Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Fransa Senatında faciə ilə bağlı müzakirələr aparılmışdır

 

Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Fransa Senatında faciə ilə bağlı müzakirələr aparılmışdır.

AzərTAc xəbər verir ki, Senatın iclasının aktual məsələlər üzrə hökumətə suallar proseduru çərçivəsində Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qule Xocalı soyqırımı ilə bağlı çıxış etmişdir.

Senator Natali Qule iclasda bəyanatla çıxış edərək təəssüflə bildirmişdir ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsinə Fransa  mediasında çox az toxunulur. Məlumdur ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonunu işğal etməsi nəticəsində otuz min insan həlak olmuş, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdir.

Senator diqqətə çatdırmışdır ki, erməni hərbi birləşmələrinin  törətdiyi Xocalı qətliamından artıq 20 il keçir. Bilirsiniz ki, şəhid şəhər Xocalıda ermənilər 613 nəfər mülki azərbaycanlını qətlə yetirmişlər. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində Ermənistandan Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələb olunur. Ancaq bunlara məhəl qoymayan Ermənistan hələ də işğalı davam etdirir. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Buna görə də, "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbulu bizim azərbaycanlı dostlarımızın gözündə Fransanın ermənipərəst imicini formalaşdırmışdır. Ona görə də Azərbaycan Fransanın həmsədrlikdən kənarlaşdırılmasını istəyirsə, bu, tam təbii başa düşülməlidir.

Fransalı senator vurğulamışdır ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistandan bütün işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilməyi tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalçı siyasət davam etdirilməkdədir.

Xanım N.Qule sonra dövlət və xarici işlər nazirlərinə müraciətlə demişdir ki, biz Bakıda olarkən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini dəyişmədiyini bildirdik. Dedik ki,  qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınmaması, Ermənistan tərəfdən qeyri-qanuni olaraq işğal edilmiş bütün ərazilərin azad edilməsi, bütün məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Fransa dövlətinin qəti mövqeyidir.

İndi mənim sualım belədir: "Cənab nazir, siz bizim bu yüksək məclisimizin qarşısında Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bu mövqeyini bir daha təsdiq edə bilərsinizmi?"

Suala Fransanın kooperasiya naziri Anri Reinkourt cavab vermişdir. Nazir bildirmişdir ki, Fransanın mövqeyi dəyişməz olaraq qalır. Bir həmsədr ölkə kimi Fransa münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır həmsədr ölkələrin prezidentlərinin iştirakı ilə keçirilmiş görüşlərdə razılaşdırılmış prinsiplərə sadiqdir.

 

 

Azərbaycan.- 2012.- 28 fevral.- S.7.