Ərazi bütövlüyünə gedən yolun başlanğıcı

 

Bu yürüşü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və öndərliyi ilə Qarabağda zəfərlə başa vuracağıq

 

Erməni cəlladlarının öz havadarlarının köməyi ilə XX əsrin sonlarında xalqımıza qarşı törətdiyi ən böyük cinayətlərdən olan Xocalı və Qaradağlı faciələrinin 20-ci ilini də geridə qoyduq. Zaman kəsiyinin uzanmasına baxmayaraq, illər ötdükcə biz bu faciələrin ağrısını, göynərtisini daha dərindən yaşayırıq, daha çox hiss edirik, qan yaddaşımız bizi harayla qisasa, intiqama səsləyir.

Keçmiş döyüşçü, qəlbi torpaqlarımızın azadlığı eşqi ilə döyünən bir azərbaycanlı kimi bu illər ərzində xalqımıza qarşı soyqırımı törədənlərdən qisas almaq, ərazi bütövlüyümüzü son qarışına qədər bərpa etmək hissi məni bir an da olsun tərk etmədi. Əksinə, Azərbaycanın ildən-ilə artan iqtisadi gücü, ordumuzun qüdrətlənməsi, regionda və dünyadakı yerimizin möhkəmlənməsi bu arzularımın reallaşacağına inamımı daha da artırır.

Fevral ayının 26-da - Xocalı soyqırımının 20-ci ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından "Xocalı soyqırımı" adibəsinə edilən ümumxalq yürüşü zamanı bir daha əmin oldum ki, qisas anımız, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

On minlərlə insanın iştirak etdiyi bu yürüş ermənilərə və onların havadarlarına bir mesaj idi. Prezident İlham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Ermənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində həllinə məcbur olacaqdır.

Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı bizi qürurlandırır, cəmiyyətimizdəki vətənpərvərlik əhval-ruhiyyəsini artırır. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, Pakistan və Meksika kimi dövlətlər, ABŞ-ın Nyu-Cersi ştatı Xocalı soyqırımını tanıyıblar.

Artıq dünya 100 il əvvəlin erməni yalanına deyil, cəmi 20 il əvvəlin Xocalı həqiqətlərinə inanmaqdadır!

Getdikcə dünya ictimaiyyəti 1992-ci ilin fevralında sovet ordusunun köməyi ilə, yəni öz güclərinə yox, havadarlarının dəstəyi ilə Xocalı şəhərini işğal edən ermənilərin 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirdiyini dilə gətirməkdədir. Həmin insanların yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə soyqırımına məruz qalması beynəlxalq səviyyədə öz etirafını tapmaqdadır.

Ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayətlərini Xocalıdan əvvəl Xocavənd rayonunda törədiblər. Müharibənin ağrı-acısını Ermənistanın hərbi təcavüzünün ilk günlərindən yaşayan xocavəndlilər 4 il ermənilərə qarşı inadlı müqavimət göstərdilər, döyüşlərdə uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinlər mərdliklə iştirak etdilər. Öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 şəhid verdilər.

Xocavənddən söz açarkən Qaradağlı soyqırımının üzərindən sükutla keçmək olmur. Qaradağlı əhalisi ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay mühasirədə qalıb qəhrəmancasına döyüşdü. 1992-ci il fevralın 17-də kəndi işğal edən ermənilər burada misli görünməmiş vəhşiliklər törətdilər. Kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirdilər, soyqırımı həyata keçirdilər. Gedən döyüşlərdə fevralın 17-si də daxil olmaqla Qaradağlı sakinlərindən 77 nəfər şəhid oldu ki, bu da kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir.

Xocalıda və Qaradağlıda, eləcə də digər yerlərdə Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini törədən hər bir erməni cəlladı unutmamalıdır ki, gec-tez layiq olduğu cəzasını alacaq.

 

Onların hamısını terrorçu, quldur Monte Melkonyanın acı aqibəti gözləyir!

 

Bu, həmin Melkonyandır ki, əli yüzlərlə günahsız azərbaycanlının qanına bulaşıb. Qaradağlı və Xocalı soyqırımılarının əsas müəlliflərindən biri məhz Melkonyandır. Qaradağlı kəndində günahsız azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, Xocalıda dinc sakinlərin ən ağlasığmaz vəhşiliklə öldürülməsində xüsusilə fərqlənən bu qaniçən komandir olub. Təsadüfi deyildi ki, bu faşist xislətli erməni terrorçusu ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, bu gün də Ermənistanda "qəhrəmanlığın simvolu" kimi dərsliklərə salınır, yeniyetmə və gənc ermənilərə "bir nömrəli örnək erməni" kimi təbliğ olunur.

Müharibə vaxtı mənim bir döyüşçü kimi qarşıma qoyduğum əsas məqsədlərdən biri bu erməni faşistini tapıb cəzalandırmaq, Xocalıda, Qaradağlıda dinc azərbaycanlılara verdiyi əzab-əziyyəti, həyata keçirdiyi soyqırımı onun özünə yaşatmaq idi. 1993-cü ilin iyun ayında Xocavəndin işğal altındakı Muğanlı kəndində mən bu arzuma çatdım.

3 günlük kəşfiyyatdan sonra Melkonyanı taparaq layiq olduğu cəzasını verdim!

 

Ermənistana 3 gün, dünya ermənilərinə 1 ay matəm yaşatdım!

 

Sözüm Xocalıdan olan insanlara - yaxınlarını itirmiş həmvətənlərimədir: əzizlərim, bir qədər təskinlik tapın, sizlərin hələ də qan sızan yaralarınıza az da olsa məlhəm qoymuşuq, soyqırımı həyata keçirən komandiri cəzalandırmaqla qisasınızı müəyyən qədər almışıq! Azərbaycan əsgəri bunu bacarıb! Əmin olun, bizlər sizin qisasınızı Xocalı uğrunda aparacağımız döyüşlərdə də tam alacağıq!

Melkonyan qisas aldığımız erməni quldurlarından biridir. Amma nə qədər ki, sarkisyanlar, koçaryanlar dinc azərbaycanlıları qətlə yetirmələri ilə fəxr edirlər, biz rahat ola bilmərik. Bu gün müharibə başlasa biz yalnız işğal altında olan ərazilərimizi deyil, Zəngəzura, Göyçəyə, İrəvana qədər gedərək, tarixi Azərbaycan torpaqlarını da azad etmək əzmindəyik! Azərbaycan Ordusunun bu işin öhdəsindən uğurla gələ bilmək iqtidarında olduğunu Ermənistanda da yaxşı dərk edirlər.

İnanıram ki, gün gələcək və biz qarşımızda dayanan ən müqəddəs missiyamızı uğurla başa çatdırmaqla Xocalıda, Qaradağlıda soyqırımına məruz qalan, bütövlükdə müharibədə şəhid olmuş soydaşlarımızın ruhunu şad edəcəyik.

Fevralın 26-da başda Prezident İlham Əliyev olmaqla keçirdiyimiz möhtəşəm yürüş də göstərdi ki, xalqımız öz gücünə inanaraq, öz iradəsinə güvənərək bu vəzifələrin öhdəsindən layiqincə gələcək.

Azadlıq meydanından "Ana harayı" abidəsinə etdiyimiz ümumxalq yürüşü qələbə və qisas yolumuzun başlanğıcı idi!

İnşallah, biz bu yürüşü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və öndərliyi ilə doğma Qarabağımızda tarixi zəfərlə başa vuracağıq.

 

O günə lap az qalıb!

 

"Qələbəyə doğru irəli" əmrinizə müntəzirik, cənab Ali Baş Komandan!..

 

 

İbad HÜSEYNOV,

"Azərbaycan bayrağı" ordenli

Qarabağ müharibəsi veteranı

 

Azərbaycan.- 2012.- 29 fevral.- S. 9.