Xocalı
soyqırımı haqqında bütün
dünya bilməlidir
26 fevral Azərbaycan xalqı üçün çox
ağrılı bir gündür. Bəşər tarixində
ən dəhşətli faciələrdən biri olan bu
günü xalqımız böyük hüzn və kədərlə
qeyd edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda ermənilərin törətdikləri dəhşətli
hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə
yazılmışdır. Ümummilli lider Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışından
sonra Milli Məclis tərəfindən bu hadisələrə
hüquqi-siyasi qiymət verilmişdir. Bu yaxınlarda Pakistan və
Meksika parlamentlərinin Xocalı faciəsini
soyqırımı kimi tanıması ulu öndər Heydər
Əliyev siyasi kursunu davam etdirən Azərbaycan
Prezidentinin xarici siyasətinin
uğurlu addımlarından hesab etmək olar.
XX əsrin ən dəhşətli və qanlı faciələrindən
biri olan Xocalı soyqırımının 20-ci
ildönümü ilə əlaqədar yığıncaqlar,
mitinqlər, habelə digər tədbirlər bu il coğrafi
genişliyi və ictimai rəyə təsir etmə, həqiqəti
dünya ictimaiyyətinə çatdırmaq baxımından
fərqlənir. Bu tədbirlər həm də onu sübut
etdi ki, ötən 20 il Xocalının dinc sakinlərinə
erməni faşistlərinin qanlı divan tutmasının dəhşətlərini
yaddaşlardan silə bilməmişdir.
Respublikamızın hər yerində olduğu kimi,
Bakının Nizami royonunda da
Xocalı soyqırımının 20-ci
ildönümü ilə əlaqədar tədbirlər
keçirildi. Rayon ağsaqqallar şurasının nümayəndələrindən Osman Kərimov, Nadir Hacıyev,
İslam Mustafayev, İnşallah Baxşəliyev, Vəliş
Yadigarov və başqaları rayonun idarə və müəssisələrində
ictimaiyyətin nümayəndələri, xüsusilə gənclərlə
keçirilən görüşlərdə bir daha
xatırlatmışlar ki, o gecə
silahlı erməni faşistləri keçmiş sovet
ordusunun Xankəndidə yerləşən 366-cı
motoatıcı alayının ağır texnikası və
şəxsi heyətinin köməyi ilə Azərbaycanın
bu qədim şəhəri üzərinə hücum
etmiş, onun dinc əhalisini etnik mənsubiyyətinə - azərbaycanlı olduqlarına
görə amansızcasına
öldürmüş, işgəncələr vermiş,
şikəst etmiş, ağlasığmaz qanlı hadisələr
törətmişlər.
Fevralın 26-da Xocalı soyqırımının
20-ci ildönümü ilə əlaqədar paytaxtın
Azadlıq meydanından Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ucaldılmış abidəyə
doğru Azərbaycan Prezidenti İlham Əliyevin öndə
olduğu ümumxalq yürüşündə rayon gənclərinin
əksəriyyəti iştirak etmişdir. Bu yürüş
həm də dövlət başçısı ilə
xalqın birliyini nümayiş etdirdi. Onlar əllərində qanlı qırğının
günahsız qurbanlarının - xüsusilə qəddarlıqla
qətlə yetirilmiş uşaqların, qadınların və
qocaların portretlərini, 20 il
bundan əvvəl baş vermiş hadisənin dəhşətli
səhnələrini əks etdirən fotoşəkillər,
faciənin təşkilatçılarından cavab tələb
etmək, onları cəzalandırmaq, bu soyqırımına
beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət
vermək barədə çağırışlar,
qurbanların adları, soyadları yazılmış plakatlar
və transparantlar tutmuşdular.
Biz veteranlar, eləcə də rayonumuzun gəncləri
tam əminik ki, Prezidentin uğurlu siyasəti sayəsində
Azərbaycanın haqq səsi bütün dünyada eşidiləcək,
erməni faşistlərin mənfur əməlləri beynəlxalq
səviyyədə qınaq obyektinə çevriləcək,
Xocalı qırğınının təqsirkarları
haqlı cəzasına çatacaq, Azərbaycan xalqı
işgal altındakı torpaqlarını tezliklə azad edəcək
və ölkəmizin ərazi bütövlüyü bərpa
olunacaqdır.
Mayıl ƏLİYEV,
Nizami Rayon Ağsaqqallar
Şurasının sədri
Azərbaycan.- 2012.- 29 fevral.- S.8.