Göygöl rayonunun daha gözəl günləri hələ öndədir

 

Rayonlarda gözəl ənənə yaranıb. Əhalinin müxtəlif təbəqələri ilə əlaqə-ünsiyyət getdikcə genişlənir. Vətəndaşları qəbul edən, ərizə və şikayətlərə baxan operativ qruplar fəaliyyət göstərir. Bölgələr üzrə isə müntəzəm surətdə səyyar qəbullar, sual-cavab saatları, açıq mikrofon görüşləri keçirilir. Vaxtaşırı icra nümayəndələrinin, bələdiyyələrin, ayrı-ayrı idarə və müəssisə başçılarının hesabatları dinlənilir, tənqidi qeydlər, irəli sürülən təkliflər, arzu və istəklər nəzərə alınır, bir çox məsələlər yerindəcə həll olunur. Ona görə də yuxarı təşkilatlara müraciət edənlərin sayı aybaay, ilbəil azalır.

Göygöl rayonunda da bu ənənə geniş yayılıb. İl ərzində yuxarı orqanlara və icra hakimiyyətinə 11627 müraciət daxil olub. Səyyar qəbullarda və açıq mikrofon görüşlərində, icra nümayəndələrinin və ayrı-ayrı idarə və müəssisələrin hesabat yığıncaqlarında ümumi işin xeyrinə xeyli arzu və təklif səslənib. Onların çoxu yerli mütəxəssislərin və rayon təşkilatlarının köməyi ilə vaxtında həll olunub. Ona görə də rayon icra hakimiyyətinin hesabat yığıncağı işgüzar şəraitdə, yüksək  fəallıqla  keçdi.

Əvvəlcə icra hakimiyyətinin başçısı Arif Seyidovun məruzəsi dinlənildi. Sonra təhsil şöbəsinin müdiri Elbrus Atayev, baş həkim Hamlet Ömərov, sahibkar Suliddin Mahmudov, gənclər və idman idarəsinin rəisi Zaur Abbasov və başqaları çıxış etdilər. Yekdilliklə qeyd olundu ki, Göygöl rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələbləri uğurla yerinə yetirilir. İl ərzində 112,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da ötən ildəkinə nisbətən xeyli çoxdur.

Hesabat dövründə 36,4 milyon manat əsas kapitala investisiya qoyulmuş, bir sıra tikinti, abadlıq-quruculuq işləri aparılmışdır. Yeni Qızılca kəndində məktəb binası, Mollacəlilli kəndində və Hacıməlik qəsəbələrində poçt şöbələri üçün binalar tikilmiş, Balçılıda yeni poçt şöbəsi açılmışdır.

Sakinlərin arzu və istəklərinə uyğun olaraq il ərzində rayon mədəniyyət evi, Mollacəlilli kənd kitabxanası, Çaykənd sahə xəstəxanası, Toğanalı, Çaylı, Haçaqaya məktəbləri, Göygöl şəhər "8 Mart" uşaq bağçası, Quşçu mədəniyyət evi əsaslı təmir olunmuş, Qarabağ əlilləri və şəhid ailələri üçün dördmərtəbəli 36 mənzilli yaşayış binası istifadəyə verilmişdir.

Göygöl rayonunun quruculuq proqramı çox genişdir. Hazırda olimpiya idman kompleksinin, habelə rayon baytarlıq idarəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binaların tikintisi davam etdirilir. İl ərzində binaların təmiri, küçələrin abadlaşdırılması, yaşıllaşdırılması və səkilərin düzəldilməsi sahəsində xeyli görülmüşdür.

Rayonda yol təsərrüfatına xüsusi fikir verilir. Göygöl-Mollacəlilli avtomobil yolu təmir edilib. Göygöl-Hacıkənd magistral yolunun xeyli hissəsi genişləndirilib, Bakı-Qazax magistral yolunun Göygölün ərazisindən keçən 36 kilometrlik hissəsinin tikintisi davam edir.

Sosial məsələlərin həllinə qayğı diqqət getdikcə artır. Son vaxtlarda əhalinin elektrik enerjisi mavi yanacaqla təmini sahəsində xeyli görülmüşdür.

İldən-ilə bu yerlərdə daha geniş, daha əhatəli quruculuq proqramları həyata keçirilir. Şəhərin su təchizatı kanalizasiya sistemi yenidən qurulur. Kürəkçaydan 25 kilometrlik magistral su kəməri gəlir, şəhərdaxili su xətləri çəkilir, təmizləyici qurğular inşa olunur. Yaxın vaxtlarda Toğanalı, Çaykənd, Yeni Zod, Mixaylovka, Göycəkənd, Aşıqlı kəndlərinə içməli su verilməsi nəzərdə tutulub.

Kənd təsərrüfatı məhsullarının istehsalı artdıqca emal mühafizə obyektlərinin sayı çoxalır. Bu məqsədlə "Göygöl beton" zavodunun nəzdində dörd min kubmetrlik soyuducu kamera inşa olunub. Aqrolizinqin xidmət dairəsi  genişlənir. Onun üçün inzibati bina, anbar, təmir emalatxanası tikilib. Hazırda 75 adda kənd təsərrüfatı texnikası sahibkarlara xidmət edir.

Rayon hər sahə üzrə sürətlə inkişaf edir. Tənqid özünütənqid şəraitində keçən toplantıda ilin uğurları qeyd olunmaqla yanaşı, mövcud nöqsanlar çatışmazlıqlar barədə danışıldı, onların aradan qaldırılması üçün təkliflər irəli sürüldü. Bu mənada rayon mərkəzi xəstəxanasının baş həkimi, əməkdar həkim Hamlet Ömərovun çıxışı daha böyük maraqla qarşılandı. Əməkdar həkim dedi ki, son illərdə ölkə həyatının hər sahəsində olduğu kimi, səhiyyə sistemində böyük islahatlar aparılır. Yeni tibb ocaqları, müasir müalicə-diaqnostika mərkəzləri tikilir. Göygöl rayonunda da 151 çarpayılıq xəstəxana binası istifadəyə verilib. Ona görə xidmətin səviyyəsi günü-gündən yüksəlir. Bununla yanaşı, hazırda fəaliyyət göstərən 23 tibb məntəqəsindən 13-nün təmirə ehtiyacı var. Beş məntəqə şəxsi evlərdə yerləşir. Rayon üzrə 25 nəfər həkim çatışmır. Topalhəsənli, Qızılca, Aşıqlı, Mollacəlilli, Üçtəpə kənd həkim məntəqələrində ailə həkimi yerləri boşdur, Çaykənd sahə xəstəxanasında dörd həkimə ehtiyac var. Bəhrəmbağ, Haçaqaya, Pənahlılar tibb məntəqələrinin feldşer yerləri vakantdır. Günün tələblərinə uyğun maddi-texniki bazanın möhkəmləndirilməsinə, habelə sanitar avtomaşınlara ehtiyac çoxdur.

Sahibkar Suliddin Mahmudov isə taxılçılığın inkişafından, dövlətin bu mühüm sahəyə olan qayğı diqqətindən minnətdarlıqla danışdı. Təcrübəli əkinçi dedi ki, kənardan gətirilən toxumlar adətən yaxşı nəticə vermir. Ona görə biz yerli şəraitə uyğun buğda toxumu yetişdirməyə çalışırıq. Bu vacib işlə rayonda 23 təsərrüfat məşğul olur. Özü 250 hektar sahədə əsasən toxum yetişdirir. Sahibkar dedi ki, rayonun hər yerində yerli şəraitə uyğun toxumların səpilməsi daha yaxşı nəticə verər.

Hər kəsə öz fikrini sərbəst söyləməsi üçün iclas zalına mikrofonlar qoyulmuş, müvafiq şərait yaradılmışdı. Toplantı iştirakçıları nöqsanların ünvanlarını göstərməklə bir sıra təkliflər irəli sürdülər. Qeyd olundu ki, bioloji kombinatda təqribən iki milyon manatlıq təmir işi aparıldığına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinin laqeydliyi üzündən iki ildir ki, bu mühüm obyektin işləməsi təmin olunmur.

Yeni Göyçə kəndində tikilmiş təzə məktəbdə transformator namünasib sahədə yerləşdirilib. Bu isə şagirdlərin təhlükəsizliyi üçün qorxuludur. Aşıqlı kəndində tikilən elektron ATS yarımçıq qalıb. Bina hazır olsa da, müvafiq xətt şəbəkəsi yoxdur. Topalhəsənli istiqamətində üç kilometrlik Lüləli yolunun təmirinə ciddi ehtiyac duyulur. Qırıqlı kəndində yeni salınmış qəsəbədə sakinlər özləri daxili qaz xətləri çəkiblər. Lakin bu işlər özbaşına görüldüyü üçün kəndə qaz verilmir.

Quşqara kəndinin təzə salınmış yaşayış massivlərində vəziyyət eynilə belədir. Əliuşağı qaz paylayıcı stansiyasından Hacıməlik qəsəbəsinədək daşıyıcı magistral qaz kəməri çəkilib. Buna baxmayaraq, Dozular, Üçtəpə, Qırıqlı, Xaqani, Balçılı kəndlərində yeni salınmış yaşayış massivlərinə, Çaykənddə isə bütün abonentlərə qazın verilməsi problemi həll edilmir. Narahatlıqla qeyd olundu ki, rayon üzrə ümumən 21 kənddə qaz təsərrüfatı mövcud deyildir.

Hesabat yığıncağında irəli sürülən arzu təkliflərə uyğun geniş tədbirlər planı tərtib olundu. Bu planın icrası ilə əlaqədar məsul şəxslər konkret vaxt müəyyən edildi. Qərara alındı ki, hər bir təklif yerinə yetirildikcə həmin bölgədə görüşlər təşkil olunacaq, işin vəziyyəti ətraflı nəzərdən keçiriləcəkdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 28 fevral.- S.10.