Xarici ölkələrdə
Xocalı soyqırımının 20-ci ildönümü ilə
bağlı silsilə tədbirlər keçirilmişdir
Çexiya
Azərbaycanın
Çexiyadakı səfirliyi və Azər-Çex Cəmiyyətinin
birgə təşkilatçılığı ilə
Praqanın mərkəzi Namesti Miru meydanında Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı "Xocalıya ədalət - Xocalıya
işıq" devizi altında aksiya keçirilmişdir.
Cəmiyyətin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
Müqəddəs Ludmila tarixi məbədinin
qarşısında Xocalıya həsr olunmuş fotosərgi təşkil edilmiş,
çex dilində hazırlanmış 1000-dən çox
buklet və broşürlər paylanılmışdır. Tədbirlə
yüzlərlə çex və xarici turist maraqlanmış,
onlara ermənilərin Xocalıda törətdikləri dəhşətli
cinayətlər barədə ətraflı məlumat
verilmişdir.
Aksiyada
çıxış edən Azərbaycanın Çexiyadakı
səfiri Tahir Tağızadə, Azər-Çex Cəmiyyətinin
sədri Elşən Nəzərov, Xocalı İcra Hakimiyyəti
başçısının birinci müavini Vahid Əliyev,
Ostrava şəhər muzeyinin rəhbəri David Mayer və
başqaları tədbir iştirakçılarına
Xocalı soyqırımı haqda ətraflı məlumat vermişlər.
Xocalı faciəsi Çexiyanın Liditse şəhərində
alman faşistləri tərəfindən törədilmiş
hadisələrlə müqayisə olunmuşdur.
Axşam
saatlarında isə meydanın mərkəzində 613 şam
vasitəsilə yazılmış Xocalı sözü
iştirakçılar tərəfindən simvolik olaraq
yandırılmışdır. Şəhər sakinlərinin
də böyük marağına səbəb olmuş bu tədbir
"Sarı gəlin" mahnısının sədaları
altında başa çatmışdır.
Fevralın
24-də Praqada təhsil alan azərbaycanlı tələbələr
Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı
və dəstəyi ilə Xocalı soyqırımının
20-ci ildönümü ilə əlaqədar şəhərin
mərkəzində yerləşən və daim gur insan
axını ilə seçilən Respublika Meydanında
(Namesti Respubliky) çadır quraşdırmışlar.
Çadırda
tədbir boyu Xocalı soyqırımına dair sənədli
film, eləcə də "Xocalıya ədalət!" kampaniyası
çərçivəsində çəkilmiş klip
nümayiş etdirilmişdir. Bundan əlavə, "Azərbaycan
Hava Yolları" QSC-nin Çexiya nümayəndəliyinin və
Praqada yaşayan azərbaycanlıların dəstəyi ilə
tədbir iştirakçılarına çay, təbii meyvə
şirələri və Azərbaycan şirniyyatı təklif
edilmişdir.
Praqanın
şimal-qərbində yerləşən Liditsedə 1942-ci
ilin iyununda faşistlər tərəfindən kütləvi
qırğın törədilmiş, 340 insanın, o cümlədən
88 uşağın həyatına son qoyulmuşdur. Bu
baxımdan Xocalı və Liditse bir növ eyni taleyi
yaşamış məkanlar olduğu üçün
çadırın ətrafında "1942 Liditse - 1992
Xocalı" stendi və eləcə də Xocalı
soyqırımını əks etdirən fotostendlərdən
ibarət sərgi də təşkil edilmişdir. Həmçinin
Çexiyanın məşhur fotoqrafı, bir neçə dəfə
Azərbaycanda səfərdə olmuş M.Kupsanın ölkəmizdə
çəkdiyi fotoşəkillər də sərgilənmişdir.
Tədbirdə
Azərbaycan Respublikasının Çexiyadakı səfiri
Tahir Tağızadə, Ostrava Muzeyinin baş kuratoru David Mayer,
jurnalist Eldar Vəliyev və Xocalı Rayon İcra Hakimiyyəti
başçısının müavini Vahid Əliyev
çıxış etmişlər.
Azərbaycan
səfiri Xocalı soyqırımı barədə məlumat
vermişdir. Çıxışı zamanı
T.Tağızadə Çexiyanın sabiq Prezidenti Vatslav
Havelin inqilabdan sonra dediyi "Gələcəyi qurmaq
üçün arxaya baxmamalıyıq" kəlamını
xatırlatmışdır. Vurğulamışdır ki, bunu
o halda etmək olar ki, keçmişdə baş verən hadisələrə
hüquqi qiymət verilsin. Səfir qeyd etmişdir ki,
Çexiya Prezidentinin gerbinin qədim qusit şüarı
"Həqiqət qələbə çalır" ifadəsini
açıqlayır və bu qədər
iştirakçının tədbirə qatılması ermənilərin
uydurma arqumentlərinin ifşa olunduğunu göstərir.
Tədbirin
meydandan keçən insanlar arasında böyük maraq
doğurduğu müşahidə edilirdi. Təşkilatçıların
müşahidəsinə əsasən, tədbir boyu təxminən
1500 nəfərə çex dilində Xocalı faciəsi
haqqında çap olunmuş vərəqələr paylanmışdır.
Tədbirdə
həmçinin Türkiyənin Çexiyadakı səfiri
Cihad Erginay, Azər-Çex Cəmiyyətinin sədri Elşən
Nəzərov, Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının
nümayəndələri də iştirak etmişlər.
Tədbirin
sonunda Xocalıda qətlə yetirilmiş günahsız
insanların xatirəsinə şamlar
yandırılmışdır. Sonra səfirlik tərəfindən
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ehsan verilmişdir.
Xocalı
soyqırımı ilə bağlı Çexiyanın mətbuatında,
o cümlədən "Metro" qəzetində və
televiziyada məlumat verilmişdir.
Fevralın
25-də səfirliyin dəstəyi ilə Azər-Çex Cəmiyyəti
tərəfindən Xocalı soyqırımının
ildönümünə həsr olunmuş tədbir Praqanın
Sülh Meydanında (Namesti Miru) da keçirilmişdir.
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Praqa
Hyuston
Hyuston
Azərbaycanlıları Təşkilatı, ABŞ Azərbaycanlıları
Şəbəkəsinin (USAN) təşkilatçılığı
və Amerika Türkləri Assosiasiyasının (ATA) dəstəyi
ilə Hyustonda Xocalı soyqırımının 20-ci
ildönümü ilə bağlı aksiya
keçirilmişdir.
Hyuston
Azərbaycanlıları Təşkilatının sədri
Cavid Zeynalov AzərTAc-a bildirmişdir ki, aksiyada ABŞ-da
yaşayan və təhsil alan soydaşlarımız, Azərbaycan
diasporunun nümayəndələri və başqaları
iştirak etmişlər.
Tədbir
iştirakçıları Xocalıda qətliamı törədənləri,
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalına göz yuman beynəlxalq təşkilatları
qınayan şüarlar səsləndirmişlər.
Tədbirdə
çıxış edən Hyuston Azərbaycanlıları Təşkilatının
sədri Cavid Zeynalov aksiya iştirakçılarına
Xocalı faciəsi barədə geniş məlumat
vermişdir. O qeyd etmişdir ki,
yürüşün məqsədi 1992-ci il fevralın
26-da baş vermiş Xocalı soyqırımını
bütün dünyaya çatdırmaqdır.
ABŞ
Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi
Yusif Babanlı 2011-ci ilin martında HR 535 nömrəli qərarla
Xocalı soyqırımını tanıyan Texas
ştatının Nümayəndələr Palatasının
günahsız qurbanların xatirəsinə qətnamə qəbul
edən ilk parlament olduğunu bildirmişdir. Bütün
ölkələri də bu təşəbbüsə
qoşulmağa səsləyən Y.Babanlı Xocalı
soyqırımını törədənlərin tezliklə
cəzalandırılacağına əminlik ifadə
etmişdir.
İsveç
İsveçdəki
Azərbaycan Federasiyasının təşkilatçılığı
ilə Stokholmda Xocalı soyqırımının 20 illiyi ilə
bağlı aksiya keçirilmişdir.
Federasiyadan
AzərTAc-a bildirmişlər ki, aksiyada İsveçdə
yaşayan və təhsil alan soydaşlarımızla
yanaşı, Türkiyə, uyğur, türkmən türkləri
və KİV təmsilçiləri də iştirak etmişlər.
Əllərində
Azərbaycan və Türkiyə ilə yanaşı, bir
sıra ölkələrin dövlət bayraqlarını,
Xocalıda qətliam törədənləri, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalına göz yuman beynəlxalq təşkilatları
qınayan ifadələr yazılmış plakatlar tutan
insanlar "Xocalıya ədalət!", "Erməni
yalanlarına son!", "Erməni cavab verəcəkdir"
və s. şüarları səsləndirmişlər.
İsveç-Azərbaycan
Federasiyasının sədri Səttar Sevgin Xocalı faciəsi
və ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmiş digər cinayətlər barədə
aksiya iştirakçılarına ətraflı məlumat
verilmişdir. S.Sevgin 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Xocalı şəhərində həyata
keçirilən soyqırımı aktını, dünyada
misli görünməmiş faciə və
insanlığın məhvinə yönəlmiş vandalizm
kimi dəyərləndirmişdir. O, bu cinayətləri
törədənlərin tezliklə cinayətə cəlb
olunacaqlarından, işğal altında olan Azərbaycan
torpaqlarının qeyd-şərtsiz azad ediləcəyindən
əminlik ifadə etmişdir.
İsveç Atatürkçü
Düşüncə Dərnəyinin rəhbəri Mustafa
Sönmez dünyanın heç bir faciəsi ilə
müqayisə olunmayacaq bu qətliamın dəhşətlərindən,
ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdikləri etnik təmizləmə siyasətindən
danışmışdır. M.Sönmez İsveç ictimaiyyətini bu
soyqırımının bütün dünyada
tanıdılması üçün Azərbaycan xalqına dəstək
verməyə çağırmışdır.
İsveç
Türk İşçi Dərnəkləri
Federasiyasının rəhbəri Hasan Dölek, İsveç
Türk Federasiyasının rəhbəri Ahmet Önal və
başqaları bir gecənin içərisində yerlə
yeksan olunmuş Xocalı şəhərində ermənilərin
etnik təmizləmə siyasəti həyata keçirdiklərini
bildirmişlər.
Tədbirdə
Azərbaycan dövlətinin Xocalı həqiqətlərini
dünyada yaymaq istiqamətində həyata keçirdiyi tədbirlər
də yüksək qiymətləndirilmişdir.
Belarus
Xocalı
faciəsinin 20-ci ildönümü ilə bağlı Azərbaycanın
Belarusdakı səfirliyi tərəfindən müvafiq tədbirlər
planı tərtib olunmuş və həmin sənədə
uyğun olaraq, fevralın 15-dən 26-dək geniş silsilə
tədbirlər keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, fevralın əvvəlindən
başlayaraq Belarusun yerli KİV-sinin nümayəndələri
ilə ilkin görüşlər keçirilmişdir. Həmin
görüşlərdə Ermənistanın təcavüzkar
siyasəti, Xocalı soyqrımı barədə geniş məlumatlar
verilmiş, müxtəlif materiallar paylanmışdır.
Bununla yanaşı, səfirlik tərəfindən mətbuat
məlumatları hazırlanaraq Belarusda akkreditə olunmuş
diplomatik nümayəndəliklər və KİV arasında
yayılmışdır.
Səfirliyin
əməkdaşları
fevralın 21-dən 24-dək Belarusun Qomel, Bobruysk, Jlobin
şəhərlərinə ezam edilmiş və bu şəhərlərdə
100-dək diaspor nümayəndələrimizin, tələbələrimizin,
yerli ictimaiyyətin və KİV təmsilçilərinin
iştirakı ilə tədbirlər təşkil
olunmuşdur. Həmin görüşlərdə Ermənistanın
işğalçılıq siyasətinin tarixi kökləri
və əsrlər boyu xalqımıza qarşı həyata
keçirdikləri vəhşiliklər, soyqırımı
aktları, xüsusilə də, Xocalı faciəsi barədə
ətraflı çıxışlar edilmişdir. Bununla
yanaşı, tədbirlərin keçirildiyi məkanlarda faciəni
əks etdirən fotoşəkillərdən ibarət sərgi açılmış, dəvətlilərə
müxtəlif nəşrlər paylanmış və
Xocalı faciəsinə dair sənədli film nümayiş
olunmuşdur.
Fevralın
21-də səfirlikdə yerli KİV-nin iştirakı ilə
mətbuat konfransı təşkil edilmişdir. Belarusun 15-dək
aparıcı KİV təmsilçilərinin
qatıldıqları tədbirdə çıxış edən
səfir İsfəndiyar Vahabzadə Ermənistanın Azərbaycana
qarşı təcavüzü və Xocalı şəhərində
erməni cəlladlarının törətdikləri vəhşiliklər
barədə geniş məlumat vermiş və jurnalistləri
maraqlandıran çoxsaylı sualları
cavablandırmışdır.
Fevralın
24-də M.Tank adına Belarus Dövlət Universitetində fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzində "Müasir dövrün faciələri
və qloballaşmanın problemləri" mövzusunda seminar
təşkil edilmişdir. Tədbirdə yerli ziyalılar,
KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri,
azərbaycanlı gənclər, habelə sözügedən
universitetin nümayəndələri iştirak etmişlər.
Seminarda
səfir İ.Vahabzadə geniş məruzə ilə
çıxış edərək, Ermənistanın öz
havadarları ilə birgə tarix boyu Azərbaycan xalqına
qarşı həyata keçirdiyi
işğalçılıq siyasətini, vəhşilikləri,
erməni xülyalarının həqiqi mahiyyətini tarixi
faktlar və əcnəbi müəlliflərin tədqiqat
materiallarına əsaslanmaqla ifşa etmişdir. Səfir
İ.Vahabzadə çıxışında xüsusi olaraq gənclərimizə
müraciət edərək, çoxəsrlik tariximizi daha dərindən
öyrənməyin zəruriliyini və faktlara əsaslanaraq
faciələrin başvermə səbəblərini
açıqlamaqla, belə hadisələri törədənlərə
qarşı biganə və unutqan olmamağa
çağırmışdır.
Seminarda
həmçinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
rəhbəri R.Novruzov, qeyd olunan universitetin yeni və ən
yeni tarix kafedrasının müdiri G.Kosmaç, Belarus və
rus filologiyası fakültəsinin dekanı V.Stariçenok,
Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov və
azərbaycanlı tələbələr mövzu ətrafında
maraqlı çıxışlar etmişlər. Sonda səfir İ.Vahabzadə
seminar iştirakçılarını maraqlandıran sualları
cavablandırmışdır.
Tədbirin
sonunda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində
fəaliyyət göstərən "Bazar günü" məktəbinin
şagirdləri Xocalı faciəsinə həsr olunmuş
şeir parçaları səsləndirmişlər. Bununla
yanaşı, seminarın keçirildiyi zalda faciəni əks
etdirən fotoşəkillərdən ibarət sərgi təşkil
edilmiş və Xocalı faciəsinə dair sənədli
film nümayiş olunmuşdur.
Həmin
günün ikinci yarısında səfirlik tərəfindən
Xocalı faciəsi qurbanlarının ruhuna ehsan süfrəsi
təşkil edilmişdir. Mərasimdə Belarusda akkreditə
olunmuş müsəlman ölkələrinin səfirliklərinin
təmsilçiləri, ziyalılar, Azərbaycan diasporunun
üzvləri iştirak etmişlər.
Səfirlik
tərəfindən həyata keçirilən bütün tədbirlər
Belarusun aparıcı KİV-sində
işıqlandırılmışdır.
Rumıniya
Azərbaycanın
Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, Xocalı qırğınının insanlıq əleyhinə
cinayət kimi tanınması, onu törədənlərin
qınanması və pislənilməsi üçün
Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət
Assosiasiyası Rumıniya senatorlar palatasının sədrinə
və bütün senatorlara müraciət
ünvanlamışdır.
Müraciətdə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı qüvvələri tərəfindən Azərbaycanın
Xocalı şəhərində dinc və günahsız
mülki əhaliyə qarşı törədilmiş
qırğın barədə təfərrüatlı məlumat
verilmişdir. Bildirilmişdir ki, 20-ci əsrin ən dəhşətli
hadisələrindən biri olan Xocalı soyqırımı
beynəlxalq mətbuat və insan hüquqları üzrə
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
qeydə alınsa da, dünya hələ də bu ağır
cinayətə layiqli hüquqi qiymət verməmişdir. Əksinə,
hiyləgər erməni diasporunun aldadıcı cəhdlərinin
təsiri altında, xüsusilə,
bir sıra Avropa ölkələri Osmanlıda baş
vermiş toqquşmaları qondarma
"soyqırımı" kimi qəbul etmiş, nəticədə
tarixçilər tərəfindən ortaya
çıxarıla biləcək həqiqət və
gerçəkliklərə bilərəkdən göz yumaraq,
bir çox siyasətçilər və dövlət rəhbərləri
bu amildən siyasi dividend qazanmağa
çalışmışlar. Bu gün diasporun köləsinə
çevrilmiş Ermənistan dövləti Xocalıda
günahsız insanlara qarşı törətdiyi
qırğını ört-basır edə bilməz,
çünki soyqırımını törədənlər
öz qanlı əməllərini müxtəlif dövrlərdə
davamlı şəkildə, "qürurla" və
utanmazcasına ictimaiyyət qarşısında "etiraf
etmişlər".
Müraciətdə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
və onun nəticələri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı BMT-nin
Təhlükəsizlik Şurası, ATƏT, Avropa
Şurası və s. beynəlxalq təşkilatların qətnamə
və qərarlarına istinad edilərək təcavüzkar
ölkənin beynəlxalq ictimaiyyətin
çağırışlarına indiyədək məhəl
qoymaması diqqətə çatdırılmışdır.
Azərbaycanlı
gənclər qətliamı törədənlərin niyyətinə
və məqsədinə görə Xocalı
qırğınının sadə cinayət kimi deyil, əslində,
soyqırımı kimi tanınmasının vacibliyinə diqqəti
çəkərək, Rumıniya senatından dünyanın
gözü qarşısında baş vermiş
soyqırımına göz yummamağı, dünya ictimaiyyətinin
gələcəkdə bir daha bu cür amansız qəddarlığa
məruz qalmaması üçün
erməni qoşunlarının insan ləyaqətini
alçaldan qanlı və təhqiramiz əməllərini
qınamağa və ədalətin bərpa olunması
üçün dəhşətli soyqırımı nəticəsində
Azərbaycan xalqının iztirablarını yüngülləşdirmək
məqsədilə həm Rumıniya senatında, həm də
beynəlxalq təşkilatlarda müvafiq qərarlar qəbul
etməyi xahiş etmişlər.
Beynəlxalq
mətbuat və təşkilatların Xocalıda törədilən
vəhşilikləri təsdiqləyən bəyanatları və
qeydləri müraciətə əlavə olunmuşdur.
Türkiyə
Azərbaycanın
Türkiyədəki səfirliyi Xocalı
soyqırımının 20-ci ildönümü ilə əlaqədar
silsilə tədbirlər çərçivəsində
Keçiören bələdiyyəsi ilə birgə bu rayonda
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ucaldılacaq abidənin təməlqoyma mərasimi təşkil
etmişdir.
Mərasimdə
Azərbaycan səfirliyinin əməkdaşları, Türkiyə
parlamentinin çoxsaylı millət vəkilləri, hakim Ədalət
və İnkişaf Partiyasının və Keçiören bələdiyyəsinin
üzvləri ictimaiyyət, diaspor və KİV nümayəndələri
iştirak etmişlər.
Xocalı
soyqırımı qurbanlarının ruhuna dua oxunmuşdur.
Keçiören
bələdiyyəsinin sədri Mustafa Ak, Milliyətçi Hərəkat
Partiyasını İğdırdan təmsil edən millət
vəkili Sinan Oğan, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Necdet
Ünüvar, Ədalət və İnkişaf Partiyası
(AKP) sədrinin müavini Haluk İpek çıxış edərək,
Xocalı faciəsi ilə bağlı fikirlərini
bölüşmüşlər.
Sonra
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ucaldılacaq abidənin təməli qoyulmuşdur.
Həmin
gün səfirliyin təşkilatçılığı ilə
Bilkent Universitetinin böyük konsert zalında Xocalı
soyqırımının 20-ci ildönümü ilə əlaqədar
simfonik musiqidən ibarət konsert təşkil olunmuşdur.
Konsertdə Q.Qarayev və F.Bədəlbəylinin əsərləri
ilə yanaşı, Yusif Mirişlinin Xocalı
soyqırımına həsr etdiyi "613" adlı əsəri
ilk dəfə olaraq Bilkent Simfonik Orkestri və "Oda"
xoru tərəfindən səsləndirilmişdir.
Türkiyə
Böyük Millət Məclisi sədrinin müavini Mehmet
Sağlam, parlamentin sabiq sədrləri Hikmet Çetin və
İsmet Sezgin, Türkiyə daxili işlər nazirinin
müavini Osman Güneş, xarici işlər nazirinin
müavinləri və yüksək vəzifəli rəsmiləri,
mədəniyyət və turizm nazirinin müavini, Bilkent
Universiteti idarə heyətinin sədri Əli Doğramacı,
diaspor təmsilçiləri, tələbələr, ictimaiyyətin
nümayəndələri tədbirdə iştirak etmişlər.
Xocalı
qətliamı haqqında sənədli filmin nümayişindən
sonra səfir Faiq Bağırov çıxışında 20
il əvvəl fevralın 25-dən 26-na keçən gecə
ermənilər tərəfindən törədilmiş faciə
barədə geniş məlumat vermiş, soyqırımının
tanıdılmasında iki qardaş ölkənin üzərinə
düşən məsuliyyətdən söz
açmışdır.
"Xocalıya
ədalət!" beynəlxalq imza kampaniyası davam etmiş,
tədbir iştirakçılarına faciə ilə
bağlı təbliğat xarakterli materiallar təqdim
edilmiş, rəsm və foto sərgisinin
açılışı olmuşdur.
Türkiyənin
vilayətlərində və böyük şəhərlərində
Xocalı soyqırımının 20-ci ildönümü ilə
bağlı tədbirlər davam etmişdir.
Ankarada
Türk Dünyası İnsan Haqları Dərnəyinin
(TDİHD) təşkilatçılığı ilə
BMT-nin nümayəndəliyi önündə aksiya
keçirilmişdir. Burada toplaşan ankaralılar, iki
qardaş ölkənin vətəndaşları Xocalı qətliamının
soyqırımı kimi tanınması, günahkarların beynəlxalq
ədalət məhkəməsi qarşısında cavab verməsini
tələb etmişlər.
TDHİD-nin
sədri Abdulla Buksur toplantının qətnaməsini oxumuş,
BMT-nin nümayəndəliyinin önünə qara çələng
qoyulmuşdur.
Ankaranın
Abdi İpəkçi parkında da Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı mitinq keçirilmişdir.
Xocalı
soyqırımı qurbanlarının xatirəsi Ərzurumda
da anılmışdır. Atatürk Universitetinin tələbələri
faciənin 20-ci ildönümü ilə əlaqədar
yürüş keçirmiş, "Hamımız türk,
hamımız azərbaycanlıyıq" şüarı ilə
qətliamın günahkarlarının cəzalandırılmasını
tələb etmişlər.
Keçirilmiş
anma mərasimində "Günəş" vəqfinin sədri
Alparslan Ceylan da çıxışında Xocalı qətliamının
soyqırımı kimi tanınmasını, ermənilərin
işğal etdikləri Azərbaycan torpaqlarını tezliklə
azad etmələrini tələb etmişdir.
Malatya
şəhərində Xocalı soyqırımının
20-ci ildönümü ilə bağlı yürüş
keçirilmişdir. Milliyətçi Hərəkat
Partiyasının binası önündə toplaşan şəhər
sakinləri Soykan parkında təşkil olunmuş mitinqdə
Azərbaycana sevgilərini ifadə etmiş, Xocalı faciəsi
və Qarabağla bağlı şüarlar səsləndirmişlər.
Malatyada
Xocalı soyqırımının 20-ci ildönümü ilə
əlaqədar keçirilmiş konfransda
çıxış edən Ərciyəz Universitetinin
professoru Abdülkadir Yuvalı ermənilərin Anadoluda və
Azərbaycan torpaqlarında törətdikləri qətliamların
tarixindən, bu vəhşiliklərin dünyada
tanıdılması üçün görüləcək
işlərdən bəhs etmişdir. Onun sözlərinə
görə, türklər Xocalı qətliamı kimi bir cinayətdə
ittiham olunsaydılar, indi ABŞ və Avropada məhkəmələr
qurulmuşdu. Təəssüf ki, ermənilərin bu
ağır cinayəti lazımi hüquqi qiyməti
almamışdır.
Xocalı
faciəsi qurbanlarının xatirəsi Edirne şəhərində
keçirilmiş mərasimdə də anılmışdır.
Alpərən Birliyi vilayət təşkilatının sədri
Alparslan Çankaloğlu şəhərin mərkəzi
meydanına toplaşanlara bu qətliam barədə ətraflı
məlumat vermiş, 20 il keçməsinə baxmayaraq,
Xocalı soyqırımı günahkarlarının məhkəmə
qarşısına çıxarılmadığını
diqqətə çatdırmışdır.
İğdırda
qeyri-hökumət təşkilatlarının təşkil
etdiyi mərasimdən əvvəl Hacı Yusif Hacer məscidində
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar
oxunmuşdur. Əhlibeyt Alimləri Dərnəyinin sədri Vəli
Bədər çıxışında İğdır da
daxil olmaqla, Türkiyənin şərq bölgələrində
və Azərbaycanda erməni quldur dəstələrinin
törətdikləri qətliamları xatırlatmış,
Ermənistanın bugünkü paytaxtı İrəvanın
da bir türk yurdu olduğunu, bütün işğal
olunmuş torpaqların azad ediləcəyini söyləmişdir.
XX əsrin
ən dəhşətli faciəsi olan Xocalı qətliamı
qurbanlarının xatirəsi Şanlıurfa şəhərində
də anılmışdır. Şəhərin mərkəzi
meydanında keçirilmiş mərasimdə
çıxış edən Ülkü Birliyi vilayət təşkilatının
sədri Emin Özkutlu demişdir ki, bizə Xocalıda
qardaş və bacılarımızla şəhid olmaq kimi
şərəfli ölüm qismət olmadı, heç
olmasa onların xatirəsini daim yad etməliyik. Bəzi ölkələr
qondarma "erməni soyqırımı" təbliğatında
liderlik edirlər. Türkiyə də bütün dünyada
Xocalı soyqırımının tanıdılması məsələsində
liderlik etməlidir.
Kütahya
şəhərindəki Zəfər meydanında Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı mitinq keçirilmişdir. Mitinqdə
çıxış edən Türkiyə Həmkarlar
Konfederasiyası vilayət təşkilatının sədri Məhmət
Karabəkir demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə bəşəriyyətə
qarşı ağır cinayət törədilmiş, etnik mənsubiyyətinə
görə dinc insanlar - uşaqlar, qadınlar və
yaşlı insanlar vəhşicəsinə qətlə
yetirilmişlər. Xocalı qətliamı bir
soyqırımıdır və Türkiyə başda olmaqla
bütün dünya parlamentləri buna siyasi qiymət verməlidirlər.
Xocalı
soyqırımı qurbanlarının xatirəsi Mardin şəhərində
keçirilmiş mitinqdə də anılmışdır.
Türkiyə Həmkarlar Konfederasiyası vilayət təşkilatının
sədri Bahattin Biçer meydana
toplaşmış şəhər sakinlərinə Xocalı
soyqırımı haqqında ətraflı məlumat vermiş,
dünyaya demokratiya və insan haqları dərsi verənlərin
bu bəşəri cinayətə biganə
qaldıqlarını vurğulamışdır.
Yozqat
şəhərindəki Cümhuriyyət meydanında
keçirilmiş mitinqdə də Xocalı
soyqırımı qurbanlarının ruhuna dualar oxunmuş, Azərbaycan
torpaqlarını işğal etmiş, Qarabağda vəhşi
qətliamlar törətmiş Ermənistan əleyhinə
şüarlar səsləndirilmişdir.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-
2012.- 28 fevral.- S.6.