Mətbuat
Şurasında keçirilən görüşdə
medianın problemləri müzakirə olunmuşdur
İyunun 30-da Azərbaycan Mətbuat Şurasında (MŞ) qurumun "Nazir-Redaktor dialoqu" layihəsi çərçivəsində ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə görüşü olmuşdur.
AzərTAc xəbər verir ki, qəzetlərin, elektron nəşrlərin, yayım müəssisələrinin rəhbərləri görüşdə mətbuatın yayım, satış, reklam və maliyyə məsələlərindən danışaraq, problemlərin aradan qaldırılması barədə təkliflər vermiş, fikir mübadiləsi aparmışlar.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov medianın problemlərinin həllinin Azərbaycan dövləti üçün prioritetliyini bildirərək, bugünkü görüşdə səslənən təkliflərin ümumiləşdirilərək müvafiq qurumlara çatdırılacağını qeyd etmişdir. Əli Həsənov metro stansiyalarında qəzet stendlərinin yerləşdirilməsi məsələsinin tez bir zamanda həllinin mümkünlüyünü bildirmişdir. Digər məqamlardan da danışan Prezident Administrasiyasının rəsmisi vurğulamışdır ki, yerlərdə rəhbər işçilər şəhərlərin, rayon mərkəzlərinin inkişafına müxtəlif cür yanaşırlar. Bəziləri hesab edirlər ki, qəzet köşkləri ümumi görünüşə xələl gətirir, bəziləri başqa cür düşünür. Hər bir halda bu cür məsələlər müzakirələr yolu ilə həllini tapmalıdır.
"Reklam haqqında" qanunda dəyişikliyin nəzərdə tutulması ilə əlaqədar təklifə gəlincə, Əli Həsənov demişdir ki, dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər. O, Mətbuat Şurasının elan və reklamların bölüşdürülməsi ilə bağlı Türkiyə təcrübəsini öyrəndiyini və bununla əlaqədar məsələlərə Azərbaycan dövlətinin də dəstək verdiyini bildirərək, mövcud istiqamətdə ayrıca qurumun formalaşdırılmasının mümkünlüyünü demişdir.
Bütün dünyada qəzetlərin satışdan çox reklamlardan gəlir əldə etdiyindən söhbət açan Əli Həsənov diqqətə çatdırmışdır ki, əgər Azərbaycan KİV-ləri bu axara düşə bilsələr, onlar üçün məhsullarının satışı o qədər də önəm daşımayacaqdır. Şöbə müdiri hazırkı dövrdə internet nəşrlərin ənənəvi medianı sıxışdırması ilə bağlı meylin aktual səciyyə daşıdığından söz açaraq, bunu həm də texnoloji hadisə kimi dəyərləndirmişdir. O, ölkə KİV-lərini vəziyyətlə ayaqlaşmağa, daha çox özlərinin internet resurslarını təkmilləşdirməyə çağırmışdır.
Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin hər zaman mətbuatın problemlərinə həssas yanaşdığını deyən Əli Həsənov mətbuat rəhbərlərinə gileyini də çatdırmışdır. O, bu mənada "Eurovision-2012" mahnı müsabiqəsi zamanı Azərbaycanda siyasi məhbus məsələsini qaldıran bəzi KİV-lərin, eyni zamanda, Xocalı və Qarabağ həqiqətlərini də tirajlayan məlumatlar verməsinin zəruriliyini vurğulamış, bunun müşahidə edilməməsindən təəssüfləndiyini söyləmişdir.
Görüşdə söylənilən təkliflərin
MŞ tərəfindən ümumiləşdirilərək KİV
təmsilçiləri adından ölkə rəhbərliyinə
müvafiq müraciət qəbul
olunması qərara alınmışdır.
Azərbaycan.- 2012.- 1 iyul.- S. 3.