Qobustan
inkişafının yeni mərhələsindədir
Ötən il qobustanlılar üçün yaddaqalan
hadisələrin ən başlıcası dövlət
başçısının sentyabrın 13-də rayona səfəri
olub. Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan
Eksperimental Poliqonu və Tədris Mərkəzinin, Qobustan
Tinglik Mərkəzinin və müasir taxılsaxlama anbarı
kompleksinin açılışlarında iştirak etmiş,
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündə görülən işlərdən
razılığını bildirmiş, qarşıda duran vəzifələrin
uğurlu icrası üçün tapşırıq və
tövsiyələr vermişdir. Bundan sonra rayon sakinlərinin
ruh yüksəkliyi işgüzarlığı daha da artmışdır.
Qobustan üçün ən önəmli məsələlərdən
biri rayonun şəhər və kəndlərində içməli
su təminatının yaxşılaşdırılmasıdır.
Bu məqsədlə Qobustan şəhərini, Təsi, Bədəlli,
Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli,
Göydərə kəndlərini içməli su ilə təmin
edəcək su xəttinin çəkilişi davam edir. Rayonun
Nabur, Qurbançı, Qaracüzlü, Ərəbşahverdi kəndlərinin
içməli su məsələsinin həlli
üçün müvafiq orqanlar qarşısında məsələ
qaldırılıb. Yaxın vaxtlarda Nabur kəndində
sayğacların quraşdırılmasına
başlanmalıdır. Qobustan RİH başçısı
Adil Məmmədov bununla bağlı bildirdi ki, Qobustan şəhərində
su təchizatı və kanalizasiya sisteminin yaradılması məqsədilə
layihələndirmə işləri davam edir.
Hazırda rayonun 16 yaşayış məntəqəsi
üzrə 4444 abonentə təbii qaz verilir. Ümumilikdə
rayon əhalisinin 81,6 faizi təbii qazla təmin olunub. 2010-cu və
2011-ci illərin müqayisəsinə görə, əhali
qrupu üzrə əlavə olaraq 310 nəfər təbii qaz
alır.
Rayonun Bədəlli, Sədəfli, Poladlı, Təsi,
Yekəxana, Cəngi, Şıxzahırlı, Qaracüzlü
və Nardaran kəndlərinin qazlaşdırılması
üçün müvafiq işlər görülür.
Qobustanda bütün yaşayış məntəqələri
elektrik enerjisi ilə təmin olunub, sayğaclaşma tam
başa çatdırılıb. Bu sahə ilə əlaqədar
mütəxəssislər bir problemin odluğunu bildirdilər.
Belə ki, istehlak olunan ümumi enerji ilə istehlakçı
sayğacları arasında müəyyən uyğunsuzluq
yaranır. Bunun da əsas səbəblərindən biri
elektrik təchizatı sisteminin öz istismar müddətini
iki dəfədən artıq başa vurmasıdır. Bu məsələ
Dövlət Proqramında nəzərdə tutulsa da, hələ
ki, ciddi bir iş görülməyib. Xətlərin
standartlara uyğun gəlməməsi, transformatorlarla təminat
düzgün olmadığından əksər hallarda enerji
itkisi də qaçılmaz olur. Rayon icra hakimiyyətində
başqa bir məsələ ilə əlaqədar
narahatlıqlarını da bildirdilər: regionların
sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramı xətti ilə Qobustan şəhərində
Prezident İlham Əliyev tərəfindən təməli
qoyulmuş idman kompleksinin tikintisi davam etdirilir. Lakin kompleksin
ilkin layihəsində üzgüçülük hovuzu və
mehmanxana tikintisinin nəzərdə tutulmasına baxmayaraq,
sonradan həmin obyektlər layihədən
çıxarılıb. Dəfələrlə aidiyyəti
orqanlara müraciət olunsa da, indiyədək məsələ
öz müsbət həllini tapmayıb.
Bəlli olduğu kimi, Qobustan ərazisində
maraqlı tarixi abidələr var. Rayonun təbii şəraiti
də imkan verir ki, burada turizm inkişaf etdirilsin. Ancaq
müvafiq infrastruktur olmadığından bu iş də ləngiyir.
Son vaxtlar diqqətçəkən məsələlərdən
biri Qobustanda yol infrastrukturunun yaradılmasına ciddi fikir
verilməsidir. Dövlət qayğısı sayəsində
13 min nəfərlik 6 kəndi birləşdirən 23
kilometrlik Qobustan-Xilmilli yolunun 14 kilometr hissəsi əsaslı
təmir olunub. Qalan hissədə
işlər davam etdirilir.
Ümumilikdə Qobustanda tikinti-quruculuq işləri
çox əhatəlidir. Son səkkiz ildə
xeyli obyekt tikilib
istifadəyə verilib. Rayonda Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
yaradılıb. Ulu öndərin
adını daşıyan mədəniyyət və istirahət
parkı salınıb, həmin parkda Heydər Əliyevin
möhtəşəm abidəsi ucaldılıb. Rayon
icra hakimiyyəti, YAP rayon təşkilatı, idarə və
müəssisələr üçün 10 inzibati bina,
sutkalıq istehsal gücü 22 ton olan çörək
zavodu, asfalt zavodu, tikiş müəssisəsi, Qobustan şəhərində
və Sündü kəndində müasir dəyirmanlar, Cəmcəmli
və Bəklə kəndlərində daş karxanaları, əlil
və şəhid ailələri üçün 8 və 16 mənzilli
yaşayış binası, 3 kənddə poçt məntəqəsi,
həmçinin Sənaye və Energetika Nazirliyinin Alternativ və
Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi,
AMEA-nın Seysmoloji Stansiyası, tutumu 10 min ton olan taxıl
anbarı və bir çox təhsil-mədəniyyət müəssisəsi
buna misal ola bilər.
Son səkkiz ildə Qobustan rayonunda 2031-i daimi olmaqla, 9126
yeni iş yeri açılıb. Bu müddət ərzində
əhalinin orta aylıq əmək haqqı 6,1
dəfə, pul gəlirləri 3,7 dəfə
artıb.
Bir sözlə, Qobustan rayonu da
inkişafın yeni mərhələsini yaşayır,
insanların rahat yaşaması üçün lazım olan
bütün işlər görülür.
T.NƏZƏRLİ
Azərbaycan.- 2012.- 29 fevral.- S.7.