Xocalı
soyqırımının 20-ci ildönümü
ilə əlaqədar İstanbulun Taksim meydanında izdihamlı yürüş-mitinq
keçirilmişdir
Xocalı
soyqırımının 20-ci ildönümü ilə əlaqədar
fevralın 26-da Türkiyənin
İstanbul şəhərinin tarixi Taksim meydanında
izdihamlı yürüş-mitinq keçirilmişdir.
Qardaş
ölkədə 175 mindən çox insan 20 il bundan əvvəl
erməni faşistləri tərəfindən törədilmiş
Xocalı soyqırımı ilə bağlı Azərbaycanın
haqq işinə dəstək vermək üçün
İstanbulun mərkəzinə - Taksim meydanına
toplaşmışdır. Türkiyə hələ bu cür
izdihamlı yürüş-mitinq yaşamamışdı.
"Bir millət, iki dövlət - Xocalıya ədalət!"
şüarı altında Türkiyə vaxtı ilə saat
14.00-da İstanbulun Qalatasaray liseyinin önündən
başlayan aksiya Taksim meydanına istiqamət
götürdü.
Əllərində
Azərbaycan və Türkiyə ilə yanaşı, bir
çox ölkələrin dövlət bayraqlarını,
Xocalıda qətliam törədənləri və onları
dəstəkləyənləri, indiyədək Xocalı
soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyən,
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalına göz yuman beynəlxalq təşkilatları
qınayan ifadələr yazılmış plakatlar tutan
insanlar "Biz hamımız xocalılıyıq",
"Xocalıya ədalət!", "Bir millət, iki
dövlət", "Erməni yalanlarına son!",
"Qarabağ bizimdir, bizim də olacaq!", "Erməni
cavab verəcəkdir", "Qəlbimizdə Xocalı",
"Azərbaycan xalqı tək deyil!" və s.
şüarları səsləndirirdilər. Bu möhtəşəm
aksiyanın əsas məqsədi 20 ildir susan beynəlxalq
ictimaiyyətin diqqətinə dəhşətli
cinayətin əsl həqiqətlərini
çatdırmaqdır. Azərbaycanın,
xocalılıların dərdinə şərik olmağa gələn
on minlərlə insanın bir amalı vardır: Yer
üzündə Xocalı faciəsi kimi cinayətlər təkrarlanmasın!
Xocalı qətliamını törədən cinayətkarlar
cəzasız qalmasın! Dünyanın sülhsevər
insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları,
beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli,
insanlığa qarşı törədilən bu cinayət
öz hüquqi qiymətini almalıdır.
Bu
yürüş onu nümayiş etdirmişdir ki, artıq
yalan və saxtakarlıq üzərində qurulmuş erməni
təbliğat maşınının iç üzü
ifşa olunur və dünya ictimaiyyəti Xocalı həqiqətlərini
qəbul etməyə başlayır. Xocalı faciəsinin
soyqırımı olması faktı dünyanın bir
çox ölkələrinin və beynəlxalq təşkilatların
qərar və qətnamələrində əks olunur.
Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq
Təşkilatının Parlament Assambleyasının VI
sessiyasında Xocalı faciəsi insanlığa qarşı
cinayət kimi qiymətləndirilmiş və üzv dövlətlər
həmin faciəyə siyasi-hüquqi qiymət verilməsinə
çağırılmışdır. Pakistan və
Meksikanın parlamentləri tərəfindən bu qətliamın
soyqırımı aktı kimi tanınması barədə qətnamələr
qəbul olunmuşdur. ABŞ-ın və Kanadanın bir
sıra ştatları və şəhərləri
Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi
kimi tanıyan qətnamə və proklamasiyalar qəbul
etmişdir.
Yürüşün
təşkilatçıları Xocalı soyqırımı
qurbanlarının xatirəsini anma təşkilatı, dərnəklər,
Türkiyədə fəaliyyət göstərən müxtəlif xalqların diasporları, qardaş
ölkənin təhsil ocaqlarıdır.
Aksiyada
iştirak edən Milli Məclisin deputatları da AzərTAc ilə
fikirlərini bölüşmüşlər.
Milli
Məclisin deputatı Mübariz Qurbanlı Taksim meydanında
keçirilən yürüş-mitinqi şərh edərək
demişdir: "İstanbul dünyanın ən böyük
şəhərlərindən biridir. Düşünürəm
ki, burada səslənən fikirlər dünyanın
bütün ölkələrində, beynəlxalq təşkilatlarda
əks-səda doğuracaq və Xocalı
soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində
atılan ən mühüm addımlardan biri olacaqdır.
Bütövlükdə bu tədbirlər silsilə olaraq davam
edəcəkdir. Əminəm ki, "Xocalıya ədalət!"
istiqamətində atdığımız bu addımlar öz
müsbət nəticəsini verəcəkdir".
Deputat
Qənirə Paşayeva isə demişdir: "Biz gələcək
nəslə, bütün dünyaya çatdırırıq
ki, bu soyqırımının unudulmasına heç vaxt imkan
verməyəcəyik. Bu soyqırımını türk
xalqının problemi kimi qəbul edirik və birlik
nümayiş etdiririk. Türk xalqı da bunun
üçün əlindən gələni edəcəkdir".
Deputat
Jalə Əliyeva vurğulamışdır: "Yerli əhalinin
də dediyinə görə son dövrlərdə
İstanbulda belə bir izdiham olmamışdır. Bu gün
bütün dünya, Taksim meydanında baş verənləri
izləyən hər bir insan Azərbaycanın haqq səsini
eşidir. Buradan bizləri eşidən hər kəs bir daha
bilsin ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
dediyi kimi, bölgədə ikinci Ermənistan Respublikası
qurula bilməz. Azərbaycan bir qarış
torpağını belə güzəştə getməyəcəkdir.
Bu mübarizə "Xocalıya ədalət!" zəfər
çalanadək davam etdiriləcəkdir".
"Bu
yürüş xarici və beynəlxalq təşkilatların,
bəzi dövlətlərin siyasi rəhbərlərinin
yatmış vicdanlarının oyanmasına səbəb
olacaqdır. Çünki Türkiyənin bütün
KİV-lərində bu yürüş haqqında, Xocalı
soyqırımı barədə məlumatlar verilir. Bizim də
məqsədimiz odur ki, Xocalı soyqırımı aktı
beynəlxalq təşkilatlar tərəfindən
tanınsın və hüquqi qiymətini alsın. Beynəlxalq
hüququn normalarına və prinsiplərinə istinad edərək
burada soyqırımının baş verməsi qəbul
olunsun", - deyə deputat Çingiz Qənizadə
bildirmişdir.
Türkiyə
ilə strateji tərəfdaşlıq və əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanı
regionda sabitliyin əsas təminatçısına
çevirmişdir. Azərbaycanın müstəqilliyini ilk
tanıyan dövlət kimi Türkiyə bütün sahələrdə
ölkəmiz ilə səmərəli əməkdaşlıq
qurmuşdur. Azərbaycanın xarici siyasətinin əsas
prioritetləri sırasında qardaş ölkənin
xüsusi yeri vardır. Müstəqilliyimizi bərpa etdiyimiz
son 20 ildə bütün sahələrdə hər iki ölkənin
eyni mövqedən çıxış etməsi, 2010-cu ildə
Azərbaycan ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq
Şurasının yaradılması Azərbaycanın xarici
siyasətinin uğurlu nəticələri sırasında
mühüm yerini qoruyub saxlayır. Ən əsası isə
Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
nümayiş etdirdiyi qətiyyətli mövqe heç nə ilə
əvəz olunmayacaq milli dəyər kimi
xalqlarımızın bir-birinə olan hörmətindən,
"Bir millət, iki dövlət!" prinsipindən
qaynaqlanır.
Yürüş
Taksim meydanında izdihamlı mitinqlə davam etmişdir. On
minlərlə insan Xocalı faciəsinin 20-ci
ildönümündə bir daha Azərbaycanın dərdinə
şərik olduqlarını bildirmişdir. Xocalı faciəsi
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Mitinqdə
Türkiyənin və Azərbaycanın dövlət himnləri
səsləndirilmişdir.
Xocalı
faciəsinin 20 illiyi günündə keçirilən bu
möhtəşəm aksiyada vətənpərvərlik
mahnıları səsləndirilmişdir. Ermənilərin
özününküləşdirməyə cəhd göstərdiyi
milli "Sarı gəlin" mahnısı da ifa
edilmişdir. Səmaya qara şarlar
buraxılmışdır.
Tədbirdə
çıxış edən Türkiyənin daxili işlər
naziri İdris Naim Şahin bu gün ölkəsində fərqli
bir günün yaşandığını bildirərək
demişdir: "Bizim utanc gətirəcək tariximiz yoxdur.
Türk xalqının yumruğu olarsa, haqq-ədalət
mütləq öz yerini tapacaqdır. Azərbaycanın
ağrısı bizim ağrımız, Azərbaycanda
axıdılan qan bizim qanımızdır. Var olsun türk
xalqının birliyi".
Xocalı
soyqırımı zamanı anasından başqa bütün
qohumlarını itirmiş, bu faciə ilə eyni yaşda olan
Zərifə Quliyeva İstanbula
"Xocalıya ədalət!" deyib gəldiyini söyləmişdir.
Bu gənc Fransa və Ermənistan prezidentləri Nikola Sarkozi və
Serj Sarkisyana ünvanladığı məktubda da onları
Xocalı soyqırımını tanımağa
çağırmışdır.
Digər
çıxış edənlər də dünya ictimaiyyətini
Xocalı soyqırımına ədalətli qiymət verməyə
çağırmışlar. Vurğulanmışdır ki,
Taksimdə toplaşan on minlərlə insan ədalət tələb
edir. Bu cür aksiyanın həm Avropa, həm də Asiya qitələrində
yerləşən İstanbulda keçirilməsi bir çox
məqamlar ilə əlamətdardır. Bu yürüş ədalətə
çağırış olmaqla yanaşı, həm də
Azərbaycan-Türkiyə qardaşlığının bariz
nümunəsidir.
Azərbaycan xalqının dərdinə
şərik olmağa gələn qardaş ölkənin
nümayəndələri də AzərTAc-ın müxbiri ilə
söhbətində fikirlərini bölüşmüşlər.
"Xocalı
şəhərində həyata keçirilən
soyqırımı aktını, dünyada misli görünməmiş
faciə və insanlığın məhvinə yönəlmiş
vandalizmdir", - deyən İstanbulun valisi Hüseyin Avni Mutlu
bu cinayətləri törədənlərin tezliklə cinayətə
cəlb olunacaqlarından, işğal altında olan Azərbaycan
torpaqlarının qeyd-şərtsiz azad ediləcəyindən
əminlik ifadə etmişdir.
Türkiyə
Böyük Millət Məclisinin üzvü Mehmet Mus isə
demişdir: "Erməni faşistlərinin Xocalıda törətdikləri
misli görünməmiş vəhşiliklər hər bir
türk vətəndaşının ürəyini
ağrıdır. Bu hadisə heç zaman yaddaşlardan
silinməyəcəkdir. Xocalı soyqırımı
şahidlərin gözü ilə dünya ictimaiyyətinə
çatdırılmalı, gələcək nəsillərə
ötürülməlidir. Ermənilər azərbaycanlı
qardaşlarımızı, bacılarımızı
insanlığa sığmayan vəhşiliklə qətlə
yetirmişlər. Bu çox böyük bir faciədir.
İnşallah bu soyqırımını bütün
dünya tanıyacaqdır və ermənilərin iç
üzü üzə çıxacaqdır".
Yürüş-mitinqin
sonunda mətbuata açıqlama oxunmuşdur.
Açıqlamada bütün dünya ölkələrindən
XX əsrin ən dəhşətli cinayəti olan Xocalı qətliamının
soyqırımı kimi tanınması, bu vandalizm
aktını törədənlərin cəzalandırılması
tələb olunur.
Fevralın
26-da İstanbulun tarixi Taksim meydanındakı izdiham bir daha
sübut etmişdir ki, erməni faşistlərinin Xocalıda
törətdikləri soyqırımı təkcə azərbaycanlılara
deyil, bütün bəşəriyyətə yönəlmiş
bir cinayətdir. Bu cinayəti törədənlərin cəzalandırılması
üçün bütün sülhsevər insanların həmrəyliyi
vacibdir.
İstanbulda
ədalət uğrunda keçirilən aksiyada Azərbaycanın
və Türkiyənin deputatları, hər iki ölkənin
dövlət və hökumət, diplomatik korpusun və beynəlxalq
təşkilatların, QHT-lərin nümayəndələri,
qardaş ölkənin 35 şəhərindən təmsilçilər,
Fransa, İngiltərə, Ukrayna, Qırğızıstan,
Türkmənistan və digər ölkələrdən
qonaqlar, yerli və xarici KİV-lərin nümayəndələri
iştirak etmişlər.
Albina ATLIXANOVA,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.-
2012.- 28 fevral.- S.5.