Həyatımıza Su gəldi, həyətimizdə Od qalandı

 

Qarşıdan güllü yaz, mübarək Novruz gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbətlə, ehtiramla qarşılayır, yüksək ovqatla qeyd edir. Novruzun ilk çərşənbəsindən başlayaraq martın sonuna kimi uzanan günləri el arasında "əziz gün" kimi dəyərləndirirlər. Novruzun ürəyimizdə sevgisi o qədər dərindir ki, onun adət-ənənələrinə, mərasimlərinə hamı əməl etməyi müqəddəs borc bilir. Ötən yazımızda bildirdiyimiz kimi, Novruz bayramınadək Boz ayın dörd çərşənbəsi xüsusi təmtəraqla qeyd edilir. Birinci çərşənbədən bir həftə keçib. Fevralın 28-i İlaxır çərşənbəsinin ikincisidir. El arasında ona Od çərşənbəsi desələr də, Boz ayın müqəddəs günlərindən sayılan bu mübarək axşam hələ qədimlərdən müxtəlif adla əzizlənib: Üsgü çərşənbə, Addı çərşənbə, Üsgü gecəsi, İkinci çərşənbə və s.

Qış bu il çox sərt keçir. Dünya şaxtadan, qardan, buzdan əziyyət çəkir. Böyük çillə də, Kiçik çillə də öz soyuqluğunu göstərdi. Boz ay isə nə qədər dumanlı, çiskinli libasa bürünərək bizi üşütmək istəsə də, ömrü qısadır. Çünki bu dəyişkən havalar bir-birinə bağlanaraq bizi Novruza - güllü yaza sarı aparmaqdadır. Adətən bayrama qədər olan dörd çərşənbənin üçü mart ayına, biri fevrala düşərdi. İndi bu əziz günü aylar öz arasında tən bölüblər.

Xalqımızın Günəşə, oda inamı çox qədim zamanlardan gəlir. Bu səbəbdən də odu qoruyub saxlamaq adətə çevrilib. Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə böyük inam olub. Bu səbəbdən də insanlarda belə bir etiqad yaranıb ki, Günəşə, oda inam gətirmək gərəkdir. Bəzən yanlışlıqdan bu odu zərdüştilikdən gələn sitayişlə, etiqadla qarışdırırlar. Halbuki Novruz bayramının tarixi zərdüştilikdən də, İslamdan da çox qədimdir. Bayram çərşənbələrində yandırılan tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Bunların arasındakı fərqi sadəcə bilmək lazımdır. Atəşpərəstlikdə odun üstündən tullanmaq, hətta ona nəfəs vermək belə günah sayılır. Atəşpərəstlər odun ətrafına fırlanarkən üzlərinə niqab bağlayıblar ki, nəfəsləri oda toxunmasın. Novruzda isə odun üstündən tullanaraq "ağrım, uğrum oda tökülsün, yansın, canım dərddən-qəmdən, ağrı-acıdan qurtulsun" deyirlər.

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı deyir: "Çərşənbələrdə və Novruz axşamında tonqal qalanması, bayram süfrəsi düzəldilməsi xalqımızın qədim el adətidir. Tonqal qalamaq, oddan atlanmaq, başı üzərində lopa - üsgü fırlayıb göyə atmaq əski mifik dünyagörüşü ilə bağlı bir məsələdir. İşığın, Günəşin gücünə inanan qədim insan odun, alovun köməyi ilə yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis və şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı". Deməli, hələ əski zamanda od Günəşin rəmzi kimi düşünülüb. Çillədən - qışdan çıxmaq üçün od yandırılması, tonqal qalanması əslində Günəşin - yazın çağırılmasını əks etdirir.

Etiqada görə, Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər. Tədqiqatlarda oxuyuruq ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqallar yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocağını alışdırmaq üçün evinə tələsərdi. Günəşin şəninə qoşulan nəğmələrdə də dərin bir inam əks olunardı.

Oda bəslənən inamın nəticəsidir ki, folklorumuzda müxtəlif janrlı nümunələr var. Bu mövzuda yüzlərlə atalar sözü yaranıb: "Od imandandır", "Od qalar, köz olar, qız qalar, söz olar", "Odsuz ocaq olmaz", "Od düşdüyü yeri yandırar", "Oda pənah aparanın ocağı sönməz", "Odla oynayan odsuz qalar" "Od yanan yerdən tüstü çıxar", "Od külə gizlənər", "Oda dərdini deyən xeyir aparar", "Od ilə pambığın nə dostluğu", "Od ocaqda yanar", "Od üçün oduna gedənin baltası iti olar", "Odu çək, külünə bax", "Ocaq sönməyən yerdə məskən salarlar", "Odu-çırağı yandıran xeyir aparar", "Odu söyən qara günə qalar" və s.

İnanclarda da odla bağlı maraqlı fikirlər mövcuddur. İllərin sınağından qalib çıxıb bu gün də dəyərini itirməyən bu inanclar həqiqətən çox düşündürücüdür. Məsələn, "Ocağa yanaşanda salam verərlər", "Ocaq dağıdanın ocağı dağılar", "Od hisli olarsa, uzaqdan qonaq gələcək", "Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır", "Ocaq yeri qibləyə olan evə uğur gələr". Bəzən bu inanclar xalq təbabətində də öz əksini tapıb. Yaraya ocaq külü bağlayarlar ki, tez sağalsın. Lap qədim zamanlarda yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, heç vaxt xəstəlik tapmasın. Bayram ocağının tüstüsü kimin üzünə dəysə, sevgilisi göyçək olar. Xalq təbabətinə görə, lap qədimlərdə yaranı odla dağlayardılar ki, tez sağalsın.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hətta and yerinə çevrilib. Bu andlar, alqışlar, qarğışlar isə bir istəyə bürünüb. Məsələn, inandırmaq üçün "Od haqqı", "Ocaq haqqı", "Gün haqqı", "İşığa and olsun" deyiblər. Alqışlarda "Ocağın odlu, qazanın qaynar", "Ocağın bərəkətli olsun", "Oduna nur çilənsin" söyləyiblər. Qarğışların ahəngindən isə həqiqətən vahimə tökülüb: "Ocağın qazan görməsin", "İçinə od düşsün". Tərifin isə ahəngi başqadır. İki kəlmə ilə təqdim edilənin cəld, qoçaq, nəzakətli, xoş simalı olması aydınlaşır: "Od parçasıdır". Məhəbbətin dərinliyini, eşqin təmizliyini göstərmək üçün yenə oddan istifadə olunub: "Qəlbimə od düşdü", "Odlu gözlərində əksimi gördüm" s. İstedadlı, vətənpərvər, xalqına, millətinə bağlı olan insanlar haqqında da bu cür sözlər işlədilib: "Sinəsində tonqal yanır", "Xalqının yolunda şam kimi yanıb əridi..."

Həqiqətən Günəş həyatın varlığın yaradıcısıdır. Bu səbəbdən əski etiqadlarda odun ilk simvolu sayılması inandırıcıdır. Elə bu etiqaddan törənən müdrik fikirlərdə böyük həqiqətlər duyulur: "Gün düşən yerdə xəstəlik olmaz", "Gün güzəranlıq gətirər", "Günəşə and olsun", "Günəş səni kəssin". Günəşlə bağlı tapmacalar da maraqlıdır:

 

Qazdım, qazdım, qum çıxdı,

Qumdan miranə çıxdı.

Şər vaxtı ölən oğlan

Sübhdən bazara çıxdı (Günəş).

 

Burdan vurdun baltanı,

Ordan çıxdı qaltanı.

Anam bir oğlan doğub,

Yerin, Göyün sultanı (Günəş).

 

Odla bağlı oxunan nəğmələrin öz gözəlliyi var. Hətta elə xalq mahnılarımız yaranıb ki, sanki onun mayası da elə Od çərşənbəsindən tutulub. Bəzi folklorşünaslar söyləyirlər ki, Novruz bayramında qızlar saçlarından üç tel ayırıb yanıqlı avazla oxuyarmışlar:

 

Samovara od salmışam,

İstəkana qənd salmışam.

Yarım gedib, tək qalmışam,

Yar bizə qonaq gələcək,

Bilmirəm vaxt gələcək.

 

İlaxır çərşənbələrin hər birinin özünəməxsus xüsusiyyətləri qəribə qüdrəti var. Bu çərşənbələri həvəslə, məhəbbətlə qarşılasaq da, süfrələrimizdə, keçirilən mərasimlərdə müəyyən fərqlər olur. Xüsusilə Od çərşənbəsində qızların yanağı alışıb yanar, lap çəmən çiçəklərinə oxşayarlar. Oğlanların isə sinələrində, deyildiyi kimi, odlu ürək çırpınar. Bu dəyişmələrin mənası isə Novruz bayramı ərəfəsində evdən-evə qırmızı örtüklü xonçalarda gedən sovqatlarda açıqlanar. Mütləq bu müqəddəs axşamlarda gözaltısı olan oğlanlardan qız evinə "şirinlik" göndərilər.

Od çərşənbəsində açılan süfrə fərqli olmalıdır. Burada quru meyvələr, müxtəlif şirniyyat, süd, su mütləq qoyulmalıdır. Əlbəttə, bütün çərşənbələrdə süfrənin şahı plovdur. Plovun 200-ə qədər növü var. Od çərşənbəsində adətən döşəməplov bişirirlər. Bəzi bölgələrimizdə isə südlü boranıplov da hazırlayırlar. Səməni ancaq Axır çərşənbədə Novruzda süfrəyə qoyulmalıdır. Adətən Səməni buğdası Su çərşənbəsində isladılmalıdır. Od çərşənbəsində insanlar bir-birinə qonaq gedər, "Çərşənbən mübarək" deyər, "Ağrın-acın odda yansın" söyləyərlər. O gün həyətlərdə tonqal çatılar.

Əlbəttə, əsrlərin dizini qatlayıb günümüzədək çətin şərəfli bir yol keçərək gələn Novruz bayramını könül sevinci ilə qarşılamaq qeyd etmək üçün onunla bağlı olan çərşənbə axşamlarını da eyni dərəcədə yüksək ovqatla keçirməliyik. Novruzun möcüzəsidir ki, özündən öncə çərşənbələri təşrif buyuraraq bizi bu milli bayramımıza hər həftə hazırlaşmağa, onu şən, yüksək ovqatla qarşılamağa məcbur edir. Bir ay ərzində o qədər görülür ki, bundan - abadlıqdan, təmizlikdən könlümüz fərəh tapar.

Novruz həm milli yaddaşımızdır. Bu yaşam o qədər qüdrətli əbədidir ki, hətta sovet dönəmində ən sərt rejimin gücü belə çatmadı ki, onu qəlbimizdən qoparıb silsin. Beləliklə, həyatımıza Su gəldi, həyətlərimizdə Od qalandı.

İndi isə üzü Küləyə sarı gedirik. Çərşənbə axşamlarınız mübarək olsun, əziz oxucularımız! Ocağınızda od, evinizdə nur əskik olmasın! Hər zülmət gecəniz Günəşin şəfəqləri ilə açılsın! Qəlbiniz bu fərəhdən coşub çağlasın, dilinizdə qədim el nəğmələrimiz qanadlansın! Evinizdən xoş sədalar gəlsin:

 

Göydə uçar bir maya,

İşıq salar dünyaya.

Göydə durar qızıl daş,

Dünya əyər ona baş (Günəş).

 

Qoy uca başınız, əyilməz əzəmətiniz yalnız Günəş qarşısında - ucalıq qarşısında təzim etsin!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 28 fevral.- S.11.