Asma körpülü
Yuxarı Tala kəndi
Bəli, bu artıq reallıqdır-Azərbaycan reallığıdır. Üç il əvvəl Zaqatala rayonunun Yuxarı Tala kəndində Talaçay üzərində Qafqazda bənzəri olmayan asma körpü istifadəyə verilib. Uzunluğu 172 metr olan bu körpünün inşasından sonra Zaqatala şəhəri ilə təkcə Yuxarı Tala ərazi icra nümayəndəliyinin deyil, digər kəndlərin də əlaqəsi əsaslı dərəcədə yaxşılaşıb. İki il əvvəl istifadəyə verilən 185 metr uzunluğunda Meşleş körpüsü də çox möhtəşəmdir.
Talaçay üzərində tikilən körpü Yuxarı Tala ərazi icra nümayəndəliyinə daxil olan Meşleş kəndinin çətinliklərinin aradan qaldırılmasında müstəsna rol oynayır. Vaxt var idi ki, Talaçay daşar, hər yanı selə-suya qərq edər, ən vacib məqamda traktor ümidinə qalan kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilərdi. İndi hava şəraitindən asılı olmayaraq meşleşlinin bir ayağı kənddə, bir ayağı rayon mərkəzindədir. Gediş-gəliş çətinlikləri aradan qaldırıldığına görə hər bir kənd sakini dövlət başçısına minnətdarlığını bildirir.
Yuxarı Talanın özəllikləri asma körpü ilə məhdudlaşmır. Bütün kəndarası yollar asfaltlaşdırılıb. Milli ornamentli hasarlar, yaraşıqlı, müasir evlər göz oxşayır. Üç il əvvəl feldşer-mama məntəqəsi tikilib istifadəyə verilib. Artezian quyuları qazılıb. 2009-cu ildə istifadəyə verilən idman zalında ayrı-ayrı yaş qrupları üzrə 100-ə yaxın uşaq və gənc güləşlə məşğuldur. SSRİ idman ustası Mütəllim Məmmədov bilik və bacarığını yetirmələrindən əsirgəmir. Bu kənddə yunan-Roma güləşi üzrə ümidverən idmançılar yetişir. Səliqəli mini-futbol meydançası da Yuxarı Tala gənclərinin istifadəsindədir.
Əhalinin dediyinə görə, kənd bələdiyyəsi ilə ərazi icra nümayəndəliyi bütün qayğıları birgə çəkirlər. Bələdiyyə sədri Məhəti Ömərovla və Yuxarı Tala kənd inzibati ərazi idarəsi üzrə nümayəndə Davud Ağayevlə söhbət zamanı bunun bir daha şahidi olduq.
Yuxarı Talada yolların qorunmasına ciddi fikir verilir. Yol ətrafındakı evlərin, məişət obyektlərinin hasarları vaxtaşırı rənglənir. Kəndin yanından keçən Bakı-Zaqatala avtomobil yolunun hər iki tərəfində 500-ə qədər ağac əkilib, iri ağaclar budanıb, gövdələri əhənglənib. Çay yataqlarının təmizliyi həmişə diqqətdə saxlanılır. Təşkil olunan iməciliklər bu tədbirlərin sistemli həyata keçirilməsinə zəmin yaradır.
Kənddə hər hansı çətinlik olanda rayon rəhbərliyinə müraciət olunur və müvafiq tədbirlər görülür. RİH nümayəndələri tez-tez kənddə olur, mövcud çətinliklərlə maraqlanırlar. Məhz belə görüşlərin birindən sonra icra nümayəndəliyinə daxil olan Çüdülübinə kəndinin 3,5 kilometr uzunluğunda yoluna çınqıl döşənərək təmir edilib.
Yuxarı Tala ərazi icra nümayəndəliyində 2 tam, 1 ümumi və 1 ibtidai məktəb fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq yeni məktəb binalarının tikintisi də planlaşdırılır. Təhsil ocaqlarında, uşaq bağçalarında normal şəraitin yaradılması üçün gərəkli tədbirlər həyata keçirilir. 1 və 2 nömrəli uşaq bağçalarının daxili və xarici su-kanalizasiya sistemlərinin tikintisi də başa çatdırılıb.
Kənd bələdiyyəsinin vəsaiti hesabına inşa edilən Şəhidlik kompleksi gənclərin hərbi vətənpərvərlik ruhunun artırılmasına ciddi təsir edir. Kompleksdə kəndin 17 şəhidinin xatirəsi əbədiləşdirilib.
Ümumilikdə Yuxarı Tala ərazi nümayəndəliyi üzrə əhalinin sayı 8257 nəfərdir. Onun da 7959 nəfəri Yuxarı Talada, 134-ü Meşleş kəndində, 125-i Çüdülübinədə, 39 nəfəri isə Laqodexbinədə yaşayır. Nümayəndəlikdə 2379 təsərrüfat, 1745 yaşayış evi mövcuddur. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, heyvandarlıqdır. Arıçılıq və fındıqçılığa diqqət getdikcə artırılır. Yuxarı Tala camaatı öz çalışqanlığı, zəhmətsevərlikləri sayəsində gün-güzəranlarını qura bilirlər. İnsanlar bir-birinə qarşı çox mehribandırlar.
Nümayəndəliyə daxil olan kəndlərdə 10-a yaxın millətin nümayəndələri yaşayırlar. Azərbaycanlılar, avarlar, ruslar, ukraynalılar, saxurlar və digər millətlərin nümayəndələri çiyin-çiyinə ömür sürür, qız alıb qız verir, sevinclərini və dərdlərini birgə paylaşırlar.
Yuxarı Talanın işıq, qaz məsələləri tamamilə həll edilmək üzrədir. Düzdür, bəzi çətinliklər, gecikən işlər, həyata keçirilməli tədbirlər də var. Sakinlər belə düşünürlər ki, ən vacib olanı dövlət qayğısıdır ki, dövlətimiz də bunu bizdən əsirgəmir. Şübhəsiz ki, bütün arzularımız tezliklə gerçəyə çevriləcək.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.-
28 fevral.- S.10.