başqa sözlə desək, əvvəlki
illə müqayisədə tələbə bileti alanların
sayı 91 nəfər artmışdır.
İl ərzində səhiyyə və mədəniyyət
sahəsində də xeyli işlər
görülmüşdür. Minlərlə məcburi
köçkünə stasionar və ambulator qaydada tibbi xidmət
göstərilmiş, imtiyazlı xəstələr və
stasionarda müalicə olunanlar lazımi dərmanlarla kifayət
qədər təchiz edilmişlər.
Hesabat dövründə
vətəndaşların müraciətlərinə
baxılması, səyyar qəbulların təşkili və
irəli sürülən təkliflərin həyata
keçirilməsi sahəsində xeyli iş
aparılmışdır. Rayon icra hakimiyyətinə 625
müraciət daxil olmuşdur ki, onun da əksər hissəsi
üzrə konkret tədbirlər
görülmüşdür.
Kəlbəcərlilər daim dövlətin daxili və
xarici siyasəti ilə maraqlanır, xüsusən Qarabağ
probleminin həlli üçün Prezident İlham Əliyevin
yeritdiyi uğurlu siyasəti yekdilliklə dəstəkləyirlər.
Toplantıda dövlət başçısının qətiyyətli
sözləri dönə-dönə səsləndi. Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Goranboy rayonunda təmas xəttindəki
"N" saylı hərbi hissədə görüş
zamanı demişdir: "Biz ordu quruculuğuna daim diqqət
göstəririk, vəsait ayırırıq. Keçirilən
hərbi paradlar bizim gücümüzü göstərir. Ərazi
bütövlüyümüzü bərpa etmək
üçün bütün imkanlar vardır. Bunu biz də
bilirik, düşmən də, bu məsələ ilə məşğul
olan vasitəçilər də bilirlər. Sülhü əldə
etmək üçün bir şərt vardır: Ermənistanın
işğalçı qüvvələri
torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdırlar".
Prezidentin qəti qərarı bax belədir.
Kəlbəcərlilər tam əminliklə dedilər ki, dövlət başçısının
inamla apardığı
müdrik xarici siyasət tezliklə öz bəhrəsini verəcək, Qarabağ məsələsi xalqımızın,
dövlətimizin maraqlarına
uyğun şəkildə
ədalətlə həll
ediləcəkdir.
Yığıncaqda Prezident Administrasiyasının məsul
işçisi Rövşən
Ağayev iştirak etmişdir.
Əhməd İSAYEV
Azərbaycan.- 2012.- 29 fevral.- S. 7.