Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni
sədri seçilmişdir
İyunun 30-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XII hesabat-seçki qurultayı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ARGTMŞ-yə üzv olan təşkilatların rəhbərləri iştirak etmişlər.
Qurultayın təşkilat komitəsinin sədri Orxan Ərəbov iştirakçıları qurumun hesabatı barədə məlumatlandırmışdır.
ARGTMŞ-nin sabiq sədri, Milli Məclisin deputatı Fuad Muradov təşkilata sədrlik etdiyi müddətdə görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, fəaliyyət dövründə qarşıya qoyulan əsas məqsəd dövlətçiliyimizə və milli maraqlara xidmət, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olmuşdur. Ötən müddət ərzində şura təkcə Azərbaycanda deyil, Avropada da tanınan təşkilata çevrilmişdir.
Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevə ARGTMŞ-nin uğurlu fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ölkədə yeni gənclər platforması olduğunu diqqətə çatdırmışdır. Nazir vurğulamışdır ki, ARGTMŞ 9 təşkilatın təşəbbüsü ilə yaradılmışdır və hazırda 70-dən çox təşkilatı özündə birləşdirir. ARGTMŞ Azərbaycanda Avropa Gənclər Forumunun üzvü olan yeganə təşkilatdır.
Hazırda Azərbaycanda 220-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini deyən nazir, son illər ölkədə gənclər siyasəti sahəsində həyata keçirilən islahatlardan danışmışdır. Vurğulanmışdır ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı qəbul olunmuş, Azərbaycan Gənclər Fondu yaradılmışdır. Nazir müasir Azərbaycanın inkişafında gənclərin rolunu xüsusi vurğulamışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov 15 il əvvəl təşkilatın yaranma prosesi haqqında məlumat vermişdir. Bildirmişdir ki, o dövrdə təşkilatın sonradan Azərbaycan gənclər hərəkatında hansı uğurlara imza ata biləcəyini düşünmək çətin idi. Bütün çətinliklərə baxmayaraq, bu təşkilat gənclər hərəkatında söz sahibi olan bir təşkilata çevrilərək, yeni təşəbbüslər ortaya qoyaraq bugünkü səviyyəyə gəlib çatmışdır. Natiq milli şuranı Azərbaycan gəncliyi üçün məktəb adlandırmışdır.
E.Aslanov təşkilatın sıralarında mətinləşən gənclərin bu gün hökumət və dövlət qurumlarında, o cümlədən parlamentdə təmsil olunduqlarını qeyd etmişdir. Azərbaycan rəhbərliyinin hər zaman ARGTMŞ-yə dəstək göstərdiyini deyən şöbə müdiri bildirmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsəd və məramı Azərbaycan gəncliyinin daha da inkişaf etməsindən ibarətdir.
Elnur Aslanov demişdir: "Zaman sürətlə dəyişir və inkişaf edir. Zamanla bərabər bizlər də inkişaf etməliyik. Artıq ARGTMŞ gənc nəslə həvalə olunur və inanırıq ki, yeni seçilən heyət Gənclər Təşkilatları Milli Şurasında aparılan bütün uğurlu işləri davam etdirəcəkdir. Bundan sonrakı fəaliyyətin daha da səmərəli olması üçün əlimizdən gələni etməliyik. Şuraya üzv olan təşkilatların sayı artırılmalı və həmin qurumlar Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə öz töhfələrini verməlidirlər".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov təşkilatda fəaliyyət göstərdiyi illərlə bağlı xatirələrini iştirakçılarla bölüşmüşdür.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev şuranın yarandığı dövrdən bu günədək keçdiyi inkişaf yoluna nəzər salmışdır.
Qurultayda səsvermə yolu ilə ARGTMŞ-nin sədri, sədr müavinləri, idarə heyətinin və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçilmişlər.
Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri seçilmişdir.
Yeni seçilmiş
sədr hesabat-seçki konfransında
çıxış edərək təşkilatın gələcək
fəaliyyət istiqamətləri haqqında
danışmışdır.
Azərbaycan.- 2012.- 1 iyul.- S. 3.