Xocalı
soyqırımının 20-ci ildönümü
dünya mətbuatında
Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş məqalələr dərc etmiş, reportajlar yaymışdır.
ABŞ-ın "New York Times" və "Washington Post" qəzetlərinin 25 fevral tarixli nömrələrində bütöv bir səhifə Xocalı soyqırımına həsr olunmuşdur. Bu ölkənin ən çox izləyici auditoriyası olan CNN, CNBC telekanallarında da Xocalı soyqırımına həsr olunmuş reportajlar yayımlanmışdır. Bütün bu materiallarda 20 il əvvəl ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi cinayət barədə məlumat verilir. Bildirilir ki, insan hüquqlarına dair Beynəlxalq "Human Rights Watch" təşkilatı bu faciəni bəşər tarixinin ən dəhşətli soyqırımı adlandırmışdır. Materiallarda Ermənistanın Azərbaycanın Xocalı şəhərində qətliam törətdiyini etiraf etməsi xüsusi vurğulanır.
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda 85 mindən çox insanın iştirakı ilə keçirilmiş ümumxalq yürüşü də dünyanın əksər nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. ABŞ-ın "Washington Post", "New York Times", "Sun Sentinel", "Boston Globe" və digər nüfuzlu qəzetləri ümumxalq yürüşü ilə bağlı məqalələr dərc etmişdir. Məqalələrdə bildirilir ki, Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək məqsədi ilə keçirilən və ön sırasında Prezident İlham Əliyevin olduğu yürüşdə on minlərlə insan iştirak etmişdir.
ABŞ-ın "Associated Press", "Reuters" agentliklərinin də saytlarında Xocalı soyqırımı, eləcə də faciənin 20 illiyi ilə bağlı keçirilən tədbirlər barədə yazılar yerləşdirilmişdir. Yazılarda bildirilir ki, 20 il əvvəl Xocalıda qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla 613 nəfər dinc sakin qətlə yetirilmişdir.
Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Bakıda və İstanbulun Taksim meydanında keçirilmiş izdihamlı yürüşlərlə bağlı "Euronews" telekanalı reportaj yaymışdır.
Türkiyənin "Hürriyet" qəzeti də Bakıda keçirilən ümumxalq yürüşü ilə bağlı geniş məqalə dərc etmişdir. Məqalədə qeyd edilir ki, əllərində Xocalı soyqırımı ilə bağlı şəkillərin və digər faktların əks olunduğu plakatlar tutan on minlərlə insan faciənin təqsirkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar səsləndirmişlər.
Türkiyənin "CNN türk" televiziya kanalının "Əyrisi - doğrusu" proqramında da XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından bəhs olunmuşdur.
Fransanın "France 24" telekanalı da Xocalı soyqırımının 20 illiyi ilə bağlı reportaj yaymışdır. Reportajda Xocalıda 613 dinc sakinin erməni silahlı birləşmələri tərəfindən qətlə yetirildiyi, hazırda Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı vurğulanmışdır.
Almaniyanın nüfuzlu "Die Welt" qəzetinin 25 fevral tarixli nömrəsində Xocalı faciəsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsi haqqında "Püskürən vulkana bənzəyən emosiyalar" sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə 20 il bundan əvvəl yüzlərlə azərbaycanlının Xocalıda qətlə yetirildiyi vurğulanmışdır.
Rusiyanın "Argumenti nedeli" qəzetində "Xocalının 20 ili: mərhəmət qıtlığı və yaddaş siyasəti" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etməsi, 613 dinc sakinin həyatına son qoyması Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri olmaqla amansız hərbi cinayətdir.
Rusiyanın "Rossiya 24" telekanalında Bakıda keçirilmiş izdihamlı ümumxalq yürüşü haqqında reportaj yayımlanmışdır. Xocalı soyqırımı ilə bağlı məlumatların da yer aldığı reportajda ön sırada Prezident İlham Əliyev olmaqla on minlərlə insanın faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyi qeyd edilir.
"Exo Moskvı" radiostansiyasının saytında "Xocalı soyqırımının 20-ci ildönümü və ya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyət nə yerdədir?" sərlövhəli məqalə yerləşdirilmişdir. Məqalənin müəllifi Xocalı qırğını haqqında ətraflı bəhs edir, Moskvada azərbaycanlılara Ermənistan səfirliyi qarşısında mitinq keçirməyə icazə verilməməsinin səbəblərini başa düşmədiyini qeyd edir.
Rusiyanın "Nezavisimaya qazeta" nəşrində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, Xocalı hadisələrindən 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı erməni silahlı qüvvələrinin törətdiyi bu soyqırımını unutmur. Qeyd edilir ki, bu faciəni unutmaq mümkün deyildir. Çünki ermənilər nə qadınlara, nə uşaqlara, nə də yaşlılara rəhm etməmiş, hətta meyitləri də təhqir etmişlər.
Macarıstanın "Nepszava" qəzetində Xocalı soyqırımından bəhs edən "Qarabağ cəhənnəminin 20-ci ildönümü" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Xocalı faciəsinin tarixi, dinc sakinlərin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi haqqında yazır.
Pakistanın geniş oxucu kütləsinə malik, urdu və ingilis dillərində nəşr olunan "Daily İttehad" qəzetinin də baş səhifəsi bütünlüklə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmişdir.
"Xocalı soyqırımı 20 il - erməni vəhşiliyinin zirvəsi" sərlövhəli yazıda bu qətliamı ətraflı təsvir edən şəkillər də yer almışdır. Bu qəzetin 27 fevral nömrəsi bütövlükdə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuşdur. Qəzetin ana səhifəsində "Xocalı - 20 il. Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. İlham Əliyev" başlıqlı xüsusi reportaj dərc edilmişdir.
AzərTAc-ın fevralın 26-da Azərbaycan, ingilis, rus, fransız, ərəb və alman dillərində hazırladığı "Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir" sərlövhəli geniş reportajı fotoşəkillərlə birlikdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) saytlarında yer almışdır. Reportajda bildirilir ki, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyır.
Türkiyənin İstanbul şəhərinin Taksim meydanında keçirilən izdihamlı yürüş-mitinq barədə AzərTAc-ın xüsusi müxbirlərinin hazırladığı material da həmin beynəlxalq xəbər qurumlarının elektron resurslarında verilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər barədə AzərTAc-ın informasiyalarından həmin beynəlxalq qurumların üzvü olan ölkələrin xəbər agentliklərinin internet səhifələrində geniş istifadə olunmuşdur.
Pakistanın "Daily Times" qəzetinin 27 fevral tarixli nömrəsində "Azərbaycan Dağlıq Qarabağ şəhidlərini yad edir" sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə fevralın 26-da Bakıda keçirilmiş ümumxalq yürüşü və İstanbulun Taksim meydanında təşkil olunmuş nümayişdən geniş məlumat verilmişdir.
Liviyanın aparıcı KİV-lərində də Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər geniş işıqlandırılmışdır.
Fevralın 25-də "Qurina Əl-Cədidə" həftəlik qəzetinin internet səhifəsində "Dəhşətli Xocalı qətliamının acılı anımı və onun insanlığa qarşı təhlükələri" başlıqlı məqalə yerləşdirilmişdir. Fevralın 26-da "Libya" dövlət televiziyasında ərəb dilində səsləndirilmiş "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilmişdir.
AzərTAc-ın Tehrandakı xüsusi müxbirinin "Xocalı soyqırımı - XX əsrin ən dəhşətli bəşəri faciəsi" sərlövhəli məqaləsi İranda fəaliyyət göstərən "Azərbaycan Cümhuriyyəti" veb-saytında Azərbaycan, rus və fars dillərində yerləşdirilmişdir.
Müəllif Avropa ölkələrinin bir sıra nüfuzlu mətbuat və informasiya orqanlarında Xocalı soyqırımı ilə bağlı yayılan məlumatları tədqiq etmişdir. Həmin informasiyaların hər birində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən faktlar oxucuların diqqətinə çatdırılmışdır.
Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin rəsmi saytı Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünya ölkələrində keçirilmiş anma mərasimləri haqqında ümumiləşdirilmiş məlumat yaymışdır. Məlumatda erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli fəsad və sarsıntıları farsdilli oxuculara çatdırılır, faciənin ildönümü ilə əlaqədar dünyanın əksər ölkələrini əhatə edən tədbirlər haqqında məlumat verilir.
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar materiallara Meksika, Küveyt, İspaniya, İtaliya, Böyük Britaniya və digər ölkələrin kütləvi informasiya vasitələrində də geniş yer verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.-28 fevral.- S. 3.