Əsrin faciəsi
Tarixin müxtəlif dönəmlərində
ermənilər tərəfindən soyqırımına məruz
qalan Azərbaycan xalqı növbəti belə faciə ilə
1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi.
Sovetlər
imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi
və ictimai-siyasi şəraitdə
dövlət müstəqilliyini yenicə qazanan
Azərbaycanın üzləşdiyi ərazi itkisi
ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən
birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə
yazıldı.
Bəşəriyyət tarixinə qanla yazılan gün
Həmin dövrdə Dağlıq Qarabağda
erməni separatçıları da fəaliyyətini
genişləndirirdi. Bunun nəticəsində
1991-ci ilin sentyabrında "Dağlıq
Qarabağ respublikası" adlanan oyuncaq dövlət
yaradıldığı bildirildi. Həmin
ilin noyabr
ayının 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağın muxtar vilayət statusunun ləğv
olunduğunu bəyan etdi.
Proseslərin gedişi mövcud durumu daha da
çətinləşdirirdi. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də
endi. Şuşa səmasında
mülki vertolyotun
vurulması, vertolyotun içindəki 40 nəfər
azərbaycanlının həlak olmasıyla şəhərlə
hava əlaqəsi də kəsildi.
Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi.
Xocalılılar ancaq öz
qəhrəmanlıqları və şəhər müdafiəçilərinin
cəsurluğu sayəsində yaşayır və müdafiə
olunurdular. Şəhərin müdafiəsi
əsasən avtomat və ov
tüfəngləri ilə silahlanmış yerli
özünümüdafiə dəstəsindən, yerli milis qüvvələrindən
və Milli Ordunun
döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq
erməni silahlı dəstələrinin mühasirəsinə
alınmış Xocalı hər gün toplardan, ağır texnikadan
atəşlərə, erməni dəstələrinin həmlələrinə
məruz qalırdı. Şəhəri əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad,
Pirəməki, Noraguh və Mirzəcan kəndlərinə
avtomat və pulemyotlarla
silahlanmış yüzlərlə erməni yaraqlısı,
"Alazan" raket
qurğuları, PDM, ZTR və tanklar cəmlənmişdi.
Qüvvələrin əsas hissəsi isə Xankəndidə
və Əsgəranda əmrə hazır
dayanmışdı. Həmin dövrdə şəhərdə
hələ 3 min nəfər yerli əhali olsa da, Xocalıya vertolyot da göndərilmirdi. Ermənilər istər
canlı qüvvə, istərsə də hərbi texnika və silah cəhətdən
xocalılılardan müqayisəedilməz dərəcədə
üstün idilər. Buna
rəğmən ölkə rəhbərliyi şəhərin
xilası istiqamətində heç bir addım atmırdı.
Halbuki düşmənin Xocalını yeni əsas hədəf kimi
seçməsi və buraya hücuma hazırlaşması barədə o vaxtkı Azərbaycan rəhbərliyinə
lazımi məlumatlar verilmişdi. Baş verənlərdən mərkəzi
hakimiyyət tam məlumatlı idi. Lakin hər hansı
qabaqlayıcı tədbir görülmədi. Həmin vaxtlar hakimiyyətə gəlmək istəyən
AXC də bir tərəfdən hakimiyyəti
iflic vəziyyətinə
salmışdı. İqtidardakı qüvvə isə
hakimiyyətini qoruyub saxlamaq
istəyirdi. Bakıda hakimiyyət davası getdiyindən təkcə
Xocalı yox, bütün
Qarabağ taleyin
ümidinə buraxılmışdı. Belə vəziyyət
erməniləri daha da
şirnikləndirir, Xocalını ələ keçirmək
planlarının tez həyata keçrilməsi
üçün onlara
bir stimul verirdi.
Yaranan vəziyyətdən maksimum dərəcədə faydalanmağa
çalışan ermənilər Xocalını daha tez ələ
keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də saat
22 radələrində Ermənistandan Azərbaycan
Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr,
habelə Dağlıq Qarabağın millətçi ermənilərindən
təşkil olunmuş qanunsuz
silahlı birləşmələrı keçmiş
SSRİ Müdafiə Nazirliyinin 366-cı
motoatıcı alayının komandir heyəti
və hərbi texnikası ilə birgə Xocalı şəhərinə
hücuma keçdilər. Hücumda
366-cı alayın komandiri Zarviqorov
Yuri Yureviç və
mayor Ohanyan Seyran Muşeqoviçin
komandanlığı altında alayın 2-ci batalyonu,
Nabokix Yevgeni Aleksandroviçin komandanlığı
altında 3-cü batalyonu, həmçinin
1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda
xidmət edən 50-dən çox erməni
və digər millətlərdən olan zabit və gizirlər iştirak
edirdilər. Eyni zamanda,
hücum zamanı 90-dan çox
tank, piyadaların döyüş
maşını, top, D-30 qaubitsası və
digər müasir hərbi texnikadan
istifadə olundu.
Hücumdan əvvəl şəhər
şiddətli artilleriya atəşinə
tutuldu. Güclü artilleriya atəşi şəhərdə olan müdafiə postlarını və
müdafiə nöqtələrini sıradan
çıxardı. Şəhəri artilleriya
atəşinə tutduqdan sonra
gecə saat 1-dən başlayaraq
4-ə qədər piyadaların şəhərə daxil olması davam etdi. Şəhərdə axırıncı
müqavimət məntəqəsi səhər saat 7-də susduruldu. Bu işdə yenə də 366-cı alayın
texnikasından geniş istifadə olundu.
Beləliklə,
ermənilər çoxsaylı ağır tanklar,
PDM və zirehli transportyorların
müşayiəti ilə Xocalını ələ
keçirdilər. Onlar şəhərə
daxil olduqdan sonra dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməyə
başladılar. Bu zaman
azğınlaşmış düşmən mülki
əhaliyə, o cümlədən
qadınlara, uşaqlara, qocalara
aman vermədən, qarşılarına
çıxan insanlara müxtəlif
çaplı odlu silahlardan
atəş açır, tank, PDM və
digər texnikanın altına salaraq əzməklə
qətlə yetirirdilər. Qanunsuz erməni
silahlı qüvvələri mühasirədən
çıxıb qaçmağa müvəffəq
olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə
təqib edərək vəhşicəsinə
öldürürdülər. Azğınlaşmış erməni
hərbçiləri əsir və girov
götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə
verərək qətlə yetirirdilər. Mühasirədən
çıxıb qaçmağa müvəffəq
olan sakinlər təqib edilərək Kətik
meşəsində, Naxçıvanik yolunda,
Qaraqaya ətrafında, Dəhraz kəndi
yaxınlığında, Şelli istiqamətində,
Əsgəran asfalt yolunun
86-cı kilometrliyində və digər ərazilərdə
amansızlıqla öldürüldü.
Əsir götürülənlərdən 18 nəfəri Əsgəran
Rayon Daxili İşlər
Şöbəsində işgəncə verilməklə qətlə
yetirilmişdilər.
Hücum zamanı dinc əhaliyə
qarşı ağlasığmaz vəhşiliklər törədilir,
dözülməz işgəncələr verilir,
insanların başlarının dərisi soyulur,
müxtəlif əzaları kəsilir, gözləri
çıxarılırdı. Qadınların
qarınları yarılır, adamlar diri-diri torpağa
basdırılır və ya
yandırılır, meyitlər eybəcər hala
salınırdı. Xocalıda mülki əhalinin
düşünülmüş şəkildə
qətlə yetirilməsini sübut edən
çoxsaylı faktlardan biri
də budur ki, həmin
gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli
hissəsi ərazidən çıxış yollarında əvvəlcədən
xüsusi hazırlanmış pusqularda güllələnmişdir.
Faciənin
törədilməsinə xeyir-dua verənlər
sırasında Ermənistanın sabiq
prezidentləri Levon Ter-Petrosyan,
Robert Koçaryan və
işğalçı ölkənin indiki
dövlət başçısı Serj Sarkisyan da yer
alır. Hələ 1992-ci ildə erməni ordusuna
müraciətində Levon Ter-Petrosyan
deyirdi: "Siz ermənilər
düşməni öldürərkən ürəyiyumşaqlıq
göstərməməlisiniz. Dağlıq Qarabağda
azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə
qədər sizin düşmənə
yazığınız gəlməməlidir".
Dağlıq Qarabağ
separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin
sahibi idi. Ermənistan prezidenti
Serj Sarkisyan isə
1992-ci ildə Xocalı soyqırımını törədən
qüvvələrin komandanlarından olub,
bu qüvvələri təşkilatlandıraraq
yüzlərlə insanın ölüm əmrini
verib və beləliklə,
soyqırımında birbaşa iştirak edib. Bu mənada Sarkisyanın Tomas
de Vaalın "Qara bağ" kitabında yer
alan aşağıdakı fikirləri də
çox şey deyir: "Xocalıya qədər azərbaycanlılar
elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə
əl qaldırmazlar. Biz o
stereotipi sındırdıq".
Faciə baş verən gün əsasən
qadınlar, uşaqlar və qocalardan ibarət dəstə Qaraqaya
tərəfə üz tutaraq
Əsgəranın qarşısında, meşədə gizlənmişdi.
Adamlar gecə şaxtalı havada səhərə qədər dayanıb
gözlədikdən sonra dan
yeri ağaran zaman meşədən çıxıb Ağdama tərəf hərəkət etmək
istəyəndə pusquda dayanan
ermənilərin güllələrinə tuş
gəldilər. Təlaş və vahimə içərisində
qaçan adamların bir
dəstəsi böyük
çətinliklə Dəhraz kəndinə gəlib
çıxsa da, burada
yenə silahlı ermənilər tərəfindən kütləvi
şəkildə qətlə yetirildilər, əsir
götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara
qarşı kütləvi qətllər törədən,
soyqırımı həyata keçirən ermənilər ən
vəhşi üsullardan, işgəncə
metodlarından istifadə edirdilər. Bununla
kifayətlənməyərək öldürülmüş
insanların meyitlərinin başına da
min bir oyun
açdılar.
Baş
verənləri Xocalı sakinləri belə xatırlayır:
Camal Heydərov: "Qaraqaya
deyilən yerin
yaxınlığındakı fermanın 2 kilometrliyində
eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti
var idi. Qətlə yetirilmiş uşaqların sinəsini
yarıb ürəklərini parçalamış, əksər
meyitlər isə tikə-tikə
doğranmışdılar". Şahin
Heydərov Naxçıvanik kəndi
yaxınlığında 80-ə yaxın meyit
görmuşdur. Meyitlər qorxulu vəziyyətə salınmış,
başları kəsilmişdi. Cəlil Hümbətovun gözu
qarşısında ermənilər həyat yoldaşı
Firuzə, oğlu Muğan,
qızı Simuzər və gəlini Südabəni güllələmişdilər.
Kübra Paşayeva Kətik
meşəsinə girəndə ermənilərin mühasirəsinə
düşmüşdü. Gizləndiyi kolluqdan həyat yoldaşı Şura
Paşayevin, oğlu
Elşadın güllələnməsinin şahidi
olmuşdur. Xocalı işğal
edilən zaman Xəzəngül Əmirovanın
ailəsini erməni silahlıları bütünlüklə girov götürmüşlər. Ermənilər
Xəzəngülün anası Rayanı, 7 yaşlı
bacısı Yeganəni və xalası Göycəni güllələyib,
atası Təvəkkül Əmirovu isə benzin
tökərək yandırmışlar. Zoya
Əliyeva 150 nəfərə qədər adamla
3 gün meşədə qalıb. Meşədə
Zoyanın yanında Dünya Əhmədova
və onun bacısı Gülxar
donub ölmüşlər. Səidə Kərimovanın
qızı Nəzakəti, yanında olan
Tapdığı, Səadəti, İradəni işgəncə
ilə qətlə yetirmişlər. Səriyyə Talıbova
isə belə bir dəhşətli hadisənin
şahidi olmuşdur:
"Bizi erməni qəbiristanlığına
gətirdilər... Burada erməni döyüşçüsünün qəbri
üstündə 4 Məhsəti türkünü
və 3 azərbaycanlını qurban kəsdilər...
Sonra valideynlərinin gözü
qarşısında uşaqlarına işgəncə verdilər
və öldürdülər. Az sonra Milli Ordunun
formasında 2 azərbaycanlı gətirdilər, ucu iti dəmirlə
onların gözlərini çıxartdılar". Faciə
baş verən zaman
11 yaşı olan Ramil
Həsənov xatırlayır ki,
dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini
yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça
bilmirdilər, lal-dinməz qarın üstündə
uzanmışdılar və yavaş-yavaş
gözlərini yumurdular.
Həmin
dövrdə Xocalıdan Ağdama gətirilmiş
181 meyit (130 kişi,
51 qadın, 13 uşaq) məhkəmə-tibbi
ekspertizadan keçirilmişdir.
Nəticədə müəyyən edilmişdir
ki, 151 nəfər güllə, 20 nəfər
qəlpə, 10 nəfər küt alətlərlə
öldürülüb, meyitlərin əksəriyyətinin
baş dəriləri soyulub,
burunları, qulaqları və digər orqanları kəsilib.
Törədilən
vəhşilikləri sonradan ermənilər
özləri də açıq etiraf
edirdilər. Qarabağ hadisələrinin
iştirakçışı, ermənilərin ən çox sevdiyi
ideoloqlarından olan yazıçı Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı
kitabında Xocalıda törətdikləri
soyqırımı haqqında yazır: "Biz
Xaçaturla ələ keçirdiyimiz
evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk
uşağını pəncərəyə
mismarlamışdılar. Türk
uşağı çox səs-küy
salmasın deyə Xaçatur
uşağın anasının kəsilmiş döşünü
onun ağzına soxdu.
Daha sonra 13
yaşındakı türkün
başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək
dünyasını dəyişdi. Ruhum
sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş
türk uşağının cəsədini
hissə-hissə doğradı və bu
türklə eyni kökdən olan itlərə atdı. Axşam
eyni şeyi daha 3 türk
uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim.
Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr
duyacaq".
Erməni
yazıçı-jurnalisti David Xerdiyan da Xocalıda ermənilərin
azərbaycanlıların
başına gətirdikləri müsibətləri
"Xaç uğrunda"
kitabında fəxrlə xatırlayır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı
bataqlıqdan keçmək üçün
ölülərdən körpü
düzəltməli olduq. Mən
ölülərin üstündə getmək istəmədim.
Bunu görən podpolkovnik
Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən
ayağımı 9-11 yaşlı qız meyitinin
sinəsinə basıb addımlamağa başladım. Mənim
ayaqlarım və şalvarım qan
içində idiEMartın 2-də "Qaflan"
erməni qrupu türklərin cəsədlərini
toplayıb ayrı-ayrı hissələrlə Xocalının
1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən
başından və qollarından yaralanmış təxminən
10 yaşlı bir qız
uşağını gördüm. Diqqətlə
baxanda gördüm ki, o, yavaş-yavaş
nəfəs alır. Soyuğa,
aclığa və ağır yaralanmasına baxmayaraq,
o hələ də sağ
idi. Ölümlə mübarizə aparan bu uşağın
gözlərini mən heç vaxt yaddan
çıxarmayacam. Sonra Tiqranyan
familiyalı bir əsgər onun qulaqlarından tutub
artıq üzərinə mazut tökülmüş cəsədlərin
içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Baş verən bu dəhşət
haqqında dünya mediasında
aşağıdakı fikirlər yer
almışdı: "Krua l'Eveneman" jurnalı (Paris):
"Ermənilər Xocalıya hücum
etmişlər. Bütün dünya eybəcər hala
salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu
sayda ölənlər barədə xəbər
verirlər".
"Sandi Tayms qəzeti" (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə
ailəni məhv etmişlər".
"Faynənşl
Tayms" qəzeti (London),
9 mart 1992-ci il:
"Ermənilər Ağdama tərəf
gedən dəstəni güllələmişlər. Azərbaycanlılar
1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir
ki, onun ölkəsinin
varlı daşnak icması Qarabağa silah və adam göndərir".
"Tayms" qəzeti (London),
4 mart 1992-ci il:
"Çoxları eybəcər hala
salınmışdır, körpə qızın ancaq başı qalmışdır".
"İzvestiya" (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş
uşaqları göstərdi. Bir
qadının sifətinin yarısı kəsilmişdir.
Kişilərin skalpları götürülmüşdür".
"Faynənşl
Tayms" qəzeti (London),
14 mart 1992-ci il: "General Polyakov bildirmişdir ki, 366-cı
alayın 103 nəfər erməni hərbçisi
Dağlıq Qarabağda
qalmışdır".
"Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər
Xocalıda öldürülmüş
qadın və uşaqlar arasında
skalpları götürülmüş,
dırnaqları çıxarılmış 3 nəfəri
görmüşlər. Bu, azərbaycanlıların
təbliğatı deyil, bu,
reallıqdır".
"İzvestiya" (Moskva), 13
mart 1992-ci il: "Mayor Leonid Kravets:"
"Mən şəxsən təpədə yüzə
yaxın meyit gördüm.
Bir oğlanın başı yox idi. Hər tərəfdə
xüsusi qəddarlıqla öldürülmüş
qadın, uşaq, qocalar
görünürdü".
"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar region"da erməni silahlı dəstələri
Yaxın Şərqdən çıxmışlarla birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara
malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və
silah anbarları vardır. Ermənilər
yüzdən artıq müsəlman kəndlərində
qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları
məhv etmişlər".
Ümummilli lider Xocalı soyqırımının siyasi-hüquqi qiymətini verdi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda baş verənlər Azərbaycan
xalqının yaddaşına əbədilik həkk olundu. Lakin xalq
Xocalı kədəri, hüznü
yaşadığı vaxtda faciənin
ağırlığı o zamankı Azərbaycan
hakimiyyəti tərəfindən lazımi şəkildə
qiymətləndirilmədi. O vaxtkı dövlət
başçısı Ayaz Mütəllibov
və rəhbərliyi təmsil edən digər vəzifəli
şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti
heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa
məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat
iqtidarı dövründə də
insanlıq əleyhinə yönələn cinayətə
lazimi siyasi və hüquqi qiymət verilməsi üçün
heç bir tədbir
görülmədi.
Yaşanan bu mənzərə
belə bir həqiqəti də aydın
göstərdi ki, ölkədaxili hakimiyyət
mübarizələri dövlət üçün
nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman
həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də
ölkədə vəziyyətə təsir etmək
imkanı olan siyasi
qüvvələr xalqın taleyinə tam
biganəlik nümayiş etdirdilər.
Dövlət rəhbərliyi bu dəhşətli
cinayət haqqında dünya ictimaiyyətinə
tam və operativ məlumat
vermək üçün heç
bir addım atmadı, müxalifət isə
qanlı faciədən xalqın narazılıq dalğası
üzərində hakimiyyətə gəlmək məqsədi
ilə istifadə etdi.
Yalnız ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra
Xocalı faciəsi özünün əsl
siyasi-hüquqi qiymətini aldı,
soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq
ictimaiyyətə çatdırılması üçün
təsirli tədbirlər görüldü.
Beləliklə, erməni şovinist millətçilərinin
azərbaycanlılara qarşı törətdiyi cinayətlər,
o cümlədən Xocalı
soyqırımının dünya ictimaiyyətinə
çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün
məqsədyönlü və ardıcıl fəaliyyətə
start verildi.
Bu siyasət indi
Azərbaycan dövləti tərəfindən davam
etdirilir. Burada əsas
məqsəd tarixi ədalətin bərpasına
nail olmaq,
soyqırımı cinayətkarlarını dünya
ictimaiyyətinin mühakiməsinə verməkdir.
Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli
Məclis "Xocalı Soyqırımı Günü
haqqında" qərar qəbul edib, BMT-yə,
dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini
açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni
terrorizminə qarşı təsirli tədbirlər görməyə
çağırıb. Qəbul edilmiş
qərara əsasən 1992-ci il fevralın
26-da erməni təcavüzkarları tərəfindən
törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər
tarixinin qanlı səhifələrindən
biri olan Xocalı hadisələri
hər il fevralın 26-da Xocalı
Soyqırımı Günü kimi qeyd olunur.
Bununla ulu öndərin
sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində
xeyli iş görüldü.
Ümummilli lider hər il faciənin ildönümündə
Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edirdi. Ulu öndər Heydər Əliyev bu müraciətlərdə faciənin səbəblərinə,
nəticələrinə də xüsusi olaraq toxunurdu. Belə
müraciətlərinin birində ümummilli
lider qeyd edirdi: "...1992-ci ilin o qanlı fevral gecəsində
ən müasir texnika
ilə silahlanmış Ermənistan hərbi birləşmələri
keçmiş Sovet ordusunun 366-cı motoatıcı
alayının köməyi və bilavasitə iştirakı
ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edərək yüzlərlə köməksiz,
günahsız, dinc əhaliyə divan tutmuş, uşaqlara, qadınlara və qocalara
belə aman verməmişlər. XX əsrdə
ermənilər tərəfindən Azərbaycan xalqına
qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan
xalqını sarsıtmış, xocalılılara
ağır mənəvi zərbə olmuşdur.
Ancaq xocalılılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər
döyüşdə igidliklə vuruşmuş
və bu şəhərin ölməzlik tarixini yaratmışlar.
Xocalı faciəsinin
baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət
orqanları böyük məsuliyyət
daşıyırlar. Uzun müddət
mühasirə şəraitində, güclü
düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli əhalidən
fərqli olaraq, hər bir
vətəndaşın müdafiəsini təmin etməyə
borclu olan respublika rəhbərliyi o
zaman tam fəaliyyətsizlik
və xalqın taleyinə biganəlik göstərmiş, əsas
diqqəti hakimiyyət uğrunda
mübarizəyə yönəltmişdir. Ən
acınacaqlısı odur ki,
sonralar da Xocalı
hadisələrindən erməni terrorçularının vəhşi
əməllərinin mahiyyətini ifşa
etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə
olunmuşdur.
Xocalıda misli görünməmiş qəddarlıqla,
vəhşiliklə törədilmiş dinc
əhalinin qırğınının dünyanın hər
hansı guşəsində baş verməsinin
qarşısını almaq üçün Xocalı həqiqətləri,
ümumiyyətlə Azərbaycan xalqının ədalətsizcəsinə
cəlb olunduğu Ermənistan-Azərbaycan
müharibəsinin bütün məşəqqətləri
dünya ictimaiyyətinə hərtərəfli
çatdırılmalı, onların qəti, birmənalı
mövqelərini bildirmələri üçün
ciddi və məqsədyönlü iş aparılmalıdır.
Heç şübhə yoxdur
ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri,
xüsusilə son illər ərzində
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması
və Dağlıq Qarabağ probleminin həlli istiqamətində
apardığı məqsədyönlü siyasət işğal edilmiş
torpaqlarımızın azad olunmasına,
dövlətimizin ərazi bütövlüyünün
bərpa olunmasına, soydaşlarımızın, o cümlədən qəhrəman
xocalılıların öz doğma yurduna
qayıdacağına böyük ümid verir..."
Ümummilli liderin
"Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan
edilməsi haqqında" 1997-ci il
fevralın 25-də imzaladığı sərəncamla hər
il fevral ayının
26-sı saat 17.00-da ölkəmizdə
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad olunur. Azərbaycan
xalqı torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçən qəhrəmanların,
Xocalıda qətlə yetirilmiş
yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları
ehtiramla yad edir.
Ulu öndərin 26 mart
1998-ci il tarixdə imzaladığı
"Azərbaycanlıların soyqırımı
haqqında" fərmanla azərbaycanlılara qarşı
müxtəlif illərdə mütəmadi olaraq
törədilmiş soyqırımı cinayətlərinə,
o cümlədən Xocalı
soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda
haqlı olaraq dünya
ictimaiyyətinə çatdırılır ki,
Azərbaycanın XIX-XX əsrlərdə baş
verən bütün faciələri
torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülüb,
planlı surətdə həyata keçirdiyi
soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini
təşkil edib.
(Ardı var)
Azərbaycan.- 2012.- 28 fevral.-
S.8.