Əsrin
faciəsi
Tarixinin müxtəlif dönəmlərində ermənilər
tərəfindən soyqırımına məruz qalan Azərbaycan
xalqı növbəti belə faciə ilə 1992-ci ilin
qarlı qışında Xocalıda üzləşdi. Sovet
imperiyasının süqutu ilə yaranan mürəkkəb
tarixi və ictimai-siyasi şəraitdə dövlət
müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi
ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli
faciələrindən birini yaşaması ölkənin yeni
tarixinə qara hərflərlə yazıldı.
Xocalı soyqırımı beynəlxalq hüquq
kontekstində prokurorluq və
digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni
silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağda və Azərbaycanın digər
işğal olunmuş ərazilərində, həmçinin
Ermənistanda saxlanılan azərbaycanlı əsir və
girovlara dözülməz işgəncələr verilməsi,
onların bir qisminin öldürülməsi, şikəst
edilməsi, təxribat və terror aktlarının törədilməsi,
əhalinin məcburi köçürülməsi,
yaşayış məntəqələrində maddi sərvətlərin,
tarixi mədəniyyət abidələrinin
dağıdılması, habelə ermənilərin törətdikləri
digər ağır cinayət faktları ilə əlaqədar
ayrı-ayrı cinayət işləri açaraq istintaq
aparıblar.
Xalqımıza qarşı törədilmiş
ağır cinayətlərin istintaqı və onlara hüquqi
qiymətin verilməsi, həmin cinayətlərin təşkili
və törədilməsində iştirak etmiş təqsirkar
şəxslərin müəyyənləşdirilib mövcud
qanunvericiliyə əsasən cinayət məsuliyyətinə
cəlb olunması, habelə beynəlxalq hüquq
normalarının kobud şəkildə pozulması
faktları ilə bağlı beynəlxalq təşkilatlar
qarşısında müvafiq vəsatətlər
qaldırılması məqsədilə 2003-cü il
dekabrın 18-də Azərbaycan Respublikası baş
prokurorunun, daxili işlər və milli təhlükəsizlik
nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat
qrupu yaradılıb. Qeyd edilən cinayətlər üzrə
müxtəlif vaxtlarda icraatı dayandırılmış
cinayət işləri üzrə icraat təzələnməklə
istintaq aparılması həmin qrupa həvalə edilib. 2005-ci
ilin may ayında cinayət
işinə prosessual rəhbərliyin həyata keçirilməsi
hərbi prokurora həvalə edilib. Həmin cinayət
işinin Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
beynəlxalq hüquq pozmalarına və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin, Cinayət
Prosessual Məcəllənin tələblərinə uyğun
həyata keçirilməsini, işin hərtərəfli, tam
və obyektiv aparılmasını, səmərəliliyini,
operativliyini təmin etmək məqsədilə müəyyən
işlər görülüb, vahid istintaq-əməliyyat
planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət
işinə birləşdirilmiş hər bir iş üzrə
araşdırılmalı xüsusatlar, həyata keçirilməli
istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə
öz əksini tapıb.
Cinayət təqibi üzrə toplanmış materialların
həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən
və zərərçəkmiş şəxslərin, həmçinin
araşdırılmalı olan xüsusatların sayının
çoxluğu, eyni zamanda, həmin cinayətlərin törədilmə
üsul və vasitələri, xarakteri nəzərə
alınaraq soyqırımı, isgəncə və icraatı
təzələnmiş işlər üzrə üç əsas
istiqamət müəyyənləşdirilib. Qanunsuz erməni
silahlı birləşmələri tərəfindən
Dağlıq Qarabağda və işğal olunmuş digər
ərazilərdə törədilən cinayət əməlləri
1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində
nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə
cinayətlərə aid edilib. Cinayət işinin istintaqı
hərbi prokurorluq orqanlarında keçirilən islahatlardan
sonra daha da sürətlənib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr
2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər
üçün Dövlət Proqramı"na müvafiq
olaraq respublikanın baş prokurorunun 30 mart 2009-cu il tarixli əmrinə
əsasən, respublika Hərbi Prokurorluğunun Ağır
Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində
Xüsusi istintaq şöbəsi yaradılaraq yuxarıda
göstərilən cinayət işinin istintaqı həmin
şöbəyə həvalə edilib.
Bundan sonra beynəlxalq hüquq normalarına uyğun
soyqırımı, deportasiya, işgəncə və digər
epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri
aparılıb, nəticədə 1 yanvar 2011-ci il tarixədək
sülh və insanlıq əleyhinə müharibə cinayətləri
törətmiş 239 nəfər, habelə ümumi cinayətlər
kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə
və digər cinayətlər törətmiş 48 nəfər,
cəmi 287 nəfər barəsində təqsirləndirilən
şəxs qismində cəlbetmə qərarları
çıxarılıb. Məhkəmə qərarlarına əsasən,
onların barələrində həbs qətimkan tədbiri
seçilib, axtarışları elan edilib, bununla bağlı
müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi
təmin olunub.
Cinayət işi üzrə keçirilmiş kompleks
məhkəmə tikinti-texniki və əmtəəşünaslıq
ekspertizasının rəyindən isə belə məlum olur
ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən
Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar
dövlət əmlakının və xüsusi mülkiyyətdə
olan əmlakın məhv edilməsi, talan edilməsi ilə
bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına
140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq
ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam
etdirilir.
Aparılan istintaqla o da
müəyyən edilib ki, beynəlxalq humanitar hüquq
normalarını, insan hüquqları üzrə ən
müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi
birləşmələri dinc əhalini qətlə yetirmək
məqsədilə insanlığa ləkə olan ən qəddar
üsullara əl atıblar. Xocalıda mülki əhalinin
planlı şəkildə qətlə yetirilməsini
sübut edən çoxsaylı faktlardan biri də məhz
budur ki, həmin gün əhalinin zorakılıqdan
qaçıb qurtarmaq istəyən dəstələri ərazidən
çıxış yollarında əvvəlcədən
xüsusi hazırlanmış pusqularda güllələniblər.
Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi
ərazilərində pulemyot, avtomat və başqa
atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir.
Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı
şəhərində törətdikləri qeyri-insani hərəkətlərin
kökündə məhz soyqırımı niyyətinin
dayandığını aşkar surətdə üzə
çıxarır.
İstintaqla o da müəyyən edilib ki, ermənilər
beynəlxalq humanitar hüquqda yolverilməz sayılan
soyqırımı cinayətinə şüurlu, məqsədli
şəkildə, bilərəkdən əl ataraq, misli
görünməmiş qətliamlar törədiblər. BMT
Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində
qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu
tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi
dayaqlardan məhrum edir. Belə bədnam əməllər
BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə
minən "Genosid cinayətinin qarşısının
alınması və cəzalandırılması
haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası
təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər
sülh və yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq, genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək,
onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürüblər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini
təşkil edən bütün əməllər tətbiq
olunub.
Ermənistanın müharibə zamanı
davranış normalarını müəyyənləşdirən
beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə
bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır.
Beynəlxalq humanitar hüququn tələblərinə əsasən
müharibə yalnız silahlı münaqişədə olan
tərəflərin silahlı qüvvələri arasında
aparılmalıdır. Mülki əhali döyüşlərdə
iştirak etməməli və onlarla hörmətlə
davranılmalıdır. "Müharibə zamanı mülki
şəxslərin müdafiəsinə dair" IV Cenevrə
Konvensiyasının 3-cü maddəsinə əsasən,
mülki əhalinin həyatına və təhlükəsizliyinə
qəsd, o cümlədən onların hər cür
öldürülməsi, şikəst edilməsi, onlarla qəddar
davranış, onlara əzab və işgəncə verilməsi,
insan ləyaqətinə qəsd, təhqir və
alçaldıcı hərəkətlər qadağan edilir.
Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç
bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna
görə cəzalandırıla bilməz.
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin
görülməsi, mülki əhalini qorxuya salmaq, onlara
qarşı terror hərəkətləri, onların
repressiyaya məruz qoyulması birmənalı şəkildə
qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə
görə mülki əhalinin girov götürülməsi də
qadağandır. Lakin təkcə Xocalıda mindən
artıq insanı girov götürən ermənilər bu
prinsipə aşkar sayğısızlıq nümayiş
etdiriblər. Ermənistan silahlı qüvvələri bu
hüquq normalarına məhəl qoymayaraq Xocalıda dinc əhalinin
məhvi üçün qəddar üsula əl atıblar.
"Soyqırımı cinayətinin qarşısının
alınması və onun cəzalandırılması
haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyada və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində
nəzərdə tutulmuş soyqırımı cinayətinin
tərkibi var.
Cinayət işi öyrənilərkən müəyyən
edilib ki, Xocalı soyqırımını həyata keçirən
Ermənistan hərbi birləşmələri, Dağlıq
Qarabağdakı silahlı separatçı birləşmələr
SSRİ-nin Xankəndidə yerləşən 366-cı
alayın hərbçiləri tərəfindən dünya
dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq
normalarına da riayət edilməyib. 1949-cu il 12 avqust tarixli
"Döyüşən silahlı qüvvələrdə
yaralıların və xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında", "Hərbi
əsirlərlə rəftar haqqında" və
"Müharibə zamanı mülki əhalinin qorunması
haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində
nəzərdə tutulan - döyüş əməliyyatlarında
bilavasitə iştirak etməyən şəxslərə
qarşı onların həyatına və şəxsiyyətinə
qəsd etmək, o cümlədən hər hansı şəraitdə
öldürmək, şikəst etmək, qəddarcasına rəftar
etmək və işgəncə vermək, girov götürmək,
insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz
və alçaldıcı tərzdə rəftar etmək kimi
qadağalara kobud surətdə məhəl qoyulmayıb.
366-cı alayın hərbi qulluqçularının və
digər şəxslərin Xocalı soyqırımında
iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin
soyqırımına görə məsuliyyəti nəzərdə
tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya
köçürtmə), 113-cü (işgəncə),
115.4-cü (müharibə qanunlarını və adətlərini
pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik,
məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi
zorakılıqla əlaqədar başqa hərəkətlər
etmə) maddələri ilə nəzərdə tutulan cinayəti
etməkdə təqsirləndirilən şəxslər kimi cəlb
olunmaları barədə qərarlar çıxarılıb.
Həmçinin barələrində məhkəmələr
tərəfindən həbs qətimkan tədbiri seçilib və
beynəlxalq axtarışlarının həyata keçirilməsi
üçün müvafiq sənədlər İnterpolun Azərbaycan
Respublikası Milli Bürosuna göndərilib.
Heydər Əliyev Fondu Xocalı
soyqırımının geniş dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynayır
Xocalı faciəsinin dünyada tanıdılması
istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi
altında ardıcıl və sistemli tədbirlər həyata
keçirilir. Hər il Prezident Administrasiyası tərəfindən
tədbirlər proqramı təsdiqlənir və icra edilir. Həmçinin
Azərbaycanın yeni müstəqillk tarixinə qanla
yazılmış Xocalı faciəsi hər zaman ölkəmizdə,
dünyanın müxtəlif dövlətlərində
yaşayan soydaşlarımız və digər dost
xalqların nümayəndələri tərəfindən
ürək ağrısı ilə xatırlanır. Faciənin
hər ildönümündə dünyanın bir çox
ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi
anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin
vəhşiliklərini əks etdirən fotoşəkillər,
filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin
nüfuzlu qəzetlərində faciəyə həsr
olunmuş məqalələr çap olunur, televiziya və
radio kanallarında verilişlər səslənir.
Xocalı həqiqətlərinin dünyaya
çatdırılması, bu həqiqətlərin beynəlxalq
aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi
istiqamətində atılan addımlarda Heydər Əliyev
Fondunun, şübhəsiz ki, müstəsna rolu var. Məhz bu
Fondun dəstəyi ilə Xocalı faciəsinin
ildönümü hər il dünyanın 100-dən artıq
yerində qeyd olunur. Soyqırımına həsr olunmuş
silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat
materialları əsasında həyata keçirilir. Artıq
Fondun gərgin fəaliyyəti sayəsində əvvəlki
illərdən fərqli olaraq indi dünya ölkələri
erməni qəsbkarlarının insanlığa
sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar,
nüfuzlu qurumlar bəşəriyyətə qarşı
törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq
qətliamı kəskin şəkildə pisləyirlər.
Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri"
silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi
abidələrin dağıdılması ilə bağlı
ingilis dilində nəşr olunan kitab və bukletlər də
xaricdə yayımlanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam
Konfransı Təşkilatının (İKT) Gənclər
Forumunun mədəniyyətlərarası dialoq üzrə
baş əlaqələndiricisi Leyla xanım Əliyevanın
təşəbbüsü ilə fəaliyyətə
başlamış "Xocalıya ədalət"
kampaniyası ildən-ilə daha da genişlənməkdədir.
Artıq bu aksiyaya dünyanın əksər ölkələrində
yüzlərlə könüllü qoşulub.
Ümumiyyətlə, İKT-nin Dialoq və Əməkdaşlıq
uğrunda Gənclər Forumu da Ermənistanın
işğalçı mövqeyinin dünya miqyasında pislənməsi
istiqamətində fəal iş aparır. Forum hələ
2007-ci ilin payızında Bakıda "Gənclər
sivilizasiyaların alyansına tərəfdardır" təşəbbüsü
çərçivəsində təsis edilmiş
"Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər
Hərəkatına da müraciət edərək, ona tərəfdaşları
olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə
Ermənistanın həm dinc azərbaycanlıların, həm
də öz vətəndaşlarının qanını
axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini
dünya birliyinə çatdırmağı təklif edib. Təklifdə
bu fikirlər də yer almışdı ki, Dağlıq
Qarabağ münaqişəsinə potensial baxımdan
sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə
gətirib çıxara biləcək bir münaqişə
kimi baxılsın. Ermənistanda hakimiyyətə gəlmiş
S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi
üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda
sabitliyin ciddi şəkildə pozulmasına gətirib
çıxara bilər. Xatırladaq ki, onlarca ölkənin gənclər
təşkilatlarını birləşdirən İKT-nin Gənclər
Forumu İslam Konfransı Təşkilatının affilyasiya
edilmiş təsisatının və BMT-nin
"Sivilizasiyaların alyansı" qurumunun rəsmi tərəfdaşıdır.
İKT Gənclər Forumu idarə heyətinin 2008-ci
ilin aprelində Küveytdə keçirilən 6-cı
sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq məsələləri
üzrə birinci baş əlaqələndiricisi seçildi.
Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğalına daha
çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz
bunun nəticəsi idi ki, həmin il mayın 17-də
İstanbulda İKT Gənclər Forumunun və İSESKO-nun təşkilatçılığı
ilə keçirilmiş İKT ekspertlərinin
ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü
ilə başlanmış "Xocalıya ədalət -
Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən
dəstəkləndi və 26 fevral - Xocalı
soyqırımı gününün İKT ölkələrində
humanitar fəlakətlər qurbanlarının xatirəsini
anma günü kimi qeyd olunması barədə qərar qəbul
olundu. Bundan əlavə, Xocalı qətliamının
İslam ölkələrində dərsliklərə daxil
edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin
toplantısına təqdim edilməsi
razılaşdırıldı. İKT-nin üzvü olan
ölkələrin xarici işlər nazirlərinin Kampalada
(Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər
Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa
azadlıq" təşəbbüsü təsdiq edildi. Bu
barədə İKT xarici işlər nazirlərinin
konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul
olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən
dəstəklənməsi dünyanın 57 ölkəsində
müvafiq kampaniyanın həyata keçirilməsi
üçün siyasi-hüquqi baza yaradılmasına gətirib
çıxardı.
Qətnaməyə görə, İKT üzvü olan
ölkələrdə humanitar faciələrin
qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə
Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq
edilməklə yanaşı, XX əsrdə müsəlman
ölkələri xalqlarının məruz qaldıqları
humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr
haqqında düzgün informasiyanın yayılması
üçün kampaniyalar keçirilməsi nəzərdə
tutulur.
2009-cu ilin mayında isə İKT Xarici İşlər
Nazirləri Şurasının Dəməşqdə
keçirilən 36-cı konfransında nazirlər Gənclər
Forumu haqqında qəbul etdikləri yekun qətnamədə
"Xocalıya ədalət - Qarabağa azadlıq"
kampaniyasını tam dəstəkləyərək üzv
ölkələri bu kampaniyada fəal iştiraka
çağırmışlar.
2011-ci ilin əvvəllərində isə İslam
Konfransı Təşkilatı Parlamentlər İttifaqı
Leyla xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən "Xocalıya ədalət"
beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə
qəbul edib. İKT Parlamentlər İttifaqı
Şurasının Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabidə keçirilən 13-cü
sessiyasında Şuraya üzv dövlətlərin qəbul
etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini
insanlığa qarşı törədilmiş kütləvi
cinayət kimi tanımağa çağırılır. Bu,
İKT GF-nin təşəbbüsü ilə irəli
sürülmüş "İKT GF və İKT Pİ
arasında əməkdaşlıq haqqında" qətnamənin
Şura tərəfindən təsdiqlənməsi nəticəsində
baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib
ki, İKT Pİ-yə üzv parlamentlər erməni
silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı
əhaliyə qarşı törədilmiş kütləvi
qırğını insanlığa qarşı cinayət
kimi tanıyır. Sənəddə üzv dövlətlər
qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin
verilməsinə çağırılırlar. İKT Pİ
Şurası Leyla xanım Əliyevanın fəaliyyətini
yüksək qiymətləndirib və bu rəy qətnamədə
öz əksini tapıb.
Xocalı faciəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması və
hadisənin dünya ictimaiyyəti tərəfindən
hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə
nail olmağa yönəlmiş "Xocalıya ədalət"
beynəlxalq məlumat və təşviqat kampaniyası
hazırda dünyanın bir çox ölkəsində
yüzlərlə könüllü tərəfindən
uğurla həyata keçirilir.
Artıq Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində beynəlxalq hüquq və
normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir
və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul
edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan
hələlik münaqişənin sülh yolu ilə həlli
üçün səylərin davam etdirilməsini zəruri
saysa da, ərazi bütövlüyünün pozulması ilə
uzun müddət barışmaq niyyətində deyil. Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın
münaqişənin hamılıqla qəbul olunmuş norma və
prinsiplərlə həllinə razılıq verməyəcəyi,
təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə,
Azərbaycanın öz torpaqlarını azad etmək
üçün hərbi əməliyyatlara
başlayacağını qətiyyətlə bəyan edib.
Bu, Azərbaycan xalqının müstəsna hüququdur və
onu heç bir dövlət bu yoldan çəkindirə bilməz.
Heç kimdə şübhə yoxdur ki, Ermənistan tezliklə
işğal etdiyi əraziləri azad edəcək, həmçinin
xalqımıza qarşı ağır cinayətlərə
yol verənlər, o cümlədən Xocalı faciəsini
törədənlər əvvəl-axır ədalət məhkəməsi
qarşısında dayanacaqlar.
Azərbaycan.- 2012.- 29 fevral.-
S.10.