Prezident İlham Əliyevin hücum
diplomatiyası nəticəsində dünya
Xocalı həqiqətlərini qəbul edəcək
Əsl liderlik kütlələri öz ətrafında
birləşdirmək bacarığında ifadə olunur. Bu
missiya cəmiyyətin bütövlüyünün və
sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin
möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan
Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi
böyüklüyü də onun ideyalarının birləşdirici
mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın
maraqlarına hesablanmasından irəli gəlir. Dövlət
başçısının milli birlik və həmrəylik
konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin
mənəvi bütövlüyündə və monolitliyində
aparıcı amilə çevrilməklə yanaşı, həm
də ona xalqı öz ətrafında birləşdirmək,
milli ideallar ətrafında səfərbər etmək
imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin
icrasına başladığı ilk gündən cəmiyyətin
bütün siyasi qüvvələrinin, sosial
qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin
etmək istiqamətində ardıcıl siyasət
yürütmüşdür.
Statusundan asılı olmayaraq, insanın hansı
ideyanın daşıyıcısı, hansı əməlin
sahibi olduğunu müəyyənləşdirmək
üçün ən etibarlı istinad yeri onun
gördüyü işlərdir. Dövlətə rəhbərlik
fəaliyyətinin ötən 9 ili cənab İlham Əliyevin
Azərbaycan xalqına, dövlətinə
qazandırdığı daha böyük uğurlarla əlamətdar
olmuşdur. Reallığı düzgün qiymətləndirmək
bacarığı, praqmatikliyi, insanlara təmənnasız
münasibəti, xalqına, millətinə, Vətəninə
sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi,
məqsədə doğru inamla irəliləməsi cənab
İlham Əliyevə xalqın rəğbət hissini daha da
artıran ən mühüm mənəvi keyfiyyətlərdir.
İntellektlə istedadın, ənənə ilə
novatorluğun, keçmişlə gələcəyin üzvi
vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti,
Azərbaycanın dünəni, bugünü və sabahına
sonsuz, sarsılmaz sədaqət - bunlar cənab İlham Əliyev
şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.
Bu səbəbdən də, cənab İlham Əliyevin pozitiv
siyasi obrazının mahiyyətini ictimai rəyin adekvat
münasibətində axtarmaq lazımdır. Azərbaycan cəmiyyətində
qəti olaraq belə rəy formalaşmışdır ki,
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi prioritetlərin varisliyini
uğurla təmin etmiş alternativsiz liderdir.
Son 9 ildə həyata keçirdiyi çevik və məqsədyönlü
siyasətlə özünü təcrübəli dövlət
xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi,
real ideya və proqramlarla insanların inam və
etimadını qazanması cənab İlham Əliyevin
yüksək liderlik keyfiyyətlərinə malik olduğunu
bir daha təsdiqləmişdir. Dövlət
başçısı siyasi lider olaraq insanları öz ideya
və baxışları ətrafında toplamaq, onların iradələrinə,
qərarlarına təsir göstərmək iqtidarında
olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri
sayəsində də idarəçilikdə yüksək
uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici
hissəsini arxasınca apara bilmişdir.
Prezident İlham Əliyevin Xocalı soyqırımının
20-ci ildönümü ilə əlaqədar paytaxtda
keçirilən ümumxalq yürüşünün
önündə getməsi bir daha ölkə
başçısının xalqla birliyini, milli ideallar ətrafında
insanları səfərbər edərək ali məqsədlər
uğrunda irəli aparmaq bacarığını
nümayiş etdirdi. 85 mindən çox insanın
iştirakı ilə keçirilən ümumxalq
yürüşü Xocalı faciəsi qurbanlarının
xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən
insanlığa qarşı törədilmiş bu vəhşi
cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq məqsədi daşıyırdı.
Prezident İlham Əliyev Xocalı soyqırımının
20-ci ildönümü ilə əlaqədar Azərbaycan
xalqına müraciətində bildirmişdir: "Xocalı
soyqırımını törətməkdə düşmənin
məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik
və ərazi bütövlüyü uğrunda mübarizədən
çəkindirmək və torpaqlarımızı zorla ələ
keçirmək olsa da, bu ağır faciə
xalqımızı daha da mətinləşdirmiş, qəhrəman
oğul və qızlarımızı müqəddəs Vətən
və milli dövlətçiliymiz naminə qətiyyətli
və mütəşəkkil mübarizəyə səfərbər
etmişdir. Bu ümummilli hüzn günündə bir daha
Xocalı faciəsinin günahsız qurbanlarının əziz
xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm
ki, Xocalı soyqırımını həyata keçirənlər
gec-tez ədalət məhkəməsi qarşısında
cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin
qanı yerdə qalmayacaqdır".
Bu yürüş həm də Azərbaycan
xalqının sıx birliyini, onun öz şəhidlərinin
xatirəsinə ehtiramını, işğal altındakı
torpaqların azad olunması və ölkənin ərazi
bütövlüyünün bərpası üçün əlindən
gələni etmək əzmini təsdiqlədi. Minlərlə
yürüş iştirakçısının əllərində
"Dünya Xocalı soyqırımını
tanımalıdır!", "Xocalıya ədalət!",
"Xocalını unutmayın!", "Xocalı
soyqrımı - 20 il!", "Rədd olsun erməni
faşizmi!" yazılmış plakatlar tutmuşdular.
Fevralın 25-dən 26-na keçən gecə erməni
faşistləri tərəfindən insanlığa
qarşı törədilmiş bu vəhşi cinayəti
yenidən dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq məqsədi daşıyan bu izdihamlı
yürüş bir daha sübut etdi ki, xalqımız tarixinə
yazılmış bu faciəni unutmayacaqdır.
Xocalı soyqrımının 20-ci ildönümü
ilə əlaqədar İstanbulun Taksim meydanında da
izdihamlı yürüş-mitinq keçirilmişdir. Yürüş-mitinqdə
175 mindən çox insan 20 il bundan əvvəl erməni
faşistləri tərəfindən törədilmiş
Xocalı soyqırımı ilə bağlı Azərbaycanın
haqq işinə dəstək vermək üçün
İstanbulun mərkəzindəki meydana
toplaşmışdır. Xocalı soyqrımının 20-ci
ildönümü ərəfəsində Fransa Senatında da
faciə ilə bağlı müzakirələr
aparılmışdır. Dünyanın bir sıra ölkələrində
- Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada,
İsveç, Belarus, Rumıniya, Almaniya və digər
dövlətlərdə keçirilən tədbirlərdə
Xocalı faciəsi ilə bağlı əsl həqiqətlər
diqqətə çatdırılmışdır. Bu il
dünyanın bir sıra ölkələrində keçirilən
tədbirlərdə Xocalı faciəsi ilə bağlı
nümayiş etdirilən fotolar, videoçarxlar erməni
şovinistlərinin 20 il öncə törətdikləri vəhşilikləri
bir daha yada salmışdır. Artıq yalan və
saxtakarlıq üzərində qurulmuş erməni təbliğat
maşınının iç üzü ifşa olunur və
dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul
etməyə başlayır.
Prezident İlham Əliyevin tapşırıq və
tövsiyələri əsasında son illər Xocalı faciəsinin
dünya ölkələrində tanıdılması, erməni
qəsbkarlarının ifşası istiqamətində sistemli
iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən
xüsusi tədbirlər proqramı təsdiqlənir və icra
edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini
xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin
ən böyük faciələrindən olan Xocalı
soyqırımı haqda faktların dünyaya
çatdırılması istiqamətində sistemli və
ardıcıl fəaliyyət göstərir. Dağlıq
Qarabağ münaqişəsində xalqımızın
üzləşdiyi faciələri əks etdirən filmlərin,
fotosənədlərin, kitabların və digər kütləvi
nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə
malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan,
fransız, alman, ərəb, ingilis və rus dillərində
hazırlanmış "Qarabağ həqiqətləri"
bukletlər toplusu və onların CD, DVD variantlarının
bir sıra ölkələrdə yayılması
işğala məruz qalmış ölkəmizin üzləşdiyi
fəlakətləri əks etdirən ən böyük təbliğat
işlərindən biri olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr
edilən "Qarabağın tarixi haqqında məlumat",
"Qarabağ münaqişəsinin başlanması",
"Xocalı soyqırımı", "Azərbaycana
qarşı erməni təcavüzünün nəticələri",
"Erməni terror təşkilatlarının Azərbaycana
qarşı fəaliyyəti" kitabçalarının
elektron variantları Xocalı soyqırımının 20-ci
ildönümündə təşkilatın təşəbbüsü
ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq
təşkilatlara, kütləvi informasiya vasitələrinə,
tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdır.
Zəngin faktlar və fotosənədlərə istinadla
aparılan bu təbliğat kampaniyası yüz minlərlə
avropalıya Qarabağ həqiqətləri, Xocalı
soyqırımı, Ermənistanın ölkəmizə
qarşı həyata keçirdiyi təcavüzkar
işğalçılıq siyasəti haqqında əsl həqiqətləri
çatdırmışdır.
Xocalı soyqırımının dünyada
tanıdılması bir neçə ilin işi deyil. Bu istiqamətdə
hələ uzun illər ərzində fəal iş aparmaq
lazımdır. İnanırıq ki, dövlət
başçısı İlham Əliyevin hücum
diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi
dünyaya qəbul etdirə biləcəyik.
Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı, tibb
elmləri doktoru, professor
Azərbaycan.- 2012.- 29 fevral.- S. 8.