Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

 Azərbaycanda səfərdə olan Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri və perspektivləri müzakirə edilmişdir.

İ.Abasov qonağa ölkəmizdəki sosial-iqtisadi vəziyyət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat vermişdir. Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyən nazir İ.Abasov iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

İki ölkə arasında idxal-ixracdan danışan nazir bildirmişdir ki, 2012-ci ilin ilk 3 ayında Azərbaycandan Türkiyəyə 3 milyon 438 min ABŞ dolları məbləğində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən pambıq, emal olunmamış gön, yağlı toxum və meyvələr, dərman bitkiləri, canlı ağaclar və digər bitkilər ixrac edilmiş, Türkiyədən ölkəmizə isə 13 milyon 152 min ABŞ dolları məbləğində əsasən meyvə-tərəvəz və qoz-fındıq, süd məhsulları, təbii bal, taxıldan, undannişastadan hazırlanmış unlu qənnadı məmulatları idxal edilmişdir. Mehdi Eker öz növbəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, Türkiyənin Azərbaycanın kənd təsərrüfatının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu vurğulamışdır.

Görüşün sonunda "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Saziş haqqında danışan İ.Abasov bunun iki ölkə arasında qarşılıqlı ticarətin genişlənməsinə töhfəsini verəcəyini demişdir.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 3.