Azərbaycan ilə
Macarıstan arasında iqtisadi əlaqələrin
inkişafı üçün yaxşı potensial vardır
Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensial vardır.
Bu fikir iyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının Baş naziri Viktor Orbanın görüşündə səslənmişdir.
Görüşdə birgə əməkdaşlığın inkişafının böyük maraq kəsb etdiyi, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğu diqqətə çatdırılmışdır.
Baş nazir Artur Rasizadə söyləmişdir ki, ölkələrimiz arasındakı əlaqələrin, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın inkişafı macarıstanlı həmkarının bu səfərindən sonra yeni mərhələyə qədəm qoyacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.
Macarıstanın Baş naziri Azərbaycana səfərindən məmnun olduğunu, Krans Montana Forumunun yüksək səviyyədə keçirildiyini, görüşlərində səmərəli fikir mübadiləsi aparıldığını bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 1 iyul.- S. 1.