Erməni təxribatının «Sumqayıt ssenarisi»

 

Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə o vaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur.

 

Sumqayıt hadisələri 70 il hökm sürmüş milli əsarət siyasətinin təzahürü idi

 

Yaşlı və orta nəslin nümayəndələri 24 il əvvəl - 1988-ci il fevralın 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və "Daşnaksütyun" partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. Hadisəni törətməkdə başlıca məqsəd erməni şovinistlərinin azərbaycanlıları başkəsən, quldur və qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək idi.

Separatçı, millətçi, terrorçu erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıtda tüğyan etmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən ölənlər olmuşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 18/55461-88 nömrəli xüsusi cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, 1 nəfəri - Əhməd İman oğlu Əhmədov isə ən yüksək cəzaya - ölüm cəzasına məhkum olunmuş və bu hökm tez-tələsik yerinə yetirilmişdir.

1989-cu ilin sentyabr ayında ermənilər Sumqayıtda törədilmiş hadisələrlə bağlı geniş mətbuat konfransı keçirdilər. Daşnakların "Quşamatyan" adlanan tarix-maarifçilik cəmiyyətinin Ermənistan Jurnalistlər İttifaqı ilə birlikdə Yerevanda təşkil etdikləri həmin konfransda 300 nəfərdən çox adam - alimlər, tarixçilər, yazıçı və publisistlər, mətbuat nümayəndələri, hüquqşünaslar iştirak etmişdilər. Ermənilər bu konfransın materiallarını bir çox xalqların dillərində, o cümlədən rus dilində 50 min tirajla "Sumqait... Qenosid... Qlasnost..." adlanan kitabda nəşr etdirib dərhal antiazərbaycan təbliğat maşınına ötürmüşdülər. Sumqayıtlı alimlər Həsən Sadıqov və Ramazan Məmmədovun "Sumqayıt: milli əsarət, ya milli səxavət?" kitabında verilən məlumata görə, konfransda çıxış edən Ermənistan parlamentinin deputatı, filologiya elmləri doktoru Suren Zolyan hadisələrə siyasi rəng verərək demişdir: "Sumqayıt hadisələri 70 il Sovet Azərbaycanında hökm sürmüş milli əsarət siyasətinin təbii təzahürü idi".

Sumqayıtda törədilmiş hadisələr barədə Sovet İttifaqının və xarici ölkələrin mətbuatında dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində, radiolarda, televiziya kanallarında səslənmiş materialların əksəriyyəti erməni mövqeli, birtərəfli, qərəzli xarakter daşımışdır. İnformasiya müharibəsində erməni tərəf ölçüyəgəlməz dərəcədə fəallıq göstərmiş, azərbaycanlılar haqqında böhtan xarakterli yalanlar yaymağa müvəffəq olmuşdur.

 

Niyə ermənilər öz təxribatları üçün Sumqayıtı seçdilər?

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirildi və onun başvermə səbəbləri araşdırıldı. Məhz bundan sonra ermənilərin əsl siması üzə çıxdı. Məlum oldu ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirilib. Ermənilər əslində bununla gələcəkdə həyata keçirəcəkləri digər faciələri ört-basdır etmək niyyəti güdürdülər.

Sumqayıt hadisələrinin başvermə səbəbləri araşdırılarkən ortaya belə bir sual çıxır: ermənilər öz təxribatlarını həyata keçirmək üçün niyə məhz bu yolu seçdilər? Cavab məlumdur: ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparmaq, habelə soydaşlarımızın indiki Ermənistandan zorla qovulmalarının səbəblərini ört-basdır etmək. Onlar belə bir ssenarini beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədilə reallaşdırdılar. Xəyanətkar qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini planlaşdırılmış formada təqdim etməyə can atırdılar. Halbuki əslində insanları qətlə yetirənlər elə ermənilərin özləri idi.

Təəssüf ki, respublikamız həmin dövrdə güclü informasiya blokadasına alınmışdı. Dünyaya birbaşa çıxışımız olmadığından əsl həqiqətləri beynəlxalq aləmə çatdıra bilmirdik, xarici aləmdən təcrid olunmuşduq. Azərbaycanın digər bölgələrində baş verən iğtişaşlar da "Krunk" təşkilatının gizli dəstəyi ilə hazırlanmış məxfi əməliyyatların tərkib hissəsi idi. Sov.İKP MK-nın birinci katibi Mixail Qorbaçovun, akademik Aqanbekyanın, digər yüksək vəzifəli ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının da bu işdə xüsusi rolu vardı.

O vaxtlar şəhərin icra qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülmüşdü. Şəhər prokuroru İsmət Qayıbovun və digər səlahiyyət sahiblərinin hadisələrə qarışmağa ixtiyarı yox idi. SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri şəhərə ezam olunmuşdular. Hadisələr baş verərkən soydaşlarımızın qeyri-qanuni həbs edilmələri, ölüm cəzasına məhkum olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş və terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi.

O vaxt Sumqayıtda bir qrup adam istədiyi özbaşınalığı edir, aidiyyəti təşkilatlar isə seyrçi münasibət göstərirdilər. Səriştəsiz rəhbərlərin bu cür hərəkətləri onların şəhərdə fəallığını daha da artırdı. Şəhər partiya komitəsinin birinci katibi Cahangir Müslümzadə həmin vaxt məzuniyyətdə olduğundan hadisələrə vaxtında və lazımi reaksiya verilmədi. Yalnız bir gün keçdikdən sonra Mərkəzi Komitənin səlahiyyətli nümayəndələri şəhərə gəldilər. Erməni təbliğat maşını baş verənləri lentə köçürərək dünyaya çatdıranda yerli təşkilatlar çaşbaş qalmışdı, nələrin baş verdiyini heç müəyyənləşdirə də bilmirdilər. Hadisələr şəhərdə keçmiş SSRİ-nin hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin gözü qarşısında baş verir, onlar isə bunun qarşısını almaq barədə belə heç düşünmürdülər.

Ermənilər Sumqayıtı əbəs yerə hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşmüşdü. Soydaşlarımız Sumqayıta pənah gətirərkən burada gizli erməni təxribatçıları fəaliyyət göstərirdilər. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki qüvvələr tərəfindən idarə edilirmiş. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözü qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verirdi.

Ümumiyyətlə, 1988-ci il fevral ayının 27-də Sumqayıtda iğtişaşlara əvvəlcədən planlaşdırılmış şəkildə start verilmişdi. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətinə düşmüşdü. Bütün silahlar onlardan alınmışdı. Nəticədə bir çox ticarət, ictimai-iaşə və məişət obyektləri dağıdıldı, maşınlar yandırıldı. Mitinq iştirakçılarını sakitləşdirmək qeyri-mümkün idi. Həmin anlar sovet qoşunları Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrin qarşısını almaq üçün müdaxilə edilmirdi. Fevral ayının 28-də və 29-da şəhərdə qanlı aksiya baş verdi. Mart ayının 1-də isə şəhərdə komendant saatı elan olundu. İndi o günləri xatırlayanda hələ də aktuallığını itirməmiş suallarla üzləşirsən. Məsələn, sovet qoşunları niyə gözləmə mövqeyi tutmuşdu?

Mixail Qorbaçov 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında "Qoşunlar Sumqayıta bir saat gecikmişdi" fikrini söyləmişdi. Bu fikir tamamilə yalan idi. SSRİ müdafiə naziri Yazov "Sumqayıtın əks-sədası" sənədli filminin çəkiliş qrupuna verdiyi müsahibəsində bu faktı təkzib etmişdi. Filmin ssenari müəlliflərindən biri, sumqayıtlı jurnalist Eyruz Məmmədov o günləri belə xatırlayır: "Dmitri Yazov tam ciddiyyəti ilə bizə bildirdi ki, Sovet ordusu heç bir vaxt heç bir yerə gecikməyib. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərin silah işlətməyə, güllə atmağa ixtiyarı yoxdur".

Erməni ekstremistləri məhz Sumqayıt şəhərini ona görə seçmişdilər ki, orada 10 minə yaxın yeniyetmə texniki peşə məktəblərində təhsil alırdı. Azərbaycanın müxtəlif regionlarından gələn həmin gənclərin əksəri valideyn nəzarətindən uzaq idi. Şəhərdə kriminogen vəziyyət xoşagələn deyildi.

Həmin günlər 100-dən yuxarı saqqallı və qara gödəkçə geyinmiş erməni ekstremisti Sumqayıtda idi. Əksəriyyəti "Dalğa" və "Sumqayıt" mehmanxanalarında qalırdı. Onlar əhali arasında müxtəlif şayiələr yayır, aranı qızışdırır, ermənilərin evlərinə soxulmağa təşviq edirdilər. Gənclər də asanlıqla təxribata uyurdular.

Ermənistan rəhbərliyi, ideoloqları Sumqayıt hadisələrindən bir kart kimi istifadə edərək azərbaycanlıları vəhşi, quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək üçün təbliğat mexanizmini işə saldılar. "Azərbaycanda ermənilər qırılır, qətlə yetirilir, başları kəsilir, yandırılır" və s. kimi cəfəng uydurmalar yayılırdı. Hadisələr zamanı Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabrielyan videokamera ilə hadisələrin bəzi məqamlarını lentə alırdı, sonralar onlar montaj olunub xarici telekanallarda göstərildi.

Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılardan və icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşdu və heç yerdə işləmirdi. "Krunk"un  fəal üzvü idi. İstintaq qrupunun materiallarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlibmiş. Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. "Paşa" ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri toplayıb, yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək onları şirnikləndirmiş və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik etmişdi.

 

Həqiqəti boğmağa hesablanan yalanlar, uydurmalar, şayiələr

 

1988-ci il fevralın 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Elə bununla bağlı mətbuat səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan "Sumqayıt, genosid, aşkarlıq" kitabı başdan-başa böhtan və iftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuş, rəqəmləri şişirtməklə dünya ictimaiyyətini çaşbaş salmaq istəmişdilər. 1988-ci il 30 mart tarixli nömrəsində "İzvestiya" qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdir: "Sumqayıt: istintaqa şayiələr mane olur". Həqiqətən, ermənilər mərkəzi - SSRİ Baş Prokurorluğunun istintaq qrupunu da çaşdırmaq üçün hər cür yalan və hiylələrə əl atırdılar. Sumqayıt hadisələrində həlak olanların sayını bəzən ağlagəlməz dərəcədə artırırdılar. "Pravda" qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, Sumqayıtda guya 1000 nəfərə qədər adam öldürülüb. Ermənilərin saxta mənafeyi qorunmayanda köhnə vərdişlərindən əl çəkmir, həqiqəti boğmaq üçün şərə və böhtana üstünlük verirdilər. Hətta məqsədlərinə çatmaq üçün Moskvanın üzünə ağ olurdular. Toplantılarında  Moskvaya, Mərkəzi Komitəyə, rus xalqına inamsızlıq ifadə edən bəyanatlar yayırdılar... O vaxtlar Qarabağ komitəsinə rəhbərlik edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan idi. Deməli, hələ sovet vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün çirkin və məkrli oyunlar gedirdi...

Sumqayıtda törədilmiş qanlı cinayətlər də əvvəlcədən hazırlanmış həmin ssenarilərin davamı idi. Bu dəfə baş rolu üç dəfə məhkum olunmuş Eduard Qriqoryan oynayırdı. "Paşa" ləqəbi ilə tanınan bu adam yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alətə, oyuncağa çevrilmişdi. Onun barəsində ən dəqiq proqnozu SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkin verib: "Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır"...

Sumqayıt hadisələrindən dərhal sonra Serqo Xanzadyan, Zori Balayan və Silva Kaputikyan SSRİ-nin rəhbəri M.Qorbaçovla görüşmüş və həmin görüşün nəticəsi olaraq Sumqayıta ordu yeridilmişdir. Elə həmin gündən başlayaraq şəhərdə komendant saatı tətbiq olunmuşdur. Əlbəttə, o vaxtlar M.Qorbaçov siyasi çeviklik və prinsipiallıq göstərsəydi, baş verən hadisələrin qarşısı alına bilərdi. Amma onun təhriki və köməyi ilə hadisələr daha da şiddətləndi. İş o yerə gəlib çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalara dolduruldu. Onlar hər cür hədələrə, təqiblərə, işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşı olan Azər Babayev aldığı ağır zədədən bu gün də əziyyət çəkir, çarpayı dustağıdır. O günləri xatırlayan Azər Babayev çətinliklə də olsa bunları deyə bildi: "1988-ci il mart ayının 1-i idi. Əmimgildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər yolumu kəsdilər. Məndən sənəd tələb etdilər. Onda cəmi 15 yaşım vardı. Dedim ki, hələ pasport almağa yaşım çatmır. Mənim bu cavabım onları daha da hiddətləndirdi. Əli dubinkalı 5 əsgər məni qəddarlıqla döyməyə başladı. Həmin vaxtdan 23 il ötür. Məni ölümcül yaraladılar, əlil etdilər..."

Sumqayıtda o hadisələr zamanı "xilaskar" Sovet ordusunun vəhşilikləri ilə üzləşən adamlar çox olub. İmperiya nökərləri heç nədən xəbəri olmayan, günahsız Əhməd Əhmədova da eyni hiyləgərliklə ölüm hökmü çıxartdılar.

1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası genişlənirdi. Komendant saatından sonra 2 minə yaxın adam həbs olunmuşdu. Qəribə burasıdır ki, cəmi 2-3 gündə dünyanın ən ucqarlarından ermənilərin tərəfdarları və təbliğatçıları peyda olmuşdular. Jurnalist Eyruz Məmmədov deyir ki, hadisələrin sabahısı İsveçrədən gələn Artaşes Qabrielyan adlı birisi videokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. Milliyyətcə erməni  olan Artaşes Qabrielyan Sumqayıtdakı hadisə ilə bağlı lentə aldığı materiala belə ad qoymuşdu: "Bizi başkəsənlərdən xilas edin". Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başladı. "Azadlıq" radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri öz xeyirlərinə şərh etmək üçün hər cür böhtana, şərə əl atırdı.  Ölənlərin sayını artırır, yalan və qərəzli məlumatları mətbuat səhifələrində yayırdılar. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri fəallaşdılar, iftira və təhrifə üstünlük verməklə çoxlu sayda kitablar nəşr etdirdilər.

Sumqayıt hadisələrini araşdıran siyasi analitiklər, bu mövzuda yazan jurnalistlər, eləcə də hadisələrin mahiyyəti ilə maraqlanan insanların çoxu hələ o vaxtlar yaxşı dərk etmişdilər ki, iğtişaşların ssenarisi Moskvada, Siyasi Büroda hazırlanmışdı.

İkinci dünya müharibəsindən sonra Qərbin SSRİ-yə qarşı elan etdiyi "soyuq müharibə" 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində artıq öz nəticəsini verməkdə idi. Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov bütün siyasi fəaliyyətinin böyük bir hissəsini Avropanın SSRİ-ni iflasa uğratmaq cəhdləri ilə uyğunlaşdırırdı. Bu proseslərin hazırlanması və həyata keçirilməsində bir sıra xarici dövlətlərin kəşfiyyat orqanları xüsusi canfəşanlıq edirdilər.

Qırmızı imperiyanın parçalanması, yer üzündən silinməsi müttəfiq respublikaların xalqlarını qarşı-qarşıya qoymaq, etnik münaqişələr yaratmaq "zəruriyyətini" ortaya qoyurdu. Bu cür münaqişələrdən biri həssas bölgələrdən olan Dağlıq Qarabağda yaradıldı. Keçmiş SSRİ-də milli məsələnin ən əsas amillərdən biri olduğu yaddan çıxmamışdı. Özünün iflası prosesini yaşayan imperiyada hər hansı lokal qarşıdurma genişmiqyaslı münaqişəyə çevrilə bilərdi. Həmin vaxtlarda meydana atılmış Dağlıq Qarabağ məsələsi Azərbaycanda bir sıra problemlərin ortaya çıxmasına səbəb oldu və ermənilər bu faktordan məharətlə istifadə edərək öz bədnam niyyətlərini həyata keçirməyə başladılar.

1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin bir neçə səbəbi vardı. Ermənilər Azərbaycandakı soydaşlarının zorakılığa məruz qalması görüntüsü ilə nəinki bu şəhərin sakinlərinin, bütövlükdə azərbaycanlıların şəxsində düşmən obrazı yaratmaq, bununla da öz mənfur niyyətlərini ört-basdır etmək fikrində idilər. Həmin illərdə Sumqayıtda gənclər çoxluq təşkil edirdi. Onlar müxtəlif bölgələrdən gəlir, işə düzəlir, yataqxanalarda yaşayırdılar. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı şəhərdə hər cür adam tapmaq mümkün idi. Müşahidəçilər sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə müxtəlif uyuşdurucu maddələr qatılmış çoxlu miqdarda alkoqollu içkilər paylamışdılar. Ermənistandan qaçqın düşərək respublikamıza pənah gətirənlərin böyük hissəsi də məhz Sumqayıtda məskunlaşmışdı. Öz doğma yurd-yuvalarından zorla qovulan bu adamların təbii narazılıqlarından imkan daxilində istifadə etmək, eləcə də hadisələrin guya onlar tərəfindən törədildiyini bəyan etmək daha inandırıcı görünürdü.

 

 

(Ardı var)

 

Azərbaycan.- 2012.- 28 fevral.- S.9.