Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev özünün Rumıniyaya, Rumıniya Prezidenti Trayan Beseskunun isə ölkəmizə səfərlərini məmnunluqla xatırladı. Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu deyən dövlət başçısı bildirdi ki, əlaqələrimizin inkişafına dair imzalanan sənədlər  ölkələrimizin tərəfdaşlığının strateji əhəmiyyət daşıdığını əks etdirir. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik, eləcə də NATO-Azərbaycan əlaqələri çərçivəsində əməkdaşlığının önəmini qeyd etdi.

Yulian Fota Rumıniya Prezidenti Trayan Beseskunun  salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı. Bir il bundan əvvəl  ölkəsinin Prezidenti ilə Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayan qonaq ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.          

Dövlət başçısı Rumıniya Prezidenti Trayan Beseskunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-28 fevral.- S. 2.