Əsrin faciəsi
Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.
Faciəyə gedən
yolun başlanğıcı
Xocalı,
eləcə də ondan əvvəl xalqımıza
qarşı dəfələrlə törədilən
soyqırımların ötən əsrin sonlarına qədər
öz hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın
üzləşdiyi ən böyük ədalətsizliklərdən
biri olub. Bu ədalətsizliyin aradan qaldırılması
üçün illər uzunu heç bir addım
atılmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin
xalqın istəyi və təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdışından sonra yaşanan faciələr,
o cümlədən Xocalı soyqırımı haqda daha təfsilatlı
araşdırmalar aparılıb. Eyni zamanda bu hadisələrə
hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb.
Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər
barədə ətraflı, fakt və sübutlarla zəngin
olan məlumatlar çatdırılıb. Elə XX əsrin ən
dəhşətli hadisələrindən olan Xocalı faciəsinin
də həm bir soyqırımı olaraq təsbit edilməsi,
həm də bu barədə həqiqətlərin dünyaya
çatdırılması məhz ulu öndər Heydər Əliyevin
sayəsində mümkün olub.
Tarixin
ironiyası isə ondan ibarətdir ki, ötən əsrin
sonlarında Dağlıq Qarabağ münaqişəsinin
başlanması ilə Azərbaycan xalqının üzləşdiyi
yeni faciələr, yaşadığı
soyqırımıları elə Heydər Əliyevin hakimiyyətdən
uzaqlaşdırılmasından sonra baş verdi. Həmin vaxta
qədər keçmiş SSRİ rəhbərliyinin hərtərəfli
dəstəyini alan ermənilərin Azərbaycana qarşı
məkrli planlarının reallaşmasının
qarşısını məhz ulu öndər Heydər Əliyev
alırdı. Ermənilər və onların himayədarları
yaxşı başa düşürdülər ki, Heydər Əliyev
hakimiyyətdə olduğu müddətdə Azərbaycana
qarşı heç bir iddialarını reallaşdıra bilməyəcəklər.
Artıq
sübut olunmuşdur ki, ölkəmizin ermənilər tərəfindən
ərazi bütövlüyünə qəsd planı əvvəlcədən
hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən
M.Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə
yer alan ermənilər tərəfindən müdafiə olunan
planın reallaşması üçün ciddi işlər
görülürdü. Lakin planın praktik mərhələyə
keçməsi Azərbaycan xalqının böyük
oğlunun SSRİ-də mühüm rəhbər postlardan
birində yer aldığı müddət ərzində
mümkünsüz idi və bu həqiqətlə ermənilər,
onların himayədarları da birmənalı şəkildə
barışırdı. Bu səbəbdən ermənilərin
təhriki və diktəsi ilə hərəkət edən
M.Qorbaçov ilk növbədə Heydər Əliyevin
tutduğu vəzifədən uzaqlaşdırılmasına
çalışırdı və təəssüf ki, istəyinə
də nail oldu. Heydər Əliyevin hakimiyyətdən
uzaqlaşdırılmasının əsas səbəblərindən
biri SSRİ siyasi rəhbərliyini ələ almış erməni
lobbisinin təsir və təzyiqləri idisə, digər
önəmli səbəb Qorbaçovun subyektiv hisslərin əsiri
olması, ondan daha yaxşı idarəçilik qabiliyyətinə,
səriştəyə malik bir şəxsin Kremldə işləməsini
həzm edə bilməməsi idi.
Azərbaycanın
böyük oğlunun Siyasi Bürodan
uzaqlaşdırılmasından cəmi 15 gün sonra
M.Qorbaçovun xeyir-duası ilə ermənilər Azərbaycana
qarşı qəsd planlarının icrasına
başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi
olan qatı şovinist A.Aqanbekyanın Parisdə
"Humanite" qəzetindəki bəyanatında bildirilirdi
ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistana verilməsinə dair
artıq Moskvanın razılığı var. Bütün
bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi
Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi
ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı,
iqtisadi məsələlər üzrə müşaviri,
milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə
keçirdiyi bir mətbuat konfransında "Dağlıq
Qarabağ Ermənistana verilməlidir" - demiş, bu məsələ
ilə əlaqədar Qorbaçovu da
qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı
mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata
keçirilməyə başladı. Deməli, bu plan hələ
əvvəlcədən hazırlanmış, lakin tətbiq
olunmasına mən ciddi maneə imişəm".
SSRİ
rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana
verilməsinə dair razılığının olduğu
1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva
Kaputikyan başda olmaqla bir qrup şovinist erməni ilə
görüşü zamanı da üzə çıxdı.
Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və
antitürk ruhlu mitinqlər genişləndi. Bundan sonra erməni
"Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ
Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı
"Krunk" gizli fəaliyyətlərinə son qoyaraq
açıq şəkildə niyyətlərini bəyan etməyə,
Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə
başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən
"Miatsum" adlanan hərəkat da
formalaşdırıldı.
O
dövrdə Azərbaycana rəhbərlik edən şəxslər
artıq özünü qabarıq formada və aydın şəkildə
büruzə verən Dağlıq Qarabağ münaqişəsinin
çözümü istiqamətində hansısa praktik
addımların atılmasında acizlik nümayiş etdirirdi.
Yalnız Kremlin göstərişləri əsasında
atılan addımlar Azərbaycan ərazilərinin qəsb
olunması prosesini sürətləndirirdi. Qarabağ məsələsinin
ortaya çıxması isə elə ilk dövrlərdə
Moskvada olan Heydər Əliyevi ciddi narahat edirdi. Bu səbəbdən
Qorbaçovla, onunla mümkün olmadıqda Siyasi Büronun
digər üzvləri Liqaçovla, Çebrikovla,
Kryuçkovla görüşüb problemin həllinə
çalışırdı. Qarabağın əzəli Azərbaycan
torpağı olmasına dair əlindəki sənəd və
sübutları da Kreml rəhbərliyinə təqdim etmək
istəyən Heydər Əliyevə rəsmi Kremlin cavabı
belə oldu: "Biz Qarabağda erməni-azərbaycanlı
münaqişəsi ilə bağlı problemi
özümüz həll edəcəyik".
Belə
vəziyyət Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi,
təslimçilik mövqeyi ölkəmizin əzəli və
tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın
mövqeyinin daha da güclənməsinə gətirib
çıxarırdı. Erməni
separatçılarının bu yerlərdə mövqelərinin
güclənməsi və ona qarşı rəhbərlik səviyyəsində
ciddi tədbirlərin görülməməsi isə ölkə
ərazilərinin itirilməsinə, yaşanacaq faciələrə,
o cümlədən Xocalı soyqırımına gedən
yolun başlanğıcını qoyurdu.
SSRİ
rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan
ayrılması üçün müvafiq addımlar
atmağa başladı. 1988-ci ilin fevralında Dağlıq
Qarabağ Muxtar Vilayətinin yalnız erməni
deputatlarının iştirakı ilə keçirilən
növbədənkənar sessiyası vilayətin Azərbaycanın
tərkibindən çıxarılaraq Ermənistanın
inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə
qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd
olan qərarı rədd etdikdən sonra Ermənistanın millətçi
rəhbərləri "Daşnaksütyun"
partiyasının "Türksüz Ermənistan"
proqramını həyata keçirməyə
başladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında
yaranan indiki Ermənistan ərazisində olan on minlərlə
azərbaycanlıya qarşı böyük qəddarlıqlarla
müşayiət olunan etnik təmizləməyə rəvac
verilməsi demək idi.
Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti genişlənirdi. Ölkə rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar isə yaşadıqları ərazilərin müdafiəsi məqsədilə özləri fəaliyyətə başladılar. Ermənilərin qəsbkarlıq niyyəti bir çox yaşayış məntəqələri kimi, Xocalını da özünümüdafiəsini gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, şöbə müdiri M.Əsədovun iştirakına baxmayaraq, ermənilər Ermənistana birləşmək istədiklərini açıq şəkildə bəyan etdilər. Xocalının sabiq icra başçısı Elman Məmmədov bildirir ki, həmin yığıncaqdan çıxıb Xocalıya gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüş keçirərək vəziyyəti müzakirə etdik. Elə həmin gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Xocalının müdafiəsi məqsədilə müdafiə postları formalaşdırıldı. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya saysız-hesabsız teleqramlar vurulsa da, nəticə görünmürdü.
Belə bir vaxtda Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti getdikcə ağırlaşırdı. Ermənistanda repressiyaya məruz qalan və tarixi ata-baba yurdlarndan qovulan soydaşlarımız Azərbaycana pənah gətirərək ölkənin müxtəlif yerlərində, o cümlədən Xocalıda məskunlaşdılar. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmasını isə nə Əsgəran, nə də Xankəndi qəbul edir və bu qərarı özbaşınalıq kimi qiymətləndirirdilər.
Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı bu problemin ağırlıqlarını öz üzərində hiss edirdi. Ermənistandan qovulmuş soydaşlarımızın və Fərqanədən olan Ahıska türklərinin böyük bir dəstəsi məhz Xocalıya pənah gətirmişdi. 1500 Ermənistan qaçqını və 495 Ahıska türkü Xocalıda məskunlaşmış, onlara torpaq sahəsi ayrılmış, evlər tikilmişdi. Bu dövrdə, ümumiyyətlə, Xocalıda tikinti-quruculuq işləri geniş vüsət alırdı. Belə ki, 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti tərəfindən Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul edilmişdi. Bu qərarla əlaqədar ölkənin müxtəlif rayonları Xocalıya və bütövlükdə Qarabağa kömək göstərirdi. Azərbaycanın rayonlarından Xocalıya tikinti materialı daşınır, işçi qüvvəsi gəlirdi. Xocalı sürətlə tikilir, genişlənir və gözəl bir şəhərə çevrilirdi.
Ancaq təəssüf ki, bu dövrdə Kremlin xeyir-duası ilə Ermənistanda olduğu kimi, Dağlıq Qarabağdan da azərbaycanlıların sıxışdırılıb çıxarılması prosesinə start verilmişdi. Təkcə Xankəndidən 18 min azərbaycanlı qovuldu. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu. Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdilər.
Xocalıya ilk böyük hücum
Belə bir vaxtda Dağlıq Qarabağda yaşanan qarşıdurmanın xarakterik xüsusiyyətlərindən biri də yollarda "daş müharibəsi"nin getməsi idi. Bu, əsas etibarı ilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Həmin istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdi. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndiyə və ya əks istiqamətdə hərəkət edən və beləliklə Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Elə bu səbəbdən ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu fikirlə 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə 4 "Kraz" və "KaMAZ" markalı yük avtomobilləri gəlirdi. O da məlum oldu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər də var. Bundan başqa, ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar erməniləri geri oturtdular. Sonradan isə məlum oldu ki, həmin vaxt ermənilər arasında yaşanan qarmaqarışıqlıq nəticəsində onlardan 27-si ölmüş, 100-dən çoxu isə yaralanmışdı. Hadisənin səhərisi günü Zori Balayan "YAK-140" təyyarəsilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Xankəndiyə gəldi. Yalnız sentyabrın 21-də Bakıdan Azərbaycan KP Mərkəzi Komitəsi Xocalıya nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndələr daha çox ermənilərin əzişdirilməsinə görə öz iradlarını bildirirdi. Hadisədən az sonra mərkəzdən gələn istintaq qrupu baş verənlərə görə bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı. Elə bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri erməniləri Xocalı sakinlərindən müdafiə etməyə daha çox diqqət yetirdi.
Bu dövrdə artıq "daş müharibəsi" intensivləşir və odlu silahlardan daha geniş istifadə olunurdu. Həmin dövrdə Yerevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatırdı. Bu təyyarələr vasitəsilə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Bununla da ermənilər sovet ordusunun 366-cı alayının köməyilə tarixdə ən qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Beləliklə, ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımılarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırmış.
Ermənilərin niyyətini yaxşı bilən Xocalı sakinləri müəyyən müdafiə tədbirləri görürdülər. Düşmən isə yaxşı anlayırdı ki, Xocalının ələ keçirilməsi Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici rol oynayan əsas məqamlar sırasındadır. Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, dağ silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Dağlıq Qarabağda hələ A.Volskinin hakimiyyəti dövründən Xocalı aeroportuna gündə 20-30 təyyarə enib-qalxırdı. Onların əsas yükü silah və xarici ölkələrdən köməyə gələn könüllü və muzdlu əsgərlər idi. Dünyanın hər yerindən Dağlıq Qarabağ ermənilərinə kömək etmək üçün erməni könüllüləri daşınırdı. 1990-cı ilin noyabrında Əlif Hacıyev Xocalı təyyarə limanında Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı aeroportunun komendantı təyin olundu. Bu, ermənilərin silah daşımasının qarşısını müəyyən qədər aldı. Lakin yollarda qətl və təxribat hadisələri davam edirdi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, o vaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində lazımi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndlərini işğal etdi. Bunun ardınca Xocavənd kəndi də işğalçıların nəzarəti altına keçdi.
Bu dövrdə Xocalı yenə də ermənilərin işğal siyasətinin daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndinə və ermənilərin məskunlaşdığı digər yerlərə Xocalıdan müqavimət göstərilir və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldı. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.
Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə ağırlaşırdı. Şəhər 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gələn bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ətraf erməni kəndlərindən hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu. Noyabr ayından isə Xocalının Ağdama və Şuşaya çıxış yolları tamamilə bağlandı.
(Ardı var)
Azərbaycan.- 2012.-25 fevral.- S. 5.