Lerik irəli çıxır

 

Son illər Lerikdə aparılan tikinti-abadlıq işləri nəticəsində dağlar qoynunda yerləşən rayonun siması başdan-başa dəyişib. Yollara asfalt çəkilib, küçələrin divarları mişar daşları ilə hörülüb, yağış və çirkab sularının axıdılması üçün qurğular tikilib, park və küçələrdə ağac, bəzək kolları əkilib. İndi rayon sakinləri təzə tikilən müasir ticarət və iaşə obyektlərindən istifadə edirlər. Bir sözlə, rayonda tarix boyu heç vaxt bu qədər quruculuq işləri görülməyib.

Rayon sakinləri dövlət başçısının qayğısından çox razıdırlar. Prezident İlham Əliyev 2005-ci ildən başlayaraq üç dəfə Lerikdə səfərdə olub və hər gəlişində təzə tikilən sosial obyektlərin açılışında iştirak edib, sakinlərin qayğıları ilə maraqlanıb.

Bütün bunlar və digər faktlar barədə Lerik Rayon İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında ətraflı danışıldı. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək vurğuladı ki, respublikada aparılan uğurlu iqtisadi islahatlar Lerikinsosial-iqtisadi inkişafına ciddi təsir göstərib. Rayonun siması tanınmaz dərəcədə dəyişib, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət alıb, iqtisadiyyatın hər sahəsində uğurlara imza atılıb. Ölkə başçısının qayğısı sayəsində dövlət vəsaiti hesabına Hamarmeşə və Veri kənd tam orta məktəbləri inşa edilib. Züvüç, Barzavu, Aran, Davradibi, Ləkər, Daster və Kələxan kəndlərində isə məktəb binalarının tikintisində işlər davam edir. Bu il rayonda daha 7 məktəb binasının tikintisi nəzərdə tutulub.

Rayon icra hakimiyyəti, Baytarlıq İdarəsi yeni inşa edilən, müasir tələblərə cavab verən binalara köçürülüb, 6 saylı Ərazi Vergilər İdarəsi üçün kompyuter terminalının, Statistika İdarəsi üçün inzibati binanın, Siyov kəndində həkim məntəqəsinin tikintisində son tamamlanma işləri aparılır. Rayondakı bütün ATS-lər elektronlaşdırılıb. Bunlardan əlavə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Lerik şəhərində 16 mənzilli yaşayış evi, digər yaşayış ərazilərində isə Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilib. Eləcə də Prezidentin tapşırığı ilə Lerik şəhərində yeni elektrik stansiyasının tikintisinə başlanılıb. Stansiya istismara veriləndən sonra rayon fasiləsiz və dayanıqlı şəkildə enerji ilə təchiz olunacaq.

Məruzəçi onu da bildirdi ki, Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanan kredit sazişinə əsasən, su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin suçirkab su qurğularının təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması və fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmaq məqsədi ilə Lerik şəhərinə su xəttinin çəkilməsi və şəhərin kanalizasiya sisteminin yaradılması, eləcə də 17 meqavat gücündə modul tipli elektrik stansiyasının tikintisinə 50 milyon manatdan yuxarı vəsait ayrılıb ki, bunlar da maliyyə vəsaiti baxımından rayonun tarixində həyata keçirilən ən böyük sosial layihələrdir. Sosial məsələlərdən söz düşmüşkən onu da bildirək ki, daxili imkanlar hesabına 8 kənddə, "Azərsu" ASC tərəfindən isə Gürdəsər, SoruZenoni kəndlərində hər biri 40 min manat dəyərində artezian quyuları qazılıb, Gürdəsər kəndində məhəllədaxili su xətləri çəkilərək istifadəyə verilib. Cari il bu kəndlərdə su anbarlarının və magistral xətlərin çəkilişinin başa çatdırılacağı gözlənilir.

Hazırda Lerik şəhəri və rayonun 6 kəndində yaşayan 1800-dən yuxarı ailə təbii qazdan istifadə edir, daha 10 yaşayış məntəqəsinin qazlaşdırılması üçün isə işlər davam etdirilir. Bu yerdə bir məsələyə toxunmaq istərdik. 2008-ci ildə Ordahal kəndinə qaz xətti çəkilsə də, bu günə kimi şəbəkəyə qoşulmamışdır. Magistral qaz xətti üzərində  yerləşən Kirəvud, Ərdəbilə, Gürdəsər, Əliabad, Camaşair, Soru, Bilnə, Noda kəndlərinə qaz xəttinin çəkilməsi üçün layihə-smeta sənədləri isə 2006-cı ildə hazırlanmışdır. Rayon icra hakimiyyəti tərəfindən edilən müraciətlərdən sonra bu yaşayış məntəqələrinə müvafiq qurumlar tərəfindən keçən il bir daha baxış keçirilmiş, sənədlər təkrar hazırlanmışdır.

İndi də ötən ilin əsas göstəriciləri barədə - rayonda keçən il adambaşına düşən gəlir 2010-cu illə müqayisədə artaraq 859 manata çatıb. Ümumi məhsul buraxılışının həcmi 2010-cu ilə nisbətən 13, nəqliyyat daşımalarının gəlirləri 9, pərakəndə əmtəə dövriyyəsi 18, pullu xidmət 9 və kənd təsərrüfatı məhsulunun həcmi isə 14 faiz artıb. Keçən il bütün maliyyə mənbələri hesabına tikinti işlərinə 8 milyon 598 min manat vəsait xərclənib. Rayon üzrə əhalinin orta aylıq nominal əməkhaqqı 2010-cu ilə nisbətən 6 faiz artaraq 267 manata çatıb.

Hesabat dövrü rayonda dövlət tərəfindən aqrar sektora göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalında da xeyli artım qeydə alınıb. Buğda əkənlərə 140 min manat vəsait ödənilib, payızlıq buğda əkininə görə isə 45 min manat vəsaitin ödənilməsi ilə bağlı sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim olunub.

Lerikdə fəaliyyət göstərən bankbank olmayan kredit təşkilatlarının filialları tərəfindən ötən il rayon əhalisinə 1 milyon 203 min manat kredit verilib, həmçinin əhali tərəfindən banklara 215047 manat məbləğində əmanət qoyulub.

Rayonda iqtisadiyyatın bütün sahələri üzrə məşğul 31297 nəfərdən 4550 nəfəri dövlət sektorunda, 26747 nəfəri isə qeyri-dövlət sektorunda işləyir. Keçən il keçirilən əmək yarmarkasında 46 nəfər işlə təmin edilib.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 28 fevral.- S.10.