Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan TANAP layihəsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqe qazanmaq yolunda mühüm bir addım atmışlar

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammiti və həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Transanadolu təbii qaz boru xətti (TANAP) layihəsinin imzalanması mərasimini iyun ayının ən mühüm hadisələri kimi dəyərləndirmişdir.

Hökumətin başçısı demişdir ki, Türkiyə və Azərbaycan TANAP layihəsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqe qazanmaq yolunda mühüm bir addım atmışlar.

Bu layihənin "Şahdəniz-2" fazası çərçivəsində hasil olunacaq təbii qazın tranzitini nəzərdə tutduğunu vurğulayan R.T.Ərdoğan bildirmişdir ki, TANAP ilə Azərbaycanın Xəzər dənizindəki digər yataqlarındakı qaz ehtiyatlarının nəqli də həyata keçiriləcəkdir. Dəyəri 7 milyard dollar olacaq bu mühüm layihənin indidən Türkiyəyə, Azərbaycana və Avropaya xeyirli olmasını diləyirəm.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 3.