Naxçıvan Dövlət Universitetində Polşa günləri

 

Naxçıvan Dövlət Universitetində Polşa günləri keçirilmışdir. Tədbirdə Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda və səfirliyin digər nümayəndələri, Polşa Baş Ticarət Məktəbinin rektoru professor Adam Budnikovskiiştirak etmişdir. Universitetin rektoru akademik İsa Həbibbəyli çıxış edərək qonaqları salamlamış, Azərbaycanla Polşa arasında diplomatik, iqtisadi-mədəni əlaqələrin tarixi köklərindən və müasir inkişaf səviyyəsindən bəhs etmişdir.

Qeyd olunmuşdur ki, ən qədim yaşayış məskənlərindən olan, 5000 illik şəhərsalma tarixinə malik Naxçıvan Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Azərbaycan müstəqillik qazandıqdan sonra muxtar respublika hərtərəfli inkişaf və tərəqqi yolundadır.

Rektor universitetin strukturu, maddi-texniki və tədris bazası, professor-müəllim heyəti haqqında ətraflı məlumat vermişdir. NDU-nun çoxcəhətli beynəlxalq əlaqələrindən, dünyanın 50-dən çox tanınmış universiteti, habelə bir çox beynəlxalq qurum və təşkilatlarla tərəfdaşlığından, Polşanın ali təhsil müəssisələri ilə də əlaqələr qurmaqda maraqlı olmasından bəhs olunmuşdur.

Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Azərbaycan və Polşa əlaqələrinin tarixi və müasir vəziyyəti barədə ətraflı məruzə etmiş, hər iki ölkə başçısının siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. Səfir xatırlatmışdır ki, ötən ilin payızında Naxçıvana rəsmi səfəri zamanı muxtar respublika rəhbərliyi ilə görüşdə Polşa ilə Naxçıvan Muxtar Respublikası arasında mədəniyyət və elm, kənd təsərrüfatı sahəsində çoxşaxəli əməkdaşlıq məsələləri müzakirə olunmuş, Naxçıvan Dövlət Universitetində keçirilən görüş zamanı universitetlərarası tərəfdaşlıq barədə razılaşmalar əldə edilmişdir. Polşanın səfiri bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini və əlaqələrin gələcək inkişafı üçün hər cür kömək göstərəcəyini bildirmişdir.

Polşa Baş Ticarət Məktəbinin rektoru professor Adam Budnikovski təmsil etdiyi ali məktəbin ölkənin iqtisadiyyat üzrə ən böyük təhsil müəssisələrindən, Avropanın menecmentlik sahəsində aparıcı ali məktəblərindən biri olduğunu vurğulamışdır. Təməli 1906-cı ildə qoyulan, 800 nəfər müəllimin çalışdığı bu ali məktəbdə hazırda 19 000 tələbə və 3000 aspirant təhsil alır. Burada dünya iqtisadiyyatı, sosial iqtisadiyyat, maliyyə və bank işləri, beynəlxalq əlaqələr, marketinq və menecmentlik sahəsində yüksəkixtisaslı mütəxəssislər hazırlanır.

Tədbirdə Polşanın Avropa məkanında inkişaf etmiş, Şərq tərəfdaşlığına maraqlı bir ölkə kimi tanınması, Azərbaycanın isə Avrasiyanın ən qabaqcıl ölkəsi kimi seçilməsi, ölkələrarası münasibətlərin formalaşmasında universitetlərarası əlaqələrin mühüm rol oynaması ilə bağlı fikirlər səsləndirilmişdir.

Sonra ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilədə elm, təhsil, idman, mədəniyyət sahəsində gələcək əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Müqavilədə müəllim və tələbə mübadiləsi, müştərək konfrans və simpoziumların təşkili, virtual əlaqələrin inkişafı məqsədilə videokonfans və videodərslərin keçirilməsi nəzərdə tutulur.

Polşa günləri çərçıvəsində "Salam, Polşa!" adlı fotosərgi nümayiş etdirilmişdir. Bədii hissədən öncə Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli və Polşanın ölkəmizdəki səfiri Mixal Labenda çıxış edərək mədəniyyətlərarası və universitetlərarası tərəfdaşlığın əhəmiyyətindən danışmışlar. Pianoçu-virtuozların İsveçrədə keçirilən müsabiqəsinin I mükafatının sahibi, Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskaya polyak və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir. Konsertdə universitetin İncəsənət fakültəsinin tələbələri Ülvi Əhmədov və Günay Heydərovanın professional ifaları da xüsusi maraqla qarşılanmışdır.

Polşalı qonaqlar səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, dahi öndərin adını daşıyan muzeylə tanış olmuşlar. Azərbaycan memarlığının nadir incilərindən sayılan Möminə Xatun türbəsinə, Nuh peyğəmbərin türbəsinə, XVIII əsrə aid tarixi-memarlıq abidəsi - Xan sarayına ekskursiyalar da təşkil olunmuşdur.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2012.- 29 fevral.- S.11.